Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-167/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2000-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 13.02.2022-ci il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanda yerləşən “Tunel” gecə klubunun qarşısında, ictimai yerdə, ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin mənafələrinə toxunan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş və bud nahiyəsinə yumruq və təpiklə vuraraq ona sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan şişkin fonda iri ölçülü dərialtı hematoması, ənsə nahiyəsinin qançır-şişkinliyi və sağ sağrı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ətrafda olan şəxslərin dincliyini və rahatçılığını pozmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13.02.2022-ci il tarixdə o, “Tunel” gecə klubunda olarkən təsadüfən bilmədən Zərərçəkmiş şəxs toxunmuş, Zərərçəkmiş şəxs da onu söymüşdür. O, heç bir söz deməmiş, lakin klubdan çıxanda Zərərçəkmiş şəxs niyə söyüş söydüyünü soruşmuş, sonuncu da cavabında ona “yaxşı eləyirəm, özüm bilərəm” deyə bildirmişdir. O da əsəbiləşib Zərərçəkmiş şəxs şillə vurmuşdur. O, Zərərçəkmiş şəxs vurandan sonra sonuncunun ayağı kolluğa ilişib yıxılmış, ola bilsin ki, həmin vaxt xəsarət almışdır. O, bir şillə vurmuş, başqa heç bir şey etməmişdir. Ondan sonra da maşına minib çıxıb getmişdir. Sonra polis bölməsindən zəng edib çağırmışlar, o da getmişdir. Törətdiyi əməldən peşmandır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəlcədən tanışlıqları olmuşdur. Hadisə baş verən gün ikisi də “Tunel” gecə klubunda olmuşlar. Klubun içində Faiq ona toxunmuş, o da Faiqə qarşı nalayiq ifadə işlətmiş, sonra mühafizəçilər gəlib onları ayırmışdır. O, çölə çıxandan sonra Təqsirləndirilən şəxs onun arxasınca gəlib başından və budundan vurmuş, sonra onu itələyib yerə yıxmışdır. O da qaçıb polisə xəbər vermişdir. Ona vurulan xəsarəti müəyyən etmək üçün ekspertizadan keçmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 25.02.2022-ci il tarixli, 192 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan şişkin fonda iri ölçülü dərialtı hematoması, ənsə nahiyəsinin qançır-şişkinliyi və sağ sağrı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, 13.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs vurur, sonuncu zərbənin təsirindən yerə yıxılır və yaxınlıqda olan bir neçə nəfər şəxs onlara yaxınlaşır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərqli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərər çəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Tunel” gecə klubunun qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, tərəflər arasında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Tunel” gecə klubunun qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyyəsinə vurub yerə yıxmaqla ona sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan şişkin fonda iri ölçülü dərialtı hematoması, ənsə nahiyəsinin qançır-şişkinliyi və sağ sağrı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə sübuta yetirilməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nin 221.1-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadədən və təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmədiyini, təqsirləndirilən şəxsin əməlinin CMnin 128-ci maddəsi ilə tövsif edilməli olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 193, 318.1, 344- 347, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin, o, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-167/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-167/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver