Məhkəmə qərarları › İş №1(006)-165/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-165/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-165/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2n, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-188/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 17:45-də Nəsimi RPİnin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 53 nömrəli ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,275 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 53 nömrəli ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis əməkdaşı olmalarını bildirdikdən sonra onu idarəyə dəvət etmişdirlər. Təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. Həmin suala cavab olaraq üzərində psixotrop maddə olan hesab olunan “Patı” olmasını bildirmişdir. Daha sonra əynində olan şalvarının sol yan cibindən, şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra bir ədəd umico bank kartı, bir ədəd metro kartı və bir ədəd pul kisəsi və elektron nəzarət vasitəsinin aparatı aşkar edilərək götürülmüşdür. Həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənərək ekspertizaya göndərilmişdir. Bu da videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin maddənin 0,275 qram metamfetamin olması məlum olmuşdur. Uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə və ya psixotrop maddə istifadə edir. İstifadə etdiyi maddələri mütamadi olaraq müxtəlif yerlərdən alır. Sonuncu dəfədə narkotik vasitəni 10 yanvar 2023il tarixdə Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 5 manat müqabilində almışdır. Daha sonra özünü təqsirli bilərək əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə vəzifədə xidmətdə olarkən “Məhəmməd” adlı şəxsin qanunsuz olaraq üzərində psixotrop maddə olan metamfetaminin daşıması barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Bundan sonra o, əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat qrupu təşkil etmişdir. Həmin gün saat 17:45-də ünvan 6 ünvanın qarşısında verilən məlumatlara uyğun şəxsin oraya gəlməsini görüb polis əməkdaşı olduğunu deyib şəxsiyyəti barədə sorğular etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını görüb bölməyə dəvət etmişdirlər. Nəsimi RPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış nəticəsində şalvarının sol yan cibindən özü qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Söhbət əsnasında 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büküm qablaşdırmış və ekspertizaya göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmidir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarının sol yan cibindən, şəffaf selofana bükülmüş 01 (bir) ədəd büküm aşkar olunmuşdur. Cinayət işinin 24-26-cı vərəqələrində olan 10 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:45-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 159-160-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 58-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü tarixli, 6/138 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri olan zərfin içərisində 1 ədəd bükümündə təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi – 0,275 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq 0,225 qram. Cinayət işinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 11 mart 2023cü il tarixli, 1432 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-98-ci vərəqələrində olan 11 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, şəxsi axtarışın zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,275 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 127-133-cü vərəqələrində olan 17 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 69.3 cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş: 2) Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1, 69.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Cinayət işinin 111-120-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(005)-188/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müddəti 01 (bir) il azaldılmış və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay, 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikasının Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına qismən bildirləşdirilərək Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həbsdə saxlandığı 7 (yeddi) ay, 13 (on üç) gün müddət Azərbaycan Respublikasının Məcəllənin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesablamaqla üzrərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İdarədə qeydiyyata götürülərək həmin tarixdə ona ATTENTİ elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və cəzasının müddətinin axımı dayandırılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 20 (iyirmi) gün hissəsini çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün təşkil edir. Cinayət işinin 53-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 10 yanvar 2023-cü il tarixdə saat 19:00-dan başlayaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüş və verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin 10 yanvar 2023-ci il tarixdə Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 5 manat müqabilində almışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdəki görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllərdə eyni tərkibli cinayət əməlləri törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-188/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 05 (beş) ay 14 (on dörd) müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 10 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 11 mart 2023-cü il tarixli, 1432 saylı nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili R.B.Quliyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-188/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 05 (beş) ay 14 (on dörd) müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (dosxan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar