Məhkəmə qərarları › İş №1(006)-150/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-150/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-150/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Mərkəz” Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Ermənistan Respublikası, Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi ev 29da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 21, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:45 radələrində “xxxx” MMC-yə məxsus “Karsan Atak” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusda sərnişin olarkən ünvan 1 ünvanda yerləşən “Azərbaycan” Universitetinin qarşısında, küçənin işlək hissəsində avtobusun sürücü kabinəsinə yaxınlaşıb sürücü Zərərçəkmiş şəxs yolun istiqamətinin dəyişməsinin səbəbini soruşduqda, sonuncunun ona təmir işləri ilə əlaqədar Nəsimi rayonu, M.Qaşqay küçəsinin bağlı olduğunu və avtobusun dayanacaqdan kənarda saxlanılmasına icazə verilmədiyini izah etməsinə əhəmiyyət verməyib həmin vaxt cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq, hamı tərəfindən qəbul olunmuş qaydalara laqeydlik göstərərək, avtobusdakı digər sərnişinlər arasında həyəcanın, narahatçılığın yaranmasına səbəb olan, onların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edib, özünün şəxsiyyətini onların fövqündə qoyub sərnişinlərin yanında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək qəsdən onun baş və üz nahiyələrinə əli ilə zərbələr endirib ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin qançır şişkinliyi (hematoması), sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır-şışkınlıyi (hematoması) ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 17:15 radələrində metronun “Xətai” stansiyasının qarşısındakı dayanacaqdan 4 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa minmişdir. Bu avtobusla yaşadığı ünvan 2 ünvana gəlmək üçün “Nəsimi bazarı” adlanan ərazidə yerləşən dayanacaqda düşməli idi. Lakin saat 17:45 radələrində avtobus Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsinə dönməli olduğu halda xəttini dəyişib C.Hacıbəyli küçəsi ilə hərəkət etməyə başlamışdır. Buna görə də o, adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs yaxınlaşıb hərəkət istiqamətinin dəyişməsinin səbəbini soruşmüş və düşməsi üçün avtobusu saxlamasını xahiş etmişdir. Lakin sürücü heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmiş, onunla kobud rəftar etmişdir. O da əsəblərini cilovlaya bilməyib özündən asılı olmadan sol əlinin üst tərəfi ilə Asəfin baş və üz nahiyələrinə şillə zərbələri endirmişdir. Bu zaman Asəf də onun üz nahiyəsinə iki şillə zərbəsi vurub ona xəsarət yetirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, son iki ildə “xxxx” MMC-yə məxsus 4 saylı marşrut xətti üzrə “Karsan Atak” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusda sürücü işləyir. Bu müddət ərzində heç bir sərnişinlə arasında xoşagəlməz hal olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 17:15 radələrində həmin avtobusla metronun “Xətai” stansiyasının qarşısından hərəkətə başlamış və “Nəsimi bazarı” adlanan yerə doğru hərəkətdə olarkən saat 17:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində təmir işlərinin aparılığını görüb həmin küçəyə dönə bilməmiş, C.Hacıbəyli küçəsi ilə hərəkətə davam etmək məcburiyyətində qalmışdır. Bu vaxt avtobusda sərnişin olan bir qadın, adını sonra bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb xətti dəyişməyisinin səbəbini soruşmuşdur. O da ona yolun təmirə bağlandığını izah etməyə çalışsa da, sonuncu təkidlə avtobusu saxlamağı tələb etmişdir. O isə avtobusu dayanacaqdan kənarda saxlamağın qadağan olduğunu deyib yalnız qarşıdakı dayanacaqda saxlaya biləcəyini söyləmişdir. Bu zaman Alidə qəflətən onun baş və üz nahiyələrinə əli ilə bir neçə dəfə zərbələr endirmişdir. Bununla bağlı o, şirkətə telefonla məlumat vermiş, daha sonra yol patrul xidməti avtomobilin qarşısında saxlayaraq məsələni polis əməkdaşına bildirmişdir. Qeyd edir ki, o Təqsirləndirilən şəxs qarşı heç bir qeyri-etik hərəkət etməmiş, onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Hətta mübahisə vaxtı sərnişinlərin bir neçəsi Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə tənqid etmişlər. Hadisə avtobusda quraşdırılmış kamera vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  “CD diskə baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və diskə əsasən Zərərçəkmiş şəxs “xxxx” MMC-yə məxsus, yol vərəqəsi ilə idarə etdiyi “Karsan Atak” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 4 saylı marşrut xətti üzrə həmin günü saat 17:45 radələrində ünvan 1 ünvanda yerləşən “Azərbaycan” Universitetinin qarşısında hərəkətdə olarkən avtobusda sərnişin olan Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun onun baş və üz nahiyələrinə əli ilə zərbələr endirməsi müşahidə olunur (cild İ, i.v.11, disk);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 992 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin qançır-şişkinliyi (hematoması), sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi (hematoması) küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild İ, i.v.50-51);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i.v.45). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar