Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-173/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı ünvanda yerləşən yataqxanada qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 18:07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 251 saylı ünvanda yerləşən ofisə gəlib otaqda olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus, içərisində 2.800 manat məbləğində pul, habelə Zərərçəkmiş şəxs1 və onun tanışı Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqələri olan 15 manat dəyərində pul kisəsini gizli yolla talayaraq oğurluq etmiş, bundan sonra pul qabını və içərisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rəsmi sənədi olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrini Nəsimi rayonunun ərazisində yolun kənarında olan zibil qutusuna atmaqla həmin sənədləri qeyri-mümkün vəziyyətə gətirməklə məhv etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapsa da, onun hərəkətlərində Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən olunmamışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə piyada hərəkət edərkən tanımadığı ofisin qarşısından keçən zaman onun işığının yandığını və orada heç kimin olmadığını görmüşdür. Ofisin giriş qapısını açıb içəri daxil olmuş və bir neçə saniyə giriş qapısının yanında dayanıb ətrafa boylanmış və heç kimi görməmişdir. Sonra otağın orta hissəsində olan masanın üzərində qara rəngli dəri materialdan olan pul qabını görüb onu oğurlamaq qərarına gəlmiş, əynində olan parça gödəkcəsinin papağını başına taxıb pul qabını götürərək gödəkcənin altına keçirmiş və oranı tərk etmişdir. Həmin yerdən xeyli uzaqlaşdıqdan sonra pul qabının içərisində 2.400 manat pulun və hansısa sənədlərin olduğunu görmüşdür. Pulu götürmüş, pul qabı və onun içərisindəki olan sənədlər ona lazım olmadığından onu dəqiq xatırlamadığı yerdə tullamışdır. Onun şəxsiyyət vəsiqələrini oğurlayıb və ya məhv etmək niyyəti olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı ünvanda yerləşən “Hasly” adlanan yeməkxananı işlədir. Fəaliyyəti ilə bağlı həmin ünvanda yerləşən 02 otaqdan ibarət ofisi də icarəyə götürüb. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:07 radələrində ofisdə olarkən telefonuna zəng gəlmiş, o da zəng edən şəxslə danışmaq üçün ofisin digər arxa otağına keçmişdir. Eyni zamanda özünə məxsus 15 manat dəyərində qara rəngli dəridən olan pul qabını həmin otaqda masanın üzərinə qoymuşdur. Təxminən iki-üç dəqiqədən sonra geri qayıdanda görmüşdür ki, pul qabı yoxdur. Bu qabın içərisində ona məxsus 2.800 manat pul, habelə həm özünün, həm də işçisi Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqələri olmuşdur. Oğurluq baş verdiyini anlayıb otaqda quraşdırılmış kameranın görüntülərinə baxmış və görmüşdür ki, tanımadığı, təxminən 25 yaşında olan bir şəxs ofisə daxil olmuş və masanın üzərində pul qabını götürüb dərhal çıxıb getmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı ünvanda yerləşən “Hasly” adlanan yeməkxanada aşbaz işləyir. Yeməkxananı Zərərçəkmiş şəxs1 işlədir. Müqavilə bağlamaq üçün oz şəxsiyyət vəsiqəsini Rəsula vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Rəsul yeməkxanaya gəlib ona bildirmişdir ki, ofisdə olduğu müddətdə naməlum şəxs masanın üzərindən onun pul qabını oğurlamış, bu qabın içərisində 2.800 manat pul, özünə və ona məxsus şəxsiyyət vəsiqələri olmuşdur (İ cild, i.v.29-30). İş materiallarında olan: “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla baş vermiş oğurluq hadisəsinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, i.v.54-60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ciil tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.85). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bununla belə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın “içərisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rəsmi sənədi olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrini Nəsimi rayonunun ərazisində yolun kənarında olan zibil qutusuna atmaqla həmin sənədləri qeyri-mümkün vəziyyətə gətirməklə məhv etməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından ona həmin maddə ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətməyə görə məsuliyyət müəyyən edir. Göründüyü kimi, qeyd olunan cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştampları və ya möhürləri talamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. Göstərilən normanın dispozisiyasının mənasına görə bu cinayət yalnız birbaşa qəsdlə törədilir. Yəni həmin əmələ görə şəxs o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, törətdiyi bu əməlin ictimai təhlükəliliyini dərk edir, əməlin cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd etməsini başa düşür və ictimai təhlükəli nəticənin baş verməsini arzu edir. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhv etmə dedikdə, təqsirkar şəxsin elə qanunsuz hərəkətləri başa düşülür ki, həmin hərəkətlər rəsmi sənədlərin və digərlərin tamamilə sıradan çıxarılması (yandırılması, cırılması, xırda hissələrə parçalanması və s.) ilə və yaxud onların tətbiq (istifadə) edilməsini qeyri-mümkün edən vəziyyətə gətirilməsi (suya və digər mayenin içərisinə atılması və s.) ilə nəticələnir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 326.1-ci maddəsinin tərkib əlamətlərini təsdiq edə biləcək dəlillər aşkar edilməmişdir. Əksinə olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus pul kisəsini gizli yolla talayarkən şəxsiyyət vəsiqələrini hər hansı bir niyyətlə götürüb istifadə etmək arzusunda, o cümlədən məhv etmək niyyətində olmamış, onun məqsədi yalnız maddi dəyəri olan əşya və ya pul əldə etmək olmuşdur. Təqsirləndirilən şəxsin onun tərəfindən törədilmiş cinayətin izinin itirmək niyyətində olması və məhz bu səbəbdən də qeyd olunan sənədləri atmaqla məhv etməsi və bununla da əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və arzu etməsi, yəni onun əməlində Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətdən tərkibinin olması barədə fikir yalnız mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və onunla barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı ünvanda yerləşən yataqxananı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-173/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-173/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver