Məhkəmə qərarları › İş №1(006)-162/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-162/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-162/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcədən olan borc məsələsi ilə bağlı yaranmış mübahisə zamanı üzərindəki ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyələrinə qəsdən zərbələr vurmaqla ona sağ sağrı nahiyyəsinin 1 ədəd və sol baldırın 1 ədəd deşilmiş-kəsilmiş yaraları və sol əlin kəsilmiş yarası kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, üzlük (daş) vurma ustası olaraq müxtəlif tikintilərdə fərdi qaydada çalışır. xx.xx.2023-cü il tarixdə təmirində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, “Embawood”-un yaxınlığında yerləşən orta məktəbə getmişdir. Həmin tarixdə saat 19:00 radələrində iş yoldaşı Rüstəm adlı şəxslə işdən çıxıb taksi vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi istiqamətində gəlmişdirlər. Həmin küçə ilə gedərkən “Məxməri” adlı kafe görmüşlər və orada “yeyib-içmək” qərarına gəlmişdirlər. Həmin kafenin həyətində yerləşən masalardan birində Rüstəmlə əyləşmişdirlər. Onlar birlikdə bir qədər spirtli içki qəbul etmişdirlər. Bir müddət sonra o, tanışı Zərərçəkmiş şəxs həmin küçə ilə hərəkət edərkən görmüş və onu da masalarına dəvət etmişdir. Kamal da onlara qoşulmuş, o, Rüstəm və Kamal bir qədər də spirtli içki qəbul etmişdirlər. Bundan sonra söhbət əsnasında Zərərçəkmiş şəxslə onun arasında mübahisə yaranmışdır. Belə ki, əvvəllər onlar Kamal ilə birlikdə tikintidə fərdi qaydada işləmişdirlər. Həmin iş bitdikdən sonra isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin evin sahibindən tikinti üçün ona bildirdiyindən daha artıq məbləğdə pul almış və həmin puldan ona heçnə verməmişdir. O, bu məsələni Kamala bildirdikdə və onun pulunu niyə vermədiyini sual etdikdə Zərərçəkmiş şəxs yaxşı etdiyini bildirərək onu təhqir etməyə başlamışdır. O, Kamala kafenin içərisində çox adam olduğunu bildirmiş və çölə çıxmasını tələb etmişdir. Bundan sonra masalarının hesabını ödəmiş, kafeni ilk o tərk etmiş və kafenin yanında olan “köşk”dən bir ədəd göy rəngli kiçik ölçülü bıçağı 3 (üç) manata almışdır. Həmin zaman onun arxasınca Rüstəm də kafeni tərk etmişdir. Bu zaman o, Rüstəmi taksi vasitəsi ilə evinə yola salmışdır. Bundan sonra Zərərçəkmiş şəxs də həmin kafedən çıxmış və onlar birlikdə kafenin qarşısındakı avtomobil yolunun digər tərəfinə keçmişdirlər. Oraya çatdıqda o, Zərərçəkmiş şəxs bir yumruq zərbəsi endirmişdir. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış və bu zaman o, Kamalın omba nahiyəsindən üzərində olan bıçaqla bir dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bundan sonra o, həmin ərazini tərk edərək evinə getmişdir. Bundan bir neçə saat sonra o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir, oraya getdikdə Zərərçəkmiş şəxs polis şöbəsində görmüş və orada hadisə barəsində ətraflı izahatını vermişdir. Onun Zərərçəkmiş şəxslə heç bir ədavət və ya düşmənliyi yox idi. Həmin zaman aralarında pul problemi olduğundan bu cür hadisə baş vermişdir. Zərərçəkmiş şəxs onu təhqir etmiş bu isə onu daha da əsəbləşdirmiş və o, bu hadisəni törətmişdir. Rüstəm adlı şəxslə 2-3 dəfə birlikdə tikintidə işləmişdir. Rüstəmlə şəxsi tanışlığı yoxdur sadəcə olaraq iş yoldaşı kimi tanımışdır. O, Rüstəm adlı şəxs barəsində dəqiq olaraq soyad, ad, ata adı, mobil nömrəsi və ya onunla əlaqədar hər hansı bir məlumata malik deyildir, hadisə baş verdiyi gündən sonra bir daha həmin şəxsi görməmişdir O, həmin zaman oranı tərk edib öz məhlələrinə getmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə isə özü polis şöbəsinə getmişdir. Həmin zaman bıçağı atmaqda xüsusi bir məqsədi olmamış, sadəcə olaraq Kamala xəsarət yetirmiş və polis şöbəsinə getdiyi zaman bıçağı oradan götürüb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00-20:00 radələrində yaşadığı evdə olarkən əvvəllər birlikdə tikintidə işlədiyi tanışı Təqsirləndirilən şəxs ona zəng edərək onu Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Məxməri” adlı kafeyə pivə içmək üçün dəvət etmişdir. O, oraya çatdıqda həmin kafenin çöl hissəsində olan masaların birində Təqsirləndirilən şəxs və onun yanında oturan bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. O, həmin şəxslərlə görüşüb həmin masada əyləşmişdir, söhbət əsnasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yanında olan tanımadığı şəxs Rövşənin iş yoldaşıdır. Onlar təxminən yarım saat oturmuş və bu müddət ərzində o, 1 bakal pivə içmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona olan 10 (on) manat borcunu niyə ödəmədiyini sual etmişdir. O, hadisədən təxminən 3-4 gün əvvəl Rövşəndən 10 manat borc almışdır. Bu suala cavab olaraq o, Təqsirləndirilən şəxs işləyib pul qazanan kimi borcunu qaytaracağını bildirmişdir. Rövşən ona həmin pulu bu dəqiqə verməli olduğunu bildirdikdə, o, hal-hazırda pulunun olmadığını Rövşənə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxslə aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra onlar masadan qalxaraq hesabı ödəmiş və kafedən çıxmışdırlar. Onlar təbii ehtiyaclarını qarşılamaq məqsədilə sanitar qovşağı tapmaq üçün kafenin qarşısında yerləşən yolun qarşı tərəfinə keçmişdirlər. Orada qaranlıq ara küçələrin birinə daxil olmuşdurlar. Oradan çıxıb getmək istəyən zaman Təqsirləndirilən şəxs onun yaxasından tutaraq pulunu niyə qaytarmadığını sual etmişdir. O isə cavab olaraq bildirmişdir ki, 10 manata görə mübahisəyə dəyməz, pulunu ödəyəcəkdir. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra onlar Rövşənlə əlbəyaxa olmuşdurlar. Bu zaman Rövşən onu itələmiş və o, yerə yıxılmışdır. Həmin anda Rövşən üzərində olan bıçağı çıxardaraq onun ayaq nahiyələrindən və sol əlindən ona xəsarət yetirmişdir. Həmin zaman Rövşənin yanında olan adını bilmədiyi iş yoldaşı Rövşəni aralayaraq kənara çəkmişdir. O, araya girməsə idi Rövşən onu bıçaqla vurmağa davam edəcəkdir. Həmin şəxslər onun yanından kənarlaşdıqdan sonra o, qan içində Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə getmiş və hadisə barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra isə o, xəsarət aldığından tibbi ekspertizadan keçmişdir. Rövşən o yerdə olarkən onun sol ayağının topuq nahiyəsinin bir qədər yuxarı hissəsindən 1 dəfə, sağ ayağının budnahiyyəsindən 1 dəfə olmaqla zərbə endirmişdir. O, bıçağı Rövşənin əlindən almağa çalışarkən sol əlinin ovuc nahiyyəsindən də xəsarət almışdır. Onun Rövşənlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Rövşənlə ilk dəfə idi ki, mübahisə etmişdir. Həmin bıçağı isə görsə tanıya bilər. Sadəcə olaraq onların aralarında borc pul məsələsi var imiş. O, Rövşənin ona xəsarət yetirəcəyini ümumiyyətlə gözləmirdi. O, sürüşüb yerə yıxıldıqdan sonra Rövşən üzərindəki bıçağı əlinə almaqla ona xəsarət yetirdiyindən o, Rövşənə qarşı heç bir müqavimət göstərə bilməmişdir. Sadəcə olaraq Rövşənin əlindəki bıçağı almağa çalışsa da buna nail ola bilməmişdir və sol əlinin ovuc nahiyyəsindən də xəsarət almışdır. Bundan sonra Rövşənin yanında olan iş yoldaşı Rövşəni aralayaraq kənara aparmışdır. Hadisə havanın qaranlıq vaxtı, saat təxminən 21 radələrində baş vermişdir və təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zamanı əynində olan üzərində xəsarət izləri olan paltarlar hadisə nəticəsində qan ilə ləkələndiyindən həmin paltarları tullamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Göstərdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya ETT Birliyi»nin canlı şəxsin məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1396 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ sağrı nahiyyəsinin 1 ədəd və sol baldırın 1 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, sol əlin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni bıçağın tiyəsinin kəsici və deşicikəsici təsirindən törənə bilərdilər, şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. (i/v 24- 26). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanımaq” haqqında qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra göndərilmiş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i/v123). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-3/1591 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərlərində sonradan düzəliş olunmamışdır. (i/v 59-61) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (i/v 38-39). İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə təhvil verilmişdir. (i/v 74). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmişdir. (i/v 115-116). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materilları ilə sübuta yetirilir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşmanlıq çəkdikdə, zərər çəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs 64 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-162/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 14 fevral 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məsuliyyətdən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar