Məhkəmə qərarları › İş №1(006)-167/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-167/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-167/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.1990-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Cuvarlı ərazi dairəsi, Xələfşə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən “Ten 11” restoranının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra ümumi zalda divanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində 537 manat nağd pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 4 manat olmaqla ümumilikdə 8 manat dəyərində 02 ədəd “Kapital bank ASC”-yə aid “Umico” plastik kartlar, 4 manat dəyərində “Paşa bank ASC”-yə aid plastik kart”, 4 manat dəyərində "xxxx" ASC”-yə aid “Leobank” plastik kart olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 573 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəlcədən gizli olaraq taladığı Zərərçəkmiş şəxs məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx"ASC-yə aid 4098********5789 nömrəli “Leobank” plastik kartdan 12 sentyabr 2022-ci il tarixdə saat 20:45-də ünvan 3 ünvanında yerləşən “Bolmart” supermarketdən alış-veriş etməklə həmin kartın hesabından 19 manat pulu, vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 20:48-də ünvan 4 ünvanında yerləşən “Oba Market” mağazasında alış-veriş etməklə 20 manat, saat 20:49-da 40 manat, saat 20:50-də 30 manat 40 qəpik, saat 20:51-də 38 manat məbləğində pulu və həmin gün saat 20:55-də qeyd olunan mağazadan Zərərçəkmiş şəxs məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən “Kapital bank ASC”-yə aid 4169- 73******0801 nömrəli “Umico” plastik kartdan alış-veriş etməklə 79 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 226 manat 40 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Səbail rayonu, H.Z.Tağıyev küçəsi 19 ünvanında tək olan zaman zaman “Ten 11” restoranını görmüşdür və saat 20:30 radələrində içəri daxil olaraq bir qədər vaxt keçirməyi düşünmüşdür. İçəri daxil olmuş boş masada əyləşmiş, ofisiantdan menyunu istəmişdir, sonra əl və üzünü yumaq üçün sanitar qovşağa getmişdir. Sanitar qovşaqdan çıxıb masasına doğru gedərkən barın yaxınlığında olan kiçik kresloya bənzər divanın üzərində bir ədəd qadın çantasını görmüşdür, heç kəsin ona diqqət yetirmədiyini bildikdən sonra, divana yaxınlaşmış və qısa müddət ərzində çantanın içərisində olan pul qabını götürərək birbaşa olaraq restoranı tərk etmişdir. Restoranı tərk edən kimi pul qabını şalvarının sağ yan cibinə qoymuşdur. Bir neçə dəqiqə ərzində piyada yeriyərək 28 may metrostansiyası yaxınlığına gəlmişdir. Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində Bolmart adlanan marketin önündə olan zaman pul qabının içərisinə baxmışdır. Pul qabında 158 manat kağız pul, 6 manat qəpik pul, yəni ümumilkdə 164 manat pul və 04 ədəd bank kartı, ikisi Kapital bank Umico, biri Leobank, dördüncünün hansı banka aid olmasını hazırki günə qədər xatırlamır. Bundan əlavə pul kisəsində qadına məxsus şəxsiyyət vəsiqəsi olmuş, şəxsiyyət vəsiqəsi onda hər hansı maraq doğurmamışdır. Belə ki, pulqabını cibinə qoyaraq Bolmart marketinə daxil olmuşdur, oradan tez bir zamanda 19 manatlıq bir neçə ədəd hazırda markasını xatırlamadığı qutularda siqaretlər almışdır və orada pulu kartı toxundurub ödəniş etmişdir. Xatırladığı qədər orada Leobanka aid bank kartı ilə ödəniş etmişdir. Bundan sonra həmin marketdən çıxmışdır, elə həmin küçə ilə kəsişmədə olan Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 48/50 ünvanında həmin dövrdə “Oba Market” kimi fəaliyyət göstərən marketə daxil olmuşdur. Orada eyni qaydada ümumilikdə əlavə Leobank vasitəsi ilə 128.4 manatlıq siqaret, Kapital bank Umico kartı ilə 79 manatlıq hissə-hissə ödəməklə ayrı-ayrı marka siqaretlər alıb marketdən çıxmışdır. Bir qədər uzaqlaşdıqdan sonra bank kartları və şəxsiyyət vəsiqəsi olan pul qabını zibilliyə tullamışdır. Tanımadığı taksi avtomobilinə əyləşib yaşadığı ünvana getmişdir. Tutulduğu günə qədər siqaretlərin böyük hissəsini istifadə etmişdir, bir qismini tullamışdır. Oğurladığı ümumilikdə 164 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində iflic xəstəliyindən əziyyət çəkən azyaşlı oğlunun olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, ünvan 5 ünvanında yerləşən “TEN 11” restoranında menecer vəzifəsində çalışır. 12 sentyabr 2022-ci il tarixdə axşam saat 20:30 radələrində restoranda olan zaman içərisində pul qabısı olan çantasını restoranda kreslonun üzərinə qoymuşdur. Bir müddət başı işə qarışmış, sonradan çantanın içərisinə baxdıqda içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 02 ədəd 04 manat dəyərində “Kapital bank ASC”-yə məxsus “Umico” hesab kartları, 04 manat dəyərində “Paşa bank ASC”-yə məxsus hesab kartı”, 04 manat dəyərində "xxxx"ASC-yə məxsus “Leobank” hesab kartı və ümumilikdə 537 manat nağd pul olan 20 manat dəyərində pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Sonradan həmin kartlardan ödəniş olması barədə bildiriş almışdır. “Leobank” hesab kartından həmin gün saat 20:45-də 19 manat, saat 20:49-da 40 manat, saat 20:50-də 30 manat 40 qəpik, saat 20:51-də 38 manat, “Kapital bank ASC”-yə məxsus “Umico” hesab kartından isə 38 manat və 41 manat ödəniş etməklə pullar çıxarılmışdır. Pul kisəsində olan pulla birlikdə 799 manat 40 qəpik maddi ziyan dəymişdir. Sonradan ona maddi ziyan vurmuş şəxsin ailəsi tərəfindən pul tamamilə ödənmişdir, hazırda da hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı, Zərərçəkmiş şəxs bir daha Təqsirləndirilən şəxs üzünə qarşı özünə məxsus pul kisəsində 164 manat deyil 537 manat olmasını deyərək sonuncunun cinayət törətməsini təsdiq etmişdir. (i/v 73-74). İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən “TEN 11” restoranıdır. (i/v 8-9). İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanında həmin dövrdə “Oba Market” kimi fəaliyyət göstərən market və Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən “Bolmart” marketidir. (i/v 14-16). İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolla Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerlərində göstərib bir daha təsdiq etmişdir. (i/v 81-82). İş materiallarında olan tutma haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 oktyabr 2022-ci il tarixdə Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (i/v 59, 112-114). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 115-116). İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, oğurluq nəticəsində Zərərçəkmiş şəxs dəymiş 799 manat 40 qəpik pul ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. (i/v 77). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 fevral 2017-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. (i/v 111). İş materiallarına əlavə edilən 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Ten 11” restoranında oturduğu yerdən qalxaraq sanitar qovşaq tərəfə gedir, bir neçə saniyədən sonra oturmaq üçün nəzərdə tutulmuş kreslonun üzərinə qoyulmuş çantadan pul kisəsini götürərək restoranı tərk edir. 2-ci video 22 saniyədən ibarətdir, həmin videoda Təqsirləndirilən şəxs marketdən sellofan paketin içərisində siqaret aldığı və ödənişi plastik kartla etməsi görsənir. Təqsirləndirilən şəxs həmin görüntülərdə olan şəxsin özü olduğunu bildirmiş və oğurluq etməsini etiraf etmişdir. (i/v 122-123). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 129). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2022-ci il tarixli 9/8028 nömrəli rəyindən görünür ki, 12 sentyabr 2022-ci il tarixdə oğurlanmış pul kisəsinin içərisində olan “Kapital bank ASC”-yə məxsus hesab kartı 10 manat, “Umicobank” hesab kartı” 10 manat, “Paşa bank ASC-Yə” məxsus hesab kartı 10 manat, “Leobank ASC-yə” məxsus hesab kartı 10 manat göstərilmişdir, bir ədəd pul qabı isə tədqiqata təqdim edilmədiyindən qiymətləndirmək mümkün olmamışdır. (i/v 130-132). İş materiallarında olan könüllü təqdim edilmiş sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolla müəyyən olunmuşdur ki, xx.xx.2022ci il tarixdə saat 20:45-də Bolmart marektinə 19 manat, saat 20:48-də Oba marketə 20 manat, saat 20:49-da Oba marketə 40 manat, saat 20:49-da Oba marketə 40 manat, saat 20:50-də Oba marketə 30.4 manat, saat 20:51-də Oba marketə 38 manat ümumilikdə 147.4 manat ödəniş edilmişdir. Kapital Bank ASC-yə aid Umico hesab kartından xx.xx.2022-ci il tarixdə Oba marketə (28 may) 38 manat və eyni tarixdə 41 manat ümumilkdə 79 manat ödəniş edilmişdir. (i/v 41-45). Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 16 may 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Egov.az” saytından əldə edilmiş məlumatdan görünür ki, X1 “Kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-167/2023 saylı, 28 mart 2023-cü il tarixli qərara əsasən 31 mart 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar