Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-173/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Atlas Travel”-də tur operatoru işləyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Sərdarov küçəsi, döngə 2, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, ev 129, mənzil 103-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,769 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 dekabr 2022-ci il tarixdə saat 22:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 (bir) bükümdə təmiz çəkisi 0,769 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmir, üzərindən aşkar olunan narkotik vasitəni internet sosial şəbəkəsi vasitəsilə tanımadığı şəxsə sifariş vermiş və 50 manat pulu onlayn göndərmiş, pulu göndərdikdən sonra həmin şəxs ona narkotik vasitəni Nəsimi rayonu, D.Əliyeva küçəsi, 175-də binanın pəncərəsinin yanına qoymasını bildirmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində tanışları Şahid1 və Şahid4lə birlikdə Nəsimi rayonu, D.Əliyeva küçəsi, 175 ünvanına həmin narkotik vasitəni götürmək məqsədi ilə getmiş, həmin bir bükümdə narkotik vasitəni götürdükdən sonra yolda polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polislərə etiraz etməyərək birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində üzərində videoçəkilişdən istifadə etməklə axtarış aparılmış, axtarış zamanı o, qara rəngli cins şalvarının sol cibində olan sellofanda bir bükümü təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan «kakos» deyilən heroin olduğunu bildirmişdir. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında günün ikinci yarısı “Rasim” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək özündə saxlayıb daşımasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra onun və şöbənin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə həmin gün saat təxminən 22:30 radələrində ünvan 2 ünvanının qarşısına gəlmişlər. Həmin ərazi boş olduğu üçün oradan keçən şəxsləri izləmək mümkün olmuşdur. Biraz keçdikdən sonra qeyd olunan əraziyə şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs, onun yanında olan Şahid4 və Şahid1 gəlmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlara üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olub-olmaması ilə əlaqədar şübhəli olmaları bildirilərək, Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmiş, həmin şəxslər etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmiş, Polis Şöbəsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə təhqiqatçı Tariyel Mahmudovun, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, Nəsimi RPİ-nin KTQ-nin inspektor kriminalisti, X5 və onun iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofana bükülü içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşduqda o, həmin kütlənin el arasında «kakos» kimi adlanan narkotik vasitə heroin olmasını və həmin günü İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs ilə sosial şəbəkədə danışaraq 50 manat pulu onlayn formada göndərdikdən sonra həmin şəxsin narkotik vasitəni Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 175 ünvanının pəncərəsinin qarşısına qoyulması bildirilməsinə görə həmin ünvandan özü istifadə etmək məqsədi ilə götürüb üzərində daşımasını bildirmiş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda, o üzərində hər hansı bir əşya olmadığını bildirməsinə baxmayaraq üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya tapılmamış, iştirakçılara həmin bükümdə olan kütlənin ekspertiza tədqiqatına göndərilməsi elan olunduqdan sonra zərfə qoyularaq qablaşdırılıb, möhür ilə möhürlənərək protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis idarəsinin 22-ci Polis Şöbəsində əməliyyat müvəkkili Şahid2 da Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və həmin şöbənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, mütəxəssis X8, barəsində istintaq hərəkətləri aparılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofana bükülü içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşduqda o, həmin kütlənin el arasında «kakos» kimi adlanan narkotik vasitə heroin olmasını, 2 aydır ki, istifadə etdiyini və həmin günü İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs ilə sosial şəbəkədə danışaraq 50 manat pulu onlayn formada göndərdikdən sonra həmin şəxsin narkotik vasitəni Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 175 ünvanının pəncərəsinin qarşısına qoyulması bildirilməsinə görə həmin ünvandan özü istifadə etmək məqsədi ilə götürüb üzərində daşımasını bildirmiş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda o, üzərindən 1 manat pul və bir ədəd Samsung markalı mobil telefonu təqdim etdi, bundan sonra onun üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya tapılmamış, iştirakçılara həmin bükümdə olan kütlənin ekspertiza tədqiqatına göndərilməsi elan olunduqdan sonra zərfə qoyularaq qablaşdırılıb, möhür ilə möhürlənərək protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 49-55). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/7054 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Zərfər üçiin №190 möhür əksi, «... Təqsirləndirilən şəxs..» və s. soyadlar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,769 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. (i/v 62-65). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 110 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 221-222). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 206). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-643/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i/v 24-25, 197-202). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,769 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı 0,719 qram qalığının saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır (227-234). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-173/2023 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(006)-643/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən ev dustaqlığı qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-173/2023 saylı qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və hökm çıxarılan anadək 06 ay müddətində ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri isə bu müddətin onun azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmasını şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il müəyyən olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza onun faktiki ev dustaqlığında olduğu müddətlə əhatə edilməklə cəzası çəkilmiş hesab olunmalıdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə müvafiq olaraq ləğv edilməldir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,719 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 37 (otuz yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökm çıxarılan anadək ev dustaqlığında olduğu 06 (altı) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,769 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,719 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-173/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-173/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver