Məhkəmə qərarları › İş №1(006)-165/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-165/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-165/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 oktyabr 2024-cü il tarixdə, saat 10:16-dan 13:39-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Nəsimi Rayon Məhkəməsinin inzibati binasının yanında olarkən yaxınlıqdakı dayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs məxsus «BMW» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin sağ arxa qapısını açaraq oturacağın üzərindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları dəyərində «Rolex» markalı, «X3» modelli, dəmir bilərzikli qol saatını qutusu ilə birlikdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulan gün təxminən saat 17:00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Xəzər» marketin yanında olarkən əvvəllər Bayıl qəsəbəsində yaşamış, dostunun qardaşının sinif yoldaşı olmuş Qaqaş adlı şəxslə rastlaşmış, hal-əhval tutandan sonra Qaqaş uşağının xəstə olduğunu, pula ehtiyacı olduğunu bildirərək ondan 500 manat məbləğində pul istəmişdir. Belə ki, o, hər zaman maddi imkanı çatan qədər ətrafında ehtiyacı olan şəxslərə maddi yardım etmişdir. Lakin, həmin zaman pulu olmadığı üçün o, Qaqaşa bildirmişdir ki, hazırda pulu yoxdur. Qaqaş həmin vaxt qoluna taxdığı qol saatını açaraq ona uzatmış və bildirmişdir ki, pula ehtiyacı olduğu üçün həmin saatı satır. O, Qaqaşa bildirmişdir ki, hazırda pulu yoxdur, lakin həmin saatın pulunu maaş aldıqda hissə-hissə ödəyə bilər. Qaqaş onun bu təklifi ilə razılaşmış və o, qol saatını almışdır. Həmin zaman onun yanında dostu olmuş və dostu Qaqaşa bildirmişdir ki, bu saat çox bahalı saata oxşayır oğurluq ola bilər. Lakin Qaqaş ona bildirmişdir ki, saat ona məxsusdur, saatın sənədləri və qutusu ondadır, axşam gətirib qutunu və sənədləri ona təqdim edəcəkdir. Həmin gün axşam saatlarında o, dönərxanada dönər yeyərkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmədən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Qaqaşdan aldığı «Rolex» markalı saat onda olmuşdur. Polis əməkdaşları saatın haradan olduğu barədə suruşduqda bildirmişdir ki, saatı bugün almışdır və ona məxsusdur. Polis əməkdaşları həmin saatla bağlı şikayət olduğunu, buna görə polis idarəsinə getməyi bildirmişlər. Sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində sonradan bilmişdir ki, Qaqaş adlı şəxsdən aldığı saat oğurluq olmuşdur. O, AXCP-nin üzvü olduğuna görə ona şərt atılmışdır. O, saat oğurlamamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Polis İdarəsində verdiyi ifadəsində Qaqaşı 5-10 il tanıdığını bildirməmiş, sonuncunun dostunun qardaşının sinif yoldaşı olduğunu bildirmişdir. Həmin saatı ona Qaqaş vermişdir. Qaqaşın saatı hardan və necə əldə etməsini bilməmişdir. O, əvvəl Qaqaşın adını verməsə də, sonradan saatı Qaqaş adlı şəxsdən aldığını istintaqdada bildirmişdir. Lakin, Qaqaşı ibtidai istintaq zamanı dindirilməmişdir. Qaqaş ona bildirmişdir ki, həmin saat oğurluq deyil və ona məxsusdur, hətta evə qutusu da mövcuddur. Qaqaş sonradan həmin qutunu gətirib ona təqdim etmişdir. Qaqaş həmin saatı qolundan çıxararaq öz istəyi ilə ona vermişdir. Sonda Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə özünü təqsirli bilmədiyini, heç bir cinayət və oğurluq etmədiyini, sadəcə Nəsimi Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şərləndiyini, ibtidai istintaqın düzgün aparılmadığını, ittiham aktı ilə birmənalı şəkildə razı olmadığını, ittiham aktının ləğv olunmasını və yenidən ibtidai istintaqın başlanılmasını, məsələyə ciddi şəkildə hüquqi qiymət verilməsini, həmçinin müharibə iştirakçısı olmasını, himayəsində xəstə anasının olmasını nəzərə alaraq ədalətli məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolu, məhkəmə ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 oktyabr 2024-cü il tarixdə şəxsi işi ilə bağlı bir neçə günlüyə Gəncə şəhərinə getməli olduğundan və avtomobil uzaq yola sürə bilmədiyinə görə qərara almışdır ki, Gəncə şəhərinə taksi ilə getsin. Lakin, kirayədə yaşadığı «Papanin» adlanan məhəllədə avtomobilini saxlamağa ehtiyat etdiyi üçün qərara gəlmişdir ki, «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilini etibarlı yer kimi Nəsimi Rayon Məhkəməsinin yanındakı dayanacaqda saxlasın. Oktyabr ayının 12-si şənbə, 13-ü isə bazar günü olduğundan və 14 oktyabr 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmağı nəzərdə tutduğundan fikirləşmişdir ki, şənbə və bazar günləri məhkəmə işləmir, məhkəmənin yanındakı dayanacaq boş olur. Buna görə də, 12 oktyabr 2024-cü il tarixdə səhər saat 09 radələrində «BMW» markalı, **- UA-*** qeydiyyat nişanlı avtomobili idarə edərək Nəsimi Rayon Məhkəməsinin yanında yerləşən dayanacaca gələrək avtomobili orada saxlamış, avtomobilin qapısını pultla bağlayaraq oradan getmiş və Gəncə şəhərinə işləyən avtomobillərin olduğu yerdən taksi ilə Gəncəyə yola düşmüşdür. 14 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində işi olduğuna görə həmin gün Bakı şəhərinə qayıda bilməmiş, 15 oktyabr 2024-cü il tarixdə isə səhər saatlarında taksi ilə Bakı şəhərinə yola düşmüş, saat 10 radələrində Nəsimi Rayon Məhkəməsinin yanına gəlib çatmışdır. O, avtomobilin qapısını pultla açmaq istəyən zaman görmüşdür ki, qapı açıq vəziyyətdədir. Başa düşmüşdür ki, ayın 12-də Gəncə şəhərinə gedərkən avtomobilin qapılarını bağlamaq üçün pultun düyməsini yaxşı basmadığına görə qapılar bağlanmamışdır. O, avtomobilin saxlanc yerində olan sənədlərini yoxlamış, sənədləri yerində olmuşdur. Avtomobilin salonuna göz gəzdirərkən görmüşdür ki, arxa oturacağa qoyduğu, içərisində «Rolex» markalı qol saatı olan qutu yerində yoxdur. «Rolex» markalı qol saatını ona mərhum babası Həsən Qocayev bir neçə il bundan əvvəl hədiyyə etmiş və o, həmin saatı «orjinal» taxta qutusunda «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilində saxlamış, nadir hallarda isə qoluna taxıb istifadə etmişdir. Bundan sonra o, avtomobilin salonunu axtarmış, qabaq oturacaqların altını yoxlamış, lakin saatı tapa bilməmişdir. Həmin saat bahalı olmaqla hazırda bazar qiyməti 15.000 ABŞ dollardır. Başa düşmüşdür ki, Gəncə şəhərinə gedərkən səlhənkarlıq edib avtomobilinin qapılarını bağladığını dəqiq yoxlamamış, kimsə avtomobilin qapısının açıq olmasından istifadə edən «Rolex» markalı saatını avtomobildən oğurlamışdır. Buna görə də saatının oğurlanması barədə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini, və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 15 oktyabr 2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Zalov X4 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə səhər saat 09 radələrində özünə məxsus «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilini Nəsimi Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında saxlayıb şəxsi işi ilə bağlı Gəncə şəhərinə getmiş, 15 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhərinə qayıtdıqdan sonra «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilindən qutusunda olan «Rolex» markalı qol saatının oğurlanmasını aşkar etmişdir. Həmin faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Səbail rayonunda yaşayan «Elvin» adlı şəxs tərəfindən törədilməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirərkən 16 oktyabr 2024-cü il tarixdə saat 20:50-də Səbail rayonu, G.Əliyev küçəsində, «Bayıl bazarı» deyilən yerin yaxınlığında dönərxanada «Elvin» adlı şəxsi müəyyən etmişlər və ona yaxınlaşıb özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda həmin şəxs özünü xx xxxxxx 1989-cu ildə anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, dalan 2, ev 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt Elvin dönər yemiş və dizinin üstünə saat qutusu qoymuşdur. O, həmin qutu və qutuda olan saatla maraqlandıqda Elvin bildirmişdir ki, qutuda olan saat onun özünündür. Elvinin icazəsi ilə taxta meterialdan olan qulunu götürüb açdıqda içərisində «Rolex» markalı kişi qol saatı olduğunu görmüşlər. Sonra Elvini saxlayıb qutuda olan «Rolex» markalı qol saatı ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. O, bu barədə idarə rəisinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs və ondan aşkar edilmiş saat idarənin istintaq şöbəsinə təqdim edilmişdir. Bundan sonra o, istintaq şöbəsində «Rolex» markalı kişi qol saatına baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin saatı tanımadığı şəxs ona 130 manata və pulunu sonradan ödəmək şərti ilə satmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da protokolla tanış olaraq imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi «Rolex» markalı qol saatı şabalıdı rəngli taxta qutusuna qoyulub qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, və Elvin həmin gün səhər məhəllədə görüşmüşlər. O, evinə mebel almış və Elvinlə birlikdə mebelləri quraşdırmışlar. Həmin vaxt mebeldə bir iki ləvazimət çatmışmamış, buna görə də, Elvinlə birlikdə həmin ləvazimatları almaq üçün «Bayıl bazarı»na getmişlər. O, bazarın içərisində əşyaları almaq üçün daxil olmuş, Elvin isə kənarda dayanmışdır. O, çıxanda görmüşdür ki, Elvinin yanında tanımadığı şəxs var və Elvinin əlində saat var. O, Elvinə yaxınlaşan zaman həmin şəxs oradan uzaqlaşmışdır. O, həmin şəxsin kim olduğunu soruşduqda Elvin bildirmişdir ki, qonşusudur, həmdə dostudur və saatını ona vermişdir ki, satsın. O, həmin saatı götürüb nəzərdən keçirən zaman başa düşmüşdür ki, bu saat çox bahalıdır. O, Elvinə bildirmişdir ki, bu bahalı saatdır, heçkim heçkimə belə saatı elə-belə vermir, ona görə də saatı həmin şəxsə geri qaytarsın. Daha sonra isə birlikdə evə gedərək mebelləri quraşdırmışlar və axşam saat 20:00 radələrində işlərini bitirib evdən çıxaraq kafeyə getmişlər. Kafedə olan zaman Elvinə bildirmişdir ki, saatı aldığı şəxsə zəng vuraraq gəlib saatı aparmasını bildirsin. Elvin həmin şəxsə zəng vurmuş, bir qədər sonra isə həmin şəxs onların olduğu kafeyə gəlmişdir. O, həmin şəxsə izah etmişdir ki, Elvin saatı almır və geri qaytarır. Həmin şəxs onun təklifi ilə razılaşmış, lakin saatı götürmədən çölə çıxmışdır. Bundan sonra isə içəri polis əməkdaşları daxil olaraq Elvini aparmışlar. Sonra həmin polis əməkdaşlarının arxası ilə başqa avtomobildə polis əməkdaşları gələrək ətrafdakı kamera görüntülərini də götürüb aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları “Bayıl” bazarının ətrafında olan bütün kamera görüntülərini götürmüşlər. O, polis əməkdaşlarından Elvini hara aparmalarını soruşduqda, polis əməkdaşları ona idarəyə gedərək orada məlumat ala biləcini bildirmişlər. Polis əməkdaşları onun şəxsi məlumalarını götürsələr də, lakin heç kim onu polis idarəsinə dəvət etməmişdir. O, həmin saatı satan şəxsi üzdən tanıyır belə ki, həmin şəxs əvvəl onların məhəlləsində yaşamışdır. Həmin şəxsin yaşadığı yer söküldüyü üçün hazırda həmin şəxsin harada yaşaması və şəxsiyyəti barədə barədə məlumatı yoxdur. O, həmin şəxsdən saatı hansı səbəbə satmasını soruşduqda, sonuncu pula ehtiyacı olduğu üçün saatı satdığını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, bu saat Elvinə lazım deyil və onu geri qaytarır. Onun bildiyinə görə Elvin saatı 50 manata almışdır. O, bazardan çıxan zaman saat Elvinin əlində idi və həmin şəxs Elvinin yanında olmuş, onu görən kimi həmin şəxs oradan uzaqlaşmışdır. Elvin oğurluq edən insan deyil, hər kəsin işinə kömək etmişdir, hazırda başına iş gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “hadisə yerinə baxış keçirilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən Bakı şəhəri Nəsimi Rayon Məhkəsininin yaxınlığında yerləşən dayanacaqda olan «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobildə olmuş, «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının içəri tərəfindən 02 ədəd əl-barmaq izi götürülmüşdür və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-12); “baxış keçirmə və götürmə haqqında” 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilən «Rolex» markalı qol saatı şabalıdı rəngli, üzərində «Rolex» yazısı olan taxta qutunun içərisindədir. Təqsirləndirilən şəxs tərəfindən qutu açıldıqda içərisində ağ rəngli kiçik döşəkçəyə keçirilmiş vəziyyətdə gümüşü rəngli «Rolex» markalı kişi qol saatı aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, 16 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən hazırda könüllü təqdim etdiyi «Rolex» markalı kişi qol saatı taxta qutunun içərisində onun üzərində olmuşdur. Həmin saatı o, 16 oktyabr 2024-cü il tarixdə tanımadığı şəxslə 130 manata razılaşmaqla pulunu sonradan ödəmək şərti ilə nisyə almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən həmçinin könüllü olaraq «Redmi» markalı mobil telefon təqdim edildi, Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olmasını bildirdi. Həmin mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs qaytarıldı. Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilən «Rolex» markalı qol saatı taxta qunun içərisinə yerləşdirilərək qablaşdırıldı və DİN-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürüldü (i.v. 32); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 23:10-da Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 48); Arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefonu Nəsimi RPİ-nin MSY-nin növbətçi hissəsindən götürülərək cinayət işinə əlavə edilmişdir (i.v. 58); “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Rolex» markalı qol saatı digər 4 ədəd qol saatlarını zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilərkən o, soldan sağa 2-ci yerdə qoyulmuş «Rolex» markalı qol saatını tanıyaraq ona məxsus olduğunu bildirmişdir (i.v. 59-60); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 69); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-577/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 16 oktyabr 2024-cü il tarixdən, saat 20:50-dən hesablanması qərara alınmışdır (i.v. 91-95); “mobil telefona baxış keçirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Redmi markalı mobil telefonun zənglər, mesajlar, qalareya hissəsində, həmçinin «WhatsApp» ani mesajlaşma proqramında, habelə sosial şəbəkələrə aid digər proqramlarında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar, həmçinin «Qaqaş» adı ilə qeydiyyata alınmış kontakt məlumatı, belə bir kontakt məlumatı ilə danışıq, yazışma və ya səsli mesajlar müəyyən edilməmişdir (i.v. 98); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 18 oktyabr 2024-cü il tarixli, 3-13-11/2-11250/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus «BMW» markalı, **-UA-*** qeydiyyat nişanlı avtomobilində baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı sağ arxa qapının içəri hissəsindən götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərkən əl izlərindən bir ədədinin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil etmişdir (i.v. 110); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 125); “telefon danışıqlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə 14 oktyabr 2024-cü il saat 00:00-dan 16 oktyabr 2024-cü il saat 23:59-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısının, hansı anten əhatə dairəsində işlənməsi, abonentlər barədə məlumatların, həmçinin daxil olan və çıxan ismarıcların(sms) mətnləri barədə Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsindən götürülmüş məlumatlara baxış keçirilmiş, həmin məlumatlar Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsi tərəfindən 1 ədəd CD diskdə təqdim edilmişdir. Qeyd edilən disk «HP» markalı kompüterin disk oxuyan qurğusuna daxil edildikdə müəyyən oldu ki, diskdə 04 ədəd excel fayl vardır. Diskdə olan fayllar açıldıqda 055 ***-**-** mobil telefon nömrəsi aparılmış zənglərə uyğun coğrafi koordinatlar üzrə yerdəyişmələr, göndərilmiş və qəbul edilmiş mesajlar və zənglərlə bağlı məlumatların olması müəyyən edildi. Diskdə olan fayllara baxış keçirilərkən müəyyən edildi ki, 055 ***-**-** mobil telefon nömrəsindən 14 oktyabr 2024-cü il tarixdə saat 10:16dan saat 13:39-dək olan müddət ərzində istifadə üzrə məlumatlar Nəsimi rayonu, A.Mustafayev 24C, A.Salamzadə 26 və A.Məhərrəmov 4 ünvanlarında yerləşən antenlərdə qeydə alınmışdır (i.v. 135); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli 9/8912 nömrəli rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş 01 ədəd qutusu ilə birlikdə «Rolex» markalı, «X3» model, dəmir bilərzikli, istifadədə olmuş qol saatının yerli internet saytlarında satışı və qiyməti barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı (i.v. 140-142); “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2024cü il tarixli qərardan görünür ki, 16 oktyabr 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qutusu ilə birlikdə «Rolex» markalı, «X3» modelli, dəmir bilərzikli, istifadə olunmuş qol saatının iş üzrə maddi sübut kimi tanınması, sahibi Zərərçəkmiş şəxs 19 noyabr 2024-cü il tarixli ərizəsinə əsasən ona təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə oktyabr 2024-cü il saat 00:00-dan 16 oktyabr 2024-cü il saat 23:59-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısının, hansı anten əhatə dairəsində işlənməsi, anentlər barədə məlumatlar, həmçinin daxil olan və çıxan ismarıcların(sms) mətnləri barədə Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsindən götürülmüş məlumatların təqdim edildiyi bir ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun qohumlarına qaytarılması üçün Nəsimi RPİ-də saxlanılması qərara alınmışdır (i.v. 143-148). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə, həmçinin məhkəmə iclasında dindirilmiş əlavə şahidin ifadəsi ilə tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə onun vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş yaxın dostu Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi bir-birini tamamlamamaqla ziddiyyət təşkil etmişdir. Təqsirləndirilən şəxs saatı Qaqaş adlı şəxsdən müəyyən qiymətə razılaşaraq aldığını, bu zaman dostu Şahid2da onun yanında olduğunu bildirsə də, Şahid2 məhkəmə iclasında onun “Bayıl” adlanan bazara daxil olduğunu, Təqsirləndirilən şəxs onu kənarda gözlədiyini, daha sonra Təqsirləndirilən şəxs yanına gələn zaman sonuncunun əlində saat olduğunu, həmin saatı ona dostunun verdiyini, o isə həmin saatın bahalı olduğunu belə bir saatı heçkimin eləbelə verməyəcəyini qeyd edərək Təqsirləndirilən şəxs saatı aldığı şəxsə geri qaytarmasını tələb etdiyini bildirmişdir. Bundan başqa, əlavə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə verilmiş suallara cavabı ziddiyyət təşkil etmişdir. Belə ki, Şahid2 ilk əvvəl Təqsirləndirilən şəxs yanına gələn zaman Qaqaş adlı şəxsi Təqsirləndirilən şəxs yanında gördüyünü, o yaxınlaşan zaman isə həmin şəxsin uzaqlaşdığını, Təqsirləndirilən şəxs həmin şəxsin kim olduğunu soruşduğunu qeyd etsə də, verilmiş suallara cavab verən zaman Qaqaş adlı şəxsi üzdən tanıdığını, onların yaşadığı yerə yaxın ərazidə yaşadığını, hazırda həmin ərazinin söküldüyü üçün Qaqaş adlı şəxsin yaşadığı yeri və şəxsiyyəti barədə məlumatı olmadığını bildirmişdir. Bu məqamda sual yaranır ki, əgər Şahid2 məhkəmə iclasında ilk əvvəl bildirdiyi kimi “Qaqaş” adlı şəxsi Təqsirləndirilən şəxs yanında görən zaman tanımamamaqla, sonuncudan həmin şəxsin kim olduğunu soruşmuşsa, necə olur ki, ifadəsinin davamında həmin şəxsi üzdən tanıdığını və əvvəllər onların məhəlləsində yaşadığını bildirir? Belə olan halda məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində olan ziddiyyətlər nəzərə alınmaqla onun ifadəsi öz mötəbərliyini itirməklə şübhə altına düşmüşdür. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – bir ədəd qutusu ilə birlikdə «Rolex» markalı, «X3» modelli qol saatının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Həmçinin, Təqsirləndirilən şəxs məxsus Nəsimi Rayon Polis İdarəsində saxlanılan bir ədəd «Redmi» markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (həmin tarix daxil olmaqla) göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 1 (bir) ədəd «Rolex» markalı, «X3» modelli qol saatı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus Nəsimi Rayon Polis İdarəsində saxlanılan bir ədəd «Redmi» markalı mobil telefon onun qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (həmin tarix daxil olmaqla) dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar