Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-156/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 8000 manat cərimə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələri vasitəsilə 4000 manat pul müqabilində İİ qrup əlillik dərəcəsi təyin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 09 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Mağara” kafesində 3000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 şəxsi əlaqələri vasitəsilə 4000 manat pul müqabilində İİ qrup əlillik dərəcəsi təyin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 09 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Mağara” kafesində 4000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2003-cü idən 2021-ci il tarixədək Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmətdə olmuş, sonuncu hərbi rütbəsi baş gizir olmuşdur. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən xidmət müddətinin başa çatması səbəbindən təxris olunmuşdur. Əvvəllər törətdiyi dələduzluq cinayətinə görə Gəncə Hərbi məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 8000 manat cərimə cəzasına məhkum olunmuşdur. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə 2017-ci ildən tanışdır. Belə ki, həmin şəxslər onunla birlikdə hərbi xidmətdə olmuş, münasibətləri həmişə yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. Həmin şəxslərdən Zərərçəkmiş şəxs2 Vətən müharibəsində iştirak etmiş və müharibə veteranıdır. Zərərçəkmiş şəxs1 isə xidmətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti aldığı üçün xidmətdən təxris olunmuşdur. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə Bakı şəhərində görüşdüyü zaman həmin şəxslər İİİ qrup əlil olduqlarını, lakin İİ qrup əlilik dərəcəsi düzəltdirmək istədiklərini bildirib, bununla bağlı hər hansı bir tanışının olub-olmadığını soruşmuşlar. O, söhbət zamanı bununla bağlı tanışı olduğunu, həmin şəxsin eyni məqsədlə onun özünə də kömək göstərdiyini bildirib tanışı olan şəxslə danışacağını demişdir. Bundan bir neçə gün sonra onlar əlaqə saxladıqda o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 köməklik göstərə biləcəyini deyib bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Onlar razılaşdıqdan sonra 09 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yanındakı “Mağara” adlı kafedə görüşmüşlər. Belə ki, həmin vaxtı o, ilkin olaraq Zərərçəkmiş şəxs1la görüşmüş, sonuncu ona İİ qrup əlillik dərəcəsi düzəltdirməsi üçün 3000 manat pul vermişdir. O, bu işin müqabilində tanışının 4000 manat pul tələb etdiyini bildirdikdə Tərlan ona 3000 manata gücünün çatdığını demişdir. O, Tərlanla razılaşaraq həmin məbləğdə pulu götürmüş, sonuncu isə bu barədə Zərərçəkmiş şəxs2 bilməməsini xahiş etmişdir. Belə ki, o, ilkin olaraq Tərlanla bu barədə söhbət etmiş və sonuncuya köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 da sonradan Zərərçəkmiş şəxs2 də özü ilə gətirib ona da köməklik göstərməsini xahiş etmişdir. Lakin onun Zərərçəkmiş şəxs2 edəcəyi köməkliyin qarşılığında Tərlanın Röyaldan hər hansı bir qazanc əldə etməsi barədə aralarında heç bir razılaşma olmamış, bununla bağlı o, Tərlana vəd verməmişdir. O, Tərlandan pulu götürdükdən sonra əvvəlcədən aralarında olan danışığa əsasən Röyal da onların olduqları yerə gəlmiş və özü ilə gətirdiyi 4000 manat pulu ona vermişdir. O, söhbət zaman Tərlan və Röyala 2022-ci ilin oktyabr ayı ərzində onlara İİ qrup əlilik dərəcəsi veriləcəyini bildirmişdir. Həmin vaxtı və sonradan o, işin görüşməsi ilə bağlı həmin şəxslərdən hər hansı bir sənəd tələb etməmişdir. Bundan sonra o, həmin şəxslərdən ümumilikdə aldığı 7000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Söz verdiyi vaxt çatdıqdan sonra həmin şəxslər onunla əlaqə saxlayaraq işlərinin düzəlmədiyini bildirib pullarını geri tələb etməyə başlamışlar. Həmin vaxtı o, cərrahi əməliyyat olduğu üçün işi başa çatdıra bilmədiyini Tərlan və Röyala bildirmişdir. Sonradan isə həmin şəxslər onunla görüşərək söz mübahisəsi etdiyindən, həmçinin maddi vəziyyəti zəif olduğundan vurduğu ziyanı geri ödəyə bilməmişdir. Hazırda vurulmuş zərərdən 2000 manat zərər çəkənlərə ödəmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərəri qismən ödəməsini, Vətən Müharibəsinin iştirakçısı olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 26 iyun 2011-ci il tarixindən 25 dekabr 2021-ci il tarixədək Silahlı qüvəllərində zabit kimi xidmət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N aprel 2022-ci il tarixdə xidməti vəzifəllərinin icrası zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, bundan sonra həm sülh, həm də müharibə dövrü üçün xidmətə yararsız hesab edilməklə ehtiyata buraxılmışdır. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əvəllər tanıdıgı və bir yerdə xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs ilə görüşdüyü zaman sonuncu xidməti vəzifələrin icrası zamanı aldığı xəsarətlərlə əlaqədar ona İİİ qrup əlilik dərəcəsi təyin edildiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan yüksək vəzifəli tanışı vasitəsi ilə özünə İİ qrup əlillik təyin etdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə pul verilməsi müqabilində ona İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini demiş və onlar razılaşmışlar. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs ondan 4000 manat pul tələb edərək həmin yüksək vəzifəli şəxsə verilməsi müqabilində kömək göstərəcəyinə dair vəd vermişdir. 09 avqust 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxsla Bakı şəhərində “20 Yanvar” metrostansiyasının çıxışındakı “Mağara” adlı kafedə görüşmüş, aralarında olan razılığa əsasən sonuncuya 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulu qəbul edərək narahat olmamasını, yaxın günlərdə işinin həll ediləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ona zəng etdiyini və həmin məkana gəldiyini bildirməsini Raminə dedikdə, sonuncu ona bu barədə məlumatlı olduğunu, Röyalla da eyni məqsədlə görüşərək pul götürəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 həmin kafeyə gəlmiş və onun yanında Təqsirləndirilən şəxs 4000 manat pulu vermişdir. O, dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək məsələni həll edəcəyini demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onları aldadaraq vədinə əməl etməmişdir. Bundan sonra o, hərbi prokurorluğa ərizə ilə müraciət etmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit qismində kapitan rütbəsi ilə xidmətdə olarkən Vətən müharibəsində iştirakı zamanı 09 noyabr 2020-ci il tarixdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış, 15 yanvar 2022-ci il tarixdə həm sülh, həm də müharibə dövrü üçün xidmətə yararsız hesab edilməklə ehtiyata buraxılmışdır. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əvvəllər tanıdıgı və bir yerdə xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs ilə görüşdüyü zaman sonuncu xidməti vəzifələrin icrası zamanı aldığı xəsarətlərlə əlaqədar ona İİİ qrup əlillik dərəcəsi təyin edildiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan yüksək vəzifəli tanışı vasitəsi ilə özünə İİ qrup əlillik təyin etdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə pul verilməsi müqabilində ona İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəyini demiş və onlar razılaşmışlar. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs ondan 4000 manat pul tələb edərək həmin yüksək vəzifəli şəxsə verilməsi müqabilində kömək göstərəcəyinə dair vəd vermişdir. 09 avqust 2022-ci il tarixdə o, Bakı şəhərində 20 Yanvar” metrostansiyasının yaxınlığında “Mağara” adlı kafedə Raminlə görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 da həmin yerdə olmuş, onlar birlikdə masa arxasında əyləşmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs1 öz əlillik dərəcəsini düzəltdirmək üçün artıq Raminə 4000 manat pul verməsi ona məlum olmuşdur. O da, aralarında olan razılığa əsasən ona İİ dərəcəli əlillik dərəcəsi düzəltdiməsi üçün Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onları əmin edərək yaxın günlərdə bu məsələnin həlli olunacağını bildirmişdir. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək məsələni həll edəcəyini demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onları aldadaraq vədinə əməl etməmişdir. Bundan sonra o, hərbi prokurorluğa ərizə ilə müraciət etmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - 08 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v.137); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsiləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur (i.v.150); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.182-184); - “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.185-186); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 3 ünvanında yerləşən “Mağara” adlı kafedir (i.v.110-116); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 5500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 8000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (i.v.189-190); - Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1- 1(095)-9/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökmdə göstərilən 8000 (səkkiz min) manat cərimə cəzasını ödəməmişdir. (i.v.196); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X2 Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1/6560 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə həmin 2 X2 Xəstəxanasına stasionar müalicə üçün müraciət etməmişdir (i.v.193); - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci, xx.xx.2012-ci və xx.xx.2013-cü il təvəllüdlü üç yetkinlik yaşına çatmayan övladı var (i.v.176-178); - Azərbaycan Respublikasının Müdafiə Nazirinin 19 iyul 2008-ci il tarixli, 0138t nömrəli əmri ilə Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli, 0164t nömrəli əmri ilə Təqsirləndirilən şəxs “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley” medalı ilə təltif edilmişdir. - 1-87426 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 05 noyabr tarixli 671s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.2-ci maddəsi isə təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsya cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan üç övladının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər cərimə cəzasına məhkum olunmuş, cəriməni ödəmədən, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş zərəri qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan üç övladının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 gün tutulma müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)-9/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəməmişdir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin olunacaq cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzası ilə tam birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)-9/2023 saylı hökmü ilə təyin edilmiş 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası və 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 01 (bir) gün tutulma müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)-9/2023 saylı hökmü ilə təyin edilmiş 8000 (səkkiz min) manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 8000 (səkkiz min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-156/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-156/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver