Məhkəmə qərarları › İş №1(006)-15/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-15/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-15/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: X2 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Sabirabad şəhəri, H.Həmidov küçəsi, ev 132-də qeydiyyatda olan, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi 1, ev 40, mənzil 143-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək planlaşdırdıqları cinayətin həyata keçirilməsi üçün məkan təyin etdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Azər Ələkbərov 24.12.2020-ci il tarixdə X2 işlətdiyi mobil telefon satışı mağazasından mobil telefon vasitəsilə bir ədəd “İphone 11” markalı 128 Gb yaddaş tutumlu mobil telefon sifariş edib bu telefonun ünvan 1 ünvanın qarşısına göndərilməsini bildirdikdən sonra o, Ü.Hüseynovun mağazadan sifariş olunan mobil telefonların müştəriyə çatdırılması ilə əlaqədar qeyri-rəsmi kuryer fəaliyyəti ilə məşğul olan Şahid11 vasitəsilə göndərdiyi bu telefonu həmin günü saat 17:30 radələrində göstərilən ünvanın qarşısında Şahid11la görüşüb qəbul etdikdən sonra onu müştəriyə verib pulunu götürərək geri qayıdacağı adı ilə ünvan 1 binaya daxil olub binanın digər hissəsindən çıxıb uzaqlaşaraq telefonu ələ keçirib zərər çəkmiş şəxs Ülvi Hüseynova 1.650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, eyni məqsədilə X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək planlaşdırdıqları cinayətin həyata keçirilməsi üçün məkan təyin etdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən:  Azər Ələkbərov 30.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 işlətdiyi mobil telefon satışı mağazasından mobil telefon vasitəsilə bir ədəd “Samsung Note 20” markalı mobil telefon sifariş edib bu telefonun ünvan 1 ünvanın qarşısına göndərilməsini bildirdikdən sonra o, həmin günü saat 17 radələrində göstərilən ünvanın qarşısında Zərərçəkmiş şəxs5la görüşüb mobil telefonu qəbul etdikdən sonra onu müştəriyə verib pulunu götürərək geri qayıdacağı adı ilə ünvan 1 binaya daxil olub binanın digər hissəsindən çıxıb uzaqlaşaraq telefonu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 2.200 manat;  Azər Ələkbərov 10.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 işlətdiyi mobil telefon satışı mağazasından mobil telefon vasitəsilə bir ədəd “Samsung Note 10” markalı mobil telefon sifariş edib bu telefonun ünvan 2 ünvanın qarşısına göndərilməsini bildirdikdən sonra o, həmin günü saat 17 radələrində göstərilən ünvanın qarşısında Zərərçəkmiş şəxs2lə görüşüb mobil telefonu qəbul etdikdən sonra onu müştəriyə verib pulunu götürərək geri qayıdacağı adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, 2 saylı binaya daxil olub binanın digər hissəsindən çıxıb uzaqlaşaraq telefonu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1.500 manat;  Azər Ələkbərov 13.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 işlətdiyi mobil telefon satışı mağazasından mobil telefon vasitəsilə bir ədəd “İphone 11” markalı 64 GB yaddaşlı mobil telefon sifariş edib bu telefonun ünvan 3 ünvanın qarşısına göndərilməsini bildirdikdən sonra o, həmin günü saat 19:50 radələrində göstərilən ünvanın qarşısında Zərərçəkmiş şəxs4 ilə görüşüb telefonu qəbul etdikdən sonra onu müştəriyə verib pulunu götürərək geri qayıdacağı adı ilə ünvan 3 binaya daxil olub binanın digər hissəsindən çıxıb uzaqlaşaraq telefonu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.350 manat;  Azər Ələkbərov 21.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlətdiyi mobil telefon satışı mağazasından mobil telefon vasitəsilə bir ədəd “İphone 11” markalı 64 GB yaddaşlı mobil telefon sifariş edib bu telefonun ünvan 3 ünvanın qarşısına göndərilməsini bildirdikdən sonra o, həmin günü saat 20:30 radələrində göstərilən ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb telefonu qəbul etdikdən sonra onu ailə üzvlərinə göstərib pulunu götürərək geri qayıdacağı adı ilə ünvan 3 binaya daxil olub binanın digər hissəsindən çıxıb uzaqlaşaraq telefonu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1.350 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 il əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “World Mobile” telefon mağazasında programçı işləmişdir. Orada işlədiyi vaxtdan mağazada telefon alqı-satqısı ilə məşğul X6 ilə tanış olmuşdur. Daha sonra həmin mağaza bağlanmışdır. Hadisədən təxmini 6-7 ay əvvəl o, təsadüfən Azərlə görüşmüş və ona maddi sıxıntılarının olduğunu bildirmişdir. Azər də ona kuryer kimi işləməyi təklif etmiş, dediyi ünvandan telefonu götürüb uzaqlaşaraq ona gətirəcəyini və hər telefona görə 50-100 manat arası pul verəcəyini söyləmişdir. O, da bununla razılaşmışdır. 24.12.2020-ci il tarixdə Azər ona zəng edərək “Axundov bağı”nın yaxınlığına Lermontov küçəsinə çağırıb binanı göstərmiş və binanın hansı tərəfdən giriş-çıxış olduğunu bildirmişdir. Daha sonra Azər onun nömrəsini kiməsə verərək onu burada gözləməyini bildirmiş, özü isə binaya qalxmış orada gözləmişdir. Bir müddət sonra onun telefonuna zəng gəlmiş və sonradan adını Şahid11 kimi bildiyi şəxslə danışıb olduğu yeri başa salmışdır. Saat 17:30-da Elvin ona yaxınlaşmış, o da Elvinə Azərin göndərdiyi kuryer olduğunu bildirib ondan “İphone 11”markalı telefonu götürmüş və telefonu binaya qalxıb müştəriyə göstərəcəyini bildirmişdir. Bundan sonra o, binanın yuxarı tərəfinə arxa çıxışdan çıxaraq Azərin yanına gəlib telefonu ona vermiş, sonuncu da ona 50 manat pul vermişdir. Sonra o, oradan evinə getmişdir. Daha sonra 30.12.2020-ci il tarixdə evdə olarkən Azər ona zəng vurub yenə əvvəlki ünvana getməyini istəmişdir. O, da bu ünvana gəlib Azərlə orada görüşmüş, sonuncu da binanın yuxarı hissəsinə tərəf gedib onu orada gözləmişdir. Daha sonra ona 050 ***-**-** saylı nömrədən zəng gəlmiş və o, da bu şəxsə olduğu yeri başa salmışdır. Bir müddət keçdikdən sonra saat 17 radələrində adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 gəlmiş və o, Raufa kuryer olduğunu bildirmişdir. Daha sonra Raufdan “Samsung Note 20” markalı telefonu alıb onu müştəriyə göstərəcəyini bildirib binaya daxil olmuş və oradan digər çıxışdan çıxıb Azərin yanına gəlib telefonu ona vermişdir. Azər də bu telefon üçün ona 80 manat pul vermişdir. Bundan başqa, 10.01.2021-ci il tarixdə günorta vaxtı Azər ona yer göndərərək axşam tərəfi bu ünvana bir nəfərin telefon gətirəcəyini bildirmiş, daha sonra ona zəng edib ünvan 4 ünvana getmişdir. Bir müddət sonra onun telefonuna 055 ***-**-** saylı nömrədən zəng gəlmiş və o, da adının sonradan bildiyi Zərərçəkmiş şəxs2 həmin ünvanı başa salmışdır. Saat 17:00-da o, Telmanla görüşdükdən sonra ondan “Samsung Note 10” markalı telefonu müştəriyə göstərib gələcəyi adı ilə ondan alıb binanın digər çıxışından çıxıb Azərin yanına “Bakıxanov” qəsəbəsinə getmiş və telefonu ona verib ondan 50 manat pul almışdır. Bundan əlavə, 13.01.2021-ci il tarixdə Azər ona zəng edib eyni qaydada onu Nəsimi rayonu, Mirqasımov küçəsinə göndərmiş və o, axşam tərəfi oraya getmişdir. Onun telefonuna 051 ***-**-** saylı nömrədən zəng gəlmiş və o, sonradan adını Zərərçəkmiş şəxs4 olduğu yeri deyib onunla saat 19:50-də görüşmüşdür. Vüsaldan “İphone 11” markalı telefonu götürüb müştəriyə göstərəcəyini deyib binaya girib oradan uzaqlaşmış və “Neftçilər”də Azərlə görüşüb telefonu ona verib 100 manat pul almışdır. Bir müddət keçdikdən sonra 21.01.2021-ci il tarixdə Azər yenə ona zəng edərək Mirqasımov küçəsinə getməyini istəmiş, o da axşamüstü həmin ünvana gəlmişdir. Orada onun telefonuna 050 ***-**-** saylı nömrədən zəng gəlmiş və sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 həmin ünvanı başa salıb saat 20:30-da onunla görüşmüşdür. Orxandan “İphone 11” markalı telefonu götürüb eyni bəhanə ilə oradan uzaqlaşmış, daha sonra Azər ilə “Neftçilər”ərazisində görüşüb telefonu ona verib 70 manat pul almışdır. Zərər çəkmiş şəxslərə vurulmuş zərər ödənilmiş, onlarla barışmışdır. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş olunduğundan cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X5 ifadəsində bildirdi ki, o, “onlayn” mobil telefon satışı ilə məşğul olur. 24.12.2020-ci il tarixdə əvvəllər bir-iki dəfə telefon satdığı Azər adlı şəxs onunla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb “İphone 11” markalı telefon almaq istədiyini və öz kuryerinin telefon nömrəsini verib telefonu telefonu ona çatdırmağı xahiş etmişdir. O da yanında kuryer kimi işləyən Şahid11 zəng edib “İphone 11” markalı, 128 GB yaddaş tutumu olan, **********83324 İMEİ kodlu mobil telefonun çatdırılmasını xahiş edərək Azərin verdiyi nömrəni ona bildirmişdir. Bir müddət keçdikdən sonra Elvin ona zəng edib telefonu götürən şəxsin binaya qalxdığını, lakin geri dönmədiyini və bu şəxsə zəng çatmadığını, həmçinin binanın başqa çıxışının olduğunu bildirmişdir. O da dərhal Azərə zəng etmiş, sonuncu da ona kuryerin onu da aldatdığını, lakin narahat olmamağını, telefonun pulunu verəcəyini söyləmişdir. Bir müddət sonra Azərlə əlaqə saxlasa da, ona zəng çatmamışdır. Hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanda yerləşən mobil telefonların satışı mağazasının icarədarıdır. Karantinlə əlaqədar olaraq telefon mağazası “onlayn” fəaliyyət göstərir. 30.12.2020-ci il tarixdə onun istifadəsində olan 050 ***-**-** saylı nömrəyə 070 ***-**-** saylı nömrədən zəng gəlmiş, zəng vuran şəxs əvvəllər ondan mobil telefon aldığını və adının Nurlan olduğunu deyərək “Samsung Note 20” markalı telefon sifariş etmişdir. Saat 17:00 radələrində o, Nurlanın verdiyi 070 ***-**-** saylı nömrə ilə əlaqə saxlamış və onlar ünvan 1 ünvanın qarşısında görüşmüşlər. Həmin şəxs özünü Nurlanın tanışı kimi təqdim etmiş və “Samsung Note 20” markalı, **********15198 və **********15196 İMEİ kodlu telefonu götürüb binaya qalxıb onu müştəriyə verib pulunu gətirəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs telefonu götürərək qeyd olunan ünvandakı yaşayış binasının blokuna girmişdir. O, bir müddət gözləmiş, sonra həmin şəxsin gəlmədiyini görüb telefon nömrəsinə zəng vurmuş, lakin nömrəyə zəng çatmamışdır. Daha sonra binanın giriş hissəsinə yaxınlaşmış və binanın digər çıxışının olduğunu görmüşdür. Eyni zamanda telefonu sifariş vermiş Nurlan adlı şəxsin telefon nömrəsinə də zəng vurmuş, lakin həmin nömrəyə cavab verən olmamışdır. Sonradan ona məluç olmuşdur ki, telefonu ondan götürən şəxs Təqsirləndirilən şəxsdur. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, ünvan 6 ünvanda yerləşən “Mİ” telefon mağazasında satıcı işləyir. 10.01.2021-ci il tarixdə, saat 16:30 radələrində Azər adlı şəxs istifadəsində olan 070 ***-**-** saylı nömrədən onunla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb “Samsung Note 10” markalı mobil telefon almaq istədiyini bildirərək telefonu Nəsimi rayonu, Mirqasımov küçəsi, 2 saylı ünvanın qarşısına gətirməyini xahiş etmişdir. Həmin günü saat 17 radələrində o, iş yoldaşı Şahid8lə birlikdə həmin ünvana gəlmiş və onları Azərin tanışı Ramil adlı şəxs qarşılamışdır. Görüş zamanı Ramil telefonu binada yaşayan sakinlərdən birinə satacağını deyərək telefonu istəmişdir. O da telefonu Qafara vermiş və onlar birlikdə yaşayış binasına daxil olmuşlar. Təxminən 20 dəqiqə sonra Qafar gələrək Ramili 10-15 dəqiqə müddətində blokda gözlədiyini, lakin gəlmədiyini demişdir. O da Azərin nömrəsinə zəng vursa da, zəngə cavab verən olmamış və aldadıldığını başa düşüb polisə şikayət etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, o, ünvan 7 ünvanda yerləşən “313 mobile” telefon mağazasını işlədir, COVİD-19 pandemiyası ilə bağlı “onlayn” satış həyata keçirirdi. 13.01.2021-ci il tarixdə tanımadığı bir nəfər 070 ***-**- ** saylı nömrədən ona zəng edərək “İphone 11” markalı 64 GB yaddaş tutumu olan yeni telefonla maraqlanıb onu ünvan 3 ünvan tərəfə gətirməsini istəmiş və 070 ***-**-** saylı nömrəni verərək bu nömrə ilə əlaqə saxlamağı xahiş etmişdir. O da həmin nömrə ilə əlaqə saxlamış və saat 19:50 qeyd olunan yerdə görüşmüşlər. Adını sonradan Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs ondan telefonu alaraq binanın 3-cü mərtəbəsində yaşayan qadın müştəriyə verəcəyini deyib binaya daxil olmuşdur. Təxminən 10-15 dəqiqə ərzində Ramil geri qayıtmadığından o, həmin nömrələr ilə əlaqə saxlamaq istədikdə hər iki nömrənin söndürüldüyünü görmüş və aldandığını başa düşmüşdür. Binanın həmin girişinə daxil olarkən girişin arxa tərəfdən çıxışı olduğunu görmüş və hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, 2021-ci ilin yanvar ayında “tap.az” elan saytında özünə məxsus “İphone 11” markalı, 64 Gb yaddaş tutumlu **********98855 İMEİ kodlu mobil telefonu satmaq məqsədi ilə yerləşdirmişdir. 21.01.2021-ci il tarixdə, saat 16:30 radələrində 070 ***-**-** saylı nömrədən tanımadığı bir şəxs onunla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb həmin mobil telefonu almaq istədiyini və bir-iki saat ərzində əlaqə saxlayıb onunla görüşəcəyini bildirmişdir. Daha sonra 070 ***-**-** saylı nömrədən ona zəng gələrək bundan əvvəl onunla əlaqə yaratdığı şəxs olduğunu və onunla görüşüb telefonu almaq istədiyini deyərək görüş yerinin ünvanını ona göndərmişdir. Saat 20:30 radələrində o, ünvan 3 ünvana gəlib onunla əlaqə saxlayan, adını sonradan Ramil bildiyi şəxs onunla görüşüb telefona baxmış, sonra bu telefonu ailə üzvlərinə göstərib və 1.500 manat pul götürüb gələcəyini deyərək həmin ünvanda yerləşən binaya daxil olmuşdur. Təxminən 15- 20 dəqiqə keçdikdən sonra həmin şəxsin girdiyi bloka baxdıqda orada iki tərəfli giriş-çıxış olduğunu görüb aldandığını aşkar edib polisə zəng vurmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid11 ifadəsində göstərdi ki, özü taksi fəaliyyəti ilə məşğul olur, lakin boş vaxtlarında dostu Ülvi Hüseynovun telefon mağazasında kuryer kimi fəaliyyət göstərir. 24.12.2020-ci il tarixdə, saat 17:30 radələrində Ülvi ona zəng edib yanına çağıraraq bir nəfərə “İphone 11” markalı telefonun aparmalı olduğunu bildirmişdir. O, da həmin telefonu götürüb saat 17:30 radələrində “Axundov bağı”nın yanına gəlib 070 ***-**-** saylı nömrə ilə əlaqə saxlamış və həmin şəxs onun yanına gələrək avtomobilinə oturmuşdur. Adı sonradan ona məlum olan Ramilə telefonu verib onun pulunu istəyəndə, sonuncu ona Lermontov küçəsi, 53 saylı ünvana sürməyi xahiş etmişdir. Onlar həmin ünvana gəldikdən sonra Ramil telefonla kiməsə zəng etmiş və aşağı düşüb telefonu götürməsini istəmişdir. Daha sonra onlar 5-10 dəqiqə gözləmiş, bir az keçdikdən sonra Ramilin telefonuna zəng gəlmiş və kimsə telefonu binaya qaldırmasını istəmişdir. Ramil də binaya gedərkən o onunla qalxmaq istəmiş, lakin Ramil telefonu apardığı şəxsin evində ailə üzvlərinin olduğunu deyərək pulu alıb gətirəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Ramilə zəng etsə də, sonuncu zəngə cavab verməmişdir. Daha sonra o, binaya daxil olmuş və bu zaman binanın başqa bir çıxışının olduğunu görüb aldandığını bilib bu barədə Ülviyə məlumat vermişdir. Məhkəmədə Şahid4 ifadəsində bildirdi ki, o, 2020-ci ilin dekabr ayının sonunda dostu Şahid5 zəng edərək ona “Samsung Note 20” markalı telefon lazım olduğunu bildirmişdir. Daha sonra Tural həmin telefonun anbarda olub-olmamasını öyrənib ona məlumat verəcəyini bildirmişdir. Bir az keçdikdən sonra Tural onunla əlaqə saxlayaraq həmin markalı telefonun onda olması barədə məlumat verib onunla metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşmüş və telefonun 2.350 manata satıldığını demişdir. O da Turala ilkin ödəniş olaraq 350 manat pul vermiş, qalan hissəsini isə 10 ay müddətinə ödəyəcəyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, bu telefon dələduzluq yolu ilə ələ keçirilərək başqa bir yerə satılıb. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin:  02.02.2021-ci il tarixli, 9/162 saylı rəyinə görə 1 ədəd “iPhone 11” markalı, 128 Gb yaddaş tutumlu mobil telefonun təzə vəziyyətdə 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 1.650 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.119-121);  05.03.2021-ci il tarixli, 9/657 saylı rəyinə görə 1 ədəd “X9 20” markalı mobil telefonun 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 2.200 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.161-162);  06.05.2021-ci il tarixli, 9/2704 saylı rəyinə görə 2021-ci ilin yanvar ayına 1 ədəd “Samsung Note 10” markalı, **********76681 saylı İMEİ kodlu mobil telefonun təzə vəziyyətdə orta bazar qiyməti 1.500 manat, “iPhone 11” markalı, 64 Gb yaddaşı olan, **********98855 İMEİ kodlu telefonun qiyməti 1.350 manat, “iPhone 11” markalı, 64 Gb yaddaşı olan, **********69459 İMEİ kodlu telefonun qiyməti 1.350 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.231-233);  08.04.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saxlanılmış, Bakı şəhəri Səbail rayon prokurorunun 10.04.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina olunmuşdur (İİ cild, i.v.120, 187-189);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, 12.08.2021-ci il tarixdə o, tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İV cild, i.v.23-24, 29);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.05.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.221);  Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 notariat qaydasına təsdiq edilmiş ərizələrinə əsasən onlara vurulmuş zərər ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur (İV cild);  "xxxx" ASC-nin 22.12.2021-ci il tarixli, 1489 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında –1.000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İV cild);  “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14.05.2021 qərarla cinayət işindən X6 barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (İİİ cild, i.v.14-33);  Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Altay Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07.02.2022-ci il tarixli qərara görə X4 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* saylı cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bu qərardan aydın olur ki, X6 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək hazırki əməlləri törətmişlər. X6 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarının 1.016 manatını dövlət büdcəsinə ödəmişdir (İV cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iştirakçılıqla törətdiyi cinayətlərdə zərər çəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyindən və cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə uyğun dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 məxsus, ümumilikdə 8.050 manat dəyərində müxtəlif markalı mobil telefon aparatlarını dələduzluq yolu ilə ələ keçirmişlər. Cinayət məsuliyyətindən azad olunması üçün həmin məbləğin 25%-i 2.015,50 təşkil edir, X6 bu vəsaitin 1.016 manatını, Təqsirləndirilən şəxs isə 1.000 manatını ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilərək o, dərhal məhkəmə iclas zalından azad olunmalı, habelə Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə və “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar