Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-163/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, müdafiəçi – Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,263 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanının qarşısında saxlanılaraq ünvan 3əşən 19-cu polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,263 qram təşkil edən kustar üsülla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, əvvəllər məhkum olunmuşdur. 29 oktyabr 2024-cü il tarixdə səhər saat 09.30 radələrində «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata bir ədəd bükümdə el arasında «patı» kimi tanınan psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Nəsimi RPİnin 19-cu PŞ-nə gətirmişlər. Şöbədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçisinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükülmüş halda olan bükümdə psixotrop maddə hesab edilən metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq etmişdir. Üzərindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə hesab edilən metamfetamini öz istifadəsi üçün alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin şəxsdən ilk dəfədir ki psixotrop maddə almış, onun anket məlumatlarını, telefon nömrəsini bilmir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, hal-hazırda ayağında kəskin problemlərin olduğunu, ayağında qaralmaların getdiyini, həkimlərin bunun qarşısını ala bilmədiklərini, ayağının kəsilmə ehtimalının olduğunu bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi RPİ 19-cu PŞ-nə qərəzsiz məndəbən «Kamil» adlı şəxsin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Kamil» adlı şəxsin ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onun cinayət başında yaxalanması üçün tərəfindən PŞ-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı Şahid2 ilə birlikdə 29 oktyabr 2024-cü il tarixdə saat 10.00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanda olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və narkotik vasitə və psixotrop maddələrin gəzdirilməsində şübhəli bilindiyinə görə onlarla birlikdə polis şöbəsinə getməsinin vacibliyini ona bildirmişlər, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlara saxlanmağının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PŞ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə həmin şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükülü açılmış və bükülünün içərisində olan ağ rəngli kristallik maddə barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içindəki maddənin el arasında “şüşə” kimi tanınan psixotrop maddə olduğunu bildirmişdir. O bildirmişdir ki, həmin psixotrop maddəni 29 oktyabr 2024-cü il tarixində səhər saatlarında Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün almışdır. Bundan sonra iştirakçılara psixotrop maddəyə bənzər kütlələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. İçərisində psixotrop maddəyə bənzər kütlə olan büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həmin şəxsdən ilk dəfədir ki, psixotrop maddə aldığını, onu tanımadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); şəxsi axtarış və götürmə aparılması haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 31-32); şəxsi axtarış və götürmə aparılması haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin inspektor kriminalisti X5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx xxxx 1999-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs 29 oktyabr 2024cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki, qara rəngli cins şalvarının cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (i.v. 34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5040 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi, “şübhəli şəxs ( imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 1( bir) ədəd bükümdə təmiz çəkisi 1,263 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 1,263 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,213 qram (i.v. 49-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 63-64); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 29 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 80-83); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7052 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 84-85); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v. 87-88, 107-113); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə məhkəməkimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilmiş və əməlində cinayətlərin residivinin olması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,263 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 1,213 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmış, iş üzrə narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmış və müvafiq əməliyyat tədbirləri keçirilməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nə göndərilmişdir (i.v. 144-150). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,263 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 1,213 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-163/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-163/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver