Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-160/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də motosürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 mədən küçəsi, ev 93, mənzil 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi motosikl ilə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vuraraq, hadisə yerindən qaçmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 19:55-də Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 214 saylı binanın qarşısı ilə Azərbaycan Dövlət Neft Akademiyası istiqamətində hərəkətdə olan zaman etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Haojue TZ125” markalı 99 A 956 dövlət qeydiyyat nişanlı motosikl ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, həmin avtomobil yolunu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq, ona bazu sümüyünün başının və boynunun sınıqları, alın nahiyəsinin qançır-şişkinliyi, döş qəfəsinin sağ yan səthinin sıyrığı, sol saidin və sol ayağın bayır topuğunun qançırları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar olmayan səbəblərdən yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-də motosikl sürücüsü işləyir. Onun vəzifəsi “xxxx” MMC-yə məxsus olan etibarnamə əsasında idarə etdiyi “Haojue TZ 125” markalı, 99 A 956 dövlət qeydiyyat nişanlı motosikllə ona tapşırılmış əşyaları, pulları və sənədləri şirkətə məxsus mağazalar və tapşırılan digər ünvanlar arasında aparmaqdan ibarətdir. “xxxx” MMC-nin verdiyi tapşırıqlar ilə əlaqədar xx.xx.2020ci il tarixdə, saat 19:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən “Jazz Centre”in sol hissəsində işıqforun yaşıl işığı yandıqdan sonra kəsişməni keçib Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə üzü Azərbaycan Dövlət Neft Akademiyası istiqamətində hərəkətə başlamışdır. Kəsişməni keçdikdən sonra piyada keçidinin üzərində insan olmadığına görə hərəkətini davam etdirmişdir. Azərbaycan Dövlət Neft Akademiyası istiqamətində yolun sağ zolağında “Ford Tranzit yük” markalı avtomobil dayanmışdır. Piyada keçidini keçdikdən təxminən 7-8 metr sonra “Ford Tranzit” markalı avtomobilin yanı ilə 30-40 km/saat sürətlə hərəkət edən zaman gözlənilmədən həmin avtomobilin qarşısından bir nəfər qadının, yəni Zərərçəkmiş şəxs asta addımlarla yolu çəpəki formada Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Köz Dönər” kafesi istiqamətindən, yəni yolun piyadalar üçün nəzərdə tutulan sağ səkisindən sol tərəfə, yəni “Tantuni” dönər evi istiqamətində keçməyə çalışdığını gördükdə dərhal əyləci basmağa çalışsa da məsafə çox yaxın olduğundan buna nail ola bilməmişdir. Nəticədə də motosiklin ön təkəri ilə Zərərçəkmiş şəxs bədəninin sol nahiyəsindən vuraraq onu yerə yıxmış, zərbənin təsirindən özü də idarəetməni itirərək motosikldən yerə yıxılmışdır. Ətrafda olan şəxslərin bəziləri Zərərçəkmiş şəxs köməklik edərək “Tantuni” dönər evi istiqamətində aparmış, digər şəxslər isə ona köməklik edərək ayağa qaldırmışlar. O, Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdığını görüb onun heç bir xəsarət almadığını düşünmüş və bu səbəbdən də idarə etdiyi motosiklə əyləşərək yoluna davam etmişdir. Bir neçə gün sonra isə baş vermiş hadisə ilə əlaqədar izahat verməsi üçün polis idarəsinə dəvət olunmuşdur. İzahat verməsi üçün polis idarəsinə getdikdən sonra törətdiyi qəza nəticəsində motosikllə vurduğu şəxsin, yəni Zərərçəkmiş şəxs xəsarət alması ona məlum olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır və onunla şəxsi-qərəzliyi və ya düşmənçiliyi də yoxdur. O, hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət aldığını bilsəydi, hadisə yerini tərk etməyərək ona köməklik göstərərdi. Eyni zamanda, zərərçəkmiş Zərərçəkmiş şəxs piyadalar üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməmiş və zolaqdan 7-8 metr aralıdan, yəni piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməyə çalışmışdır. Nəticədə də, Zərərçəkmiş şəxs onun qarşısına gözlənilmədən çıxdığı üçün o, hadisəsinin qarşısını ala bilməmiş və onu motosikllə vurmuşdur. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yeni ailə həyatı qurduğunu, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin bütün tibbi xərclərini ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini, həmin Məcəllənin 264-cü maddəsi ilə ona qanunvericlikdə müəyyən edilmiş ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 19:55 radələrində anası Şahid1 ilə birlikdə yaşadıqları evin yaxınlığında şəxsi işləri ilə əlaqədar piyada hərəkətdə olan zaman anası Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Köz Dönər" kafesi istiqamətindən, yəni yolun sağ piyadalar üçün nəzərdə tutulan səkisindən yolun hərəkət hissəsinə daxil olub yolu sol tərəfə, yəni “Tantuni” dönər evi istiqamətində keçmiş, ondan da yolu keçməsini istəmişdir. Həmin vaxt yolun kənarında “Tantuni” dönər evi istiqamətində dayanan zaman onun sol tərəfində ağ rəngli “Ford Tranzit” markalı yük avtomobili, sağ istiqamətində isə ağ rəngli “Mercedes” markalı avtomobillər dayanmışdır. O, “Ford Tranzit” markalı avtomobilin qarşısından yola asta addımlarla çəpəki formada çıxan zaman qəfil üzərinə motosiklın gəlməsini gördükdə özünü itirmiş və həmin motosikl onun sol nahiyəsindən vuraraq yerə yıxmışdır. Zərbənin təsirindən motosiklın sürücüsü də motosikldən aşaraq yerə yıxılmışdır. Həmin vaxt anası və ətrafda olan başqa şəxslər onu yerdən qaldırıb “Tantuni” dönər evi istiqamətində yolu keçirtmişlər. Bir qədər sonra isə motosiklin onu vurması nəticəsində sağ qolu üzərinə yıxıldığından sağ qolu və çiyin nahiyəsində ağrılar hiss etməyə başlamışdır. Bu səbəbdən də, anasından onu evə aparmasını istəmişdir. Evə getdikdən sonra da ağrıları azalmadığından ailəsi ilə birlikdə “Travmatologiya İnstitutuna” getmişlər. Müayinə zamanı sağ qolunda zədə olduğundan həmin qoluna gips qoyulmuş, daha sonra isə yaşadığı mənzilə geri qayıtmışlar. Hadisə zamanı onu vuran motosiklin sürəti təxminən 30-40 km/saat olmuşdur. Hadisə baş verən zaman o, piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağından təxminən 7-8 metr aralıda yolu keçməyə çalışmışdır. Hadisə baş verdikdən sonra onu vuran motosiklin sürücü onlara yaxınlaşmamış və heç bir köməklik etməmişdir. Hadisə barəsində isə DİN-nin 102 xidmətinə qohumu X4 məlumat vermişdir. Hal-hazırda onun xəsarət alması ilə əlaqədar çəkdiyi xərclər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 19:55 radələrində qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evin yaxınlığında şəxsi işləri ilə əlaqədar piyada hərəkətdə olduqları zaman o, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Köz Dönər” kafesi istiqamətindən, yəni yolun sağ piyadalar üçün nəzərdə tutulan səkisindən yolun hərəkət hissəsinə daxil olub yolu sol tərəfə, yəni “Tantuni” dönər evi istiqamətində keçmiş, qızından həmin yerdən keçməsini istəmişdir. “Tantuni” dönər evi istiqamətində dayanan zaman qızı Tuğranın sol tərəfində yük avtomobili olan ağ rəngli “Ford Tranzit”, sağ istiqamətində isə ağ rəngli “Mercedes” markalı avtomobillər dayanmışdır. Qızı Zərərçəkmiş şəxs asta addımlarla yolu çəpəki formada keçmək istədiyi zaman onu motosikl vuraraq yerə yıxmışdır. Hadisə ani olduğundan və onun gec fırlanıb baxdığından qızını çağıraraq xəbərdarlıq edə bilməmişdir. Qızı yerə yıxılan zaman ətrafda olan şəxslərin də köməyi ilə qızını səkiyə keçirmişlər. Hadisəni törədən motosiklin sürücüsü isə onlara yaxınlaşmamış və hadisə yerindən dərhal motosiklə minərək oradan uzaqlaşmışdır. Hadisə zamanı qızı Tuğra və o, yolu piyada keçidindən təxminən 7-8 metr aralı keçmişlər. Hadisə barədə isə onların xahişi ilə DİN-nin 102 xidmətinə məlumat verən qohumu Elxan İbrahimov olmuşdur. Hal-hazırda onun qızının xəsarət alması ilə əlaqədar çəkdiyi xərclər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Təqsirləndirilən şəxs '‘xxxx” MMC-də motosürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs vəzifəsi ona təhkim olunmuş “xxxx” MMC-nin balansında olan və etibarnamə əsasında idarə etdiyi “Haojue TZ 125” markalı, 99 A 956 dövlət qeydiyyat nişanlı motosikl ilə ona tapşırılmış əşyaları, pulları və sənədləri şirkətə məxsus mağazalara və tapşırılan digər ünvanlara aparmaqdan ibarətdir. Təqsirləndirilən şəxs şirkətdə əmək müqaviləsi əsasında işləyir və onun “ABC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Şirkətə məxsus bütün motosikllar icbari qaydada sığortalanmışdır. Motosiklları idarə edən şəxslərin bütün sənədləri qaydasında olmuşdur. Bundan əlavə sürücülərə təlimat keçilən zaman hər dəfə onlara iş zamanı hər hansı bir yol-nəqliyyat hadisəsi baş verən zaman bu barədə şirkət rəhbərliyinə və polisə məlumat vermələri izah edilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, hazırda polis tərəfindən Nəsimi rayon Polis İdarəsinə izahat vermək məqsədilə aparıldığını demişdir. Bunun səbəbini soruşan zaman isə Toğrul ona xx.xx.2020-ci il tarixdə işlədikləri şirkətə məxsus və etibarnamə əsasında idarə etdiyi “Haojue TZ 125” markalı 99 A 956 dövlət qeydiyyat nişanlı motosikl ilə şirkətin qarajına qayıdan zaman Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə zamanı tanımadığı qadın piyadanı vuraraq hadisə yerindən qaçdığını, qorxduğuna görə bu barədə heç kəsə məlumat vermədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş AE seriyalı 230558 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “A”, “B”, “C” kateqoriyaları üzrə xx.xx.2028-ci il tarixədək sürücülük hüququ vardır (i/v 42). İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş AD 292991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Haojue TZ125 “ markalı, 99A956 D.Q.N-lı motosikl “xxxx” MMC-yə məxsusdur (i/v 43). İş materiallarında olan “xxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamədən görünür ki, “Haojue TZ125” markalı, 99A956 D.Q.N-lı motosikli idarə etmək üçün 1 il müddətinə verilmişdir (i/v 44). İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC tərəfindən sürücü (motosikl) vəzifəsinə işə qəbul edilmişdir (i/v 46). İş materiallarında olan xx.xx.2020-ci il tarixli CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 1 ədəd DVD diskin içərisində “TS3-051.1”, “TS3-051.2” və “TS3- 051.3” adlı fayllar vardır. Həmin görüntülər hadisənin baş verdiyi vaxt hadisə yerini müşahidə edən TŞ kameralarında qeydə alınmış görüntülərdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: “TS3-051.1” adlı fayla baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində “Jazz Centre” adlanan yerin kənarında yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosiklin işıqforun qırmızı işığında dayanması müşahidə olunur. Həmin müşahidə kamerası fırlanaraq bütün ətrafı çəkdiyindən adı çəkilən faylda motosiklin hərəkətə başlaması və piyadanı vurması anı öz əksini tapmır. "TS3-051.2” adlı fayla baxış zamanı həmin müşahidə kamerasının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində “Jazz Centre” adlanan yerin kənarında quraşdırılmış işıqforun qarşısını çəkdiyi müəyyən olunur. Həmin kamera hərəkətsizdir və eyni istiqamətdə baş verən hadisələri qeydə alır. Həmin görüntülərə baxan zaman yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosiklın işıqforun qırmızı işığında dayanması müşahidə olunur. İşıqforun yaşıl işığı yandıqdan sonra yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosiklın hərəkətə başlaması qeydə alınmışdır. Motosikl hərəkət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsini keçir və Dilarə Əliyeva küçəsi ilə Azərbaycan Dövlət Neft Akademiyası istiqamətində hərəkətini davam etdirir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosiklın kəsişmədən sonra olan piyada keçidini keçdiyini və başqa da heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilir. TS3-051.3” adlı fayla baxış zamanı həmin müşahidə kamerasının hərəkətsiz olduğu və Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsindən sonra Dilarə Əliyeva küçəsi ilə Azərbaycan Dövlət Neft Akademiyası istiqamətində olan yolu müşahidə etməsi müəyyən edilir. Kameraya baxış zamanı müəyyən olur ki, xx.xx.2020-ci il tarixdə saat 19:55 radələrində yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosikl piyada yolu keçən Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirir. Diskdə olan digər görüntülər ilə paralel baxış keçirilən zaman müəyyən edilir ki, piyada yolu keçən Zərərçəkmiş şəxs yolun kənarında dayanan avtomobilin arasından asta yerişlə çıxaraq yolu keçməyə çalışmış, motosikl sürücüsü isə sonuncunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirir. Yolun kənarında dayanan avtomobillərdən birinin “Ford Tranzit” markalı yük avtomobili, digərinin isə Mercedes Minik markalı avtomobil olması müşahidə edilir. Yolun kənarında yol kəsişməsinə yaxın dayanan avtomobilin “Ford Tranzit” markalı yük avtomobili qarşısında dayanmış avtomobilin isə Mersedec Minik markalı avtomobil olması müəyyən edilir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə zamanı Zərərçəkmiş şəxs ayağa qalxaraq yolun səki hissəsinə keçməsi, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş motosikl sürücüsünün isə ayağa qalxaraq motosiklə minib, dərhal hadisə yerindən qaçması müşahidə edilir, baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan motosikl sürücüsünün özü olmasını təsdiq edir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün yazılmışdır. Protokola iştirakçılardan heç bir şikayət, ərizə və əlavələr daxil olmamışdır (i/v 69-70). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2020-ci il tarixli, 98 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - bazu sümüyünün başının və boynunun sınıqları, alın nahiyəsinin qançır-şişkinliyi, döş qəfəsinin sağ yan səthinin sıyrığı, sol saidin və sol ayağın bayır topuğunun qançırları bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Onun bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi xəsarətlərin nəticəsi aydınlaşdıqdan sonra onun təkrar müayinəsi keçirilməklə əlavə olaraq təyin ediləcəkdir (i/v 27-28). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2020-ci il tarixli, 11 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - bazu sümüyünün başının və boynunun sınıqları, alın nahiyəsinin qançır-şişkinliyi, döş qəfəsinin sağ yan səthinin sıyrığı, sol saidin və sol ayağın bayır topuğunun qançırları bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Onun bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i/v 87-88). İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 77). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/98 nömrəli rəyindən görünür ki, “Haojue TZ 125” markalı 99A956 dövlət qeydiyyat nişanlı motosiklın sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azerbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i/v 80-81). İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 179-180). İş materiallarında olan 145 saylı MKİS-in rəisi Q.Q.Rüstəmov tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Tuğra Yaşar qızı tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və maddi tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir şikayəti, iddiası və maddi tələbi olmayacaq. İş materiallarında olan “xxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-də işlədiyi müddət ərzində müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilməli və o, yalnız həmin Məcəllənin 264-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması əməlində cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olsa da, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş yol-nəqliyyat hadisəsi yerindən qaçma əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-160/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin bütün tibbi xərclərini ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin cinayətin motosiklla yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ondan 105 (yüz beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “müdafiəçi dəvət etmək barədə” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 105 (yüz beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-160/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-160/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver