Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-148/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 08 iyul 2022-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “Porsche Panamera” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllə ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olub həmin məntəqənin işçisi Şahid1 yaxınlaşaraq idarə etdiyi avtomobilə 30 manat məbləğində yanacaq doldurduqdan sonra, sonuncuya 20 ABŞ dolları məbləğində pul təqdim edərək oradan uzaqlaşmaq istəyərkən, Şahid1 məntəqə rəhbərliyi tərəfindən xarici valyuta əskinazlarının qəbul edilməsinə icazə olmadığını bildirməsinə baxmayaraq sonuncu ilə sözlü mübahisə edib oraya yaxınlaşaraq mübahisənin səbəbini öyrənən növbə rəisi Zərərçəkmiş şəxs da 20 ABŞ dolları təqdim etdikdə sonuncu tərəfindən xarici valyuta əskinazlarının qəbuluna icazə verilməməsini bildirilməsinə əhəmiyyət verməyib üzərində olan 20 manat məbləğində pulu Zərərçəkmiş şəxs təqdim edib qalan 10 manat pulu da sonradan verəcəyini bildirərkən onun məntəqə rəhbərliyi tərəfindən nisyə yanacaq doldurulmasına da icazə verilmədiyini bildirməsini cüzi səbəb kimi bəhanə gətirib sonuncunu nalayiq ifadələrlə təhqir etməklə avtomobildən düşüb ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edərək sinə nahiyəsindən və qolundan tutub sifət nahiyəsindən qəsdən yumruq zərbələri vuraraq ona sol dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında hematoması və sıyrığı, döş qəfəsinin ön səthinin sıyrığı, üst çənədə soldan 4-cü dişin tac hissəsinin sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 28 May metrostansiyası tərəfdən işə gedərkən idarə etdiyi “Porche Panamera” markalı, **- FH-*** dövlət qeyidyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilə yaxınlaşan yanacaq doldurma məntəqəsinin əməkdaşına avtomobilinə 30 manatlıq yanacaq vurmasını xahiş etmiş, həmin əməkdaş 30 manatlıq benzin vurduqdan sonra o, cibində olan pulun sayına uyğun olaraq cibində olan 20 ABŞ dolları məbləğində pulu həmin əməkdaşa vermişdir. Bu zaman həmin əməkdaş ona ABŞ dolları pulunu götürməsinə icazə verilmədiyini bildirmiş, bundan sonra orada olan bir nəfəri yanına çağıraraq 20 dolları ona verib əvəzində ondan 37 manat pulu ondan almışdır. Bir qədər sonra həmin tanımadığı şəxs ona yaxınlaşaraq 20 dolları ona qaytarmış, bundan sonra YDM-nin digər işçiləri maşının ətrafına toplaşaraq ondan 30 manat yanacağın pulunu istəmişlər, bu zaman o avtomobildən düşmüş və o, onlara bir nəfərin onunla getməsini və pulu xırdaladıqdan sonra qayıdıb gələrək pulu ödəməsini bildirmişdir. Lakin həmin əməkdaşlar ona buna icazə olmadığını və pulu nağd şəkildə ödəməli olduğunu bildirmişlər, həmin vaxt orada olan bir nəfər onunla nalayiq sözlərlə danışmağa başlamış, orada təxmini olaraq 3-4 nəfər adam olmuşdur. O, həmin an əsəbləşərək həmin 3-4 nəfər şəxslərdən onunla kobud danışan bir nəfər ona nalayiq ifadə işlətdiyindən onun yaxasından tutaraq özünə tərəf çəkmiş və yenidən onu özündən uzaqlaşdıraraq itələmişdir. Bundan sonra həmin şəxsin yanındakı YDM-nin əməkdaşları ilə ödənişlə bağlı sözlə mübahisə etmiş, orada olan bir nəfər tanışı 30 manat pulu onun əvəzinə verib oradan uzaqlaşmaq istəyərkən onun qarşısını bir nəfər mühafizəçinin kəsmişdir. Bu zaman ona polisin gəlməsini, ondan sonra gedə biləcəyini bildirmişdir, o, isə avtomobili digər istiqamətdən sürərək oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə növbədə olan zaman saat 17:00 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə ağ rəngli “Porshe Panamera” markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobil daxil olmuş, həmin avtomobilin sürücüsü operatora yaxınlaşıb, ondan idarə etdiyi avtomobilə 30 (otuz) manatlıq yanacaq doldurmasını istəmiş, operator həmin sürücünün dediyi kimi onun idarə etdiyi avtomobilə 30 (otuz) manatlıq yanacaq vurmuşdur. Daha sonra həmin sürücü ödənişi etdiyi zaman operatora 20 (iyirmi) ABŞ dolları vermək istəmiş, bu zaman ona xidmət edən operator yanacaq doldurma məntəqəsində xarici valyuta qəbul edilmədiyini bildirmişdir, həmin sürücü idarə etdiyi avtomobili qarşıya verib saxladıqdan sonra, o növbə rəisi kimi həmin sürücüyə yaxınlaşmış, sürücü ona da 20 (iyirmi) ABŞ dolları vermək istədikdə, o həmin şəxsə yanacaq doldurma məntəqəsində xarici valyuta qəbul edilmədiyini deyərək, ona kartında məbləğ olduğu halda həmin ödənişin onun kart hesabından silə biləcəklərini demişdir. Bu zaman həmin sürücü ona bir ədəd 20 (iyirmi) manatlıq əskinas ilə 20 (iyirmi) manat pul vermiş, o, həmin şəxsə onun vurduğu yanacağın 30 (otuz) manat məbləğində olduğunu dedikdə, həmin sürücü ona verdiyi 20 (iyirmi) manat pul vəsaitini geri qəbul etməmiş və daha sonra yolu düşən zaman pulun qalığı olan 10 (on) manatı verəcəyini demişdir. O, sonuncuya işlədiyi yanacaq doldurma məntəqəsində nisyə şəkildə ödənişin aparılmadığını bildirdikdə bu zaman həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş o da həmin şəxsin bu şəkildə danışığını görərək ondan nəzakətlə danışmasını xahiş etmişdir. Lakin həmin sürücü avtomobilinin qapısını sərt şəkildə açaraq avtomobilindən düşdüyü zaman avtomobilin qapısı onun sinəsinə dəymiş, həmin şəxs idarə etdiyi avtomobildən düşdükdən sonra yenə də onun ünvanına nalayiq ifadələr işlətmiş və bununla sakitləşməyərək əli ilə onun sinəsindən 2-3 dəfə zərbələr endirmişdir. O, əli ilə onun qolundan tutaraq onun sifətindən bir dəfə yumruq zərbəsi endirmiş, həmin şəxsin onun sifətindən vurduğu yumruq zərbəsi nəticəsində onun dişi sınmış, daha sonra isə yanacaq doldurma məntəqəsinə gələn digər bir şəxs isə həmin sürücünün qohumu olduğunu deyərək, onun ödənişini etmiş, həmin sürücü isə avtomobilinə əyləşərək oradan getmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə növbədə olan zaman saat 17:00 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə ağ rəngli “Porshe Panamera” markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobil daxil olmuş, həmin avtomobil yanacaq doldurma məntəqəsinə daxil olduqdan 5 dəqiqə sonra həmin avtomobilin sürücüsünün onun avtomobilinə yanacaq vuran operator və işlədiyi yanacaq doldurma məntəqəsinin növbə rəisi olan Zərərçəkmiş şəxsla mübahisə etməsinin şahidi olmuşdur. Belə ki,həmin avtomobilə yaxınlaşdıqda mübahisəyə səbəbin məhz “Porshe” markalı avtomobilin sürücüsünün olduğunu müəyyən etmiş, həmin sürücü 30 manatlıq yanacaq doldurulmasını operatordan istəmiş və operator onun avtomobilinə yanacaq vurduqdan sonra həmin şəxs operatora 20 ABŞ dolları vermiş və operator həmin ABŞ dollarını götürmək istəmədikdə və ödənişin yalnız milli valyuta ilə aparılmalı olduğunu ona bildirdikdə həmin şəxs operatoru təhqir etməyə başlamışdır. O, hadisə yerinə yaxınlaşdıqda həmin sürücü idarə etdiyi avtomobili qarşıya verib saxladqdan sonra, növbə rəisi olan Zərərçəkmiş şəxsla sözlə mübahisə etmiş, həmin müştəri yanacaq doldurma məntəqəsinin operatoruna və Zərərçəkmiş şəxs hədə-qorxu gələrək onları təhqir etməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs ona nəzakətli olmağı və nalayiq ifadələrlə onları təhqir etməməyini bildirdikdə həmin şəxs idarə etdiyi avtomobildən düşən zaman avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra onlar arasında mübahisə gərginləşməyə başlamış, hadisə yerində olan o və digər əməkdaşlar “Porshe” markalı avtomobilin sürücüsünü sakitləşdirməyə çalışsalar da sonuncu, Zərərçəkmiş şəxs təhqir edərək ona sifət nahiyəsindən yumruqla zərbə endirmişdir. Bundan sonra onlar Cavidi bir qədər oradan uzaqlaşdırmış, lakin həmin şəxs yenidən Zərərçəkmiş şəxs təhqir etdiyindən sonuncu ona yaxınlaşaraq polis çağıracağını bildirdikdə həmin tanımadıqları müştəri olan avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yumruq zərbələri endirmiş, həmin zərbələrin nəticəsində Zərərçəkmiş şəxs dişi sınmışdır. Bundan sonra isə yanacaq doldurma məntəqəsinə gələn digər bir şəxs həmin sürücünün qohumu olduğunu deyərək, onun ödənişini etmiş, həmin sürücü isə avtomobilinə əyləşərək oradan gemtişdir. Daha sonra onlar hadisə barədə polisə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə növbədə olan zaman saat 17:00 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə ağ rəngli “Porshe Panamera” markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobil daxil olmuş, o, həmin avtomobilə yaxınlaşaraq nə qədər miqdarda yanacaq almaq istədiyini soruşmuşdur. Həmin şəxs ondan 30 manatlıq benzin vurmağını istəmiş, o həmin avtomobilə 30 manatlıq benzin vurduqdan sonra sürücüyə yaxınlaşıb benzinin pulunu istədikdə həmin sürücü ona 20 ABŞ dolları uzatmışdır. Bu zaman o, sürücüyə yanacaq doldurma məntəqəsində xarici valyutanın qəbul edilməsinə icazə verilmədiyini demiş, həmin şəxs ona başqa pulunun olmadığını bildirmişdir. Bundan sonra o, həmin şəxsə avtomobilini bir qədər irəli sürməsini və arxadan gələn avtomobillərə mane olmaması üçün kənar bir yerdə avtomobilini saxlamasını bildirmiş, həmin şəxs ona sözlə hədə-qorxu gələrək avtomobilini irəli sürüb dayanmışdır. Bu zaman onunla birlikdə növbə rəisi Zərərçəkmiş şəxs da həmin şəxsə yaxınlaşıb nə olduğunu soruşduqda o, Zərərçəkmiş şəxs olan hadisəni izah etmiş, Cavid həmin şəxsə yaxınlaşaraq aldığı yanacağın pulunu ödəməli olduğunu bildirdikdə həmin şəxs 20 AZN çıxardıb qalan pulu isə yolu düşdükdə verəcəyini bildirmişdir. Onlar həmin şəxsə ödənişin nağd şəkildə etməli olduğunu bildirdikdə Zərərçəkmiş şəxsla həmin şəxs arasında mübahisə yaranmağa başlamış, həmin vaxt səsə yanacaq doldurma məntəqəsində çalışan digər şəxslər də gəlmişlər. Bu zaman avtomobilin sürücüsü avtomobilin qapısını açaraq maşından düşərkən qapını Cavidə vurmuşdur. Bundan sonra onlar arasında olan mübahisə daha da dərinləşmiş və həmin avtomobilin sürücüsü yüksək tonla danışmağa başlamışdır. O və digər əməkdaşlar onu sakitləşdirməyə çalişsalar da o məlum hərəkətlərinə davam etmiş, bundan sonra o, avtomobillərə benzin vurmaq üçün yenidən yanacaq aparatına yaxınlaşmış, yanacaq doldurma məntəqəsinə gələn müştərilərdən biri ondan qabaqda nə baş verdiyini soruşub həmin mübahisə yaradan avtomobilin sürücüsünü tanıdığını bildirərək onun əvəzinə vurduğu yanacağın 30 manat pulunu ödəmişdir. Bundan sonra həmin müştəri və mübahisə edən sürücü oradan uzaqlaşmış, o daha sonra Zərərçəkmiş şəxs yaxınlaşdıqda onun bədənin müxtəlif yerlərindən xəsarət aldığını görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü surətdə Nəsimi RPİ-nin 20-ci PB-nə gəlmişdir (i.v.52); - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.81-84); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prrospekti 1013 məhəllə ünvanda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində törətmiş olduğu əməlini hadisə yerində təsvir edərək sərbəst şəkildə göstərmişdir (i.v.122-125); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prrospekti 1013 məhəllə ünvanda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində ictimai yerdə baş verməsi müəyyən edilmişdir (i.v.10-11); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2022-ci il tarixli, 886 №-li rəyindən görünür ki, 1. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında hematoması və sıyrığı, döş qəfəsinin ön səthinin sıyrığı, üst çənədə soldan İV dişin tac hissəsinin sınığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 2. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i.v.17-19); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (i.v.129-138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.49-50). - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı R.Əliyev tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir və müəyyən edilmişdir ki, WA0001 müşahidə kamerasının görüntüsündə xx.xx.2022-ci il tarixdə saat 16:58-də “Porşhe Panamera” markalı, **-FH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yanacaq doldurma məntəqəsinin işçiləri ilə mübahisə edir. Daha sonra növbə rəisi Zərərçəkmiş şəxs sinəsindən əli ilə bir dəfə zərbə endirir və onu itələyir. WA0000 müşahidə kamerasının görüntüsündə xx.xx.2022-cci il tarixdə saat 16:59-da “Porshe Panamera” markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yanacaq doldurma məntəqəsinin işçiləri ilə yenə də mübahisə edir, daha sonra növbə rəisi Zərərçəkmiş şəxs üzərinə gələrək onun sinəsindən tutaraq əli ilə onun sifətindən zərbə endirir (i.v.13-14). - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ə.R.Bayramov tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində quraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir və müəyyən edilmişdir ki, həmin diskdə 2 videogörüntü var. Həmin videolardan 01 dəqiqə 09 saniyəlik video görüntüdə ağ rəngli “Porshe” markalı avtomobilin sürücüsü avtomobildə olan zaman yanacaq dolduqma məntəqəsinin əməkdaşları ilə sözlə mübahisə edir, avtomobilin sağ yan qapısını açan zaman qapının iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəyir. Bundan sonra həmin avtomobili idarə edən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs sinə nahiyəsinə sağ əli zərbə endirir, bundan sonra tərəflər arasında sözlə mübahisə olur. 01 dəqiqə 01 saniyəlik video görüntüdə isə “Porcshe” markalı avtomobilin sürücüsünün mübahisə vaxtı sol əli ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona xəsarət yetirməsi müəyyən olunur(i.v.80). - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onun Zərərçəkmiş şəxs vurmaması, sadəcə sinəsindən tutaraq irəli itələməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyi, DVD diskdə olan videogörüntülər və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və qəti cərimə növündə cəza təyin olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində saxlanıldığı nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1.000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-148/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-148/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver