Məhkəmə qərarları › İş №1(006)-155/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-155/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-155/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Masallı rayonu, Musakücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Musakücə Ə/D, Musakücə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,394 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 oktyabr 2024-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2is bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə təmiz çəkisi 1,394 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,668 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 16 oktyabr 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 21 ünvanının qarşısında saxlanılaraq ünvan 2is bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan pencəyin cibindən 01 bükümdə təmiz çəkisi 0,668 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, saxlanılan vaxtadək arabir narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2024-cu il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 21 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirməklə onu polis bölməsinə aparmışlar. Bölməyə aparılmamışdan onun üzərinə baxış keçirilsə də, hər hansı qanunusuz əşya aşkar edilməmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında olan zaman polis əməkdaşları ona təzyiq edərək ittiham üzrə qeyd edilən formada izahat verməsini tələb etmişlər. O da polis əməkdaşlarından çəkindiyi üçün videoçəkiliş zamanı ittiham üzrə qeyd edilən formada izahat vermişdir. Həmin vaxt ona məxsus olmayan narkotik vasitəni videoçəkiliş zamanı təqdim etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən MSYdən azad edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 21 ünvanın qarşısında olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Ona narkotik maddələrin istifadəsində şübhəli olması bildirilərək yenidən Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə getməsi tələb olunmuşdur. Həmin vaxt üzərinə baxış keçirilsə də, hər hansı qanunsuz əşya aşlkar edilməmişdir. Bölməyə aprılqdıqdan sonra polis əməkdaşları ona təzyiq edərək ittiham üzrə qeyd edilən formada izahat verməsini tələb etmişlər. O da polis əməkdaşlarından çəkindiyi üçün videoçəkiliş zamanı ittiham üzrə qeyd edilən formada izahat vermişdir. İfadəsinin sonunda məhkəmədən onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin digər əməliyyat müvəkkili X7 daxil edilmişdir. Beləliklə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 21 ünvanına yaxınlaşaraq özlərinə mövqe seçmişdirlər. Həmin gün saat 13:00-da Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirmişlər. Nəsimi RPİ-nin 21-ci Polis bölməsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilməyə başlanmış və həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində el arasında “Şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və onun həmin maddəni xx.xx.2024-cü il tarixdə “Sovetski” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən şəxs istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 01 büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili X7 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin digər əməliyyat müvəkkili X5 daxil edilmişdir. Beləliklə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 21 ünvanına yaxınlaşmışlar. Həmin gün saat 13:00-da Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirmişlər. Nəsimi RPİ-nin 21-ci Polis bölməsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilməyə başlanmış və bükümün içərisində ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin el arasında “Patı” kimi tanınan psixotrop maddə metamfetumin olduğunu bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə “Sovetski” kimi tanınan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 01 büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili X5 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Qasımzadə tərəfindən CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (1-ci cild, i/v 1). İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (1-ci cild, i/v 96). İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli “cinayət işlərinin birləşdirilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (1-ci cild, i/v 91-93). İş materiallarına əlavə olunmuş 16 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Qasımzadə tərəfindən CM-nin 234.1-ci maddəsi ilə 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, i/v 24-25). İş materiallarına əlavə olunmuş 07 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən CM-nin 234.1-ci maddəsi ilə 07 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, i/v 117-118). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Qasımzadə tərəfindən tərtib edilmiş və həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və baş əməliyyat müvəkkili X5, KTQ-nin inspektor-kriminalisti X8, müdafiəçi X9, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 16 oktyabr 2024cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Qasımzadə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Təqdim olunan 01 ədəd bükümə baxış keçirilməyə başlanılmışdır. Bükümün içərisində ağ rəngli, kristal şəkilli, maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni xx.xx.2024-cü il tarixdə "Sovetski" adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bilidirmişdir. (1-ci cild, i/v 42-44). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 16 oktyabr 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 6/4908 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,668 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (1-ci cild, i/v 54-55). İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (1-ci cild, i/v 68). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən tərtib edilmiş və həmin idarənin əməliyyat müvəkkilləri Şahid2 və baş əməliyyat müvəkkili X7, KTQ-nin inspektor-kriminalisti X10, müdafiəçi X2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 07 oktyabr 2024cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Qurbanəli Bəşirli tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli cins materiallı şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdi. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Təqdim olunan 01 ədəd bükümə baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs həmin bükümün içində adını "şüşə” olaraq bildiyi psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetmainə bənzər maddəni xx.xx.2024-cü il tarixdə “Sovetski” adlanan ərazidə 20 manat müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bilidirmişdir. (1-ci cild, i/v 130-132). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 07 oktyabr 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 6/48118 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün №189” möhür əksi, “Vət. Üzərindən aşkar edilmiş 01 ədəd büküm; 1./imza/ Təqsirləndirilən şəxs; 2./imza/ X11; 3./imza/Şahid2; 4./imza/X15; 5./imza/X19; 6./imza/Qurbanəli Bəşirli” yazılar olan zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,394 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop vasitə-metamfetamindir. (1-ci cild, i/v 148-149) İş materiallarında olan 09 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Əhədzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (1-ci cild, i/v 161). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (1-ci cild, i/v 186-187). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 186-187). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. (1-ci cild, i/v 221-224). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (2-ci cild, i/v 5). İş materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanımaq haqqında” 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,394 qram və 0,668 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış müvafiq olaraq 1,344 qram və 0,618 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (2-ci cild, i/v 16-17). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X20 07 oktyabr 2024-cü il tarixli 1388 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 07-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. (2-ci cild, i/v 20-21) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 6707 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, i/v 22-23). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə iclasları zamanı istintaqı aparılarkən özünü təqsirli bilməməsi barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodisklərdən görünür ki, 16 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin maddəni “Sovetski” adlanan ərazidən adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan başqa, 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli cins materiallı şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və həmin maddəni “Sovetski” adlanan ərazidən adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ondan 141 (yüz qırx bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ilkin çəkisi 0,668 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,618 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ilkin çəkisi 1,394 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,344 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 190 (yüz doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 141 (yüz qırx bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ilkin çəkisi 0,668 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,618 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ilkin çəkisi 1,394 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,344 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 190 (yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar