Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-16/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə xx.xx.1996-cı ildə Lənkəran rayonu, Darquba kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:50 radələrində özünün satıcı olaraq işlədiyi ünvan 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Mini Bazar" adlı meyvə tərəvəz satılan mağazada olan masanın alt hissəsindəki çəkməcənin içərisinə qoyulmuş sonuncuya məxsus 2600 manat nağd pulu və masanın yanında içərisində kağız əskinaslardan, qəpik pullardan ibarət ümumilikdə məbləği 400 manat təşkil edən pulların saxlanıldığı şüşə balonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayından sentyabr ayının axırlarına kimi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində plastik qapı-pəncərə sexində ustalara kömək etmiş, eyni zamanda həmin işi öyrənmişdir. Həmin sexlə üzbəüz Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı ünvanda Zərərçəkmiş şəxs "Mini Bazar" adlı meyvə-tərəvəz mağazasını icarə əsasında işlətmişdir. Qapı-pəncərə sexində əmək haqqı az olduğuna görə 2019-cu ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs onu mağazasına satıcı olaraq işə götürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və həmin razılaşmaya əsasən sonuncu hər gün ona gördüyü işin müqabilində 15 manat pul vermişdir. Həmin mağazada iş vaxtı səhər saat 07:00-dan axşam saat 23:00-a qədər olmaqla 2019-cu ilin sentyabr ayının sonunadək işləmişdir. 2019-cu ilin sentyabr ayının 29-da səhər saat 11 radələrində Zərərçəkmiş şəxs işi ilə əlaqədar mağazanı ona təhvil verib getdikdən sonra o, mağazada tək olmuşdur. Həmin gün saat 23:50 radələrində mağazanı bağlayıb getməmişdən öncə mağazanın içərisində üstündə tərəzi olan masanın çəkməcəsinə baxmış və həmin çəkməcədə olan 80 manat pulu götürmüşdür. Bundan başqa, mağazada olan masanın yanında divarın küncündə 3 litrlik, üzəri sarı izoltentlə sarınmış içərisində kağız və qəpik pullar olan balonu da götürmüşdür. Mağazadan sellofan torba götürüb içərisində qəpik və əskinaslardan ibarət pul olan balonu sellofan torbaya qoyaraq mağazanı bağlayıb taksi ilə Masazır qəsəbəsinə getmişdir. Oğurladığı həmin puldan 20 manat ödəyərək gecə Masazır qəsəbəsində yerləşən “Göyçə” adlı oteldə qalmışdır. Oteldə oğurladığı pulları sayarkən çəkməcədən götürdüyü 80 manatdan başqa şüşə balonda 570 manat kağız pul və 150 manat qəpiklərlə pul olmuşdur. Beləliklə o, Zərərçəkmiş şəxs mağazasından cəmi 800 manat pul oğurlamışdır. Oğurluq hadisəsindən sonra bir daha işlədiyi mağazaya getməmişdir və pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs ilə mağazada işləməsinə dair hər hansı müqavilə bağlamamışdır. Hal-hazırda əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından etibarən tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 1 saylı ünvanda yerləşən "Mini Bazar" adlı meyvə tərəvəz satışı mağazasını icarə əsasında işlətmişdir. Həmin mağazada iş çox olduğu üçün 2019-cu ilin sentyabr ayının əvvələrində ona kömək etməsi üçün Təqsirləndirilən şəxs satıcı kimi işə götürmüşdür. xx xxxxxxxx 2019-cu il tarixdə şəxsi işləri olduğu üçün mağazanı səhər saat 11 radələrində Təqsirləndirilən şəxs təhvil vermiş və bundan sonra mağazanı tərk etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, səhər saat 07:00-da mağazaya qayıtdığı zaman Təqsirləndirilən şəxs mağazada olmadığını aşkar etmişdir. Daha sonra sonuncunun istifadəsində olan ***-***-**- ** mobil GSM nömrəsinə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Mağazaya daxil olduqda sağ tərəfdə yerləşən masanın aşağısında çəkməcənin içərisində olan ona məxsus 2600 manat pulun və masanın yanında yerdə olan içərisində 400 manat kağız və qəpik pullar olan şüşə balonun yerində olmadığını aşkar etmişdir. Daha sonra o, mağazada olan müşahidə kamerasına baxmış və xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 23:50 radələrində Təqsirləndirilən şəxs mağazadan ona məxsus ümumilikdə 3000 manat məbləğində pulu götürüb oradan uzaqlaşmasının şahidi olmuşdur. Oğurluq hadisəsi ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, ona təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, videogörüntüdə hadisənin dəqiq baş vermə dəqiqəsi görsənməmiş, lakin videogörüntüdən göründüyü kimi hadisə xx xxxxxxxx 2019-cu il tarixdə baş vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi hadisənin baş vermə dəqiqəsi təxminən 23:50 radələri olması müəyyən edilmişdir. Videogörüntü açıldıqda Təqsirləndirilən şəxs masanın alt hissəsindəki çəkməcədən pulu götürməsi əks olunmamış, lakin həmin vaxtı artıq götürdüyü pulları sayması əks edilmişdir. Görüntünün 20-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs dayandığı yerdən qapı istiqamətinə gedib bir qədər ətrafa nəzər salmış, heç kimin olmamasından əmin olduqdan sonra yenidən masanın yanına qayıdaraq 01:10 dəqiqəyədək smartfon mobil telefona baxmış, daha sonra təkrar olaraq götürdüyü pulları saymağa davam etmişdir. Videogörüntünün 02:00 dəqiqəsində Təqsirləndirilən şəxs götürdüyü pulları pul qabına qoyması, daha sonra həmin pul qabını cibinə qoyması müşahidə olunmuş, bundan sonra videogörüntü dayanmışdır. Videogörüntünün dayanması səbəbindən şüşə balonun oğurlanması müşahidə edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntdüdə əks etdirilən şəxsin özü olduğunu bildirmiş və özünü qismən təqsirli bilərək oğurluq etdiyini etiraf etmişdir. Bundan başqa, videogörüntüdə şüşə balonu götürməsi əks olunmasa da, həmin balonu götürdüyünü bildirərək təsdiq etmişdir (i/v 14, 72). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, axtarışda olmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə gətirilmişdir (i/v 54). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 81-82). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 97-98). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin videogörüntüsü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materialllarına əlavə edilmişdir (i/v 99-106). Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Ləj kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-121/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxxx 2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Ləj kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-16/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-16/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver