Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-168/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 35, mənzil 34/35-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 01 saylı ünvanda idarə etdiyi “Toyota Corolla” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən ondan öndə dayanmış, Zərərçəkmiş şəxs Damət oğlunun idarə etdiyi avtomobili kənara çəkib saxlamamasını cüzi səbəb kimi bəhanə edərək mübahisənin yaranmasına səbəb olmaqla avtomobildən düşüb sonuncuya yaxınlaşmış və heç bir əsaslı səbəb olmadan onun üz nahiyəsindən bir dəfə yumruq zərbəsi vurub ona sağ gicgah-almacıq nahiyəsinin almacıq sümüyü qövsünün yerdəyişən qəlpəli sınığı və sağ maksilyar (əng) sinusun ön və yan divarının xətti sınıqları ilə müşayiət olunan qançır-şişkinliyi və əzilmiş-cırılmış yarası, sağ göz qapaqlarının və gözaltı nahiyənin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Toyota Carolla” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Çox vaxt gecədən səhər saatlarına kimi ağır rejimdə çalışdığından onun əsəbləri gərgin olur. xx.xx.2020-ci il tarixdə, saat 05:45 radələrində Xırdalan şəhərindən müştərini götürüb onu Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 01 saylı ünvanda yerləşən “Park 20 Shopping” ticarət mərkəzinin qarşısına gətirmişdir. Burada müştəri avtomobildən düşüb getdikdən sonra oradan uzaqlaşmaq istədikdə tanımadığı bir nəfər şəxs idarə etdiyi “Mercedes-Benz E220” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilinin qarşısında saxlamışdır. Həmin avtomobildən adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs düşüb maşının yanında dayandıqda o, ondan yol verməyi xahiş etmişdir. Lakin Mahmud ona yol verməyəcəyini, avtomobilini isə kənardan sürüb gedə biləcəyini söyləmişdir. O isə ona başqa heç cür hərəkət edə bilməyəcəyini deyib təkidlə ondan yol verməyi istəmişdir. Mahmud inadla avtomobilini sürmək istəmədiyini demiş, o da zarafatla ona əgər avtomobili yerindən tərpətməsə onun avtomobilini öz avtomobili ilə vuracağını söyləmişdir. Bundan sonra Mahmud əsəbi halda onun və ailəsinin ünvanına nalayaiq ifadələr işlətməklə ağır küçə söyüşləri ilə onu təhqir etməyə başlamışdır. Mahmudun söyüşlərinə çox əsəbləşdiyindən özünü saxlaya bilməyərək avtomobilindən düşüb onun üzərinə gedib üz nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Mahmud əli ilə üzünü tutaraq yerə çökmüş, lakin yenə də söyüşlərini davam etdirmişdir. Bundan sonra o, avtomobillə oradan uzaqlaşmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes-Benz E270” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi faəliyyəti ilə məşğul olur və bəzən Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığından müştəriləri aparıb-gətirir. xx.xx.2020-ci il tarixdə, saat 06:00 radələrində öz avtomobili ilə Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 01 saylı ünvanda yerləşən “Park 20 Shopping” ticarət mərkəzinin qarşısında olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs oraya gələrək “Toyota Corolla” markalı onun avtomobilinin arxasında saxlamışdır. Daha sonra Nurlan öz avtomobilini hərəkət etdirmək üçün ondan avtomobili bir az irəli sürməsini söyləmişdir. O isə mülayim tərzdə cavab verib avtomobilinin qarşısında başqa bir avtomobil saxladığından irəli hərəkət edə bilməyəcəyini bildirmiş və Nurlana kənardan öz avtomobilini sürüb gedə biləcəyini demişdir. Lakin Nurlan onun üzərinə qışqıraraq irəli sürməyəcəyi təqdirdə avtomobili ilə birlikdə onun avtomobilinin üzərindən keçəcəyini deyərək onu təhqir etməyə başlamışdır. O da təhqirlə Nurlana cavab verib üzərindən necə avtomobillə keçəcəyini soruşanda, sonuncu qəfil avtomibilindən düşüb onun üzərinə gəlib heç bir səbəb olmadan üz və baş nahiyəsinə iki dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən o, yerə çökmüş və ağrıdan yerdən qalxa bilməyib iki əli ilə üzünü tutmuşdur. Nurlan isə dərhal avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Hadisə barəsində “102” və “103” xidmətlərinə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2020-ci il tarixli, 741 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ gicgah-almacıq nahiyəsinin almacıq sümüyü qövsünün yerdəyişən qəlpəli sınığı və sağ maksilyar (əng) sinusun ön və yan divarının xətti sınıqları ilə müşayiət olunan qançır-şişkinliyi və əzilmiş-cırılmış yarası, sağ göz qapaqlarının və gözaltı nahiyənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.26-27); 1x xxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.107); Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli Qərarında əksini tapıb. Həmin Qərara görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) (6-cı bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini, onunla barışıq əldə olunmasını və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-168/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-168/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver