Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-16/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Göyçay rayonu, Qaraxıdır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şəkər ərzi dairəsi, Qaraxıdır kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuş və idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 15:14-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” marka **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi, ilə Azər Əliyev küçələrinin kəsişməsindən təxminən 05 km/saat sürətlə sola dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini, yəni svetoforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək həmin vaxt Ak. H.Əliyev küçəsində yolun hərəkət hissəsinin sağ tərəfi ilə təxminən 40 km/saat sürətlə Tbilisi prospekti istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “X10” markalı elektrikli skuterlə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sol ayağın İ barmağının distal falanqanın oynaqdaxili yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ saidin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 15:14-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı 77- FC-652 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu, həmçinin zərərçəkmiş şəxsə, yaxud onun maraqlarını təmin edəcək digər şəxsə özü barədə zəruri və dəqiq məlumat verməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “X7” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsinin dolanmasını təmin etmişdir. Belə ki, o, həmin avtomobillə “Bolt" Taksi Xidmətinə qoşulub həmin şirkət tərəfindən qəbul edilmiş sifarişlərə uyğun olaraq müştəriləri bir ünvandan götürüb digər ünvana aparmışdır. Məlum hadisə vaxtı, yəni 08 mart 2024-cü il tarixdə, saat 15:00 radələrində o, şirkət tərəfindən qəbul edilmiş sifarişə əsasən təxminən 14-15 yaşlarında bir oğlan uşağını hazırda xatırlamadığı ünvandan götürüb digər xatırlamadığı ünvana aparırmış. O, həmin vaxt mobil telefonunda olan naviqator proqramı vasitəsi ilə hərəkət edərək saat 15:14 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Azər Əliyev küçələrinin kəsişməsində yerləşən işıqforun qadağanedici qırmızı işığında dayanmışdır. Daha sonra işıqforun yaşıl işığı yananda hərəkətə başlayıb oradan sol tərəfə, yəni Azər Əliyev küçəsinə doğru hərəkət edərkən “Prado” markalı avtomobilin arxasından elektrikli skuter çıxaraq onun avtomobilinin ön sağ hissəsinə dəymişdir. Toqquşma zamanı həmin elektrikli skuteri idarə edən orta yaşlı kişi, yəni sonradan polis ibarəsində soyadının, adının və atasının adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs yerə yıxılmışdır. Buna görə o, avtomobili yolun kənarında saxlayıb həmin şəxsə yaxınlaşmış, sonuncuya köməklik göstərib yolun kənarında otuzdurmuş, avtomobildə müştəri olduğunu demiş və müştərini ünvana düşürüb geri qayıdacağını bildirmişdir. Bundan sonra o, avtomobili sürərək müştərini yaxınlıqda yerləşən ünvanına aparıb düşürmüş, daha sonra hadisə yerinə qayıtmışdır. O, hadisə yerinə qayıtdıqdan sonra həmin şəxsə yaxınlaşıb səhhəti ilə maraqlanmış, nəyəsə ehtiyacı olub-olmadığını soruşmuşdur. Həmin şəxs sol döş nahiyəsinin əzildiyini bildirmiş və buna görə ondan 40 manat pul istəmişdir. O da həmin şəxsin bank kartının nömrəsini götürmüş, həmin şəxsə 40 manat deyil, 30 manat pul göndərəcəyini bildirmiş və avtomobilinə əyləşib hadisə yerindən getmişdir. Fikirləşmişdir ki, axsama kimi işləyib pul qazanar və axşam 30 manat pulu həmin şəxsə göndərər. Lakin başı qarışıq olduğundan pulu göndərə bilməmişdir. Belə ki, axşam avtomobilinə minən bir nəfər müştəri ona avtomobilinin dövlət qeydiyyat nömrəsinin yerində olmadığını bildirmiş, bundan sonra o, nömrəni axtarmağa başlamış, hətta bununla bağlı polisə də müraciət etmiş və başı nömrənin axtarışına qarışdığından skuteri sürən şəxsin kart hesabına 30 manat pulu göndərə bilməmişdir. Hadisənin səhəri günü Nəsimi rayon Polis İdarəsinə dəvət olunanda ona məlum olmuşdur ki, həmin şəxs hadisə zamanı aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmişdir. O, hadisə zamanı özü haqqında zəruri olan məlumatları Zərərçəkmiş şəxs bildirməmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs istifadəsində olan bank kartının nömrəsini özündə qeyd edərək hadisə yerindən getmişdir. O, hadisədən sonra Zərərçəkmiş şəxs heç bir maddi yardım göstərməmiş və ya sonuncuya dəymiş maddi ziyanı ödəməmişdir. Zərər çəkmiş şəxs polisə şikayət etdikdən sonra dostu zərər çəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq görüşüb hadisə ilə bağlı söhbət etməyi təklif etmiş, lakin sonuncu onlarla görüşməmişdir. O, hadisə zamanı avtomobili təxminən 05 km/saat sürətlə idarə etmiş, dönmə manevrini yerinə yetirən zaman həmin elektrikli stuker qəflətən idarə etdiyi avtomobilin ön sağ hissəsinə dəymişdir. Eyni zamanda hadisə yerindən yayınmamış, avtomobilində olan müştərini düşürdükdən sonra hadisə yerinə qayıdaraq zərər çəkmiş şəxsə yaxınlaşmış və səhhəti ilə maraqlanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, təxminən 02 ay əvvəl özünə 1800 manata “X10” markalı elektrikli skuter alıb “Wolt” şirkətinə qoşularaq kuryer işləmişdir. Onun işi “Wolt” şirkəti tərəfindən qəbul olunmuş yemək sifarişlərini restoranlardan götürüb ünvanlara çatdırmaqdan ibarət olmuşdur. 08 mart 2024-cü il tarixdə saat 15:00 radələrində o, “Wolt” şirkəti tərəfindən qəbul olunmuş yemək sifarişini özünə məxsus “X10” markalı elektrikli skuterlə Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən “KFC” restoranından götürüb Yasamal rayonu, Ş.Mehdiyev küçəsində gözləyən müştəriyə aparmışdır. O, saat 15:14 dəqiqədə özünə məxsus “X10” markalı elektrikli skuterlə Ak. H.Əliyev küçəsi ilə, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, təxminən 40 km/saat sürətlə üzü Tbilisi prospekti istiqamətinə hərəkətdə olan zaman Ak. H.Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsindən sola dönüb binaların həyətinə daxil olmaq istəyən “Opel Astra” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, o, həmin avtomobili görəndə aralarında təxminən 25 metr məsafə olmuşdur. Həmin avtomobilin sürücüsü dönmə nişanını yandırıb gözləmişdir ki, yol boşalsın və dönmə əməliyyatını yerinə yetirsin. O da arxayın şəkildə hərəkətinə davam etmişdir. Yəni, onun hərəkət etdiyi yolda işıqforun yaşıl işığı yandığına görə yoluna davam etmişdir. Lakin, o, həmin avtomobilə çatanda sürücü ona yol vermədən, onu gözləmədən dönmə əməliyyatını yerinə yetirmişdir. O, bunu görən kimi əlyəci sıxıb skuteri dayandırmaq istəmiş, lakin ara məsafələri az qaldığına görə skuteri dayandıra bilməmiş və həmin avtomobilin ön sağ hissəsinə dəyib skuterlə birlikdə yerə yıxılmışdır. Bundan sonra həmin avtomobilin sürücüsü ətrafda olan şəxslərin köməkliyi ilə onu yolun kənarına aparmış, onu orada daşın üzərində otuzdurmuş, avtomobilində müştəri olduğunu demiş və müştərini ünvana düşürüb geri qayıdacağını bildirmişdir. O da orada oturub gözləmişdir. Bir neçə dəqiqədən sonra həmin sürücü geri qayıdıb ona yaxınlaşaraq səhhəti ilə maraqlanmış, o da həmin şəxsə sağ döş nahiyəsində, sağ qolunda və sol ayağında ağrılar olduğunu bildirmiş və onu xəstəxanaya aparmasını xahiş etmişdir. Həmin şəxs isə xəstəxanaya gedəcəyi təqdirdə polisin işə qarışacağını, buna görə xəstəxanaya getmək istəmədiyini, ona yardım etmək üçün kart hesabına pul göndərmək istədiyini bildirmiş və özünün tək xəstəxanaya getməsini xahiş etmişdir. Bundan sonra həmin şəxs onun istifadə etdiyi mobil telefon nömrəsini və bank kartının nömrəsini öz mobil telefonuna qeyd etmiş, onunla əlaqə saxlayıb maddi yardım edəcəyini bildirmiş və özü haqqında zəruri olan məlumatları ona bildirmədən avtomobilinə əyləşib hadisə yerindən getmişdir. Lakin, həmin şəxs sonradan onunla əlaqə saxlamamış və ya ona heç bir maddi yardım göstərməmişdir. Hadisənin səhəri günü, yəni 09 mart 2024-cü il tarixdə o, bədənində kəskin ağrılar olduğuna görə DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra müayinə və müalicə olunmaq məqsədi ilə 1 saylı X6 müraciət etmişdir. Orada müayinə olunan zaman onun sol ayağının baş barmağının sınması və digər xəsarətlər aşkar edilmişdir. Buna görə həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş və ambulator müalicə üçün evə buraxılmışdır. Nəsimi rayon Polis İdarəsinə dəvət olunandan sonra həmin sürücünün soyadının, adının və atasının adının Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Hadisə nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o, hadisədən sonra müayinə və müalicəsi üçün ümumilikdə 2000 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1-2); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir (i.v.65-66); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.94-95); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi ilə Azər Əliyev küçələrinin kəsişməsidir (i.v.8-15); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 285 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol ayağın İ barmağının distal falanqanın oynaqdaxili yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ saidin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.29-32); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 29 aprel 2024-cü il tarixli 8/913 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən “X10” markalı elektrikli skuter məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və “X10” markalı elektrikli skuterin sürücüsünün hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspert səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.47-50); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Opel Astra” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut kimi tanınmış və həmin avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v.98-105); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.45); - 08 mart 2024-cü il tarixdə, saat 15:14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi ilə A.Əliyev küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları ilə qeydə alınan videogörüntülərinin məhkəməyə təqdim olunması ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN-nin X3 Xitmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq məlumatların təqdim edilməsi imkan xaricindədir. - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsiri olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf etməsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.1 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi prinsipi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-16/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-16/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver