Məhkəmə qərarları › İş №1(006)-174/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-174/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-174/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyeva küçəsi, ev 96, mənzil 03-də qeydiyyatda olan, məhkumluğu ödənilməmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,260 qram çəkidə psixotrop maddə metamfetamini və 0,262 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 sentyabr 2021-ci il tarixdə, saat 17:50-də Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən hər biri 01 bükümdə həmin psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, isitntaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,670 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən 25 oktyabr 2021-ci il tarixdə, saat 12:05-də Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyeva küçəsi, ev 96, 03 saylı mənzilin qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir, onları müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. xx.xx.2021-ci il tarixdə, saat 16:50-də Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan ərazidə adını bilmədiyi şəxsdən hər biri 10 manat olmaqla ümumilikdə 20 manat müqabilində şəxsi istifadəsi üçün heroin və metamfetamin almışdır. Həmin günü saat 17:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşmış, onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 22-ci polis şöbəsinə getmiş, orada onun üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Bu zaman o, əynində olan, tünd göy rəngli idman şalvarının sol yan cibindən həmin heroin və metamfetamin olan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Eyni zamanda 25 oktyabr 2021-ci il tarixdə, günorta vaxtı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyeva küçəsi, ev 96, mənzil 03-də olarkən 3 nəfər polis əməkdaşı onun evinə gələrək barəsində qonşular tərəfindən şikayət daxil olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O isə əvvəlcə qapını açmasa da, sonradan qardaşı ona zəng vurub polis idarəsinə getməyi məsləhət bilmişdir. O da bayıra çıxıb polis əməkdaşları ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinə gəlmişdir. Onun üzərində heç bir narkotik vasitə olmasa da, idarədə polis əməkdaşları ona bir büküm narkotik verib cibinə qoymasını tələb etmişlər, əks halda ona zor tətbiq edəcəklərini söyləmişlər. O da bundan qorxaraq məcbur olub üzərindən guya 0,670 qram çəkidə heroin çıxmasını etiraf etmişdir. Bir daha narkotik vasitə istifadə etməyəcəyini, əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşağının olmasını qeyd edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 04 sentyabr 2021-ci il tarixdə iş yoldaşları Şahid1 və Şahid3 ilə xidmətdə olan zaman təxminən saat 17:50 radələrində Mirzə İbrahimov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və ondan özünü təqdim eməyi tələb etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsdən narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında olub-olmadığını soruşmuş, sonuncu da narkotik qəbul etdiyini və üzərində narkotik vasitə olduğunu söyləmişdir. Daha sonra onlar həmin şəxsi Nəsimi Rayonu 22-ci polis şöbəsinə aparıb təhvil vermişlər. Məhkəmədə şahidlər Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən polis şöbəsinə təmin olunmuşdur. Şöbədə videoçəkilişlə onun üzərində axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən salfetə bükülmüş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristal şəkilli maddəni və 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddəni çıxararaq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş maddələrin metamfetamin və heroin olduğunu, onları tanımadığı şəxsdən hər birinə 10 manat verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid7 Şahid4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan, əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatın yoxlanılması üçün raportla məruzə edilmişdir. İş yoldaşı Şahid6 iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 12:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 96, mənzil 03-ün qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə aparılmış, orada videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 qara rəngli kağıza bükülmüş maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olduğunu bildirmiş və uzun müddət narkotik vasitə istifadəçisi olduğunu deyərək onu “Kubinka” adlanan ərazidən İran İslam Respublikası vətəndaşından 10 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsir göstərilməmiş, ona qarşı hər-hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan:  “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibidən 1 ədəd qara kağıza bükülmüş, içərisində qəhvəyi rəngli tozşəkilli bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər bir əşyanın olub-olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır, heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli kağıza bükülmüş içində qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” deyilən narkotik vasitə heroin olduğunu bildirir, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, eyni zamanda dünən “Kubinka” adlanan ərazidə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını deyir (İ cild, i.v.47-53, disk);  Təqsirləndirilən şəxsin dindirilməsi protokollarında Təqsirləndirilən şəxs bildirir ki, 24 oktyabr 2021-ci il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Rza adlı şəxsdən bir ədəd qara rəngli bükümdə heroini 10 manata şəxsi istifadəsi üçün almışdır. 25 oktyabr 2021-ci il tarixdə, saat 12:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyeva küçəsi ev 96, mənzil 03-ün qarşısında çöldə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək ona polis idarəsinə getməli olduğunu bildirmişlər. O, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında otaqlardan birinə onlarla birlikdə getmişdir. Şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət edilmişdir. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 qara rəngli bükümdə olan maddəni çıxarıb masanın üzərinə qoymuşdur...(İ cild, i.v.83-85, İİ cild, i.v.46-50);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin  25 oktyabr 2021-ci il tarixli, 6/4741 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş....” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,620 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.58- 60);  05 sentyabr 2021-ci il tarixli, 6/3884 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №190” möhür əksi, “Şübhəli şəxs:..Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,260 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,262 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,210 qram, heroinin ümumi qalıq çəkisi 0,212 qram, aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (İ cild, i.v.156-158); ” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında xx.xx.2021-ci il tarixli, 3726 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (lİ cild, i.v.6- 7); ” “Maddi sübut kimi tanınma haqqında” qərarlarla ekspertizadan sonra qalıq qalan 0,212 və 0,620 qram heroin, 0,210 qram metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.213, 231); ” “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-387/2021 saylı qərarı ilə rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir (İ cild, i.v.124-125, 201-204); ” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)- 464/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, ona fiziki və mənəvi təzyiq göstərildiyi üçün həmin əməli etiraf etdiyini bildirmişdir (İ cild, i.v.97-101);  Təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunda Təqsirləndirilən şəxs bildirir ki, xx.xx.2021-ci il tarixdə saxlanıldığı zaman üzərində narkotik vasitə olmuş, ona qarşı heç bir fiziki və mənəvi təsir göstərilməmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə prosesi zamanı belə deməyinin səbəbi barəsində həbs qətimkan tədbirinin seçilməməsini istəməsi olmuşdur (İ cild, i.v.101a-101c); ” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına və hökmün surətinə əsasən Təqsirləndirilən şəxs əvvəllər 4 dəfə məhkum edilmiş, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə təqsirli bilinərək 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır (İ cild, i.v.215-217, 220-225); ” Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2020-ci il təvəllüdlü övladları var (İ cild, i.v.86- 87). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram; psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona verilmiş ittihamın ikinci epizodu üzrə özünü təqsirli bilməsə də, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə bu əməlin də onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin 25 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə səsləndirsə də, daha sonra müstəntiqə vermiş olduğu ifadəsində bunu təkzib etmiş və həbs olunmaması üçün belə söylədiyini bildirmişdir. Bundan əlavə onun bu barədə məhkəməyədək icraatı aparan orqan qarşısında məsələnin qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun tərəfindən cinayətin təkrar törədilməsi isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini, məhkumluğu ödənilmədən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,210 qram psixotrop maddə metamfetamin, 0,212 qram və 0,620 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 174,90 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 174 (yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,210 qram psixotrop maddə metamfetamin, 0,212 qram və 0,620 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar