Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-163/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətidov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 və onun vəkili, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X14 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, X17 xx.xx.2022-ci il tarixdə X15 ile ailə həyatı quraraq, onu yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr 60 ünvanında yerləşən evə köçmüşdür. Həmin evdə o, həyat yoldaşı X15, X3, qayınanası X12 birlikdə yaşayırdılar. Gəlin köçdüyündən bir müddət sonra qayınatası və qayınanası onunla ədavət aparmağa başlamış və demək olar ki, hər zaman onu incitməyə, nəticədə birdəfəlik atasının evinə getməyinə çalışmışlar. Bütün olanların nəticəsində dəfələrlə atası onlarla danışmış, onu incitməmələri, ailəsini dağıtmamaları barədə dəfələrlə söhbətlər aparımışdır. Lakin bunlar müsbət bir nəticə verməmiş və nəhayət onlar barəsində iyrənc və ağlasığmaz hərəkətlər etmişlər. Belə ki, qayıntası və qayınanası onun barəsində rüsvayedici məlumatlar və təhqiredici sözlər yaymaqla onun ailədə, eyni zamanda qohumları arasında olan nüfuzuna ciddi xələl gətirmişlər. İlk olaraq X3 istifadəsində olduğu ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabından onun olduğu iddia edilən və şəxsi həyata dair məlumatlar hesab edilən müxtəlif foto və videoları onun atası ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabına göndərmiş, hətta daha da irəli gedərək səs yazısı göndərməklə onun ünvanına "əxlaqsız", "fahişə", "......", ".......", "......." və digər buna oxşar məzmunlu ifadələr işlətməklə onu ailəsinin yanında rüsvay etmiş və bununla kifayətlənməyib nəinki Qusar rayonunda, bütün Azərbaycanda biabır edəcəyini, alçadacağını bildirmişdir. X3 bununla kifayətlənməmiş, atasına səs göndərərək tezliklə televiziya kanallarının birində yayımlanan verlişə gedəcəyini, onu biabır edəcəyini, onda olan şəkil və videoları bütün ölkəyə yayaraq onu tanıtdıracağını bildirmişdir. Atası dəfələrlə ona səs və mesajlar yazaraq belə etməməsini, ailəni və onu təhqir etməməsini xahiş etsə də X13 buna məhəl qoymamış, əksinə atasını da, qardaşlarını da biabırçı şəkildə təhqir etməkdən çəkinməmişdir. Belə ki, X13 istifadəsində olduğu ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabından atası X6 ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabına göndərdiyi 1:45 saniyəlik səs yazısında atasının, anasının, qardaşlarının ünvanına xoşagəlməz, təhqirdolu sözlər işlətmiş, hətta atasına onun başını kəsməyi, qardaşlarının niyə onu öldürmədiyini və tezliklə öldürməyi məsləhət görmüşdür. Bundan başqa qayınanası X12 ona məxsus ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabından onun anası X5 ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabına onun olduğu iddia edilən və şəxsi həyata dair məlumatlar hesab edilən müxtəlif foto və videoları göndərmiş və onun barəsində rüsvayedici və təhqiredici məlumatlar yaymaqla onu anasının yanında təhqir etmişdir. Belə ki, X12 anası X7 göndərdiyi bir neçə səs yazısında onun ünvanına "əxlaqsız", "fahişə", "......", ".......", "pozğun", "......." və digər buna oxşar məzmunlu ifadələr işlətməkdən çəkinməmiş, hətta onu biabır edəcəyini, əlində olan şəkil və videoları hamıya yayacağını bildirmişdir. Həmçinin, X12 ona məxsus ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabından onun yaxın qohumu X4 ********** telefon nömrəsinin "Whatsapp" sosial şəbəkə hesabına onun olduğu iddia edilən və şəxsi həyata dair məlumatlar hesab edilən müxtəlif foto və videoları göndərmiş və barəsində rüsvayedici və təhqiredici məlumatlar yaymaqla onu qohumları arasında təhqir etmişdir. X2 və qaymanası X1 şəkil və videoları necə əldə etməsindən məlumatsızdır, lakin həmin məlumatlar onun şəxsi həyat məlumatlardır və onların icazəsi olmadan yayılması şəxsi həyata müdaxilədir ki, bu da öz növbəsində cinayət sayılır. Qeyd edir ki, onun olduğu iddia edilən və şəxsi həyata dair məlumatlar hesab edilən videolara gəlincə, həmin videolar Qusar rayonunda yaşayan "Vəli" adlı şəxs tərəfindən (telefon nömrəsi **********) onun iradəsinə zidd olaraq, eyni zamanda gizlin formada, hətta ona hədə-qorxu gəlməklə çəkilmişdir. Lakin həmin görüntülərin nədən ibarət olmasını o görməmiş və onların qaymatası X9 və qaymanası X10 nə məqsədlə ötürülməsindən xəbərsizdir. O, sözügedən şəkil və videoları yalnız qaynatası X13 və qaynanası X12 insanlara yaydıqdan sonra görmüş və belə bir şəkil və videoların qəsdən, özü də onun icazəsi olmadan yayılmasını düzgün hesab etmir, bu şəxsi həyata müdaxilə sayılmalı, şəxsi məlumatları qanunsuz və gizli yolla yayma hesab edilməlidir. Həmçinin bu məlumatların cəmiyyətdə yayılması onun şəxsiyyəti ilə, nüfuzu ilə birbaşa əlaqəli olduğu üçün, nəticədə şəxsiyyətinin, nüfuzunun cəmiyyət tərəfindən alçaldıcı şəkildə qəbul edilməsi səbəbdindən təhqir olunduğu məhkəmənin diqqətindən yayınmamalıdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X3 və qayınanası X12 onun razılığı və icazəsi olmadan, ondan gizlin, qəsdən, onu cəmiyyətdə nüfuzuna və şəxsiyyətinə xələl gətirmək, onu təhqir etmək məqsədilə şəxsi həyat məlumatları hesab olunan ona aid şəkil və videoları müxtəlif insanlara yaymaqla, o cümlədən barəsində "əxlaqsız", "fahişə", "....", ".....", "pozğun", "......" və digər buna oxşar məzmunlu ifadələr işlətməklə onu təhqir etmişlər və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Qeyd edilənlərə əsasən X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 və onun vəkili Müdafiəçi1 ayrı-ayrılıqda şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Yuxarıda göründüyü kimi şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmanın cinayət tərkibi yaratması üçün zəruri element onun yayılmasının kütləviliyidir ki, hazırki iş üzrə şərəf və ləyaqətin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında alçaldılması müəyyən edilməmişdir. Buna görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması qənaətinə gəlir. Bundan başqa CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla şikayətin tərtib edildiyi yer qeyd edilməmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin, ümumiyyətlə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi göstərilməlidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17, X13 və X12 tərəfindən CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini qeyd etsə də, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsinə dair işin hallarını, habelə cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları (şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X14 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X17 tərəfindən X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-163/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-163/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver