Məhkəmə qərarları › İş №1(006)-156/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-156/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-156/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qurdlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona göndərəcəyi 4000 ABŞ dolları və 8341 manat pulun 8341 manatlıq hissəsini ABŞ dollarına konvertasiya etdikdən sonra Zərərçəkmiş şəxs deyəcəyi şəxsə çatdıracağına dair sonuncuya yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Ağdam rayonundan istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi həmin günün məzənnəsi ilə 6800 manat təşkil edən 4000 ABŞ dolları və 8341 manat pulu ünvan 2 ünvanın qarşısında taksi sürücüsündən götürdükdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxsla telefon danışığı zamanı guya naməlum şəxslərin onu bıçaqlayaraq pulun ələ keçirilməsi görüntüsü yaradıb Zərərçəkmiş şəxs ümumilikdə 15141 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayonunda yaşayan tanışı Mirsadiq ona zəng edərək Bakı şəhərinə pul göndərəcəyini və bir hissəsini manatla göndərdiyi həmin pulu dollara dəyişərək bütün pulları daha sonra başqa bir şəxsə verilməli olduğunu ondan xahiş etmişdir. O, da Mirsadiqlə razılaşaraq həmin pulu ona göndərməsini ona bildirmişdir. Aralarında olan dostluq münasibətinə güvənərək Mirsadiqin göndərdiyi pul olan bağlamanı, içərisində olan 4000 ABŞ dollar və 8341 manat pulu xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsinin yaxınlığında tanımadığı taksi sürücüsündən götürmüşdür. Sonra həmin pulla birlikdə Nəsimi rayonu Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-yə yaxınlaşmışdır. Mirsadiqin dediyi kimi manatla olan pulları dollar ekvivalentinə dəyişmək istəmişdir. Banka daxil olduğunda kassada olan xanım ona dolların olmadığını və pulları dəyişə bilməyəcəyini söyləmişdir. Bu zaman işlədiyi restoranın müdiri ona zəng edərək işə gəlmədiyi üçün irad bildirmiş və bir daha işə gəlməməyini söyləmişdir. Onun son zamanlarda xeyli borcu olmuşdur. Belə ki, bu səbəbdən Kapital bank ASC-dən kredit götürmüşdür. Aylıq 100 manat kredit ödəməli olmuş, İrşad telekomdan telefon götürdüyü aylıq 45 manat ödəməli, kirayə haqqı 120 manat verməli olmuşdur. Maddi problemlər onu çox sıxmağa başlamışdır. İşdən də çıxdığı üçün bütün borclarını və problemlərini həll edə bilməyəcəyini anlamışdır. Ailəsində də müəyyən problemləri olmuşdur, belə ki, arvadı xəstə olduğundan onun da müalicəsinə pul lazım olmuşdur. Maddi vəziyyətinin pis olması səbəbindən Mirsadiqin göndərdiyi pulları öz şəxsi məsrəfləri üçün xərcləməyi qərara almışdır. Problemləri haqqında fikirləşdiyi zaman Mirsadiqə zəng etmişdir. Mirsadiqə bankda dollar valyutasının olmadığını bildirmişdir. Mirsadiq də ona həmin ərazidə olan başqa bir banka gedib maraqlanmağını demişdir. Bu zaman Mirsadiqə zarafatcasına pulları özünün xərcləyəcəyini demişdir. Mirsadiq də gülərək ona banka getməyini bildirmişdir. O, Mirsadiqin dediyi bankı tapa bilməmişdir. Daha sonra Mirsadiq yenə ona zəng etmiş, o, qeyd etdiyi bankı tapa bilmədiyini, öz bildiyi “Unibank ASC”-yə gedəcəyini söyləmişdir. Binaların arası ilə “Unibank ASC” istiqamətində qalxmışdır. Mirsadiqlə telefonda danışarkən yalandan Mirsadiqə telefonda guya başqa şəxslərlə danışırmış kimi başqa şəxsə “sən kimsən” demişdir. O, telefonu əlindən yera salmış, sonra telefonu söndürmüşdür. Daha sonra evə getmişdir. Evdə həmin vaxt heç kim olmamış, dollarları evdə gizlətmişdir. Daha sonra kredit və digər borclarını hesablamışdır. Artıq həmin pullarla borclarını ödəməyi qərarlaşdırmışdır. Mirsadiqə isə yalan söyləyəcəyini bildirmişdir. Mətbəxə keçərək mətbəx bıçağı ilə kürək nahiyəsinə bir cızıq atmışdır. Daha sonra qonşuluqda olan uşağın telefonu ilə xəsarətin şəklini çəkərək qardaşı Eminə göndərmiş və daha sonra Eminə zəng edərək Mirsadiqin pul məsələsinə görə tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və pulların aparıldığını bildirmişdir. Emin də Mirsadiqə zəng edərək onun bıçaqlanmağı barədə məlumat vermişdir. Daha sonra o, Eminlə danışmış, Emin ona Mirsadiqin Bakıya gəlmək üçün yola çıxdığını bildirmişdir. O, da Mirsadiq Bakıya gələnədək bütün kredit və digər şəxslərə olan borclarını ödəmək qərarına gəlmişdir. Belə ki, o, Kapital Bank ASC-yə 1600 manat, 500 manat birkarta olan borcunu ödəmişdir. İrşad Telekoma olan 1000 manat borcunu, daha sonra əvvəllər kirayə qaldığı evdə televizoru sındırdığı üçün kreditlə televizor aldığından 1400 manat həmin televizorun pulunu tamamilə ödəmişdir. Daha sonra evə bazarlıq etmişdir. Bu minvalla ümumilikdə 6301 manata yaxın pul xərcləmişdir. Bundan sonra qardaşı Emin onunla görüşmüş və əvvəlcə ondan şübhələnmiş, pulları onun götürüb-götürməməyi barədə maraqlanmışdır. O, da Eminə etiraf etmişdir. Bu zaman Emin ona atasını da götürüb polisə məlumat verəcəklərini bildirmişdir. Emin, atası və o, “Görüş” kafesində oturmuşlar, daha sonra Mirsadiq də gəlmişdir. Atasıda orada olduğu üçün utandığından atasının yanında törətdiyi əməli etiraf edə bilməmişdir. Daha sonra atası, qardaşı və Mirsadiq onu Nasimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Orada onunla profilaktik söhbətlər aparılmışdır. O, da əməlini etiraf etmiş və törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Orada da Mirsadiqdən üzrxahlıq etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Evdə gizlətdiyi dollarla olan pulları və digər qalan məbləğləri yəni, polis şöbəsində Mirsadiqə 4000 ABŞ dollar və 2040 manat pulları geri qaytarmış, Mirsadiqə 6301 manat pulu isə qaytaracağını demişdir. İfadəsinin sonunda, ilk dəfə məsuliyyətə cəlb olunduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanın qismən ödənildiyini, qalan hissəsinin ödənilməsi ilə bağlı da razılığa gəldiyini bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, həvəskar bloger fəaliyyəti ilə məşğuldur. Bir çox adamlar onun fəaliyyətindən istifadə edərək müxtəlif şəxslərə maddi yardımlar göstərirlər. xx.xx.2022-ci il tarixdə 4000 ABŞ dollar və 8341 manat pul olmaqla ümumilikdə 15141 manat pulu Eltona zəng edərək Bakı şəhərinə göndərəcəyini və bir hissəsini manatla göndərdiyi həmin pulu dollar valyutasına dəyişərək bütün pulları daha sonra başqa bir şəxsə verilməli olduğunu bildirmişdir. Elton da həmin pulu dediyi şəxsə çatdıracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs həmin pulu tanımadığı taksi vasitəsi ilə göndərmişdir. Həmin gün Elton pulu ondan qəbul edib bu barədə telefon vasitəsi ilə ona məlumat vermişdir. O, telefonda pulu hara vermək lazım olduğunu başa salan zaman birdən Elton ilə əlaqə kəsilmişdir. O, dəfələrlə Eltona zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. Bundan sonra o, Eltonun qardaşına zəng edib bu barədə bildirmişdir. Eltonun qardaşı bir qədər sonra onu yığaraq Eltonun naməlum şəxs tərəfindən bıçaqlanaraq pulun aparılmasını demişdir. O, dərhal taksi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinda kafedə Elton və atası ilə görüşmüşdür. Elton orada ona banka gedərkən arxadan bir nəfər şəxsin ona bıçaq vurduğunu və pulları götürərək qaçdığını demişdir. Daha sonra Eltonun atası, qardaşı və o, Eltonu Nasimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Orada Eltonla söhbət etdikdən sonra onu heç kimin bıçaqlamadığını, öz-özünə xəsarət yetirərək pulları ələ keçirdiyini, qardaşına və ona yalan danışdığını etiraf etmişdir. Bundan sonra orada da Elton ondan üzrxahlıq etmişdir. Daha sonra Elton polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Evdə gizlətdiyi dollarla olan pulları və digər qalan məbləğləri götürərək ona 4000 ABŞ dollar və 2040 manat pulları geri qaytarmışdır. Məhkəmənin hazırlıq iclasından sonra Eltonun özü və atası ilə razılığa gələrək həmin puldan qalan 6500 manatı hissə-hissə, yəni ayda 300 manat olmaqla qaytaracaqlarını söz vermişlər. Elton və ailəsini uzun müddətdir ki, tanıdığından onlarla razılığa gəlmişdir. Halhazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, bununla bağlı ərizəni təqdim edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs qardaşı Şahid2 zəng vuraraq, dostu Zərərçəkmiş şəxs Ağdam rayonundan 4000 ABŞ dolları və 8341 manat pul göndərərək Bakı şəhərində göndərdiyi 8341 manat pulu dollara çevirib adını xatırlamadığı Mirsadiqin tanışına verməli olduğu pullara görə tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və Mirsadiqə məxsus olan pulların əlindən alınmasını bildirmişdir. Böyük oğlu Şahid2 ona zəng vuraraq bu barədə məlumat vermiş, o, da həmin gün Bakı şəhərində olduğu üçün dərhal Eltonun kirayədə yaşadığı Xətai rayonundakı evinə getmişdir. Eltonun yaşadığı evə gedərək görmüşdür ki, Eltonun sağ tərəfdən qolunun at hissəsində bıçaq cızığı vardır. Eltonu gördükdən sonra hadisənin necə baş verdiyini ondan soruşmuşdur. Eltondan şübhələnmişdir ki, bəlkə özü-özünə xəsarət yetirmiş, o, təkrarən atasına bildirmişdir ki, Mirsadiqin pullarına görə ona xəsarət yetirib pulları aparmışlar. Təxminən 2-3 saat keçdikdən sonra Mirsadiq də Eltonun yaşadığı əraziyə gələrək onlarla görüşmək istəmiş, bu hadisə ilə bağlı evdə qohumları olduğundan Emin, Elton və o, yaxınlıqdakı “Görüş” kafesində görüşüb bu barədə danışmışlar. Orada Mirsadiqin yanında o, təkrarən Eltondan hadisənin necə baş verməsi barədə soruşduqda Elton hamısını aldadaraq guya bıçaqlandığını bildirmişdir. Bu barədə Mirsadiq DİN-nin 102-zəng xidmətinə məlumat verdiyi üçün Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsindən çağırıldıqları üçün birlikdə polis şöbəsinə getmişlər. Yolda gedərkən dəfələrlə Eltondan hadisənin necə baş verməsini soruşmuş, ona həqiqəti deməsini bildirsə də, Elton eyni sözləri təkrar elmişdir. Polis şöbəsində Elton tək dindirildikdən sonra məlum olmuşdur ki, Elton onları aldatmış, heç bir bıçaqlanma və ya əlindən pulun alıb getmək söhbəti olmamışdır. Eltona göndərilən pulları bankda dolların olmamasına görə dəyişə bilmədiyini deyərək Mirsadiqi aldatmış, həmin pullardan 6300 manatını öz borclarına vermişdir. Polis şöbəsində hadisəni doğru etiraf etdikdən sonra polislərlə birlikdə onun yaşadığı mənzilə qayıdıb yerdə qalan 4000 ABŞ dolları və 2040 manat pulu götürüb onlara təhvil vermiş, daha sonra polis şöbəsində həmin pulları qəbzlə Mirsadiqə qaytarmışlar. Məhkəmənin hazırlıq iclasından sonra zərərçəkmiş şəxslə görüşərək söhbət etmişlər və razılığa gəlmişlər ki, ona qalan 6500 manat pulu hissə-hissə ödəyəcəklər. Mirsadiq də onların bu təklifi ilə razı olaraq məhkəmə iclasında ərizə təqdim etmiş, onun oğlu ilə barışdığını və ərizəsinin nəzərə alınmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 19-cu polis şöbəsində təhqiqatçı Elsəvər Aslanovdan 4000 ABŞ dolları və 2040 Azərbaycan manatını təhvil almışdır. (i/v 11). İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi əyani şəkildə yerində yoxlanılmış, hadisə yerinin ünvan 2 ünvanın qarşısında olması müəyyən edilmişdir. (i/v 92). İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. (i/v 79). İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (i/v 111-112). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 113-114). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 124). İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs uşaqlıqdan gözünə görə üçüncü qrup əlildir. (i/v 123). Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 15000 manatın yarısını ödəyərək 6500 manat pul qalmışdır. Atası Şahid1la dialoqu olan və vəsaiti hər ay 300 azn qaytararaq borcunu ödəyəcəyinə söz verdilər. Onunla razı olub Təqsirləndirilən şəxs şikayət etmir. Ona qarşı hal-hazırda hər-hansı bir şikayəti yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 4000 ABŞ dolları və 2040 manat pulun maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. (i/v 154-160). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə edərək qalan pulu hissə-hissə ödəyəcəyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 4000 ABŞ dolları və 2040 manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4000 ABŞ dolları və 2040 manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar