Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-150/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1997-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7 saylı Cəzaçəkmə Müəssisəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 31 avqust 2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi 87 nömrəli evin açıq giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq girdikdən sonra evin qonaq otağındakı paltaryuyan maşının üzərindən, içərisində Zərərçəkmiş şəxs1 məxsus 6500 manat nağd pul olan Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 75 manat dəyərində əl çantasını ələ keçirib oranı tərk edərkən evdə yatmış vəziyyətdə olan Şahid1 yuxudan oyanaraq onun qanunsuz hərəkətlərini aşkar edib qışqırmasına məhəl qoymadan əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs2 75 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 31 avqust 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olarkən həyət evlərindən birinin ağ rəngli darvazasının qapısının açıq olmağı onun diqqətini cəlb etmişdir. Bundan sonra, o, darvazanın qapısından içəri daxil olmuş və yaşayış evinin ağ rəngli taxta giriş qapısının kilidlənməməsindən istifadə edib qapını itələmiş və qapı açılmışdır. O, evə daxil olarkən dəhliz, dəhlizdən sol tərəfdə bir otaq, dəhlizdə yerləşən mətbəxin sağ tərəfində isə digər otaq olmuşdur. Bundan sonra, o, mətbəxin sağ tərəfində yerləşən otağa daxil olmuş və həmin otaqda bir nəfər qadının yatdığını görmüşdür. Buna baxmayaraq otağı axtarmış, maddi dəyəri olan hər hansısa bir əşya diqqətini cəlb etməmişdir. Otaqda olan qadın yuxudan oyanmamış, bundan sonra otağı tərk edib digər otağa keçmişdir. Digər otağa daxil olduqda otağın işığı yanılı vəziyyətdə olmuş, otaqda bir nəfər qadın divanda uzanıb yatmışdır. Lakin otaqda paltaryuyan maşının üstündə olan qara rəngli qadın çantası diqqətini cəlb etmiş və həmin çantanı götürüb otağı tərk etmişdir. Həmin vaxt otaqda telefonlar görsə də, həmin telefonları götürməmişdir. O əlində qeyd edilən qadın çantası ilə otağı tərk edərək evdən tələsik formada çıxmışdır. Bundan sonra oradan 1-2 məhəllə uzaqlaşaraq təhlükəsiz bir yerdə götürdüyü qadın çantasını açmış, bütün ciblərini yoxlamış, çantada pul olmasa da, bir ədəd şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. Oradan bir qədər də uzaqlaşaraq qadın çantasını içərisində şəxsiyyət vəsiqəsi ilə birlikdə yolun kənarında atmışdır. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətsə də, qeyd edilən çantada pul olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 22 avqust 2024-cü il tarixdə kredit götürmüş və hal-hazırda hər ay 624 manat kredit ödəyir. 31 avqust 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı ünvan 1 ünvanında naməlum şəxs evin taxta materialından olan ağ rəngli və kilidlənməmiş vəziyyətdə olan giriş qapısını açaraq evə daxil olub evin qonaq otağındakı paltaryuyan maşının üstündə olan anası Zərərçəkmiş şəxs2 məxsus 75 manat dəyərində gövdəsi qara və qapağı boz rəngdə olan dəri qadın çantasının içərisində olan kreditdən qalan 6500 manat nağd pulu və anasının adına olan şəxsiyyət vəsiqəsini qeyd edilən çanta ilə birlikdə oğurlamışdır. Oğurluq baş verməmişdən 3-4 dəqiqə əvvəl o, evi tərk etmiş və təqsirləndirilən şəxs onun evi tərk etməsindən sonra evə daxil olmuşdur. Daha sonra baş vermiş oğurluq hadisəsi barədə ona qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsilə məlumat vermişdir. Oğurluq baş verən zaman yaşadığı evdə bacısı Şahid1, həyat yoldaşı Şahid2 və bacısı Ülkərin iki azyaşlı uşağı olmuşdur. Bacısı Ülkər onlara qonaq gəlmiş, anası onunla birlikdə yaşasa da, hadisə baş verən zaman işdə olmuşdur. Qeyd edilən çanta anasına məxsus olmuş və əvvəllər pulu üzərində götürsə də, sonradan anası ondan pulu alaraq özündə saxlamışdır. Törədilmiş oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 31 avqust 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Cafe city” kafesində növbədə olmuş və orada işləmişdir. Hər gecə oğlu Zərərçəkmiş şəxs1 onu gəlib işdən götürüb evə aparmışdır. Həmin gecə saat 04 radələrində oğlu Zərərçəkmiş şəxs1 işlədiyi yerə gələrək onu avtomobilə əyləşdirmiş və Zərərçəkmiş şəxs1 həyəcanlı olduğunu görmüşdür. O Elvindən nə baş verdiyini soruşduqda sonuncu ona yaşadıqları evə oğru girdiyini və qızı Şahid1 oğrunu görərək arxasınca qışqırdığını və oğrunun çıxıb getiyini bildirmişdir. Oğlu Zərərçəkmiş şəxs1lə birlikdə yaşadıqları evə çatdıqdan sonra oğrunun yaşadıqları evin qonaq otağında olan paltaryuyan maşının üstündə ona məxsus qara rəngli qadın çantasını oğurlayıb apardığı məlum olmuşdur. Həmişə qeyd edilən qara rəngli çantanı özü ilə aparmış, həmin gün yadından çıxıb özü ilə aparmamışdır. Şahid1 həyəcanlı olduğunu və bərk qorxduğunu gördükdən sonra ondan nə baş verdiyini soruşduqda sonuncu oğrunun onun yatdığı qonaq otağına daxil olduğunu, yuxudan oyandıqdan sonra ilk öncə oğrunu vurmaq istəsə də, sonradan qışqırdığını və həmin şəxsin qışqırıq səsini eşidərək qaçıb getdiyini bildirmişdir. Həmin qara rəngli çantanın oğurlanan zaman qiyməti 75 manat olmuş və çantanın içərisində oğlu Zərərçəkmiş şəxs1 məxsus 6500 manat nağd pul və özünü adına olan şəxsiyyət vəsiqəsi olmuşdur. Zərərçəkmiş şəxs1 həmin pulu bankdan kredit götürmüş və evdəki şəxslərin və qonşuların həmin pulu oğrulaması inandırıcı deyil. Baş vermiş oğurluq hadisəsi nəticəsində oğlu Elvinə 6500 manat, özünə isə 75 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 29 avqust 2024-cü il tarixdə axşam saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs1 bacısı Şahid1 yaşadıqları evə qonaq gəlmiş, 31 avqust 2024-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı evdə qonaq otağında olan Şahid1 qışqırıq səslərinə yuxudan oyanaraq yataq otağından mətbəxə gəlmiş və sonuncunun həyəcanlanaraq bərk qorxduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Ülkər yaşadıqları evə oğrunun girdiyini və həmin oğrunun sonuncunun qışqırıq səslərini eşidib qaçıb getdiyini bildirmişdir. Baş vermiş hadisə barədə qonşuluqda yaşayan qayını Elgün Mirzəyev də xəbərdar olmuş və mobil telefon vasitəsilə əri Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Cinayət hadisəsi törədən şəxsi görməmiş, Şahid1 qışqırıq səslərinə oyanaraq sonuncunun yanına gəlmişdir. Lakin Ülkərin yanına gələnədək oğru qaçıb getmişdir. Zərərçəkmiş şəxs2 məxsus çantanın içərisində 6500 manat nağd pulu həyat yoldaşı Zərərçəkmiş şəxs1 bankdan kredit götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 29 avqust 2024-cü il tarixdə axşam saatlarında qardaşı Zərərçəkmiş şəxs1 yaşadığı evə qonaq gəlmişdir. 31 avqust 2024-cü il tarixdə saat 04 radələrində qardaşının yaşadığı evdə qonaq otağında mürgüləyib yatmaq istəyərkən qardaşı Elvin həmin vaxt evdə olmamışdır. Anası gecə növbəsi işlədiyinə görə anasını işdən gətirməyə getmişdir. Qardaşı ilə anası gələcəyinə görə evin giriş qapısını kilidləməmişdir. Belə ki, onların gəldiyini eşidib oyanmayacağından ehtiyat etmişdir. Uzandığı qonaq otağının işığını söndürməmiş, mürgülədiyi anda ayaq səsinə ayılmış və bir nəfər şəxsin uzandığı otaqdan çıxdığını görmüş, həmin anda qışqırmış və həmin şəxs qaçıb getmişdir. Onun səsinə qardaşının həyat yoldaşı Şahid2 da oyanmış və yataq otağından onun yanına gəlmişdir. Baş vermiş hadisə barədə qonşuluqda yaşayan qardaşı Elgün Mirzəyev də bilmiş və mobil telefon vasitəsilə digər qardaşı Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Həmin şəxsi arxadan görmüş, əynində qara rəngli köynək və qara rəngli şalvar olmuşdur. Şalvarının kəməri və ayaqqabısı da qara rəngdə olmuşdur. Sağ əlini sanki sinəsinə sıxmış, sol əlini isə yanına salmışdır. Həmin şəxsin boyu təqribən 170 sm, orta bədən quruluşlu olmuş, üzərində hər hansı əlamətin olduğuna fikir verməmişdir. Anasına məxsus çantanın içərisində 6500 manat nağd pul olduğunu bilməmişdir. (i/v 93-94). İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Nəsimi RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Nizami Həmidov tərəfindən CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarında olan “Baxış aparılması haqqında” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır (i/v 10-18). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (i/v 34, 68-69). İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir (i/v 47). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayoin Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Reespublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 24 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 180.2.4, 181.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan əlavə, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır (i/v 73-75, 77-85, 87-91). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, şahidin və zərərçəkənlərin ifadələri, eləcə də, işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından 6500 manat götürməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidin ifadəsi, ifadənin yerində yoxlanılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-637/2024 saylı, 13 dekabr 2024cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13 dekabr 2024cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 225 (iki yüz iyirmi beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 225 (iki yüz iyirmi beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-150/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-150/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver