Məhkəmə qərarları › İş №1(006)-161/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-161/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-161/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Təhsil Respublika İdman Mərkəzi” X3 aparıcı iqtisadçı işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40-da yaşadığı ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə əli ilə qəsdən zərbələr vuraraq ona sol almacıq-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançır-şişkinliyi (dərialtı hematoması) kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan onların 2012-ci ildə Nəbi adlı övladları doğulmuşdur. Hadisə ərəfəsində onun həyat yoldaşı ilə aralarında tez-tez mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində o, evə gələn zaman həyat yoldaşı ilə sözlə mübahisəsi baş vermiş və həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Lakin həyat yoldaşı Zərərçəkmiş şəxs bununla sakitləşməyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin zaman əsəblərinə hakim ola bilməyərək əli ilə həyat yoldaşı Zərərçəkmiş şəxs sifətindən bir neçə dəfə əl zərbələri endirmişdir. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Bundan sonra həyat yoldaşı müvafiq polis şöbəsinə müraciət edərək onun barəsində şikayətçi olmuşdur. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nikahdan onların 2012-ci ildə Nəbi adlı övladları doğulmuşdur. Hadisə ərəfəsində onun həyat yoldaşı ilə aralarında tez-tez mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs ona bir neçə dəfə əl qaldırsada belə, o, ailə münasibətlərini nəzərə alaraq, sonuncunun barəsində heç bir zaman şikayət etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə gələrək yenə də onunla sözlü mübahisə etmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da, sonuncu sakitləşməyərək əli ilə onun sifətindən bir neçə dəfə əl zərbələri endirmişdir. Hadisə vaxtı ətrafda heç kim olmamışdır. Bundan sonra həyat yoldaşı barəsində müvafiq polis şöbəsinə müraciət edərək şikayətçi olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən və sonuncuya qarşı şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1602 saylı expert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sol almacıq-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qançır-şişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. (i/v 23-25). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 21). Məhkəməyə təqdim edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 06 yanvar 2025-ci il tarixli, 3M-3 nömrəli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar