Məhkəmə qərarları › İş №1(006)-176/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-176/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-176/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 5, mənzil 32-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 16 noyabr 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 bükümdə, təmiz çəkisi 1,525 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 3,550 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 noyabr 2020-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən «McDonalds» restoranının qarşısında özünü şübhəli apardığından Nəsimi RPİnin PPXB-nün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirilmiş və polis şöbəsində üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində «AUDİ» markalı emblem olan, qara rəngli dəri materialdan hazırlanmış qabın içərisindən həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, el içində “şüşə” adlanan narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitəni siqaret kağızının gümüşü falqasına bükərək yandırdıqdan sonra əmələ gələn tüstünü ağzına çəkərək qəbul edir. Onun narkotik vasitəni istifadə etməkdə məqsədi bədənində yaranan ağrıları kəsməkdən ibarət olmuşdur. O, narkotik vasitəni müxtəlif vaxtlarda Bakı şəhərində “Kubinka”, «Sovetski», “Papanin” adlanan yerlərdən və Bayıl qəsəbəsindən tanımadığı şəxslərdən əldə edirmiş. 16.11.2020-ci il tarixdə təxminən axşam saatlarında bədənində yaranan ağrılara görə o, narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisinə getmiş və orada olan zaman adını bilmədiyi və üzünü ilk dəfə gördüyü şəxs ona yaxınlaşaraq orada nə etdiyini soruşanda o, iş axtarmaq məqsədi ilə həmin yerə gəldiyini bildirmiş, həmin şəxs üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən narkotik vasitəni neçəyə satdığını soruşanda həmin şəxs ona psixotrop maddə metamfetamini və narkotik vasitə heroini ümumilikdə 56 manata sata biləcəyini bildirmiş, bu zaman o, həmin şəxsə onda olan narkotik vasitəni və psixotrop maddəni almaq istədiyini bildirmiş və onunla birlikdə həmin küçədə yerləşən yaşayış binalarının tininə keçmiş, orada həmin şəxs 2 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitəni və psixotrop maddəni ona vermişdir. O da, narkotik vasitəni alıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. 17.11.2020-ci il tarixdə saat 01:30 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «McDonalds» adlı restoranın qarşısında olarkən 2 nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq özlərini təqdim emiş, onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər və o, polis işçilərinə etiraz etməyib onlarla birlikdə avtomobilə əyləşmiş və Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşları tərəfindən iş müvafiq qaydada araşdırılması üçün tədqiqatçıya həvalə edilmişdir. Bu zaman tədqiqatçı ona üzərinə video çəkilişlə və şahidlərin iştirakı ilə baxış keçiriləcəyini bildirmiş, o, heç bir etiraz etməmişdir. Bundan sonra tədqiqatçı ona Nəsimi rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş və o, vəkil Lalə Mənsurovanı seçdikdən sonra video çəkiliş və şahidlərin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. İlkin olaraq tədqiqatçı üzərində olan əşyaları bir-bir təqdim etməsini təklif etmiş, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd içərisində 5 ədəd siqaret olan «Kent» markalı siqaret paketini və bir ədəd üzərində «Kent» yazısı olan qara rəngli alışqanı çıxararaq stolun üzərinə qoymuş, bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində «AUDİ» markalı avtomaşının emblemi olan qara rəngli dəri materialdan hazırlanmış qabı çıxartmış və həmin dəri qabın içərisindən iki ədəd ağ rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Əşyaları təqdim etdikdən sonra tədqiqatçı onun üzərində şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunan əşyalara tədqiqatçı tərəfindən baxış keçirilən zaman ondan ağ rəngli sellofan bükümdəki 2 ədəd bükümün nə olduğunu və haradan əldə etdiyini soruşanda o, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və 16.11.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindən tanımadığı şəxsdən 56 manata öz istifadəsi üçün aldığını bildirmiş, bundan sonra tədqiqatçı həmin əşyaları qablaşdıracağını bildirərək ilkin olaraq zərfin içərisini göstərmiş, zərfin içərisinin boş olduğu müəyyən edildikdən sonra tədqiqatçı həmin kütlələri qablaşdıraraq götürmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Sonda o, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, əldə etdiyi həmin narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikrinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı xüsusi rütbəsi daşıyır. 17 noyabr 2020-ci il tarixdə Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman saat 01:30 radələrində Nəsimi RPİ-nin 19 PŞ-nin inzibati ərazisində, Nəsimi rayonu Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “MC Donalds” restoranın qarşısında bir nəfər şəxsin piyada hərəkət etdiyini müşahidə edərək, komendant saatı ilə əlaqədar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsin portalda icazəsinin olub-olmamasını yoxlamaq istəyərkən həmin şəxs özünü şübhəli aparmağa başlamış, xarici görünüşündən narkotik tərkibli maddələrdən istifadə etməsi ehtimal olunduğundan onlar həmin şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmiş və həmin şəxs buna etiraz etməmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə, eləcə də həmin şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxsə yəni, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyriqanuni əşyanı təqdim etməsi təklif edilmiş, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd içərisində 5 ədəd siqaret olan «KENT» markalı siqaret paketini və bir ədəd üzərində «Kent» yazısı olan qara rəngli alışqanı çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində «AUDİ» markalı avtomaşının emblemi olan qara rəngli dəri materialdan hazırlanmış qabı çıxartmış və həmin dəri qabın içərisindən iki ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşyalara tədqiqatçı tərəfindən baxış keçirildiyi zaman ağ rəngli sellofan bükümdəki 2 ədəd bükümün nə olduğunu və haradan əldə etdiyini soruşanda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, 16.11.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindən tanımadığı şəxsdən 56 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra tədqiqatçı həmin əşyaları qablaşdıracağını bildirmiş və ilkin olaraq zərfin içərisini göstərmiş, zərfin içərisinin boş olduğu müəyyən olunduqdan sonra, tədqiqatçı həmin kütlələri qablaşdıraraq götürmüş və daha sonra bu barədə protokol tərtib olunaraq hər bir iştirakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin tədqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin PPXB-nün polis nəfəri polis serjantı Şahid1 və Nəsimi rayon Polis İdarəsinin PPXB-nün polis nəfəri polis serjantı Şahid2, mütəxəssis X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 17 noyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya olmadığını bidirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi göy rəngli cins şalvarın ciblərinə baxılmış, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 5 (beş) ədəd siqaret olan “KENT” markalı siqaret paketi, 1 (bir) ədəd üzərində “Kent” yazısı olan qara rəngli alışqan aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəyə baxış keçirilmiş və o, gödəkçənin sağ yan cibindən üzərində “AUDİ” markalı avtomaşının emblemi olan, qara rəngli dəri materialdan hazırlanmış qabı çıxarmış, daha sonra həmin dəri qabın içərisində olan 2 (iki) ədəd ağ şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələri, həmçinin həmin cibindən 1 (bir) ədəd “LD” markalı, siqaretlə dolu vəziyyətdə olan siqaret paketini çıxarıb təqdim etmişdir. Ondan sonra Təqsirləndirilən şəxs şalvarın kəmərini açması tələb olunmuş, o, şalvarın kəmərini çıxaranda kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs başmaqlarını çıxarması tələb olunmuş, o, başmaqlarını çıxarıb silkələmiş, sonra isə corabları çıxarılıb çevirilməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ondan başmağını geyinməsi və üst başını səliqəyə salması tələb edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs sellofana bükülmüş bükülüdə olan vasitələrdən birinin el arasında “şüşə” adlanan psixotrop maddə, digərinin isə heroin adlanan narkotik vasitə olduğunu bildirmiş, ondan üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə Təqsirləndirilən şəxs həmin maddələri 16.11.2020-ci il tarixdə axşam saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumillikdə 56 manat ödəməklə aldığını bildirmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükülüdə olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddələr olan 2 (iki) ədəd ağ rəngli şəffaf sellofana qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilərək protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. (i/v 45-51). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17.11.2020-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli, 6/2518 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs qismində saxlanılmış şəxs (imza) Təqsirləndirilən şəxs...” əl yazıları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №187” saylı möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,550 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış heroindir. Həmin zərfdəki digər bükümdə olan təmiz çəkisi 1,525 qram olan maddə isə tərkibinə görə psixotrop maddə metafetamindir. (i/v 57- 61). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,550 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış heroin və həmin zərfdəki digər bükümdə olan təmiz çəkisi 1,525 qram olan maddə isə tərkibinə görə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq hissəsi 3,500 qram heroin, 1,475 qram metafetamin saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 118-123). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 25 noyabr 2020-ci il tarixli 3307 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 103-104). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 109). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdə, saat 02:05-də şübhəli şəxs qismində tutulmuşdur (i/v 22-25). İş materiallarına əlavə olunmuş 18.11.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından və “Başqa yerə getməmək haqqında iltizamdan” qətimkan tədbirindən görünür ki, 18 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və həmin tarixdə “Başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir (i/v 94- 95, 96). Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-176/2021 saylı, 18 may 2021-ci il tarixli qərarından, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə ünvanlanmış 9 iyun 2021-ci il tarixli, 17/38-3885 saylı məktubundan və Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis idarəsindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 05 iyun 2021-ci il tarixli, 0**-GT-***7 saylı məktubundan görünür ki, Nəsimi rayon məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin əməkdaşları tərəfindən tutulmuş və 07 iyun 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 3,550 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 3,500 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 1,525 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,475 qram olan metamfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-176/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərara əsasən 28 yanvar 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 3,550 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 3,500 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 1,525 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,475 qram olan metamfetamin məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar