Məhkəmə qərarları › İş №1(006)-168/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-168/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-168/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri, E.Ağayev küçəsi, ev 38-də qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 1,196 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 02 noyabr 2024-cü il tarixdə, saat 09:40-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 04 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,296 qram, 0,228 qram və 0,557 qram olmaqla həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, yaşadığı evdə olan zaman polis əməkdaşları gəlmiş və onu əvvəlcə 21-ci polis bölməsinə, daha sonra isə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. “COP-29”la bağlı qonaqların gələcəyini, onun da əvvəllər məhkumluğunun olması səbəbindən tutulmalı olduğunu, üç ay həbsdə olacağını, dekabryanvar aylarında buraxılacağını bildirmişlər. O, narkotik vasitələrdən istifadə etməmiş, saxlanılan zaman da üzərində heç bir qanunsuz maddə olmamışdır. Həmin psixotrop maddəni polis əməkdaşları onun şalvarının cibinə qoymuş, video çəkiliş zamanı onu “Asif” adlı şəxsdən aldığını söyləməsini tələb etmiş, əks halda onu pis hala salacaqlarını demişlər. Ona fiziki zor tətbiq edilməsə də, qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Valideynləri yoxdur, himayəsində iki azyaşlı bacısı və uşağı var. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvvəkkili Şahid2 ifadəsində göstərdi ki, 02 noyabr 2024-cü il tarixdə “Elvin” adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün ondan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində bu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əldə olunmuş məlumat əsasında onlar həmin günü saat 09:40 radələrində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq məsələ barədə ona məlumat verib onu idarəyə dəvət etmişlər. Orada ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd xırda bükümlər olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, üzərindən aşkar olunmuş bükümün içərisində metamfetamin olduğunu, onu 01 noyabr 2024-cü il tarixdə metronun “Nizami” stansiyası yaxınlığında tanışı Asif adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bu şəxsə qarşı heç bir psixi və ya sair zorakı hərəkət olunmamış, heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd bükümü təqdim edir və bükümün içərisində olan 04 ədəd bükümdə “şüşə” olduğunu, onu Asif adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.31-34); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5110 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...”sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,296 qr, 0,228 qr, 0,115 qr və 0,557 qr, ümumi təmiz çəkisi 1,196 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 1,096 qram, aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (İ cild, i.v.51-54); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 619/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli hesab etmədiyini, ittiham üzrə qeyd edilən psixotrop maddələrin ona məxsus olmadığını, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini söyləmişdir (İ cild, i.v.82-86); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir narkotik vasitə və psixotrop maddə istifadə edir. Sonuncu dəfə 01 noyabr 2024-cü il tarixdə metronun “Nizami” stansiyası yaxınlığında olarkən tanışı Asif adlı şəxsdən 30 manata 04 ədəd bükümdə el arasında “şüşə” deyilən psixotrop maddə metamfetamin almış və istifadə etmək üçün üzərində saxlamışdır. 02 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmiş və barəsində narkotik vasitələri qanunsuz saxlamaqla daşımağı barədə məlumat olduğunu bildirib onu İdarəyə dəvət etmişlər. Orada o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə el arasında “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən düşünmüşdür ki, əgər üzərində aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını, narkotik maddələrdən istifadə etmədiyini bildirsə, bəlkə məhkəmədən azadlığa buraxılar. Lakin hakim barəsində həbs qətimkan tədbiri seçmiş və hazırda məhkəmədə göstərdiyi xüsusatları təsdiq etmir. Üzərindən aşkar olunmuş psixotrop maddələr ona məxsusdur, onları şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (İ cild, i.v.59-61, 87-88, 134-136); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 7147 saylı rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.72-73); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən cinayət işi materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi “Asif” adlı naməlum şəxs barəsində ayrıca icraata material ayrılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,096 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.114-121); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.105-106, 108-113). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 02 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,096 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 81 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. ”Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 478, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,096 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar