Məhkəmə qərarları › İş №1(006)-161/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-161/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-161/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-nın fəaliyyət göstərdiyi vaxtda oraya giriş qapısından daxil olub Zərərçəkmiş şəxs iş otağının qapısının açıq olmasından və otaqda digər şəxslərin olmamasından istifadə etməklə həmin otağa qanunsuz daxil olaraq otaqdakı oturacağın üzərindən içərisində 785 manat dəyərində halqası 2,5 qram çəkidə 750 əyarlı olmaqla digər hissəsi 6 qram çəkidə 585 əyarlı qızıl brelok, 500 manat nağd pul, zərərçəkmişin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla cəmi 50 manat dəyərində 05 ədəd "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-yə aid plastik kartlar olan 30 manat dəyərində pul qabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1365 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisəni törətdiyi vaxtlarda narkotik vasitələrdən istifadə etsə də, hal-hazırda narkotik vasitələrdən istifadə etmir. Onun narkotik vasitələrdən istifadə etməsinə səbəb isə “Vətən müharibəsi”ndə iştirak edərək travmalar alması olmuşdur. 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-nin ofisinin qarşısından keçən zaman həmin ofisin qarşısında və içəridə heç kimin olmadığını görüb həmin ofisə girib oğurluq etmək qərarına gəlmişdir. O, ofisin açıq giriş qapısından içəri daxil olmuş, orada heç kimin olmadığını görmüşdür. Bundan sonra ofisin otaqlarına açıq olan qapılarından baxmış və sonda bir otağa açıq qapıdan daxil olub, həmin otaqda oturacağın üzərindəki pul qabını götürmüş və onu üstündə gizlədib ofisdən çıxmışdır. O, ofisdən çıxıb hadisə yerindən uzaqlaşdıqdan sonra oğurladığı pul qabına baxdıqda həmin pul qabında 360 manat pul, bir ədəd brelok formasında qızıl, 5 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, avtomaşının texniki pasportu olduğunu görmüşdür. Bundan sonra bank kartlarının biri ilə həmin MTK-nın yanındakı “Bravo” marketdən 8 manatlıq alış-veriş etmişdir. Sonradan o, oğurladığı 360 manatı hissəhissə narkotik vasitələrə və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu qurtardıqdan sonra o, tanışı X2 qızıl breloku verib onun şəxsiyyət vəsiqəsi olmadığından satmasını xahiş etmişdir. X6 brelokun oğurluq yolu ilə əldə edildiyini bildirməmişdir. Bundan sonra Fəridə Yusubova həmin breloku Azərbaycan prospektində yerləşən qızıl mağazasına 360 manata satmış və pulu ona vermiş, o da əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O pul qabını, bank kartları, şəxsiyyət vəsiqəsi, texpasportu müxtəlif ərazilərdə tullamışdır. 14 dekabr 2022-ci il tarixdə gündüz saatlarında Nəsimi rayonu ərazisində olarkən isə 21-ci polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində o, cinayət əməlini etiraf edərək hadisə barədə ətraflı məlumat vermişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-da satış meneceri vəzifəsində işləmişdir. 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində işlədiyi ofisdən çıxıb tikinti sahəsinə getmişdir. Saat 14:11-də o, tikintidə olarkən mobil telefonuna bank kartından 8 manat alış-veriş olunması ilə bağlı SMS gəlmişdir. O, dərhal evə zəng vurub ailə üzvlərindən bank kartını götürüb-götürmədiklərini soruşduqda, bank kartını ailə üzvlərinin götürmədiyi məlum olmuşdur. O, bank kartının oğurlanmasından şübhələnib tez özünə məxsus 5 ədəd bank kartının məxsus olduğu bankların qaynar xəttlərinə yığıb kartlarını bloklatmışdır. Daha sonra ofisə qayıtmış və otağa daxil olub orada əl çantasının içərisindəki pul kisəsinin olmadığını aşkar etmiş və həmin pul kisəsinin oğurlanmasını başa düşmüşdür. Onun pul kisəsində 5 ədəd hər birinin dəyəri 10 manat olmaqla 50 manat dəyərində 5 ədəd bank kartları, 500 manat nağd pul, ümumi çəkisi 8,5 qram olan 1400 manat dəyərində qızıl brelok olmuşdur. İşdə olarkən müşahidə kameralarındakı videogörüntülərə baxan zaman bir nəfər naməlum şəxsin ofisə daxil olaraq onun oturduğu qapısı açıq vəziyyətdə olan otağa daxil olub oradan ona məxsus çantasındakı pul kisəsini oğurladığını görmüşdür. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1980 manat maddi ziyan dəymişdir. Bank kartlarının yalnız birindən 8 manat məbləğində alış-veriş olunmuşdur. Bank kartlarından ikisi "xxxx", ikisi "xxxx", biri “VTB” bank kartları olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın qaytarılmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, ünvan 4 ünvanda yerləşən obyekti tanışı şəriki ilə birlikdə icarə əsasında işlədir. 26 noyabr 2022-ci il tarixdə obyektdə olarkən 1 nəfər qız və 1 nəfər oğlan obyektə gəlmişlər və onlardan adının sonradan Fəridə olduğunu bildiyi qadın bir ədəd brelok qızıl çıxarıb onu satmaq istədiyini bildirmişdir. O, həmin qızılı götürüb baxmış, qızıl olub-olmadığını yoxlamış, tərəzi vasitəsilə ölçmüş və 7,7 qram çəkidə olmasını müəyyən etmişdir. O, Fəridə adlı şəxsə həmin qızılı 360 manata ala biləcəyini demiş, həmin şəxs də razılaşmışdır. Bundan sonra o, həmin şəxsin şəxsiyyət vəsiqəsini götürüb həmin şəxsiyyət vəsiqəsində olan məlumatları xüsusi qızıl alış aktına qeyd etmişdir. O, həmin qızıla aid məlumatları alış aktına yazdıqdan sonra həmin Fəridə adlı şəxsə qeyd olunan alış aktında imza etdirmiş və mobil telefon nömrəsini qeyd etmiş, həmçinin alış aktını özü imzalamışdır. Daha sonra Fəridə adlı şəxsə 360 manat pul vermiş və onlar çıxıb getmişlər. Sonradan onlar həmin qızılı əridib satmışlar. Bu hadisədən təxminən 10-15 gün sonra polis əməkdaşları gəlib bir nəfər oğlanın qızıl satdığını deyib, həmin oğlanın şəklini ona göstərmişlər. O, şəkildəki şəxsi tanımış, həmin şəxs Fəridə adlı şəxsin yanında gələn şəxs olmuşdur. Bundan sonra, o, qızıl alış aktını polis əməkdaşlarına təqdim etmişdir. O qızılı alarkən onun oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Fəridə adlı şəxs qızılın özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanda yerləşən "xxxx" MTK-nın inzibati binasıdır (i/v 13-14). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam təqimkan tədbiri seçilməsinə dair” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 50-51). İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli alış aktının surətindən görünür ki, alıcı Şahid tərəfindən 7.4 qram çəkidə 585 əyyarlı brelok satıcı F.Yusubovadan 360 manata alınmışdır (i/v 60). İş materiallarında olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə 01 ədəd videogörüntü vardır. Həmin videogörüntü xüsusi proqram vasitəsilə açıldıqda müəyyən olunmuşdur ki, videogörüntü 01 dəqiqə 11 saniyə müddətindədir. Videogörüntü açılan kimi bir nəfər qara rəngli gödəkcədə, göy rəngli şalvarda və qara rəngli ayaqqabıda olan bir nəfər oğlan "xxxx" MTK-nın satış ofisinin qarşısından keçən zaman qəfil geri qayıdıb həmin ofisə daxil olur, oğlan ofisə daxil olduqdan sonra düzünə irəliləyib sağ tərəfdə olan otağa daxil olur, lakin 2 saniyə sonra oradan çıxır və üzbəüz olan otağa, yəni ofisə girişdən düz hərəkət edib, sola döndükdə soldakı otağa daxil olur və orada otağa girişdən sol tərəfdə yerləşən şkafın axırında axtarış aparıb oradan pul kisəsinə oxşar nəsə götürür və şalvarının qarşı hissəsinə salıb üzərinə köynəyini örtür və otaqdan çıxıb ofisi tərk edir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə olan oğlanın ona məxsus əl çantasından pul kisəsini oğurladığını bildirmişdir (i/v 65). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/9103 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 qram 585 əyarlı olan qızıl brelokun 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 510 manat, 2,5 qram 750 əyarlı qızıl brelokun 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 275 manat müəyyən edilmişdir (i/v 90-91). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə 01 ədəd videogörüntü vardır. Həmin videogörüntü xüsusi proqram vasitəsilə açıldıqda müəyyən olunmuşdur ki, videogörüntü 01 dəqiqə 11 saniyə müddətindədir. Videogörüntü açılan kimi bir nəfər qara rəngli gödəkcədə, göy rəngli şalvarda və qara rəngli ayaqqabıda olan bir nəfər oğlan "xxxx" MTK-nın satış ofisinin qarşısından keçən zaman qəfil geri qayıdıb həmin ofisə daxil olur, oğlan ofisə daxil olduqdan sonra düzünə irəliləyib sağ tərəfdə olan otağa daxil olur, lakin 2 saniyə sonra oradan çıxır və üzbəüz olan otağa, yəni ofisə girişdən düz hərəkət edib, sola döndükdə soldakı otağa daxil olur və orada otağa girişdən sol tərəfdə yerləşən şkafın axırında axtarış aparıb oradan pul kisəsinə oxşar nəsə götürür və şalvarının qarşı hissəsinə salıb üzərinə köynəyini örtür və otaqdan çıxıb ofisi tərk edir. Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə qara rəngli gödəkcədə, göy rəngli şalvarda və qara rəngli ayaqqabıda olan oğlan onun özüdür, həqiqətən də videogörüntüdə olduğu kimi "xxxx" MTK-nın inzibati binasına daxil olub, dəhlizlə hərəkət edərək sola dönüb soldakı otaqda olan oturacağın üzərindəki əl çantasından pul kisəsini oğurlamışdır (i/v 74). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən və Şirvan Apellyasiya Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin 1.1 və 1.2-ci bəndləri tətbiq edilməklə 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür (i/v 67-69, 77-81). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə oğurluq hadisəsini əks etdirən videogörüntü olan 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır (i/v 100-110). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə tapşırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi və həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7088/2023 nömrəli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 16 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən məhkəməyə ünvanlanmış 14 oktyabr 2023-cü il tarixli, 51-3/2-10818/23 nömrəli məktubundan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Abbasov X4 rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi 5 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Abbasov X4 rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi 5 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş SX seriaylı ******* nömrəli hərbi biletin surətindən, İ- 4371 və İ-735 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun işğaldan azad olunmasında iştirak etmiş və “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, ondan ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-161/2023 saylı, 17 mart 2023-cü il tarixli qərara əsasən 27 mart 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 06 (altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar