Məhkəmə qərarları › İş №1(006)-15/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-15/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-15/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Masallı rayonu, Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 307.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi bu hökmlə qismən birləşdirilərək qəti olaraq ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ümumilikdə tutulduğu və həbsdə olduğu 01 ay 09 gün müddət nəzərə alınıb təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,155 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 13 iyun 2022-ci il tarixdə, saat 13:00-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, o, 3-cü Alatava küçəsi Səidə adlı qadının evində 2022-ci ilin iyun ayında təmir işləri görmüş və bu müddət ərzində orada qalmışdır. 13 iyun 2022-ci il tarixdə, saat 07-08 radələrində polis əməkdaşları həmin evə gələrək onu yatdığı yerdən götürüb polis bölməsinə aparmışlar. Polis bölməsində olan zaman polis əməkdaşları masanın üzərinə içərisində narkotik olan bükümləri qoymuş və onları boynuna almağı ona təkid etmişlər. O isə bunu qəbul etmədikdə, ona zor tətbiq edilərək döyülmüş, sonra cibinə büküm qoyularaq videoçəkiliş zamanı onun ona aid olduğunun bildirilməsini tələb etmişlər. O da sonda bununla razılaşmış, amma narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Bununla belə ibtidai araşdırma dövründə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması haqqında heç nə deməmişdir. Cavan olduğunu və yeni ailə həyatı qurduğunu nəzərə alaraq azadlığa buraxılmasını xahiş edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, 13 iyun 2022-ci il tarixdə bölmənin baş əməliyyat müvəkkili Şahid1 ilə Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədin təqdim olunmasını xahiş etmişlər. Həmin şəxs üzərində sənəd olmadığını bildirmişdir. Onun davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan, habelə üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onu 20-ci polis bölməsinə dəvət etmişlər. Bu şəxs də etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və şifahi söhbət zamanı sonuncu narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Sonra onun üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, onun içərisində heroin olduğunu və bunu həmin günü səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata istifadə etmək məqsədi ilə aldığını söyləmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin polis bölməsində olarkən ona heç bir zor tətbiq edilməmiş və o, hansısa evdən götürülməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışmış Şahid1 Şahid2 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim edir və bildirir ki, bükümün içərisindəki maddə narkotik vasitə “kakos”dur, onu istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidən 10 manata almışdır. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.44-49, 51); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3330 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi “...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,105 qram, aparılmış tədqiqatın dəyəri 88 manat təşkil edir (İ cild, i.v.56-59); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik istifadə etdiyini, sonuncu dəfə “Kubinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “kakos”u 10 manata aldığını, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində ünvan 1 ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşmasını, sonra onlarla 20-ci polis bölməsinə getdiyini, orada əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyduğunu bildirir, eyni zamanda ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini söyləyir (İ cild, i.v.61-62, 76-78); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 4004 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.118-119); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.20-21, 82-86); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,105 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmişdir (İ cild, i.v.127-134); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və məhkəmə aktlarına əsasən Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 307.1-ci ilə maddələri təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cinayət məsuliyyətinə cəlb edilib xx.xx.2012-ci il tarixdə, yəni bu əməllər yetkinlik yaşına çatmayan dövrdə törədilib), Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə bu cəzasının çəkilməmiş 10 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi bu hökmlə qismən birləşdirilərək qəti olaraq ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 may 2022-ci il tarixdə tutulduğu 01 gün, 27 mart 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 08 gün, ümumilikdə 01 ay 09 gün müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, i.v.93-95, 103-107, İİ cild, i.v.31-38); • Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-23575/14 saylı məktubund qeyd olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün icrası ilə bağlı Təqsirləndirilən şəxs qeydiyyatdan keçmədiyi üçün cəza müddəti başlamamışdır (İİ cild, i.v.40); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild, i.v.14-15, 24-25). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə münasibətdə əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətin törətməsini cinayətin residivi kimi qiymətləndirməklə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla belə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzaya hökmlərin məcmusu qaydasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə müəyyən edilmiş cəza birləşdirilsə də, o, sonuncu hökm üzrə cinayətləri yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən, Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinin tələbinə uyğun olaraq bu residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə, həmin Məcəlləyə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 31 may 2022-ci il tarixdə tutulduğu 01 gün, 27 mart 2023cü il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 08 gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 01 ay 11 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,105 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 88 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 09 ay həddində müəyyən edilsin və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 31 may 2022-ci il tarixdə tutulduğu 01 (bir) gün, 27 mart 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 08 (səkkiz) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 01 (bir) ay 11 (on bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,105 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar