Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-157/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Xüsusi ittihamçı: X5 Xüsusi ittihamçının nümayəndəsi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Barəsində xüsusi ittiham X2 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 14WE7E0), evli, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cəbiyev küçəsi, ev 17, mənzil 14-də qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Rahil Qabil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə X4 https://www.youtube.com/live/fbsUikuR3İY?si=p_lzrZcSHNBfSZ7O 45 dəqiqə 03 saniyə 432.000 abunəsi olan “Youtube” internet portalında fəaliyyət göstərən “Kanal 13”də canlı yayımda qardaşı Azər Səfərov və ailəsi ilə aralarında olan mübahisələrlə bağlı çıxış edərkən barəsində şər, böhtan xarakterli məlumatları elan edərək 1.943 nəfərin baxmasına nail olmaqla onun şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, X4 canlı yayımda çıxış zamanı 22:32-ci dəqiqədə barəsində olan Cinayət Məcəlləsinin 237.1-ci maddəsi (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) ilə Yevlax Rayon Məhkəməsinin hökmünü şərh edərək məhkəmə hökmünün ədalətsiz çıxarıldığını bildirərək “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gün də kənddə bu işlərlə məşğul olur, kənddə adla tanınır, X8 yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” deyərək onun az ağır və ağır cinayətdə törətdiyini bildirməklə böhtan atmışdır. Barəsində olan xx.xx.2018-ci il tarixli Yevlax Rayon Məhkəməsinin hökmündə o yalnız bir neçə yabanı halda olan çətənə kolunu həyətində yetişdirərək istifadə etdiyi üçün ittiham olunmuş, ona narkotik vasitələrin satışı ittihamı verilməmişdir. Həmin hökm artıq qanuni qüvvəsini almış və məhkumluğu ödənilmişdir. X4 onun barəsində böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində paylaşaraq onu nüfuzdan salmağa çalışmışdır. Şikayətə əlavə etdiyi video görüntüdən və “Youtube” internet portalından olan görüntülərdən göründüyü kimi yuxarıda qeyd edilən əməllərin xx.xx.2023-cü il tarixdə X4 tərəfindən törədilməsi, törədilmiş əməlin 1.943 nəfər tərəfindən baxılaraq izlənilməsi tam sübuta yetirilir. X4 “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gündə kənddə bu işlərlə (əkini və ya satışı nəzərdə tutur) məşğul olur, kənddə adla tanınır, X8 yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” deyərək onu ilk olaraq xeyli miqdarda narkotik vasitənin satışını (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) və daha sonra həmin Məcəllənin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsini törətməkdə böhtan atması əməlində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsinin tərkibi vardır. Belə ki, Cinayət Məcəllənin 147.1 və 147.2-ci maddələrinin tələbləri baxımından X4 “Youtube” internet portalında fəaliyyət göstərən “Kanal 13”də yalan olduğunu bilə-bilə böhtan ataraq əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gündə kənddə bu işlərlə (əkini və ya satışı nəzərdə tutur) məşğul olur, kənddə adla tanınır, X8 yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” bildirərək onu az ağır və ağır cinayət törətməkdə ittiham edərək böhtan atması onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salacaq böhtan xarakterli hərəkətlərdir. Belə ki, hətta R.Q.Süleymanzadənin atası Qabil Süleymanov narkotik istifadə etməsi barədə polisə yalan məlumat vermiş, həmin məlumat əsasında polislər tərəfindən o, tibbi müayinədən keçilərək narkotik vasitələrinin istifadəçisi olmadığı təsdiq olunmuşdur. Qeyd olunanları nəzərə alaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 bildirdi ki, onun atası ilə Səfərovlar ailəsi arasında 2019-cu il tarixdən əmlak mübahisəsi yaranmağa başlamış, daha sonra anası da mübahisəyə qarışmışdır. Bundan hiddətlənən Səfərovlar ailəsi onun, bacısı və qardaşının işlədiyi orqanlara, yəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və digər yerlərə şikayət etmiş, onların işdən çıxarılmasını tələb etmişlər. Onların bunu etməkdə məqsəd atasının ailələr arasında olan torpaq mübahisəsindən əl çəkməsi olmuşdur. O, baş verənlərdən sonra işlədiyi orqana məsələ ilə bağlı mülki qaydada məhkəməyə iddia verəcəyini bildirmişdir. O, X5 qardaşı Azər Səfərova qarşı iddia qaldırmış və yekunda sonuncu dediklərini təkzib etmişdir. Daha sonra Ceyhun Səfərov da onun və bacı-qardaşının işlədiyi orqanlara şikayətlə müraciət etməyə başlamışdır. O, buna görə də C.Səfərovu məhkəməyə vermiş, apellyasiya instansiya məhkəməsinin qərarı ilə onun iddiası təmin edilmiş, qərar qanuni qüvvəsini almışdır. C.Səfərov həmin qərarın bir hissəsini, yəni təkzib hissəsini icra etsə də, digər hissəsini, yəni cəriməni icra etməmişdir. Baş verənlərdən sonra Azər Səfərov xx.xx.2023-cü il tarixdə “Youtube” internet portalında fəaliyyət göstərən “Kanal 13”, “Azadlıq qəzeti” və “Azərbaycan saatı” kanallarında 02 dəqiqədən artıq çəkiliş zamanı onun ailə üzvləri ilə bağlı böhtanlar söyləmiş, hətta işlədikləri yerlərin rəhbərləri, məhkəmə hakimləri barəsində şər və böhtan xarakterli fikirlər söyləmişdir. O da buna aydınlıq gətirmək üçün həmin kanallara müraciət edərək müsahibə vermiş və Ceyhun Səfərov barəsində olan Yevlax Rayon Məhkəməsinin hökmü ilə bağlı fikirlər səsləndirmişdir. Onun həmin çıxışının məqsədi bu olmuşdur ki, madam ki, X10 Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev ağa qara, qaraya ağ deyirsə, hakimin qərarının qərəzli olmasını bildirirsənsə, o da həmin hakimin 2018-ci ilin noyabr ayında C.Səfərov barəsində çıxarmış olduğu ittiham hökmünün obyektivliyənə şübhə ilə yanaşır, həmin hökmün düzgün olmadığını bildirir. O, dedikləri ilə bağlı özünü təqsirli bilmir, özünü və ailə üzvlərini müdafiə məqsədilə bu fikirləri səsləndirmişdir. Onun əməlində heç bir cinayət tərkibi yoxdur. Səfərovlar ailəsinin əsas məqsədi onların işlərinə yaramayan, onlara xeyri toxunmayan şəxslərə ləkə yaxmaq, şər-böhtan atmaqdır. Bundan başqa, C.Səfərovun Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında onun narkotik vasitələrdən istifadə etdiyini və narkomaniya xəstəliyindən əziyyət çəkdiyini təsdiq edən ekspert rəyi də mövcuddur. C.Səfərov hökmdə olan ifadəsində qeyd etmişdir ki, “Yevlax rayonu Qarabağ kanalının üstündə olan zaman yabanı şəkildə bitmiş narkotik vasitələrinin toxumlarını götürərək həyətində əkmişdir”. O da həmin kənddə olmuş və ora tez-tez gedir, lakin yabanı şəkildə bitmiş narkotik vasitə görmür. İstintaq zamanı C.Səfərovun yaşadığı evdən 10 kq 585 qram yabanı şəkildə əkilmiş narkotik vasitə aşkar edilmişdir. C.Səfərov hər yerdə narkotik vasitə istifadə etmədiyini bildirsə də, barəsində olan hökmdə isə ifadəsində narkotik vasitələrdən istifadə etdiyini qeyd edir. Onun fikrincə C.Səfərovun həyətində narkotik vasitəni istifadə üçün yox, satış məqsədilə becərmişdir. C.Səfərovun hazırda onun barəsində şikayət verməkdə məqsədi onun verdiyi xüsusi ittiham qaydasında olan işdə onu kənarlaşdırmaq, ondan qisas almaqdır. Qeyd olunanları nəzərə alaraq şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili Müdafiəçi şikayətin qanunvericiliyin tələblərinə uyğun olmadığını, X2 X7 böhtan atmadığını vurğulayaraq şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərarın qəbul olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X2 Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya, 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məsuliyyət müəyyən edir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 “Youtube” internet portalında fəaliyyət göstərən “Kanal 13”də xx.xx.2023-ci il tarixdə yayımlanan çıxışında Yevlax Rayon Məhkəməsinin hökmü ilə bağlı fikir bildirərkən “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gün də kənddə bu işlərlə məşğul olur, kənddə adla tanınır, X8 yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” ifadələrində C.Səfərova qəsdən böhtan atılması, o cümlədən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ağır cinayətin törətməsində ittiham olunmasına dəlalət edən dəlil kimi qəbul olunmasını məhkəmə yetərli hesab etmir. Eyni zamanda, R.Süleymanzadə özü də bildirir ki, bu ifadələri işlətməklə sadəcə olaraq o, məhkəmə hökmündə olan faktı səsləndirir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (“De Haes və Gijsels Belçikaya qarşı”). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”) (6-cı bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 320.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, X2 hərəkətlərində birbaşa qəsdini, yəni X2 X7 böhtan atması və onun barəsində ağır və ya xüsusilə ağır cinayətin törətməkdə ittiham edən böhtan xarakterli məlumatların yaymasına dəlalət edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 hərəkətində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-Prosessual Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-157/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-157/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver