Məhkəmə qərarları › İş №1(006)-154/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-154/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-154/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, 27 iyun 2023-cü il tarixdə saat 15:41 dəqiqədə idarə etdiyi “Minsk D4-50” markalı, 49 m3 mühərrik həcmli mopedlə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3cü mikrorayon dairəsindən üzü Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyası istiqamətində S.C.Pişəvari küçəsi ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni mopedi öz hərəkət zolağı ilə idarə etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmamalı, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməyərək Nəsimi rayonu S.C.Pişəvari küçəsi 29 ünvanın qarşısında əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxıb yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs mopedin ön hissəsi vuraraq ehtiyatsızlıqdan sonuncuya sol almacıq sümüyünün sınığı, sol almacıqyanaq-gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ budun, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin hematornası, sağ dirsək oynağı və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları kimi ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anadangəlmə 3-cü qrup əlildir, yüksək dərəcəli “Miopiya” xəstəliyinə, yəni gözdən əlilliyə görə dövlətdən aylıq təqaüd alır. Özünə məxsus “Minsk D4-50” markalı, 49 m3 mühərrik həcmli mopedlə fərdi qaydada motokuryer işləyərək pul qazanıb günlük tələbat xərclərini qarşılayır. O, 27 iyun 2023-cü il tarixdə saat 15:40 dəqiqədə idarə etdiyi “Minsk D4-50” markalı mopedlə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsindən S.C.Pişəvari küçəsinə daxil olub təxminən 20-30 km/saat sürətlə üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman yolda tıxac olduğunu görmüş və həmin küçədə yerləşən “LC WAİKİKİ” adlı mağazanın qarşısına çatanda tıxacda qalmamaq üçün yol hərəkət qaydalarını pozub yolun əks hərəkət istiqamətinə keçərək yoluna davam etmişdir. Həmin vaxt yolun əks hərəkət istiqamətindən avtomobillər gəlmədiyinə görə yolun boş olduğunu düşünüb arxayın şəkildə yoluna davam etmişdir. O, yolun əks hərəkət istiqamətinə keçib bir qədər yol qət etdikdən sonra, həmin küçədə yerləşən “FLO” adlı mağazanın qarşısına çatanda qəflətən sağ tərəfdəki avtomobillərin arasından çıxıb piyada yolu sağdan sola keçmək istəyən, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs görmüş, həmin vaxt piyada ilə onun idarə etdiyi mopedin arasında məsafə az olduğuna görə piyadanı mopedlə vurmamaq üçün mopedi sola tərəf çəkmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs də sola tərəf hərəkət etdiyindən idarə etdiyi mopedin ön hissəsi ilə ehtiyatsızlıqdan sonuncunu vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, həmçinin moped yerə aşdığına görə o da yerə yıxılmışdır. Həmin vaxt ətrafda olan insanlar dərhal hadisə yerinə gəlib onlara yardım göstərmişlər. Bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşı X6 Stansiyasının ekipajını hadisə yerinə çağırmış və hadisə yerinə gələn TTYSnin ekipajı yardım göstərib Zərərçəkmiş şəxs və onu 1 saylı X5 aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmiş və heç bir ciddi xəsarəti olmadığına görə evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, mopedlə vurduğu piyada Zərərçəkmiş şəxs hadisə nəticəsində müxtətif bədən xəsarətləri almışdır. O, Zərərçəkmiş şəxs ilə barışmaq məqsədi ilə görüşsə də, sonuncu ondan yüksək məbləğdə pul tələb etmiş, o da buna görə işin qanuni çərçivədə həll edilməsi üçün təşəbbüs göstərmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 27 iyun 2023-cü il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsindən piyada üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə doğru hərəkət etmişdir. O, S.C.Pişəvari küçəsi ilə üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə doğru hərəkət edən zaman asfalt yolda tıxac olmamış, o da əks hərəkət zolağının boş olduğunu görərək həmin küçədə yerləşən “FLO” adlı mağaza ilə üzbəüzə çatarkən adi yerişlə yolu qarşı tərəfə keçməyə başlamışdır. O, yolun üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə doğru olan hərəkət hissəsini keçdikdən sonra sağ tərəfdən avtomobil gəlib-gəlmədiyinə baxaraq yoluna davam edən zaman yolun əks hərəkət zolağına keçib üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə hərəkət edən moped onu vurmuşdur. O, zərbənin təsirindən asfalta çırpılmış, başı asfalta dəydiyinə görə sol almacıq sümüyü sınmış, həmçinin, müxtəlif bədən xəsarətləri almışdır. Həmçinin, onu vuran moped yerə aşmış və sürücüsü olan qadın yerə yıxılmışdır. Həmin vaxt ətrafda olan insanlar dərhal hadisə yerinə gedərək onlara yardım göstərmişlər. Bir qədər sonra polis əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamış və hadisə yerinə çağırılan X6 Stansiyasının ekipajı yardım göstərib onu 1 saylı X5 aparmışdır. Bundan sonra o, tanınmış professor cərrah tərəfindən cərrahi əməliyyat olunmuşdur. Lakin onu vuran mopedin şəxsiyyəti sonradan ona məlum olan sürücüsü Təqsirləndirilən şəxs ona heç bir maddi yardım göstərməmiş, onunla maraqlanmamışdır. Hadisə nəticəsində onun sol almacıq sümüyü sındığına görə cərrahi əməliyyat olunmuş və sağlamlığının bərpası üçün indiyədək ümumilikdə 5000 manat pul xərcləmişdir. Hadisədən sonra mopedin sürücüsü Təqsirləndirilən şəxs ondan üzr belə istəməmiş, hətta guya onun xəsarətlərinin saxta olduğunu iddia etmişdir. Bundan başqa, müstəntiq tərəfindən əməl düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1 və ya 267.1- 1-ci maddələrindən birinə tövsif edilməli idi. Hal-hazırda Təqsirləndirilən şəxs daha ağır maddənin sanksiyası tətbiq edilməli olduğundan işin istintaqa qaytarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 27 iyun 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, “Minsk D4-50” markalı, 49 m3 mühərrik həcmli mopeddə müxtəlif detalların əzilib-qırılması aşkar edilmişdir. (i.v. 12-14) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 iyun 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisənin ünvan 2 ünvanın qarşısında baş verməsi müəyyən edilmiş, həmçinin “Minsk D4-50” markalı, 49 m3 mühərrik həcmli moped aşkar edilmişdir. (i.v. 6-11) “Diskə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 15 iyul 2023-cü il tarixdə saat 11:04 dəqiqədən saat 11:28 dəqiqəyədək olan müddət ərzində DİN-nin NHlX-dən daxil olmuş, 27 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu S.C.Pişəvari küpəsi 29 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təhlükəsiz Şəhər Xidmətinin TŞ-3-024 nömrəli kameralarının saat 15:41-dən 15:43-dək olan müddətdə qeydə aldığı görüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə xidmoti otağımda “HP" markalı kompyuterdə nümayiş etdirməklə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd videogörüntü vardır. Diskdə 2-ci sırada olan 02 dəqiqəlik videogörüntü açıldıqda müəyyən edilmişdir ki, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi istiqamətindən S.C.Pişəvari küçəsinə daxil olaraq üzü “M.Əcəmi” metrostansiyası istiqamətinə hərəkət edən qara rəngli mopedin sürücüsü həmin küçədə yerləşən “LC WAİKİKİ” adlı mağazanın qarşısına çatanda sol tərəfə, yəni yolun əks hərəkət istiqamətinə keçərək yoluna davam edir, yolun əks hərəkət zolağı ilə bir qədər yol qət etdikdən sonra piyada yolu sağdan sola keçmək istəyən piyadanı vurur və toqquşma nəticəsində yerə yıxılırlar. Moped sürücüsünün başında qoruyucu kaska, əynində göy rəngli köynək və boz rəngə çalan şalvar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mopedi idarə edən o özüdür. Belə ki, o, 27 iyun 2023-cü il tarixdə saat 15:40 dəqiqədə idarə etdiyi “Minsk D4-50” markalı mopedlə Bakı şəhəri Nəsimi rayonu S.C.Pişəvari küçəsi ilə üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə doğru hərəkət edərkən tıxac olduğuna görə “LC WAİKİKİ” adlı mağazanın qarşısına çatanda yolun əks hərəkət istiqamətinə keçərək yoluna davam etmiş, yolun əks hərəkət istiqamətinə keçib bir qədər yol qət etdikdən sonra “FLO” adlı mağazanın qarşısında yolu sağdan sola keçmək istəyən piyada kişini idarə etdiyi mopedin ön hissəsi ilə vurmuş və nəticədə yerə yıxılmışlar. (i.v. 34). Məhkəmə iclasında hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və “Diskə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 26 iyul 2023-cü il tarixli 980 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün sınığı, sol almacıq-yanaq-gicgah nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ budun, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları, sağ dirsək oynağı nahiyəsinin hematoması, sağ dirsək oynağı və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 27 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. (i.v. 38- 40) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 8/2352 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, “Minsk D4-50” markalı mopedin nəqliyyat vasitəsi hesab edilib-edilməməsi barədə sualın cavabı yol-nəqliyyat hadisələri ekspertizasında xüsusi bilik tələb etmədiyindən ekspert səlahiyyətinə aid deyildir və hüquqi məna kəsb etdiyindən istintaq tərəfindən qiymətləndirilə bilər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Minsk D4-50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. (i.v. 42-44) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v 86). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 82-83) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 26 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, ona məxsus “Minsk D4-50” markalı mopedi təhvil almışdır. (i.v. 110) “Sübutların qiymətləndirilməsi barədə” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “Minsk D4-50” markalı moped cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. (i.v. 93-102) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Minsk D4- 50” markalı mopedin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 36 (otuz altı) saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Minsk D4-50” markalı mopedin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar