Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-165/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 15, mənzil 39-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X2 ona Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 14-ün giriş qapısının yanında döşəmənin altında qoyulmuş mənzilin giriş qapısının açarının olması barədə qabaqcadan vəd etdiyi məsləhət və məlumatları əsasında 10.07.2021-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı bu mənzilin qarşısına gəlib açarı həmin yerdən götürüb qapını açmaqla içəri qanunsuz daxil olmuş və yataq otağında olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 20 manat nağd pulu, bir ədəd 8 manat dəyərində “Patriot” markalı, 8GB yaddaş tutumlu elektron məlumat daşıyıcısını, 1.500 manat dəyərində bir ədəd “Apple” markalı “Macbook Air” modelli noutbuku, 2.000 manat dəyərində bir ədəd “Sony” markalı videokameranı, mənzilin digər yataq otağında olan masanın üzərindən isə Zərərçəkmiş şəxs2 məxsus 2.000 manat dəyərində bir ədəd “Lenovo” markalı noutbuku gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 3.528 manat, Zərərçəkmiş şəxs2 isə 2.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi zaman 1 ilə yaxın heç bir yerdə işləmədiyi üçün maddi durumu yaxşı deyildi və buna görə oğurluq edərək pul əldə etmək fikrinə düşmüşdür. Həmin vaxt qonşusu “Akif” kimi tanıdığı, lakin əsl adı X6 olduğu şəxs ona Bakı şəhəri, ünvan 1 ünvandakı mənzilin giriş qapısının açarlarının qapının çöl hissəsində olan yerdəki döşəmənin altında qoyulduğunun gördüyünü bildirmişdir. O da 10 iyul 2021-ci il tarixdə, saat 11 radələrində həmin yerə gəlmiş və qapının qarşısındakı döşəmənin altına baxanda açarın orada olduğunu görmüşdür. Açarı götürmüş və giriş qapısını açaraq mənzilə daxil olmuş, bu zaman Akif kiminsə gələ biləcəyi təqdirdə ona xəbər vermək üçün evin qarşısında gözləmişdir. Mənzilə daxil olduqda ilkin olaraq ev sahiblərinin evdə olub-olmadığına nəzər yetirmişdir. Evdə onu görə biləcək heç kimin olmadığına əmin olduqdan sonra yataq otağına daxil olmuş, orada dolabın üzərinə qoyulmuş 20 manat nağd pulu, 01 ədəd elektron məlumat daşıyıcısını, 01 ədəd “Apple” markalı noutbuku və 01 ədəd “Sony” markalı videokameranı, daha sonra digər yataq otağına keçərək oradan 01 ədəd qara rəngli “Lenovo” markalı noutbuku götürərək çölə çıxmış və mənzilin qapısını açarla bağlayaraq getmişdir. Götürdüyü “Apple” markalı noutbuku, “Sony” markalı videokameranı və elektron məlumat daşıyıcısını satmaq üçün Akifə vermişdir. “Lenovo” markalı noutbuku isə Azadlıq prospektində üzərində “Laptop.az” yazılmış kompyuter alqı-satqı mağazasına 450 manata satmışdır. Akif isə onun oğurladığı əşyaları ümumilikdə 330 manata satdığını bildirərək ona 240 manat pul vermiş, qalan 90 manatı sonra verə biləcəyini demişdir. Əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əmələ görə peşmandır. Zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam olaraq ödəmiş, onlarla barışıq əldə etmişdir. Evlidir, himayəsində bir azyaşlı uşağı və yaşlı anası var. Məhkəməyə çağırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişlər. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramlar ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ona vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsindən aydın olur ki, o, rəfiqələri Zərərçəkmiş şəxs2 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 14-də kirayədə yaşayır. 10.07.2021-ci il tarixində, saat 07:40 radələrində yaşadığı ünvandan çıxaraq anası X3 ilə klinikaya getmək üçün “Koroğlu” parkında görüşmüşlər. Vaxtları olduğundan yaşadığı evin yaxınlığında yerləşən “Adore” marketə getmişlər. Orada bir az alış-veriş etdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, "xxxx" ASC-nin yaxınlığında yerləşən kosmetika dükanına gəlib oradan lazım olan əşyaları alıb taksi sifariş edərək ünvan 2 ünvanda yerləşən klinikaya getmişlər. Anası T.Əhmədovanın klinikada müayinəsi çox çəkdiyindən o orada qalmış, özü isə klinikadan çıxıb piyada kirayədə yaşadığı evə qayıtmışdır. Evə gəldikdə onun yaşadığı mənzil ilə üzbəüz qonşu mənzildə “KATV” əməkdaşları nəsə quraşdırırdılar. Mənzildə həmin vaxtı heç kimin olmadığını bilmirdi. Bu səbəbdən də qapını döymüş, lakin qapını açan olmadığından o, özünə məxsus açarla qapını açıb içəri daxil olmuşdur. Evdə olarkən o, qaldığı otaqda evdən çıxanda güzgünün qarşısına qoyduğu 20 manat pulun orada olmadığını aşkar etsə də, buna əhəmiyyət verməmişdir. Təxminən saat 13:30-da nişanlısı X5 onunla birgə mağazaya getmək üçün evə gəlmişdir. Saat 13:50-də isə onunla birgə bu evdə yaşayan Zərərçəkmiş şəxs2 də gəlmiş və təxminən bundan 5 dəqiqə sonra o, Elçinlə evdən çıxıb metronun “28 may” stansiyasının yaxınlığında yerləşən mağazaların birinə gəlmiş, orada Elçinə noutbuk alarkən rəfiqəsi Zərərçəkmiş şəxs2 ona zəng edərək özünə məxsus “Lenovo” markalı noutbukun evdə olmadığını bildirmişdir. O da otağında olan noutbukun da yerində olub-olmadığını yoxlamasını söylədikdə, Şəhla onun da yerində olmadığını demişdir. Sonra onlar evə qayıtmışlar. Evdə olarkən rəfiqəsi Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 2.000 manat dəyərində “Lenovo” markalı noutbukun, ona məxsus 20 manat nağd pulun, bir ədəd 1.500 manat dəyərində “Apple” markalı “Macbook Air” modelli noutbukun, 01 ədəd 2.000 manat dəyərində “Sony” markal videokameranın və 01 ədəd 20 manat dəyərində 8GB yaddaşlı, “Patriot” markalı elektron məlumat daşıyıcısının oğurlandığını aşkar etmişlər (İ cild, i.v.30-32). Zərərçəkmiş şəxs2 ifadəsindən aydın olur ki, o, rəfiqələri Zərərçəkmiş şəxs1 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 20, mənzil 14-də kirayədə yaşayır. 10.07.2021-ci il tarixdə, səhər təxminən saat 07:40 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs1 anası ilə klinikaya müayinəyə getmək üçün evdən çıxmışdır. O isə saat 11:10 radələrində mənzildən çıxaraq vaksin vurdurmaq məqsədi ilə “Medilux” klinikasına getmiş, saat 13:50-də yaşadığı mənzilə qayıtmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 və nişanlısı Elçin evdə idilər. Təxminən 5 dəqiqə sonra Pərvanə və Elçin evdən çıxaraq getmiş, o isə özünə məxsus “Lenovo” markalı noutbuku götürüb işləmək istəyəndə onun yerində olmadığını aşkar etmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayıb noutbukun yerində olmadığını bildirmiş, Pərvanə də ona öz otağında olan noutbukun yerində olub-olmamasını yoxlamağı bildirmişdir. Həmin zaman o, Pərvanənin qaldığı otağa keçib sonuncuya aid “Apple” markalı, “Macbook Air” modelli noutbukun, “Sony” markalı videokameranın və “Patriot” markalı, 8GB yaddaşlı elektron məlumat daşıyıcısının oğurlandığını aşkar etmişdir (İ cild, i.v.40-42). İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12.01.2022-ci il tarixli, 9/126 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Patriot” markalı, 8 GB yaddaşlı elektron məlumat daşıyıcısının orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8 manat müəyyən olunur. İstifadə olunmuş 01 ədəd “Apple” markalı noutbuk, 01 ədəd “Sony” markalı videokamera və 01 ədəd “Lenovo” markalı noutbukun modeli və texniki göstəriciləri məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.141-142); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 4(006)- 570/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 dekabr 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.110-113); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14.01.2022-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin 18.01.2022-ci il tarixli, 21-1/3-489 saylı məktubuna görə Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün o, 18.10.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.127-128, 130-135, 137); • Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 24.07.2015-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.171); • Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən istintaq dövründə ayrı-ayrılıqda təqdim edilmiş ərizələrə əsasən onların hər birinə dəymiş zərər ödənilmiş, onların heç birinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (İ cild, i.v.169, 170); • “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27.01.2022-ci il tarixli qərara əsasən X6 öldüyü üçün onun barəsində Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi üzrə cinayət təqibinə xitam verilmişdir (İ cild, i.v.176-184). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin tamamilə ödənilməsini və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini, törədilməsi hallarını və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 ay 26 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 15, mənzil 39-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-165/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-165/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver