Məhkəmə qərarları › İş №1(006)-153/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-153/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-153/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1955-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olan, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən «H.Əliyev» parkda Kürdəmir rayonu, Atakişi kəndində yaşayan vətəndaş Şahid1 Həkim oğlu və Şahid2 tanışı Zərərçəkmiş şəxs Türkiyə Respublikasında yerləşən Atatürk Universitetindən Azərbaycan Respublikasında yerləşən “Odlar Yurdu” Universitetinə köçürülməsinə adı ilə yalandan vəd verib Şahid2 18.500 manat pul almış, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 bir neçə ildir ki, tanışları vasitəsi ilə tanımışdır. 2016-cı ilin avqust ayında Arzu ilə söhbət edən zaman ona demişdir ki, bacısı oğlu Cavidin dostu Müzəffər Türkiyə Respublikasında yerləşən universitetdən Bakı şəhərində yerləşən Turizm Universitetinə köçürülmək istəyir. O, buna razılıq vermiş və bunun mümkün olacağını bildirəndə Arzu ondan qiymət soruşmuş, o da bu işin 10000 manata həll olunacağını demişdir. Arzunun həmin şəxsdən nə qədər pul almasından xəbəri yoxdur, lakin Arzu özü ona həmin işlə bağlı 10000 manat pul vermişdir. O da həmin vaxt 1000 manat pulu aldığı məbləğdən götürüb Arzuya vermişdir. Bu görüşün dəqiq tarixini xatırlamasa da deyə bilərəm ki, 2016-cı ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən parkda olmuşdur. Həmin işlə bağlı rəsmi olaraq Müzəffərin köçürülməsi ilə maraqlanmış, lakin nəticə etibarı ilə bu işdə ona köməklik edə bilməmişdir. Arzudan aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin məsələ ilə bağlı Arzudan şəxsən olaraq 10000 manat pul almışdır. Ola bilsin ki, onlar Müzəffərdən özləri kənar 18500 manat pul almışlar. Lakin ona verilən pulu məbləği cəmi 10000 manat təşkil etmişdir. Həmin puldan da 1000 manat pulu o, Arzuya hörmət üçün qaytarmışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Tükiyə Respublikasında Ərzurum şəhərində yerləşən “Atatürk” universitetində oxuyarkən tanışı Əlinin vasitəsilə Şahid2 tanımış və Cavidə Azərbaycanda yerləşən universitetlərin birinə köçürülməsini istədiyini bildirmişdir. Şahid2 ona dayısı olan Bakı şəhər sakini Şahid1 Təhsil Nazirliyində işlədiyini və bu işi dayısının vasitəsilə həll edə biləcəyini deyərək ondan 18500 manat pul almışdır. Həmin pulun 5000 manatını 2016-cı ilin avqust ayında Türkiyədən Bakı şəhərinə göndərdiyini, qalan 13500 manat pulu isə avqust ayının sonlarında ünvan 2 ünvanda yerləşən “Sonti” supermarketin qarşısında Cavidə vermişdir. Cavid pulu alan kimi dayısının yanına gedib pulu dayısına verəcəyini bildirmiş, köçürülmənin sentyabr ayında baş verəcəyini ona bildirsə də vədinə əməl etməmiş və sentyabr ayının sonlarında Cavidin dayısı Şahid1 da onunla “Memar Əcəmi” metrostansiyasmın qarşısında görüşmüş, bu işi tezliklə həll edəcəyini və onun artıq dərsə başlayacağını bildirmişdir. Lakin onlar yenə də verdikləri vədə əməl etməmiş və onu aldadaraq ələ keçirdikləri 18500 manat pulu geri qaytarmamışlar. Məhkəmə iclasında verilmiş suala Zərərçəkmiş şəxs cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmçinin Zərərçəkmiş şəxs ona vurulmuş zərərin qaytarılmasını əks təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Fərhad Kərimovun vasitəsilə tanımışdır. Belə ki, həmin vaxt Travmatologiya İnstitutunun yaxınlığında yerləşən kafedə tez-tez oturub çay içmişlər, nahar etmişlər. Həmin ərəfədə də, görüşlərin birində Fərhad Zahidlə birlikdə gələrək onu Zahidlə tanış etmiş və sonuncu əvvəllər Səhiyyə Nazirliyində yüksək vəzifələrdə, daha sonra bir neçə özəl klinikalarda həkim işlədiyini bildirmişdir. Danışıqlar zamanı Zahidin bir çox təşkilatlarla əlaqəsinin olduğunu müəyyən etmiş və hətta həmin ərəfədə Zahid ona bir neçə xırda işlərin həllində təmənnasız köməklik etmiş, qohumumun müalicəsi ilə bağlı müalicə müəssisələrin birində yaxından kömək etmişdir. Ona görə də onu ciddi bir insan kimi tanımış, ona etibarı yaranmışdır. Qeyd etdiyi hadisələr 2016-cı ilin əvvəlinə qış aylarına təsadüf etmişdir. Bundan sonra daha tez- tez görüşməyə başlamışlar və artıq Fərhadın iştirakı olmadan da ikilikdə görüşmüşlər. Söhbətlər zamanı Zahid güc strukturlarında işləyən, adları yadında qalmayan və Zahid tərəfindən müxtəlif postlarda çalışan şəxslərlə münasibətinin olduğunu, bəziləri ilə isə ümumiyyətlə yaxın münasibətdə olduğunu bildirmişdir. Bacısı oğlu Cavid Türkiyə Respublikasında təhsil alaraq Bakıda tətildə olan zaman ona demişdir ki, yaxın dostu var və adı Müzəffərdir, Atatürk universitetində oxuyur və Bakıya köçürülmək istəyir. Bunu eşidən kimi dərhal Zabitin qohumunun məsələsi yadına düşmüş və Cavidə bu işin Zahid adlı tanışının vasitəsilə mümkün olacağını bildirmişdir. Bu barədə Zahidə bildirəndə ondan həmin Müzəffər adlı tələbənin qiymət cədvəlini istəmiş və 2-3 gün sonra Zahidlə görüşən zaman ona demişdir ki, qiymətləri pis olduğundan Müzəffəri ancaq özəl universitetlərin birinə köçürmək olar. Cavidlə danışıq zamanı ona bildirmişdir ki, Müzəffərin bu işi həll elmək üçün 18.000 manat pulu var və Zahid buna razılıq verib əlavə də 500 manat köçürmə ilə bağlı işlərə görə pul laızm olduğunu bildirmişdir. Bundan sonra 2016-cı ilin avqust ayında Cavid onunla görüşüb Müzəffər tərəfindən ona səhv etmirəmsə 5000 manat pul göndərildiyini və həmin pulu Zahidə çatdırmaq istədiyini bildirmişdir. Cavidə demişdir ki, pulun yerdə qalan hissəsi ilə birlikdə Müzəffərin özünün iştirakı ilə aparıb Zahidə versin. Həmin ərəfədə Cavid ona zəng edib Müzəffərin də Bakıda olduğunu deyib görüşmək istədiyini qeyd etmişdir. O da Zahidə zəng edib köçürülmək istəyən tələbənin Bakıda olduğunu və ona bununla bağlı pul vermək istədiyini bildirmişdir. Onlar 2016-cı ilin avqust ayında Zahidlə görüşüb Cavidə zəng etmiş və Cavid də Müzəffərlə “Yeganə” şadlıq sarayı tərəfdə yerləşən “Sonti” marketin qarşısında görüşəcəyini demişdir. Onlar da Zahidlə parkda olmuşlar. Bu vaxt Cavidin tək olaraq parka gəldiyini görmüşlər və Cavid demişdir ki, Müzəffər pulu ona verib getmişdir və Cavid də səhv etmirəmsə 18500 manat pulu “Yeganə” şadlıq sarayı yaxınlığında yerləşən parkda Zahidə verib özü çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə Türkiyənin Giresun şəhərində “Giresun” universitetinin İqtisadiyyat fakültəsində oxuyurmuş. Həmin universitetdə cəmi 8 azərbaycanlı oxuduğu üçün çox sıx dostluq münasibətləri var imiş. Bu zaman orada Əli adlı şəxslə tanış olmuşdur. 2016-cı ilin iyul ayında “Watsap” vasitəsilə onula danışarkən Müzəffər adlı dostunun olduğunu və həmin şəxsin oxuduğu Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən “Atatürk“ universitetindən Azərbaycanda yerləşən universitetlərin birinə köçürülməsi üçün həmin şəxsə kömək etməsini bildirmişdir. O, dayısı Şahid1 bu barədə bildirmiş, dayısı isə bununla bağlı maraqlanıb ona xəbər verəcəyini bildirmişdir. Təxminən bir həftə sonra dayısı ilə görüşəndə tanışı Təqsirləndirilən şəxsla bu barədə danışdığını və bu işin 18500 manata başa gələcəyini demişdir. Müzəffər ilk olaraq 2016-cı ilin avqust ayının 19-da 5000 manat pulu Türkiyədə olarkən göndərmiş, o da həmin pulu Nərimanovda park tərəfdə ev alqı-satqısı yerində olarkən adını bimədiyi şəxsdən götürmüşdür. 2016-cı ilin avqust ayının axırlarında Müzəffər Bakıya gəlmiş və o, Müzəffərlə Nərimanovda görüşüb 13500 manat pulu almış və dayısı Arzuya xəbər vermişdir. Həmin gün o, “Yeganə” şadlıq sarayının yanında dayısı ilə Zahidin yanına gəlmiş, dayısı Zahidlə onu tanış etmiş və o, 18500 manat pulu Zahidə vermidşir. Oranı tərk edəndə dayısı Zahidlə orada qalmışdır. Həmin vaxt Zahid işin sentyabr ayında həll olunacağını, o da Müzəffərə köçürülmənin 2016-cı ilin sentyabr ayına həll olunacağına vəd vermişdir. Lakin sentyabr ayında məsələ həll olunmadığı üçün dayısından soruşduqda sonuncu işin 2017-ci ilin yanvar ayınadək uzanacağını bildirmişdir. O da Müzəffərlə görüşüb vəziyyəti izah etmiş, sonuncuda bununla razılaşmışdır. 2016-ci ilin yanvar ayında da məsələ həllini tapmadığı üçün dayısı özü Müzəffərlə görüşmüş və təklif etmiş ki, əgər istəsə pulu qaytarsın, lakin Müzəffər işin həll olunması arzusu ilə fevrala qədər gözləyəcəyini bildirmişdir. Lakin fevralda da iş həll olunmadığına görə və Zahidi də tapa bilmədiklərinə görə Müzəffər pulu geri tələb etməyə başlamışdır. O da dayısı ilə həmin pulu aprel ayında qaytaracaqlarına söz vermişdir. Əlavə olaraq Müzəffərdən 8000 ABŞ dolları məbləğində pulu borca aldığını, həmin məbləğdən cəmi 800 ABŞ dollar pulu geri qaytardığını, həmin məsələ ilə bağlı aralarında əlyazma olduğunu qeyd etmişdir. Aprel ayında pulu nə dayısı, nə də ki özü qaytara bilməmişdir. Müzəffər də pulu israrla geri tələb etməyə başlamış, lakin pul Zahiddə olduğundan və Zahidi tapa bilmədikləri üçün pulu qaytara bilməmişlər. Pulu da Zahidə vermələri barədə Müzəffərə heç bir şey bildirməmişlər. Odur ki, pulu qaytara bilmədikləri üçün Müzəffər polisə şikayət etmişdir. Cinayət işinin İ cild 278-ci vərəqəsində olan 16 dekabr 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15-30-da tutulmuşdur. Cinayət işinin İİ cild 11-12-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 dekabr 2019-cu il tarixdən hesablanmaqla 1 ay 28 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 77-79-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 may 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 158-160-cı vərəqələrində olan 14 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməməsi səbəbindən axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin 04 oktyabr 2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə tutularaq Nəsimi RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının 08 oktyabr 2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 05 oktyabr 2021-ci il tarixdə Təcridxanaya təhvil verilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2021ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclası 13 oktyabr 2021-ci il tarixə, saat 11-30-a təyin edilmişdir. Cinayət işinin İİ cild 117-119-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 yanvar 2020-ci tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Binəqədi Rayon Məhkəməsinin 24.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 128 və 132-ci maddələri ilə təqsirli bilinərək 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2) ACDİÜ AR Məhkəməsinin 10.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 66.5, 70-ci maddələri ilə təqsirli bilinərək 07 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 4 il sınaq müddəti verilmiş, 3) ACDİÜ AR Məhkəməsinin 01.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 67.1, 71.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli Qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Qobustan Rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs 07 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, 09.02.2018-ci il tarixdə cəzasının vaxtı başa çatmışdır. Cinayət işinin İİ cild 50-59-cu vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 01.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 67.1, 71.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİİ cildiinə əlavə edimiş qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 03.12.2015-ci il tarixli qərarı Qərarı ilə Təqsirləndirilən şəxs 13 saylı cəzaçəkmə müəssisəsindən cəzasının çəkilməmiş qalmış 2 il 2 ay 6 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,“azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,“islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən“iki“il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 01.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 67.1, 71.5-ci maddələri ilə təqsirli bilinərək 08 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli Qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Qobustan Rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs 07 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, 09.02.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllədə eyni tərkibli cinayətin törətməsini, bilə-bilə məhkəmədən iclasından yayınmasını və barəsində axtarış qərarının çıxarılmasını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun həbsdə saxlandığı 16 dekabr 2019-cu il tarixdən 14 may 2020-ci il tarixədək, yəni 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 03 oktyabr 2021-ci il tarixdən saat 07:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 16 dekabr 2019-cu il tarixdən 14 may 2020-ci il tarixədək, yəni 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar