Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-171/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, R.S.Quliyev AD.8 BPL-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 9-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, 04 oktyabr 2021-ci il tarixdə tanışı X5 yaşadığı ünvan 1 ünvanda sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq 15 manat pul müqabilində 01 bükümdə şəxsi islehlak miqdarından artıq miqdarda 0,619 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamış, 05 oktyabr 2021-ci il tarixdə saat 07:30-da Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21 ünvanında saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli paltonun sağ yan cibindən bir ədəd ağ rəngli polietilen torbada həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin istifadəçisidir. Belə ki, o, adətən 15 manata 1 qram, yaxud 0,5 qram narkotik vasitə olan heroin alır və həmin narkotik vasitəni 3-4 gün istifadə edirdi. 04 oktyabr 2021-ci il tarixində tanışı Nərmin Rzayevanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21-ə gedərək ondan “kokos” deyilən heroin almaq istəmiş, lakin bu vasitə olmamışdır. Həmin vaxtı evdə Nərminin Nigar və Nicat adlı tanışları var idi. Bir müddət keçəndən sonra Nərminlə Nicat mağazaya getmiş, bir az keçməmiş qapı döyülmüş, qapını döyənin kim olduğunu soruşduqda Nərmin özü olduğunu bildirmişdir. O, qapını açmış, Nərmin və Nicat, arxasınca da polis əməkdaşları içəri girmişlər. Həmin gün onun üzərində narkotik vasitə olmamış, həmin ünvana narkotik vasitə almağa getmiş olsa da, ala bilməmişdir. Polislər onların üzərini axtarmış, sonra onları polis şöbəsinə aparmışlar. Polis bölməsində onu döymüş və o da üzərində heç bir qanunsuz maddə olmamasına baxmayaraq məcbur olub üzərində marixuana, “şüşə” deyilən metamfetamin və “alyse” adlı dərman həbləri olduğunu boynuna almışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edib üzərində daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 2 ünvanda sonuncuya özlərini təqdim edərək Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. 22-ci PŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan huquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olubolması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kibrit qutusunu, 1 ədəd ağ rəngli sellofana bükülmüş kütləni və 1 ədəd həbi çıxarıb stolun üzərinə qoymuş və 2 ədəd kibrit qutusunun içərisində narkotik maddə «nəşə», yəni marixuana, 1 ədəd ağ rəngli sellofana bükülmüş kütlənin içərisində el arasında «şüşə» və ya «patı» kimi adlanan narkotik maddə və 1 ədəd həbin isə psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar olunmuş əşyalar qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş və ekspertiza tədqiqatına göndərilmişdir. Şöbədə Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2021-ci il tarixdə növbədə olan zaman daxil olan əməliyyat məlumatı əsasında Nəsimi RPİ-nin sahə inspektoru, polis baş leytenantı Şahid1la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21 ünvanına getmişlər. Qapını döymüş, qapını Anar adlı şəxs açmışdır. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmiş, sonuncu da heç bir etiraz etmədən onlarla gəlmişdir. Nəsimi RPİ-nin 22-ci polis şöbəsində videoçəkilişdən istifadə etməklə şəxsin üzərinə axtarış keçirilmiş və Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan bir büküm psixotrop maddəni, bir ədəd həbi və 2 qutu marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və tədqiq edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, tanışı X5 əri həbsdə olduğu üçün ona mütəmadi olaraq yemək aparmış, 04 oktyabr 2021ci il tarixdə də bu məqsədlə Nərminin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21-ə öz yoldaşı Nigarla birlikdə getmişdir. Bu zaman evdə Nərmin və Anar kimi tanıdığı şəxs olmuşdur. Evə daxil olduqdan təxminən 5 dəqiqə sonra Nərmin ona siqaret və şirniyyat almaq üçün birlikdə mağazaya getməyi təklif etmişdir. Onlar birlikdə blokdan çıxıb piyada gedərkən polis əməkdaşları onları saxlayıb üzərlərinə baxış keçirsələr də, hər-hansı narkotik aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları Nərminlə birgə sonuncunun yaşadığı evə daxil olaraq baxış keçirmişlər. Sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Orada onun üzərində axtarış keçirilmiş, polislərin onun üzərinə qoyduqları narkotik vasitə aşkar edilmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Qulamzadə (Rzayeva) Nərmin Zaur qızının ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrin aludəçisidir. Hazırda hamilədir, eyni zamanda himayəsində iki azyaşlı övladı vardır. Maddi sıxıntıları olduğundan narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. İnternet vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Amid adlı şəxslə tanış olmuş, söhbət zamanı sonuncu özünün narkotik vasitələr, psixotrop maddələr və dərman həblərinin satışını həyata keçirdiyini, bu işdə yaxşı gəlir olduğunu və mallarını satacağı halda ona qazanc verəcəyini demişdir. Maddi sıxıntıları olduğu üçün Amid adlı şəxslə razılaşmış və hər dəfə Amidin əvvəlcədən ona dediyi müxtəlif ərazilərdən narkotik vasitə, psixotrop maddələr və dərman həblərini götürərək satıb Amidin hazırda yadında qalmayan kart hesabına “Milliön” vasitəsilə ödənişlər etmişdir. Qadın olduğu üçün bu işi tək bacara bilmədiyinə görə bu işdə ona tanışı Ceyhun köməklik etmişdir. Hər dəfə Ceyhunla birlikdə Amidin əvvəlcədən qoyduğu yerlərdən qeyd olunan malları götürüb müxtəlif şəxslərə, o cümlədən tanışları Nicat, Anar və digər şəxlərə sataraq əldə eldiyi gəliri Amidin kart hesabına köçürmüşdür. Amid də ya narkotik vasitə, psixotrop maddə və yaxud da pul vermişdir. Sonuncu dəfə 03 oktyabr 2021-ci il tarixdə Amid ona whatsapp vasitəsilə zəng vuraraq Binə qəsəbəsində yol kənarında satış üçün narkotik vasitə, psixotrop maddə və dərman həbləri qoyduğunu və onu götürüb sataraq pulunu göndərməyini istəməsinə görə, o, Ceyhunla əlaqə saxlayıb onunla birlikdə həmin gün Binə qəsəbəsinə gedib Amidin dediyi yerdən sellofan torbada həmin maddələri götürmüşdür. Daha sonra həmin maddələri yaşadığı evə gətirərək həmin maddələrin bir qismini yaşadığı evdə, bir qismini isə satmaq üçün üzərində gəzdirmişdir. xx.xx.2021-ci il tarixdən tanışı Anar yaşamağa evi olmadığı üçün müvəqqəti olaraq onun kirayə yaşadığı evə gəlmişdir. Əvvəllər də Anara narkotik vasitə satmış və Anar da onun bu işlə məşğul olduğunu bilmişdir. Hərdən Anar özü ilə marixuana, heroin, və yaxud da metamfetamin gətirərək, onları onda olan digər narkotik, psixotrop maddə və yaxud dərman həbləri ilə dəyişdirmişdir. Anar gələn günü ona 15 manat müqabilində psixotrop maddə metamfetamin satmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə rəfiqəsi Nigardan onun üçün yemək hazırlayıb gətirməsini xahiş etmiş, həmin günü saat 23:15 radələrində alış-veriş etmək üçün tanışı taksi sürücüsü İlqarla birlikdə Nizami metrostansiyasının yanına getmiş və təxminən 15 dəqiqə sonra geri qayıtmışdır. Evə qayıdarkən Nigar və əri Nicat kirayə yaşadığı evə gəlmişlər. Onlarla bir qədər oturduqdan sonra Nicat 20 manat pul müqabilində ondan heroin istəmiş və bildirmişdir ki, pulunu sonra verər. O, Nicatı tanıdığı üçün etiraz etməyərək Amid adlı şəxsin əvvəlcədən ona göndərdiyi narkotik vasitə heroindən bir az qaldığı üçün həmin narkotik vasitə heroini Nicata satmışdır. Daha sonra şirniyyat almaq üçün Nicatla birlikdə evdən çıxıb getmək istəyərkən polisi əməkdaşları onları narkotik salmaqda şübhəli olduqları üçün saxlayaraq polis şöbəsinə dəvət etdiklərinə görə etiraz etməyərək polis idarəsinə gəlmişlər. Orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən Amid adlı şəxsdən satış məqsədilə aldığı bir bükümdə metamfetamin, bir bükümdə heroin, metadon və preqabalin həbləri aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının sorğu-sualından sonra onun iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmiş və oradan da Amiddən satış məqsədilə aldığı narkotik vasitələr, psixotrop maddələr, güclü təsiredicilər və tərəzilər aşkar edilərək götürülmüşdür. Həmin maddələr ona məxsus olmuş, həmin maddələrdən qeyd etdiyi kimi Anara və Nicata satmış, əvvəlki mallardan Nicatın arvadı Nigara da satmışdır. Ümumiyyətlə, İlqarın onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə heç bir məlumatı olmamışdır. O, narkotik vasitələri yaşadığı evdə istifadə etmələrinə şərait yaratmamışdır. Ceyhun barəsində heç bir məlumatı yoxdur, sonuncu ilə internetdə tanış olmuşdur, mobil nömrəsini dəqiq bilmir. Narkotik vasitəni götürdükdən sonra aralarında olan mesajları və whatsappda qeydə alınmış bütün zənglərin tarixçəsini silmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir qanunsuz hərəkətlərə məruz qalmamışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi X8 ilə evlənmiş və hazırda sonuncu ilə ailəlidir. Özü astma xəstəsidir, ara-bir metadon adlı güclü təsiredici dərmandan istifadə edir, əvvəllər isə «şüşə» adlı psixotrop maddədən istifadə etmişdir. Nərmin Rzayeva onun rəfiqəsidir və təxminən 10 il olar Nərmini tanıyır. 4 oktyabr 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixə keçən gecə saat 01:00 radələrində Nərmin ona zəng edərək, xəstə olmasını bildirib yanına gəlməsini xahiş etməsinə görə X14 ilə birlikdə Nərminin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21-ə getmiş, həmin vaxt Nərminin tanışı Anarın orada olmasını görmüşdür. Əvvəllər bir neçə dəfə Anarı orada görmüşdür. Həmin vaxt Nərmin ondan körpə uşağını saxlamağı xahiş etməsinə görə uşağa mətbəxdə yemək verməklə məşğul olmuş, digər otaqda isə əri Nicatın, Anar adlı şəxsin və Nərminin hansı işlə məşğul olmasından məlumatı olmamışdır. Bir müddət sonra həmin mənzilə polis əməkdaşları gəlib mənzildə narkotik vasitə istifadə etməkləri ilə bağlı məlumat olmasını bildirərək Nərmindən icazə aldıqdan sonra mənzilə daxil olmuş və narkotik vasitə istifadə etməkdə şübhəli kimi onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsiredici maddə aşkar edilməmişdir. O, hazırda metadon adlı güclü təsiredici maddədən istifadə edir. Sonuncu dəfə təxminən 4-5 ay əvvəl «patı»dan istifadə etmişdir. Ümumiyyətlə, narkotik vasitə istifadəçisi deyil. Psixotrop maddəni təxminən 4-5 ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Metadonu isə bir neçə dəfə rəfiqəsi Nərmindən hədiyyə kimi almış, lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. X14 narkotik vasitə heroinistifadəçisidir, lakin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. X10 psixotrop maddə istifadə edir, lakin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Həmin şəxslərin hər üçünün narkotik vasitə istifadə etmələrini bilir, lakin onların yanında olmadığı üçün görməmişdir. Sonuncu dəfə təxminən 3-4 gün əvvəl Nərminin yaşadığı mənzildə güclü təsiredici maddə olan metadonu hədiyyə kimi almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.27-28); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.181-184); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 7/1023 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «1) Təqsirləndirilən şəxs imza...» olan kağız paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 0,450 qram və 1,079 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlarmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1,529 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir (İ cild, i.v.59-62); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4405 saylı ekspert rəyindən görünür ki, «Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,619 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 81,82 manat təşkil edir (İ cild, i.v.63-67); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2021-ci il tarixli, 4957 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opidoidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür (İ cild, i.v.218-219); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,616 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,559 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir (İİ cild, i.v.20-30); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.205-206); - “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü azyaşlı övladı var; - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli paltonun sağ yan cibindən iki ədəd kibrit qutusu, bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü və bir ədəd həbi çıxarıb masanın üzərinə qoymuş, bir ədəd ağ rəngli sellofan kağıza bükülmüş bükümün içərisində ağ rəngli, kristal şəkilli narkotik maddənin “şüşə” olduğunu, iki əsəs kibrit qutusunun içərisindəkilərin nəşə deyilən “marixuana” olduğunu, bir ədəd həbin isə sakitləşdirici psixotrop maddə olduğunu, həmçinin iki qutu marixuana və bir ədəd həbi Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata, bir ədəd bükümdə metamfetamini isə saxlanıldığı mənzildə yaşayan tanışı Nərmin adlı qadından 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadələri təyziq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Təqsirləndirilən şəxs 08 (səkkiz) ay 04 (dörd) gün həbsdə olma müddətinin 01 günü Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 4957 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,559 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 170,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixə qədər həbsdə saxlandığı 08 (səkkiz) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,559 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 170,82 (yüz yetmiş manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-171/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-171/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver