Məhkəmə qərarları › İş №1(006)-162/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-162/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-162/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu ödənilməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 fevral 2020-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Red and Black” adlı kafedə pivə içərkən onunla eyni masada əyləşən X1 qovşağına getməsindən istifadə edərək sonuncuya məxsus, masanın üzərində olan, içərisində 7 manatlıq danışıq limiti ilə 10 manat dəyərində 077 ***-**-** saylı GSM nömrə olan 615 manat dəyərində bir ədəd “Redmi Note 7” markalı mobil telefon aparatını, içərisində 1.220,50 manat pul olan 20 manat dəyərində qara rəngli dəri pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 1.872,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını açıq talama məqsədilə 17 fevral 2020-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən “Davud” adlı kafedə pivə içərkən onunla eyni masada əyləşmiş Zərərçəkmiş şəxs2 sanitar qovşağına getməsindən istifadə edərək sonuncuya məxsus, masanın üzərində olan, içərisində 2 manatlıq danışıq limiti ilə 5 manat dəyərində 050 ***- **-** GSM nömrə olan 450 manat dəyərində bir ədəd “Xiaomi Mİ 2” markalı mobil telefon aparatını, içərisində 125 manat pul olan 30 manat dəyərində dəri pul kisəsini gizli olaraq talayıb kafedən çıxarkən Zərərçəkmiş şəxs2 geri qayıdıb əmlakının talandığını aşkar edib onun arxasınca qaçmaqla hüquqazidd hərəkətlərinin qarşısının alınmasını tələb etsə də, o əldə etdiyi əmlakı özündə saxlayaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla zərər çəkmiş şəxsə ümumilikdə 612 manat dəyərində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan əlavə o, 18 iyun 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanda yerləşən “Bakcell” adlı mobil telefonların satışı ilə məşğul olan mağazadan satıcının diqqətinin yayınmasından istifadə edərək piştaxtanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus, içərisində milli məzənnə ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları, 300 manat pul, “xxxx” ASC-yə aid hər biri 10 manata olan üç ədəd, “xxxx” ASC-yə aid 10 manat dəyərində bir ədəd plastik kartlar olan 20 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxsə 2.060 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 fevral 2020-ci il tarixdə, axşam radələrində əvvəllər birlikdə işlədiyi Yusif adlı tanışı ona zəng edib Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Red and Black” kafesində olduğunu bildirmiş və onu da ora pivə içməyə dəvət etmişdir. O da saat 21 radələrində həmin yerə gəlmiş və Yusiflə birlikdə kafedə pivə içərkən sonuncunun tanışı, adını sonradan bildiyi Zemfıra Telmanzadə kafeyə gəlmişdir. Onlar birlikdə kafenin pərdə ilə ayrılmış hissəsində əyləşmiş, bir müddət sonra Zemfira və Yusif ayaqyoluna getmişlər. Onlar tərəfə baxdıqda ayaqyolunun qarşısında dayanıb söhbət etdiklərini və başlarının qarışıq olduğunu görmüş, buna görə də fürsətdən istifadə edib masanın üzərindəki iki ədəd mobil telefon aparatını və bir ədəd pul kisəsini götürüb cəld kafedən çıxmışdır. Götürdüyü mobil telefonların hər ikisinin də Zemfiraya məxsus olduğunu düşünsə də, sonradan birinin Yusifə aid olduğunu bilmişdir. Mobil telefonları ertəsi günü metronun “Neftçilər” stansiyasının yaxınlığında 140 manata satmışdır. Zemfiranın pul kisəsində isə onun dediyi kimi 1.220,50 manat deyil, 11,30 manat pul olmuşdur. Bundan başqa o, 17 fevral 2020-ci il tarixdə, saat 23 radələrində Masazır qəsəbəsində kirayə yaşadığı evin yaxınlığında yerləşən “Davud” çay evində pivə içərkən oraya əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 gəlmiş, içəridə digər boş yer olmadığından onun olduğu masada əyləşmişdir. Bu zaman Elvin üzərində olan pul kisəsini, “Xiaomi” markalı mobil telefon aparatını masanın üzərinə qoymuşdur. Elvin pivə içdikdən sonra ayaqyoluna getmiş, lakin əşyaları masanın üzərində qalmışdır. Bundan istifadə edib o, bu əşyaları götürüb cəld kafedən çıxmış və arxa tərəfə keçərək binaların arası ilə qaçıb oradan uzaqlaşmışdır. Bir qədər sonra binalardan birinin həyətində olan ağacın altında əyilib gizlənmişdir. Oradan kafeyə doğru baxanda Elvin və kafenin sahibi Davudun çölə çıxıb kafenin arxasındakı bina tərəfə döndüklərini görmüşdür. Oğurladığı pul kisəsini açdıqda oradakı 8,50 manat pulu götürmüş, əlindəki telefon isə yerə düşüb ekranı sındığı üçün onu metronun “20 Yanvar” stansiyası ərazisində ehtiyat hissəsi kimi 40 manata satmışdır. Elvinə qarşı soyğunçuluq etməmiş, kafedən çıxanda sonuncu onu görməmişdir. Bundan əlavə o, 18.06.2020-ci il tarixdə özünün mobil telefon aparatını düzəltdirmək üçün saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “Bakcell” adlı mobil telefonların satışı ilə məşğul olan mağazaya gəlmişdir. Orada işçiyə yaxınlaşıb telefonundakı nasazlıq barədə məlumat vermiş və sonuncu da təmir üçün telefonu ondan alıb gözləməyini bildirmişdir. Bu zaman o, bir nəfər işçinin oturduğu stulun önündəki masanın siyirməsində olan pul kisəsinə tez-tez pulun qoyduğunu görmüş və bu kisəni oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxıb hamının diqqətinin yayındığını gördükdən sonra siyirmədən həmin kisəni götürüb sakitcə mağazanı tərk etmişdir. Taksidə olarkən pul kisəsini açıb içərisindən 800 ABŞ dolları və 150 manat pulu götürmüş, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi və dörd ədəd pul kartını isə önündəki oturacağın arxa cibinə qoymuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 17 fevral 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən “Davud” adlı kafeyə pivə içmək üçün getmiş, orada yer olmadığından məcbur qalıb pərdə ilə ayrılmış hissədə tanımadığı, adını sonradan bildiyi Zöhrabla birlikdə əyləşməli olmuşdur. Pivə sifariş etdikdən sonra ayaqyoluna getmək üçün masadan qalxmış, bu zaman özünə məxsus, 450 manat dəyərində bir ədəd “Xiaomi Mİ 2” markalı mobil telefon aparatını və içərisində 125 manat pul olan 30 manat dəyərində pul qabını masanın üzərinə qoymuşdur. Bir neçə dəqiqədən sonra geri qayıdanda görmüşdür ki, əyləşdiyi yerin pərdəsi tərpənir və oradan kimsə çıxır. Oraya yaxınlaşdıqda Zöhrabın getdiyini, həmçinin masanın üzərinə qoyduğu telefon və pul kisəsinin də orada olmadığını görmüşdür. Dərhal kafedən çölə çıxdıqda Zöhrabın qaçdığını görüb ona səslənmişdir ki, dayansın və əşyalarını geri qaytarsın. Onun ardınca qaçsa da, Zöhrab tezliklə gözdən itmişdir. Həmçinin ehtiyat etmişdir ki, birdən Zöhrabın üzərində bıçaq olar, ona yaxınlaşsa sonuncu xəsarət yetirər. Baş vermiş hadisə nəticəsində onun üzərində 2 manatlıq danışıq limiti ilə 5 manat dəyərində 050 ***-**-** GSM nömrə olan 450 manata aldığı “Xiaomi Mİ 2” markalı mobil telefon aparatı, içərisində 125 manat pul olan 30 manat dəyərində dəri pul kisəsi talanmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 18 iyun 2020-ci il tarixdə, saat 20 radələrində işlədiyi, ünvan 1 ünvanda yerləşən “Bakcell” adlı mobil telefonların satışı ilə məşğul olan mağazada piştaxtaya qoyduğu, içərisində 1.000 ABŞ dolları, 300 manat pul, “xxxx” ASC-yə aid hər biri 10 manata olan üç ədəd, “xxxx” ASC-yə aid 10 manat dəyərində bir ədəd plastik kartlar, sürücülük və şəxsiyyət vəsiqələri olan 20 manat dəyərində qara rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Sonradan mağazada olan müşahidə kameralarındakı videogörüntülərə baxdıqda görmüşdür ki, daha sonra adını bildiyi Zöhrab adlı şəxs həmin əşyaları götürüb mağazadan çıxmışdır. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs X3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, 14 fevral 2020-ci il tarixdə, saat 18 radələrində evdə olduğu zaman tanışı Yusifə zəng vurub onun harada olduğunu soruşmuş, sonuncu da Zöhrab adlı tanışı ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Red and Black” adlı kafedə olduğunu demişdir. O da həmin kafeyə gəlmək istədiyini bildirəndə, Yusif buna etiraz etməmişdir. Kafeyə gələndə Yusif və Zöhrab otaqların birində olmuş, o da onların yanında əyləşib çay içmişdir. Bir müddət sonra ayaqyoluna getmək istəmiş, lakin içəridə adam çox olduğundan Yusif də onunla getmişdir. Zöhrab isə otaqda tək qalmışdır. Bir neçə dəqiqədən sonra otağa qayıdanda Zöhrabın çıxıb getdiyini və masanın üzərindəki mobil telefonların yerində olmadığını görmüşlər. O, cəld çantasına baxmış və içərisində 1.220,50 manat olan pul kisəsinin də yerində olmadığını aşkar etmişdir. Bundan sonra Yusif də öz gödəkcəsinin cibinə baxmış və içərisində 50 manat olan pul kisəsinin olmadığını görmüşdür. Artıq Zöhrabın onların mobil telefonlarını və pullarını oğurlayaraq qaçdığını başa düşmüşlər. Baş vermiş hadisə nəticəsində onun üzərində 7 manatlıq danışıq limiti ilə 10 manat dəyərində 077 ***-**-** saylı GSM nömrəsi olan 615 manat dəyərində bir ədəd “Redmi Note 7” markalı mobil telefon aparatını, içərisində 1.220,50 manat pul olan 20 manat dəyərində qara rəngli dəri pul kisəsi oğurlanmışdır (İ cild, i.v.61-63). İş materiallarında olan:  çıxarışa görə 2020-ci il iyun ayının 18-nə 01 ABŞ dollarının məzənnəsi 1,70 manat təşkil edir (İ cild, i.v.199);  Abşeron Rayon Məhkəməsinin 17.10.2020-ci il tarixli, 4(012)-515/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.127-131);  “Sübutların qiymətləndirilməsi haqqında” 14.12.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 14 fevral 2020-ci il tarixdə Yusif adlı şəxsə məxsus bir ədəd mobil telefon və 50 manat pul oğurlaması xüsusatı üzrə zərər çəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan mobil telefonların qiyməti zərər çəkmiş şəxslərin ifadələrində göstərdiyi qiymətlərə istinad edilməklə ittihama daxil edilmişdir (İ cild, i.v.235-246);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.11.2020-ci il tarixli arayış və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, o cümlədən, Sumqayıt Şəhər Məhkəməsinin 30.09.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.12.2014-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 07 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 18.04.2017-ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06.05.2016-cı il tarixli Qanun tətbiq edilməklə qeyd olunan Məcəllənin 177.2.4-cü maddəsi həmin hökmdən xaric edilmiş və onun üzərində 04 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 12.12.2018ci il tarixli qərarı ilə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Qanun tətbiq edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 30.09.2010-cu tarixli hökmü üzrə cinayət işinin icraatına xitam verilərək o, həmin hökmlə təyin edilmiş cəzadan azad edilmiş, Cinayət Məcəlləsinin 67.1ci maddəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2016-cı il tarixli hökmündən xaric edilmiş, bu hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti azaldılaraq 03 il həddində müəyyən edilmiş və o, cəzasını çəkib qurtardığından məhkəmə zalından azad edilmişdir (İ cild, i.v.229-232, 268-271, İİ cild);  Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs 04.11.2019-cu il və 15.04.2021-ci il təvəllüdlü iki övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməlləri törətməsini qismən etiraf edərək zərər çəkmiş şəxslərin taladığı pul vəsaitinin məbləğlərini aşağı göstərsə də, habelə Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq etmədiyini bildirsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun əməlləri tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hal onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cinayətkar vərdişini, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da yüksək ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan - 15 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 -ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar