Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-158/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Xüsusi ittihamçı (mülki iddiaçı) – X18, Təqsirləndirilən şəxs (mülki cavabdeh) X9, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 oktyabr 1988-ci ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya Ə/D, Saatlı kəndində qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasinda şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir və bununla bağlı Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə Ali Təhsil haqqında 049517 nömrəli Diplom almışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli 260 nömrəli şəhadətnamə ilə Bakı Slavyan Universitetinin nəzdində tibb bacısı ixtisasına yiyələnmişdir. Azərbaycan Respublikası Yenidən Hazırlanma Haqqında xx.xx.2007-ci il tarixli, 007403 nömrəli diplomla praktik psixoloq ixtisasına yiyələnmişdir. Uzun illər müxtəlif dövlət və özəl qurumlarda məsuliyyətli vəzifələrdə çalışmışdır. 2023-cü ildə o, cavabdehlər X4, X19, X20, X1, X10, X21, X11, X15, X7, X22, X27, X16, X17, X24 və X14 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla, ümumilikdə 75000 (yetmiş beş min) manat, hüquqi xidmət göstərilməsi üçün 550 (beş yüz əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 317 (üç yüz on yeddi) manat olmaqla, cəmi 75867 (yetmiş beş min səkkiz yüz altmış yeddi) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İş Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatına verilmişdir və 2(006)-3187/2023 nömrə ilə nömrələnmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində cavabdeh X9 bildirmişdir: “İddiaçı boş-bekar adamdır. Biz iş adamıyıq”. Qeyd olunan cümlələr xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesinin protokollarında öz əksini tapmışdır. Göründüyü kimi X9 məhkəmə prosesində ona boş-bekar deməklə onu təhqir etmişdir. Bununla da X9 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X3 Azərbaycan Respublikasının CM-nin 148ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-3187/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli məhkəmə prosesinin iclas protokolu ilə sübut edilir. Cinayət təqibinin növlərindən bəhs edən Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Hazırki iş üzrə təhqir xarakterli məlumatlar Nəsimi rayon Məhkəməsində yayıldığı üçün hesab edir ki, şikayətinə Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci maddəsinə əsasən, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmin qərarın 10-cu maddəsinə əsasən, Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Göstərilənləri nəzərə alaraq, X3 Azərbayan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı (mülki iddiaçı) X18 ifadəsində göstrəmişdir ki, o, Mansur Məhsulovla bir yerdə işləmişdir. Belə ki, Mansur Məhsulov "xxxx" MMC-nin direktor müavini vəzifəsində calışmış, o isə ilk işə götürülərkən İnsan Resurslarının şöbə rəhbəri Aydın Tağızadə tərəfindən işə götürülmüşdür. Daha sonra o direktor müavini Mansur Məhsulov və sonra da direktor tərəfindən qəbul olunduqdan sonra işə götürüləcəyi bildirilmişdir. Onun istər savadı, istərsə də müxtəlif yerlərdə işləməsi barədə işdə sənədlər var, o boş-bekar insan olmamışdır. İş ekspertizaya getdikdən sonra da məlum olar, hətta internetdə axtarış sistemində də sözün mənasına baxılarsa, bu “boş-bekar” sözünün “avara” kimi qeyd olunması məlum olur. O isə avara deyil, məktəb qurtarmış, 3 institut bitirmişdir. Həmçinin onun sertifikatı və 15 ilə yaxın iş stajı vardır. O, Prezident Aparatında işləmiş, onun iş jurnalında belə əziyyəti olmuşdur. Bunların nəzərə alınmasını xahiş edir. “Boş-bekar” sözü kamerada da göründüyü kimi cox sərt bir şəkildə deyilir, danışılır, o da buna şok olmuş və qalxaraq hakimə “siz niyə bu səs-küyə susursunuz” demişdir. Hakim isə “bu nədir hamı qarışıb bir-birinə” demiş və işi başqa günə təxirə salmışdır. Mansur Məhsulovun çıxışında da açıq-aşkar əsəbi şəkildə bildirilir ki, o, direktorun qəbuluna sərt şəkildə qapısını itələyərək girmişdir. Onlar iş əməkdaşıdırlar və təbii ki, direktorun qəbuluna yazıla da bilərlər, həmçinin direktorun qəbuluna daxil ola da bilərlər. Direktor onları qəbul edərsə, təpiklə qapını vurub direktorun qəbuluna girəcək qədər tərbiyənin “yiyəsi deyil”. Onun şirkətin əməkdaşı olması, 4 il ərzində küçələrdə olması, əziyyət çəkməsi barəsində nəsə deyilməmişdir. Qeyd olunanları heç kim nəzərə almamış, onun barəsində “boş bekar”dır, işi gücü yoxdur deyilmişdir. Hansı ki, 4 il ərzində onu müfəttişlik qəbul etmiş, Ali Məhkəmə isə onu işə qəbul etmiş, sonra da onu yenidən qanunsuz çıxarmışlar. O ailəsi ilə vaxt keçirə bilmir və onun üçün vacib olan insanı, yəni atasını itirmişdir. O tək deyil və işə qanunla baxılmasını xahiş edir. Ona 4 il ərzində bir nəfər də olsun “ay Elnurə xanım indi cavan olmuşam bu sözü demişəm” deməmişdir. O ailəsində də “boş bekaram” deyərsə, ailəsi ilə qucaqlaşıb öpüşərsə, burdada hamı ilə qucaqlaşıb öpüşə bilərmi? olmaz belə, bura ciddi orqandır. Hər deyilən sözə ciddi yanaşılmalıdır, o hər sözünə ciddi yanaşır və məsuliyyət daşıyır. O, Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16-16/2-4/440 saylı ekspert rəyindən narazıdır və yenidən ekspertizanın keçirilməsini, lakin ekspertizanın Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən həyata keçirilməsini istəyir. İfadəsinin sonunda mülki iddianın təmin edilməsini və X9 barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavadeh) X9 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Elnurə Vəliyevanı təhqir etməmişdir. Onun mülki məhkəmə iclası zamanı hakim ilə iki dəqiqəlik dialoqu olmuş, ümumiyyətlə Elnurə Vəliyeva ilə söhbət etməmişdir. O hakim ilə iki dəqiqəlik dialoqda “xanımın ola bilsin ki, zamanı var, boş zamanı çoxdur, ola bilsin boş-bekardır və dayanmadan polisə, məhkəmə orqanlarına və digər orqanlara şikayətlər yağdırır” demişdir. Həmin qərar üzrə birinci instansiyada Elnurə Vəliyevanın şikayəti təmin edilməmiş və bununla bağlı Apellyasiya şikayət də verilmişdir, lakin Apellyasiya Məhkəməsində də birinci instansiyanın qərarı qüvvədə qalmışdır. Əgər o, Elnurə Vəliyevanı təhqir etmişdisə, bu barədə dialoq və danışıq olmalı idi. Onun isə hakim ilə danışığı olmuş, suallara cavab vermiş, iş üzrə keçən cavabdehlərdən bir neçəsi məhkəməyə gəlməmişdir. Belə ki, Elnurə Vəliyeva 20-yə yaxın adamdan şikayət vermiş, onlar isə iclasa vaxtında gələ bilməmişdirlər. Buna görə də, o, hakimə “Siz Ali orqansınız bizi dəvət edirsiniz borcumuzdur ki, gəlib iştirak edək, amma mən işimlə bağlı səfərdə oluram, gələ bilmirəm, işim xüsusi təyinatlı sahədir, vaxt eləyə bilmirəm gəlməyə” demişdir. Həmçinin “xanım ola bilsin boş-bekardır, zamanı var, mənim isə zamanım yoxdur” demişdir. Əgər “boş-bekar” sözü Azərbaycan dilinin leksikonunda təhqir ifadəsi olaraq hesab olunsa belə, o həmin sözü təhqir kimi qəbul etmir. Məsələn ona həkimi “həftənin üçüncü günü boş bekarsansa gəl analizlərini ver” deyərsə, onda həkim məni təhqir edirmi?. O bu sözü ailədə də istifadə edir. Hesab edir ki, bu ona böhtandır. İfadəsinin sonunda verilmiş şikayətin əsassız olduğunu və onun heç bir təqsiri olmadığından ona bəraət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ititham qaydasında şikayət vermiş X18 tərəfindən təqdim edilmiş 2(006)- 3187/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının prokolunun surətindən görünür ki, 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh Mansur Məhsulov izahatında iddiaçı Elnurə Vəliyevanın barəsində “iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq və məhkəməyə gəlmək üçün hər dəfə işimizdən ayrılırıq” ifadəsini qeyd etmişdir. Xüsusi ititham qaydasında şikayət vermiş X18 tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və diskdə 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının görüntüləri müəyyən olunsa da, səs yazılarının olmaması müəyyən edilmişdir. Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16- 16/2-4/440 saylı ekspert rəyindən görünür ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “boşbikar” sözü “işsiz, boş-boşuna, veyil; boş-bikar gəzmək, boş-bikar qalmaq. - [Firuz] boşbikar oturub qalır. Ə.Məmmədxanlı. [Məsmə:] Sənin nəyinə yaraşır gedib boş-bikar oturub çərəkə höccələyəsən? Mir Cəlal.” mənasında izah edilmişdir (“Şərq-Qərb”, İ cild, səh.337). Eyni zamanda lüğətdə “bikar” sözünün ayrılıqda leksik mənası izah edilmişdir: 1 sif. və zərf [fars.] 1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl. - [Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm... N.Vəzirov. [Hüseyn:] Əgər bu cür boş sözün varsa, bikar vaxtında gəl, sən danış, mən də yazım, səhnədə lazım olar. S.Rəhman. [Şamamanın anası:] Heç belə vaxtlarda da evdə bikar oturmaq olarmı? İ.Əfəndiyev. 2. məc. Əkilməmiş, toxum atılmamış, ağac əkilməmiş, boş (yer). “Bikar” sözünün etimologiyasına baxdıqda “1 farsca bi (sız) və kar (iş) hissələrindən ibarətdir, “işsiz” deməkdir (X26 lüğəti). Boş, işsiz” mənasında işlənən “bikar” sözü çox vaxt “E” saiti ilə yazılsa da, əslində “bikar”, yəni “İ” saiti ilə yazılmalıdır. Göründüyü kimi, ekspertizaya təqdim edilmiş “boş-bikar" ifadəsi haqqında danışılan şəxsin şərəf və ləyaqətini alçaltmaq və ya təhqir etmək məqsədilə deyil, sadəcə onun “işsizgücsüz” olmasını vurğulamaq mənasında işlənmişdir. Həmin rəyə görə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X3 əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. 26 fevral 2024-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, X12 X9 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X3 hərəkətlərində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə Ədliyyə Naziliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16-16/2-4/440 saylı ekspert rəyini araşdıraraq hesab edir ki, hazırki iş üzrə qeyd edilən ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəyin tədqiqat hissəsi araşdırıldıqda müəyyən edilir ki, Ədliyyə Naziliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16-16/2-4/440 saylı ekspert rəyi verilərkən əhatəli araşdırma aparılmış, söz və ifadələrin lüğəti mənalarına istinad etməklə əsaslandırılmış rəy verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə yekun nəticəyə gəlinərkən 04 aprel 2024-cü il tarixli 3-16-16/2-4/440 saylı ekspert rəyinə istinad etmək olar. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hazırki iş üzrə araşdırma aparılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9 və X18 arasında iş münasibətləri zəminində mübahisələr yaranmış və bununla bağlı X18 məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə iclaslarında tərəflər arasında fikir ayrılıqları olmuşdur. Bununla bağlı hazırki iş üzrə təqsirləndirilən şəxs X9 cavabdeh olaraq 2(006)-3187/2023 saylı mülki iş üzrə X18 barəsində “iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq və məhkəməyə gəlmək üçün hər dəfə işimizdən ayrılırıq” ifadəsini bildirmişdir. Xüsusi ittihamçı məhkəməyə müraciətində iddia edir ki, X9 onun barəsində qeyd etdiyi söz və ifadələrlə onu təhqir etmişdir. Təqsirləndirilən şəxs isə qeyd edir ki, o, kimsəni təhqir etməmiş, ümumi şəkildə Elnurə Vəliyevanın barəsində qeyd etdiyi “iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsi ilə sonuncunun zaman mənasında boş vaxtının olmasını qeyd etmək istəmişdir. Qeyd edilən iddialarla bağlı məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsini kiminsə şərəf və ləyaqətini aşağılayan, onu qəsdən alçaldan, təhqiramiz ifadələr hesab etmək olmaz. Bununla bağlı olaraq, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Məhkəmə ilk növbədə X3 xüsusi ittihamçı barəsində qeyd etdiyi ifadənin tənqidi xarakteri və qiymətləndirici mülahizə olmasının araşdırılmasını zəruri hesab edir. Bu nöqteyi nəzərdən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X3 mülki məhkəmə iclasında Elnurə Vəliyeva barəsində qeyd etdiyi “iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsinin məqsədi xüsusi ittihamçını təhqir etmək olmamış, sadəcə aralarında olan əmək mübahisələri və bununla bağlı məhkəmə çəkişmələri ilə əlaqədar yaranmış vəziyyəti əhatə etməklə Elnurə Vəliyevanın zaman mənasında cavadehlərin vaxtlarını almasını qeyd etmişdir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Məhkəmənin qiymətləndirməsinə görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sübutlara əsasən təhqiredici ifadə və qeyd edilən maddənin digər tərkib əlaməti olan kütləvilik müəyyən olunmamışdır. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarında olan mülki iddia barədə ərizədən görünür ki, xüsusi ittihamçı X23 ona vurulmuş mənəvi ziyana görə təqsirləndirilən şəxs X2 10000 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X23 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 74-cü bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqib olunan şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verildiyindən xüsusi ittihamçı X23 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. CPM-in 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildiyindən məhkəmə məsrəfləri tam xüsusi ittihamçının üzərinə qoyulmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti xüsusi ittihamçı X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 hüquqlarının müdafiəsi Bakı şəhəri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Xüsusi ittihamçı X23 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-158/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-158/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver