Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-155/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Uber Azərbaycan” firmasında taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:50-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə sağ zolaqda hərəkət edib, Nəsimi rayonu, R.Behbudov küçəsinin kəsişməsində yolayırıcına daxil olub, sol istiqamətə dönərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndini (1.18-yolayırıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir) və 75-ci maddəsinin 1-ci hissəsinin (sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələblərini pozaraq, yolayırıcının R.Behbudov küçəsi 79A saylı ünvanının qarşısında adi yerişlə yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X6 avtomaşının ön hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına sağ qamış sümüyünün bayır kondilusunun qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ gicgah-ənsə nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, hər iki saidin, sol mil-bilək oynağı nahiyyəsinin, sağ əlin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində Uber taksi xidməti ilə partniyorluq edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Chevrolet Cruze markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə üzü Koala park istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt R.Behbudov küçəsinin kəsişməsinə çatdıqda işıqforun yaşıl işığında sağ hərəkət zolağından sol istiqamətdə R.Behbudov küçəsinə doğru dönmə əməliyyatını apararkən sola döndüyü zaman yolun sol tərəfindən sağ tərəfinə keçməkdə olan yaşlı qadını ehtiyatsızlıq nəticəsində avtomaşının ön sağ hissəsi ilə vurmuş və həmin qadın yerə yıxılmışdır. O, dərhal avtomaşından düşərək həmin qadına öz köməkliyini etmiş və onun hadisə nəticəsində ayağından xəsarət aldığı üçün idarə etdiyi avtomaşına əyləşdirib 1 saylı KTM-nə çatdırmışdır. Xəstəxanada adı ona məlum olan Xavər Səfərovaya həkimlər tərəfindən ilkin tibbi yardım edilmiş və sağ ayağında sınıq xəsarəti olduğu üçün ayağına gips qoyulduqdan sonra onu yaşadığı mənzilinə gətirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünün idarə etdiyi Chevrolet Cruze markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası X6 vuraraq onun sağlamlığına az ağır zərər yetirmişdir. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs onun anasını idarə etdiyi avtomaşına əyləşdirib 1 saylı KTM-nə aparmışdır. Xəstəxanada həkimlər tərəfindən anası Xavər Səfərovaya ilkin tibbi yardım edilmiş və sağ ayağında sınıq xəsarəti olduğu üçün ayağına gips qoyulduqdan sonra Təqsirləndirilən şəxs onun anasını yaşadığı mənzilinə gətirmişdir. Hal-hazırda onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən ona qarşı şikayət və tələbləri yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş “Video görüntülərə baxış keçirilməsi haqqında” 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, “Chevrolet Cruze” markalı **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 11:50-də Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə sağ zolaqda hərəkətdə olub əvvəlcədən sol zolağa keçmədən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69cu və 75-ci maddəsinin (1.18 üfüqi nişanlanma xəttinin və 5.8.1 yol nişanının təsir zonasında) tələblərini pozmaqla R.Behbudov küçəsinin kəsişməsində sol istiqamətdə dönməklə yolayrıcına daxil olduqda R.Behbudov istiqamətdə yolun sol tərəfindən sağ tərəfinə keçməkdə olan piyadaçı qadını avtomaşının ön hissəsi ilə vurması və qadının yerə yıxılması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyi müəyyən edildi. (i/v 28). Məhkəmə baxışı zamanı qeyd olunan təhqiqat hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 26 fevral 2023-cü il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» X11 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 238 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər - sağ qamış sümüyünün bayır kondilusunun qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ gicgah-ənsə nahiyyəsinin, sol dirsək oynağı nahiyyəsinin, hər iki saidin, sol mil-bilək oynağı nahiyyəsinin, sağ əlin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. -X.İ.Səfərovanın bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. -X.İ.Səfərovanın almış olduğu xəsarətlə əlaqədar ağırlaşma və ya ümumi əmək qabiliyyətinin pozulması halları baş verərsə əlavə məhkəmə-tibbi ekspertizanın keçirilməsi məsləhətdir. (i/v 51-53). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 03 mart 2023-cü il tarixli, 8/642 saylı rəyindən görünür ki, “Chevrolet Cruze” markalı 77-CS- 209 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin, (1.18- yolayırıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir) 75-ci maddəsinin 1-ci hissəsinin (sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 47-49). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 43). İş materiallarında olan sürücülük vəsiqəsinin əslindən və etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Chevrolet Cruze” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobil X7 tərəfindən Təqsirləndirilən şəxs 01 il 09 ay 30 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək etibarnamə əsasında verilmişdir (i/v 24-26). Zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar, trisikllar, yüngül kvadrisikllar, kvadrisikllar, motosikletlər,mopedlərlər və velosipedlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-155/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən 17 mart 2023-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-155/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-155/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver