Məhkəmə qərarları › İş №1(006)-175/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-175/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-175/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 27 avqust 2023-cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10-20 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu piyada keçidi ilə sağ istiqamətdən sol istiqamətə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin sağ gicgah-alın-təpə nahiyələrində yumşaq qişaları və beyin toxumasına qansızmalar, sağ gicgah-təpə nahiyəsinin subdural hematoması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun üstü nahiyənin, sol saidin, sol baldır, qarın nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması ilə əlaqədar baş beyin toxumasına və qişalarına qansızma, sağ gicgah-təpə nahiyəsinin subdural hematoması nəticəsində 06 sentyabr 2023-cü il tarixdə müalicə aldığı 1 saylı X9 ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı ailəsini dolandırmaq üçün “Uber” şirkətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Uber” şirkətinə məxsus olan etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğuna görə müştərini olduğu ünvandan götürmək məqsədilə ünvan 2 küçə ilə Azadlıq prospektinin kəsişməsində işıqforda dayanaraq hərəkəti üçün icazə verən yaşıl işığın yanmasını gözləmişdir. O həmin vaxt avtomobili “B” qutusuna keçirərək idarə etmişdir. İşıqforda yaşıl işıq yandıqdan sonra o, hərəkətinə asta sürətlə davam edərkən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə 28 may küçəsinin kəsişməsində olan piyada keçidi ilə sağ tərəfdən sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs yerüstü piyada keçidi ilə hərəkət etdiyini görmüşdür. O həmin vaxt sürətinin az olmasına baxmayaraq sürətini bir qədərdə azaltmış, lakin avtomobilin sol tərəfinin piyada keçidində hərəkət edən piyada özünü anidən avtomobilin ön sol hissəsinə çırpmışdır. O, dərhal tormoz pedalına təzyiq göstərərək maşını dayandırmış və maşından enərək Zərərçəkmiş şəxs yerdən qaldıraraq, “Toyota Prius” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşdirərək, onu 1 saylı şəhər X11 çatdırmışdır. O, avtomobili ilə Zərərçəkmiş şəxs xəstəxanaya apararkən sonuncu heç bir yaxının olmadığını bildirmişdir. Xəstəxanada Zərərçəkmiş şəxs həkim müayinəsindən keçməsi üçün həkimlərlə danışmış və sonuncu həmin xəstəxananın reanimasiya şöbəsində müalicə almışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs aldığı müalicələrə baxmayaraq 1 saylı X9 vəfat etmişdir. Halbuki, Zərərçəkmiş şəxs müalicə olunarkən həkimlər ona xəstənin vəziyyətinin yaxşı olacağına dair məlumatlar vermişlər. O, hesab edir ki, Zərərçəkmiş şəxs həkimlərin səhlənkarlığı səbəbindən vəfat etmişdir və sonuncunun ölümü onun avtomobili ilə vurması nəticəsində olmamışdır. O ümumilikdə zərərçəkmiş şəxsin müalicə xərcləri üçün 7000 manat pul xərcləmiş, sonuncunun dəfni üçün bütün lazımi tədbirləri yerinə yetirmişdir. İfadəsinin sonunda baş vermiş hadisə ilə əlaqədar heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs vəfat etdikdən sonra yaxın qohumları müəyyən edilmədiyindən o, Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ağabala Cəfərov tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. O baş vermiş hadisənin birbaşa şahidi olmamış, yalnız istintaq dövründə əldə etdiyi məlumatlar əsasında Zərərçəkmiş şəxs piyada keçidi üzərində hərəkəti nəticəsində Təqsirləndirilən şəxs idarə ediyi avtomobillə vurulmasını və həmin hadisədən doqquz gün sonra 1 saylı X9 vəfat etməsini bilmişdir. Bundan başqa, o 1 saylı X9 Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə hansı köməkliyin göstərilməsi və hansı məbləğdə maddi köməklik edilməsi barədə məlumata sahib deyil. Bundan əlavə, o istintaq dövründə videogörüntülərə baxış keçirərkən Zərərçəkmiş şəxs piyada keçidi üzərində hərəkəti zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurulmasını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili bir müddət özü idarə etdikdən sonra tanış olan şəxslərə icarəyə vermiş, daha sonra avtomobili idarə edən şəxslər cərimələr etdiyindən həmin avtomobili ona geri qaytarmışdır. Bir müddət sonra xx.xx.2023-cü il tarixdə o, avtomobilini “X18" şirkətinə müqavilə bağlayaraq təhvil vermiş, müqavilənin şərtlərinə əsasən şirkət əsas qazancın 6 faizini özü götürərək, avtomobilin icarəyə verilməsi ilə bağlı bütün öhdəlikləri üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə avtomobili Təqsirləndirilən şəxs icarəyə verilməsi ilə bağlı nəqliyyat vasitəsinin idarə edilməsi barədə 1 il müddətli etibarnaməni həmin gün 23 saylı Notariat ofisində Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək avtomobil ilə adam vurduğunu, həmin adamı 1 saylı şəhər KTM-nə gətirdiyini bildirərək avtomobilə cərimə gəlib-gəlmədiyini soruşmuş, o, isə bu barədə avtomobilə cərimə gəlmədiyini bildirmiş və hadisənin baş vermə səbəbini öyrənmişdir. Təqsirləndirilən şəxs daha sonra hadisə barədə məlumat vermişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək vurduğu şəxsin xəstəxanada vəfat etdiyini bildirmişdir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi Ağabala Cəfərov tərəfindən Zərərçəkmiş şəxs ölməsi faktı əsasında ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarına əlavə edilmiş “videoyazıya baxış keçirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində işıqforun qırmızı işığında dayanaraq hərəkət üçün işıqforun icazəverici yaşıl işıq yandıqdan sonra hərəkətə başlayır, həmin vaxt piyadalar üçün yaşıl işıq yanaraq piyadaların hərəkətinə icazə verilmiş, piyada zolağında hərəkət edən piyada Zərərçəkmiş şəxs piyada zolağında hərəkət edərkən “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını görərək sağ əlini qaldırıb piyada zolağında hərəkətdə olmasını sürücüyə işarə etməsinə baxmayaraq 12 metr enində olan avtomobil yolunun 10-cu metrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə vurmuş, Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs yalnız vurduğu anda idarə etdiyi avtomobilin arxa tormoz işıqlarından göründüyü kimi tormozlanmanı həyata keçirmiş, daha sonra isə orada olan şəxslərin köməkliyi ilə avtomobilə əyləşdirilərək oradan uzaqlaşmışdır (i/v 45). Məhkəmə baxışı zamanı da qeyd olunan hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və “videoyazıya baxış keçirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X10 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 115 saylı rəyindən görünür ki, 1954cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər - baş beyinin sağ gicgah-alın-təpə nahiyələrində yumşaq qişaları və beyin toxumasına qansızmalar, sağ gicgah-təpə nahiyəsinin subduıal hematoması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun üstü nahiyənin, sol saidin. sol baldır, qarın nahiyələrinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs Aleksaııdoviçin meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəhli əlaqələri vardır və dərəcəsinə görə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması ilə əlaqədar baş beyin toxumasına və qişalarına qansızma, sağ gicgah-təpə nahiyəsinin subdural hematoması olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2023-cü il tarixdə, saat 03:10-da Bakı Baş Sİ-nin X7 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar edilmir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin və salisilatlar aşkar edilməmişdir (i/v 58-64). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2765 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara görə, “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 67-69). İşdə olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş, həmin küçədə avtomobil yolunun hərəkət hissəsinin eni 12 metrdir, hadisə vaxtı sürücü üçün təhlükə piyadanın yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına doğru keçməyə başladığı andan yaranmış, həmin andan vurulmaya kimi piyada 10 metr məsafə qət etmişdir (i/v 4-11). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i/v 46-47, 129-135). İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli “ölmüş zərər çəkmiş şəxsə hüquqi varis təyin edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 ********* saylı cinayət işi üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi təyin edilmişdir (i/v 88). İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən görünür ki, “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyatdadır və sonuncu tərəfindən Şahid 10 il müddətinə etibarnamə verilmişdir (i/v 97-98). İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kamran Əliyev tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 13 noyabr 2023-cü il tarixli, 3- 13-16/2-155427/2023 saylı məktubun surətindən görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-cü il tarixədək etibarlı olan) BA 419385 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i/v 79). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd disk maddi sübut kimi tanınmış və avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 145-152). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2/30055 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 13). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 124). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir (i/v 34). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdülü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki uşağı vardır (i/v 35-38). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə və məhkəmədə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və ekspertiza rəyləri, diskdə olan görüntülər və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, həmçinin himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqi yardım həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkilə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüləri olan 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar