Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-16/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 13 radələrində təmizlik işi ilə bağlı tanışı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvana gəldikdən sonra sonuncunun hamamda olmasından istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə otaqda qoyulmuş çarpayının üzərində olan pul kisəsindən Zərərçəkmiş şəxs məxsus həmin günün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları və 500 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 saylı evi tərk etmişdir. Maddi gəliri olmadığı üçün yeməyi ona tanış uçaqlar alırdılar. Həmin vəziyyətdən bezdiyi üçün özünə iş axtarmağa başlamış və əsl adı Ramil olan “Nana” adlı cinsi azlıq nümayəndəsinin gözəllik salonunda işə başlamışdır. Bir müddət işlədikdən sonra Nana ona psixoloji təzyiq göstərməyə başlamışdır. O da həmin təzyiqlərə dözməyib oradan qaçmışdır. Sonra Nana ondan üzr istəyərək onu geri qaytarmışdır. Lakin onun əməliyyatı əsnasında aralarında yenə problemlər olduğundan onun yanından çıxmaq məcburiyyətində qalmışdır. Bir neçə gün sonra Müjgan adlı xanımın evində qalmışdır. O, Müjgan xanımın tanışı Cəmilə adlı xanımın evində Leyla xanımı görmüş və Leyla xanım ona xəstə olduğundan onun evində qalmağı, ona kömək etməyi təklif etmişdir. O da razı olub onun evində qalmağa başlamışdır. Bir həftədən çox onun evində qalmışdır. Lakin Leyla xanım ona təzyiq göstərməyə başlamış, onu cinsi istismara məruz qoymuşdur. Hətta bir dəfə üstünə bıçaqla hücum çəkərək onu hədələmişdir ki, “qapını bağlayıb səni evdən çıxmağa qoymayacam”. O da qorxmuş və ona görə də Leyla xanım hamamda olan zaman evdən qaçıb getmişdir. Pulsuz qalmaqdan qorxduğu üçün gedərkən onun pul kisəsində olan pulları da götürmüşdür. Götürdüyü pulun məbləğinin nə qədər olduğunu bilməmişdir. Evdən çıxandan sonra Hövsan qəsəbəsinə getmiş, əvvəl fikirləşmişdir ki, polisə getsin, lakin sonra qorxmuşdur ki, zərər çəkmiş şəxs onu öldürməyə təşəbbüs edər. Ona görə də polisə getməmişdir. Götürdüyü pulla “İrşad Electronics” mağazasından 1479 manata “İphone 11 Pro” markalı mobil telefon, geyim mağazasından özünə paltar almışdır. Paltara da təxminən 300 manat pul xərcləmişdir. Sonra “Sahil” bağına gemiş, orada Nərmin adlı dostunu görmüşdür. Bir az onunla gəzəndən sonra “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Eleon” otelə getmişdir. Bir saat sonra Nərmin Şahid1 adlı sevgilisini də çağırmış və demişdir ki, onun da qalmağa yeri yoxdur, onlarla bir yerdə qalsın. Birlikdə bir az söhbət etdikdən sonra qalmaq üçün ev tutmaq qərarına gəlmiş və Nərminlə Rövşən ev tutmaq üçün ondan 700 manat pul istəmişlər. Səhəri gün “Nərimanov” metrostansiyası yaxınlığına getmiş, o, üzərində manat qalmadığı üçün Nərminlə Rövşənə ev tutmaq üçün 1000 ABŞ dolları məbləğində pul vermişdir. Onlarda pulu pulu valyuta dəyişmə məntəqəsində manata çevirib 700 manatı götürmüş, qalanını isə ona qaytarmışlar. Şahid1 700 manat pulu kart vasitəsilə qardaşına göndərmiş ki, onlara ev tutsun. Sonra o, Nərminlə salona getmiş, salonda ona 300 manat pul xərcləmişdir. Salondan çıxandan sonra ev tutmadıqları üçün həmin gecə küçədə qalmışlar. Növbəti gün ev tutmuşlar və ona ev iki nəfərlik olduğundan onun onlarla qala bilməyəcəyini bildirmişlər. O da əsəbləşmiş, sonra onun də onlarla birlikdə qala biləcəyini bildirmişlər və birlikdə qalmışlar. Həmin gecə Rövşənə zəng gəlmiş, o da zəng edən şəxsin Leyla xanımın dostu “Nana” adlı şəxs olduğunu və pulunu geri qaytarılmasını tələb etdiyini, əks halda onu ya tutduracaqlarını, ya da öldürəcəklərini, pulun qaytarılması üçün onu 28 May metrostansiyasının yaxınlığında gözlədiklərini bildirmişdir. O da 1000 ABŞ dolları məbləğində pulu və aldığı telefonu Rövşənə vermiş, Rövşən də qardaşına vermişdir ki, aparıb qaytarsın. Hal-hazırda dəymiş zərərin 1000 manatını zərərçəkmiş şəxsə qaytarır. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Cavidi əsl adı Ramil olan “Nana” deyə tanıdıqları tanışının salonunda görmüşdür. Cavidin küçədə qaldığını biləndə onu evinə aparmışdır ki, ona ev işlərində də köməklik edər. O, hadisə olan gün hamamda olmuş, Cavid onlara gəlmiş, qapını açıb onu içəri salmış və yenidən hamama girmişdir. Çıxanda Cavidin olmadığını görmüşdür. Dializ xəstəsi olduğundan müalicə üçün pul yığmış, həmin pul da çantasında olmuşdur. Çantasına baxıb görmüşdür ki, pulu yoxdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin onun və Nananın ona təzyiq göstərməsi ilə bağlı dedikləri isə yalandır. O və Nana ona təzyiq göstərməmişlər. Məsuliyyətdən yayınmaq üçün yalan danışır. Hal-hazırda Cavid ona dəymiş zərərdən yalnız 1000 manat qaytarmışdır. Odur ki, ondan şikayətçidir, dəymiş zərərin tam ödənilməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cavid ilə “Sahil” bağında tanış olmuşdur. “Sahil” bağında olan zamanı Cavidin uşaqlara pul payladığını görmüşdür. Həmin vaxt Cavid ona və Şahid4 20-30 manat pul vermiş və pulu ona bir nəfər ərəbin verdiyini bildirmişdir. Bir dəfə gecə klubunda olanda zərərçəkmiş xanım ona yaxınlaşıb Cavidin şəklini göstərib həmin şəxsi tanıyıbtanımadığını soruşmuş və şəkildəki şəxsin onun pulunu oğurladığını bildirmişdir. O xanıma şəkildəki şəxsi gördüyünü demək istəyən zaman klubun sahibi Fira xanım həmin xanımı çəkib apardığı üçün deyə bilməmişdir. Cavidin xərclədiyi pulların oğurluq olduğunu biləndən sonra onlar Caviddən uzaqlaşmışlar. Bundan başqa, onun qardaşı 8 ildir ki, Almaniyada yaşayır. Təqsirləndirilən şəxsin pulu və telefonu, onun qardaşına verməsi ilə bağlı bildirdiyi fikirləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bacısı ilə birlikdə yaşadığı ünvanda yerləşən gözəllik salonunu işlədir. Onların yanına cinsi azlıq nümayəndəsi olan Nana adlı bir tanışı gəlib-gedirmiş. Bir gün yenə gecə vaxtı Nana onun yanına gəlmiş, Nananın yanında Cavidi görmüş və ona yazığı gəldiyi üçün onu yanında işə götürmüşdür. Bir müddət sonra ödündən möhkəm ağrı tutduğu üçün əməliyyata getmiş və əməliyyat olunandan sonra Cavidin Leyla ilə tanış olduğunu bilmişdir. Bir müddət sonra Cavidi görən zaman ona “utanmırsan, mənim çörəyimi yeyib başqa yerə gedirsən, mən əməliyyat olunmuşam, amma sən məni bu vəziyyətdə qoyub başqa adamın yanına gedirsən” sözlərini deyərək iradını bildirmişdir. Cavid də ona xəstəxanada özünü pis hiss etdiyi üçün ora gələ bilmədiyini demiş, o da Cavidi bağışlamışdır. Əməliyyatdan sonra evinə gəldikdən sonra hər gün Cavidə 7 manat pul verirmiş ki, gedib hosteldə qalsın. Yanında qalmağını istəmirmiş ki, başına bir iş gələr, onun boynunda qalar. İşçi kimi isə hər gün Cavidə 10 manat maaş verirmiş. Bir müddət sonra Cavidin ona qarşı münasibətinin dəyişdiyini, soyuq davrandığı görmüşdür. Bir gün Müjgan adlı xanım Cavidə bildirmişdir ki, Nananın yanında niyə işləyirsən, sənə bütün günü təmizlik işləri gördürür, gəl mənimlə qal. Bir neçə gün sonra bilmişdir ki, Cavid gedib Müjganın evində qalır. Sonra Müjgan ona demişdir ki, Cavid sənin dalınca danışır. O da Cavidə 102 xidmətinə zəng eləyib ondan şikayət edəcəyini bildirmişdir. Ondan sonra Cavid onun yanından qaçıb getmiş və o vaxtdan Cavidi görməmişdir. Sonradan Leylanın evində qaldığını eşitmişdir. İyirmi beş gündən sonra Leyla onun yanına gələrək Cavid tərəfindən pullarının oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi “Sahil” bağında gəzən zaman tanımışdır. Cavid bir müddət görünməmiş, müəyyən vaxtdan sonra gəlmiş və onun uşaqlara pul xərclədiyini görmüşdür. Xərclədiyi pulu ona bir ərəbin verdiyini demişdir. Sonra həmin pulun oğurluq olduğunu eşitmişlər. Bu səbəbdən də orda olan uşaqların hamısı Caviddən uzaq durmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Cavid ilə “Sahil” bağında tanış olmuşdur. Bir gün Cavidin uşaqlara pul payladığını görmüşdür. Ondan bu qədər pulun haradan olduğunu soruşduqda, pulu ona bir nəfər ərəbin verdiyini bildirmişdir. Pulun oğurluq olduğunu bildikləri andan ondan uzaq durmağa çalışmışlar. Sonradan Cavidin oğurluq pulla telefon aldığını da eşitmişdir. Həmçinin, həmin telefonun və pulun bir qisminin geri qaytarılması ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.37); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.68-69); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi, ev 9, 65 saylı mənzildə 02 iyun 2022-ci il tarixdə cinayəti hansı qaydada törətdiyini göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v.83-84);. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.124). Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş zərər məbləğindən 1000 (bir min) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini və cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zaman xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-16/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-16/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver