Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-160/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 3, mənzil 1-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdirinin sürücüsü vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 600 manat pulu alıb vədinə əməl etməyərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o: - Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində tikinti şirkətlərindən birinə sürücü vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 600 manat məbləğində; - Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisinin müavini vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 750 manat məbləğində; - Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 1.500 manat, eyni məqsədlə xx xxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində həmin ünvanda əlavə olaraq 200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə 1.700 manat məbləğində; - Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ona tanışı X1 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürücü vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 1.500 manat məbləğində; - Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək ona qardaşı X5 Neft Tikinti İdarəsində sürücü vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 600 manat məbləğində; - Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək onu Bakı şəhərində yerləşən şirkətlərdən birinə sürücü vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında 1.000 manat məbləğində pulu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs4la tanış olmuş, onun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilindən xidmət haqqı ödəməklə istifadə etmişdir. Taryelə özünü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlədiyini deyərək kimisə sürücü və ya digər vəzifəyə düzəldə biləcəyini söyləmişdir. Həmin ilin oktyabr ayında Taryel ona tanışı Qubad Mirzəyevi, qaynının oğlu Zərərçəkmiş şəxs2, həmçinin İlhamın dostları Elvini, Aqşini və Anarı işə düzəltməsini ondan xahiş etmişdir. O da bu məsələni araşdırıb Taryelə məlumat verəcəyini demişdir. Əslində isə onun məqsədi bu şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. Əvvəlcə Taryel vasitəsilə onun qaynı oğlu İlhamla tanış olmuş və 150 manat pulun müqabilində onu Nazirlikdə şöbə müdirinin sürücüsü kimi işə düzəldəcəyinə vəd verib ondan xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında həmin vəsaiti almışdır. Daha sonra İlham onu öz dostları Elvin, Aqşin və Anarla da tanış etmişdir. O, bu şəxslərlə də ayrı-ayrı vaxtlarda görüşüb işə düzəltmək adı ilə onların hər birindən müxtəlif məbləğlərdə pul almışdır. Bundan başqa Taryel onu bacısı oğlu Nurlanla da tanış etmiş və o, Nurlana guya onu Nazirlikdə şöbə rəsinin müavini vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verərək ondan “28 Mall” ticarət mərkəzinin qarşısında 500 manat pul almışdır. Həmçinin, Taryelin vasitəsilə sonuncunun bacanağı Vüsal ilə də tanış olmuş və söhbətlərin birində onu Nazirlikdə şöbə müdiri vəzifəsinə işə düzəldə biləcəyini deyərək ondan “28 Mall” ticarət mərkəzinin qarşısında 200 manat pul almışdır. Eyni zamanda Taryel ilə söhbətlərin birində sonuncu ondan tanışı Qubadı sürücü kimi işə düzəltməyi xahiş etmiş, o da bu işlə bağlı kömək edəcəyini söyləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında Taryeldən tanışı Qubadı işə düzəltmək adı ilə 1.500 manat pul götürmüşdür. Aldığı bütün pulları öz ehtiyaclarına xərcləmiş, verdiyi vədlərlə bağlı heç bir iş görməmişdir. Çünki, onun işə düzəltmək üçün tanıdığı vəzifəli şəxs yoxdur və bununla bağlı da özü heç yerə müraciət etməmişdir. Himayəsində üç övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2019-cu ilin oktyabr ayında bibisinin əri Zərərçəkmiş şəxs4 vasitəsilə tanış olmuşdur. İsgəndər 600 manat pulun müqabilində onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdirinin sürücüsü vəzifəsinə düzəldə biləcəyinə vəd vermişdir. Həmin vaxtı o, işsiz olduğundan İsgəndərlə razılaşmış və xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında ona 600 manat pul vermişdir. İsgəndər ondan pulu götürüb bir ay ərzində işin həll olunacağına söz vermişdir. Lakin o vaxtdan uzun müddət keçsə də, İsgəndərdən heç bir xəbər çıxmamış, işi düzəlməmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, uzun müddət özünə iş axtarmış və həmin ərəfədə tanışı İlham Abbasovun vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. İsgəndər 600 manat pulun müqabilində onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində tikinti şirkətlərinin birinə sürücü kimi işə düzəldə biləcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında işə düzəlmək adı ilə 600 manat məbləğində pulu o, İsgəndərə vermişdir. İsgəndər də ondan pulu götürdükdən sonra bir ay müddətinə işin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddətin keçsə də, İsgəndər onun işini həll etməmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla dayısı Zərərçəkmiş şəxs4 vasitəsilə tanış olmuş, İsgəndər 750 manat pulun müqabilində onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəsinin müavini vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O da işsiz olduğundan buna etiraz etməmiş və işə düzəlmək adı ilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında İsgəndərə 750 manat pul vermişdir. İsgəndər məsələnin bir ay müddətinə həll olunacağını söyləsə də, verdiyi vədə əməl etməmiş, pulu da qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2019-cu ilin oktyabr ayında bacanağı Zərərçəkmiş şəxs4 vasitəsilə tanıyıb. İsgəndər 1.700 manat pulun müqabilində onu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. O da bu təkliflə razılaşmışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 15də İsgəndərlə “28 Mall” ticarət mərkəzinin qarşısında görüşüb ona 1.500 manat pul vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə İsgəndər ona komissiyadan keçmək üçün əlavə 200 manat da pul lazım olduğunu demiş, o da həmin günü saat 16 radələrində eyni ünvanda ona bu pulu da vermişdir. Lakin həmin gündən sonra uzun müddətin keçməsinə baxmayaraq İsgəndərdən bir xəbər çıxmamışdır. Ona vurulmuş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Günay Bank” ASC-də sürücü olaraq işlədiyi vaxtlarda tanımışdır. İsgəndər özünü ona Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyini demişdir. Daha sonra İsgəndər onu sürücü olaraq işləməyə dəvət etmiş, o da öz Mercedes-Benz” markalı avtomobili ilə 2019-cu ilinin avqust ayından İsgəndərlə işləməyə başlamış, avtomobili ilə hər gün onu Nazirliyin İdarəsinin yanına gətirmişdir. 2019-cu ilin oktyabr ayının əvvələrində İsgəndəri işə gətirərkən sonuncu ona bir neçə sürücü ştatının boşaldığını və işçi lazım olduğunu demişdir. Bu barədə o, qaynının oğlu İlhama, İlham da dostları Elvin, Aqşin və Anara danışmışdır. Həmçinin, İsgəndər ona idarədə şöbə müdiri və digər vəzifələrlə bağlı da boş vakansiyaların olduğunu söyləmişdir. O da işlə bağlı bacanağı Vüsala demişdir. Bundan sonra o, tanışı Qubadı Nazirlikdə sürücü kimi işə düzəltmək adı ilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 15 saylı ünvanda, “28 Mall” ticarət mərkəzinin yanında avtomobildə olarkən İsgəndərə 1.500 manat məbləğində pul vermişdir. Lakin İsgəndər vədinə əməl etməyərək işi görməyib onu aldatmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında qardaşı Nadirə iş axtaran zaman Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, bibisinin əri Taryelin İsgəndər adlı tanışı bu məsələni həll edə bilər. İlham onu İsgəndərlə tanış etmiş, sonuncu da özünü ona Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifədə işlədiyini söyləmişdir. İsgəndərlə söhbət əsnasında sonuncu ona qardaşını Neft Tikinti İdarəsində sürücü kimi işə düzəldə biləcəyinə söz vermiş və bu işin həlli üçün 1.700 manat pul lazım olacağını söyləmiş, eyni zamanda bildirmişdir ki, Nadirin əmək haqqısı 800-1.000 manat arası olacaq. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında İsgəndərə işi həll etməsi adı ilə 600 manat pul vermişdir. Aralarındakı razılığa görə o, İsgəndərə pulun qalan hissəsini Nadir işə düzələndən sonra verməli idi. Lakin bir müddətdən sonra işin düzəlmədiyini görüb İsgəndərlə əlaqə saxlamış, sonuncu isə hər şeyin qaydasında olduğunu söyləmişdir. Daha sonra İsgəndərin müxtəlif bəhanələr gətirdiyini görüb verdiyi pulu geri istəsə də, pul qaytarılmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında özünə iş axtararkən Zərərçəkmiş şəxs2 ona demişdir ki, bibisinin əri Taryelin bir tanışı var, bu şəxs onu Bakı şəhərində yerləşən şirkətlərdən birinə sürücü kimi işə düzəldə bilər. Bundan sonra Taryel onu Təqsirləndirilən şəxsla tanış etmişdir. İsgəndərlə aralarında olan söhbət zamanı sonuncu onu şirkətə aylıq 1.000 manat maaşı olan sürücü kimi işə düzəldə biləcəyini və bu işin həlli üçün 1.500 manat pul lazım olacağını söyləmişdir. Onunla razılaşdıqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında İsgəndərə 1.000 manat pul vermişdir. Pulun qalan hissəsini isə iş həll olunduqdan sonra verməli idi. Lakin bir müddət keçsə də, işi düzəlməmiş və buna görə də İsgəndərlə əlaqə saxlamış, sonuncu isə narahatçılığa əsas olmadığını demişdir. Daha sonra İsgəndərin müxtəlif bəhanələr gətirdiyini görüb ondan pulunu istəsə də, isgəndər pulu qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 681/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.224-228); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi üzrə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı əsasında xx.xx.2016-cı il tarixdə cəzadan azad olunmuşdur (İ cild, i.v.170-172, 175-179); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü bir övladı var (İİİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd);dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli törətməsini qismən etiraf edərək məhkəmədə zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pul məbləğlərini inkar edərək 500 manatdan aşağı göstərməyə çalışsa da, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun əməli tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hal onun özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun əvvəllər də dələduzluğa görə məhkum olunaraq islah olunmadığını, zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-160/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-160/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver