Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-172/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Azadlıq prospekti 86-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin gödəkcəsinin sağ yan cibindən telefonu çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 16 yanvar 2020-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı dəmir yolu sərnişin vağzalının ərazisində yerləşən “Perron Gallery” ticarət mərkəzindəki «Element» dükanında Zərərçəkmiş şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən, dəyəri 290 manat təşkil edən «Samsung J6» markalı mobil telefonu, üzərində 5 manat dəyərində olan ***-***-**-** və 4 manat dəyərində olan ***-***-**-** GSM nömrələri ilə birlikdə insanların sıx toplanmasından sui-istifadə edərək çıxardıb, gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 299 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, cinayət məsuliyyətinə cəlb edilməmişdən əvvəl avtomaşın təmiri yerində çilingər işləsə də, sonradan səhhəti ilə əlaqədar olaraq işləməmiş, bu səbəbdən maddi çətinlik çəkmişdir. Asan qazanc yolu kimi müxtəlif şəxslərin mobil telefonlarını və ya digər qiymətli əşyalarını cibgirlik yolu ilə oğurlayıb sataraq qazanc əldə etmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Bakı dəmiryolu sərnişin vağzalının ərazisində «Perron Gallery» ticarət mərkəzində olarkən saat 14-15 radələrində «Element» dükanında təxminən 25 yaşlı bir qadının alış-veriş etdiyini və əynindəki gödəkçənin cibində isə mobil telefon olduğunu gördükdən sonra ona yaxınlaşmışdır. Bu vaxt ətrafda olan şəxslərin diqqətini çəkmədən həmin şəxsin alış-veriş etdiyi vaxt əlini onun cibinə salıb «Samsung Galaxy J6» markalı mobil telefonu gizli şəkildə oğurlayaraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin gün mobil telefonu 3-cü mikrorayon bazarının qarşısında şəxsiyyətini və yaşayış yerini bilmədiyi «Vüqar» adlı şəxsə 90 (doxsan) manata satmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan 29.03.2021-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 2313 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, «SAMSUNG» şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan «İNTEGRAL» firmasının məlumatlarına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlədilmiş mobil telefon alqı-saıqı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ortada olmayan «Samsung J6» markalı mobil telefon aparatının daxili yaddaşı 32GB olduğu halda işlənmiş vəziyyətdə 16 yanvar 2020-ci il tarixə, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq respublıka daxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə qiyməti təxminən 290,00 manat, telefonun üzərində olan ***-***- **-** sim kartın qiyməti 5.00 manat, ***-***-**-** sim kartın qiyməti 4.00 manat müəyyən olunmuşdur (i/v 46-49). Maddi sübut kimi tanınmış CD diskdə olan video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, 01.06.2020-ci il tarixdə saat 15:12:15-də Təqsirləndirilən şəxs əynində qara rəngli, kapşonkalı qış gödəkçəsi ilə telefonu qulağına tutmuş vəziyyətdə mağazaya daxil olur və mağazanın içərisində gəzişərək saat 15:13:26da mağazaya girdiyi istiqamətin əksinə gedərək görüntüdən itir. Saat 15:19:17-də Təqsirləndirilən şəxs yenidən mağazadakı kamera görüntüsünə düşür və o telefonla danışırmış kimi telefonu qulağına tutaraq gəzişir, telefonu əlində tutaraq qurcalayır. Saat 15:19:53-də qarşısında dayanan, əynində qara rəngli qış gödəkçəsi olan qadının gödəkçəsinin sağ yan cibinə əlini salmaq istəyir, lakin nədənsə çəkinərək əlini geri çəkir. Həmin qadının arxa tərəfində dayanaraq telefonu qulağına tutub kiminləsə danışırmış kimi görüntü yaradır və həmin qadının arxasınca gedərək insanların sıxlığından istifadə edərək saat 15:21:06-da sağ əlini həmin qadının əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq nə isə götürüb mağazanı tərk edir. Mağazaya quraşdırılmış digər kameranın görüntüsündə isə Təqsirləndirilən şəxs mağazadan çıxarkən əlində telefon olduğu aydın görsənir. İş materiallarına əlavə olunmuş 21 dekabr 2020-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini əks etdirən video disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i/v 100). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Yasamal rayon məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 102- 105). İş materiallarında olan məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-157/2020 saylı, 21 mart 2020cu il tarixli qərarı ilə 05 may 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 107- 111). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(006)-40/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 04 (dörd) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin 20 mart 2020-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan 28 dekabr 2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 16 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi V.Əliyev tərəfindən imzalanaraq möhürlənmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 16 saylı Mənzil Kommunal İstismarı Sahəsinə heç bir şikayət daxil olmamışdır (i/v 154). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31.03.2021-ci il tarixli hökmü ilə qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 20 mart 2020-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-172/2021 saylı, 18.01.2021-ci il tarixli qərara əsasən 23.01.2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Bundan əlavə ünvan 1 ünvanlanmış M-017/503 saylı məktubdan görünür ki, X5 prokurorluq orqanlarına işə qəbul olunduğu üçün onun vəkillik fəaliyyətinə xitam verilmişdir. Bu səbəbdən, cinayət işi üzrə 1(006)-172/2021 saylı, 20.05.2021-ci il tarixli qərara əsasən 20.05.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs X5 tərəfindən göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində, X6 tərəfindən göstərilmiş 4 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 31.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X4 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-172/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-172/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver