Məhkəmə qərarları › İş №1(006)-176/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-176/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-176/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 8, 102 nömrəli mənzilin qonaq otağında anası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq ona sol gözün üst və alt qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası, sol gicgah-almacıq, sol gözaltı, boyun və çənəaltı nahiyələrinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Atası ilə anası 2002-ci ildə boşanmışlar. Həmin ildən anası onu və bacısını təkbaşına böyütmüşdür. Anası ilə ailə daxili müxtəlif səbəblərə görə mübahisələri olur. Bir neçə ay olar ki, heç bir işlə məşğul deyildir. Təxminən bir ay kreditlə aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, lakin bu işi bacara bilmədiyinə görə fəaliyyətini dayandırmışdır. Gündəlik xərclərini anası qarşılayır. xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə olarkən anası Həcərdən bərbərə borcu olduğunu bildirib 10 (on) manat pul istəmiş və anası həmin məbləği ona vermişdir. Bir neçə dəqiqə sonra isə siqaret almaq üçün əlavə 5 manat istəmiş, anası həmin məbləği ona istəməyərək verdiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyib anası Həcərin bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq döymüşdür. O, hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 ilə 1992-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladları vardır. 2002-ci ildə Bəhmən Xəlilovdan boşanmışdır. Təqsirləndirilən şəxs onun oğludur. Onunla 2015-ci ildən yola getmirlər. Demək olar ki, Seymur hər gün onunla səbəbsiz yerə mübahisə edir. Seymur mütəmadi olaraq ondan gündəlik pul istəyir, pul vermədikdə onunla mübahisə etməyə başlayır və onu döyür. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Seymur ondan bərbərə getmək üçün 10 manat pul istəmiş, o da həmin məbləği ona vermişdir. Daha sonra əlavə ondan 5 manat pul istəmiş, həmin məbləği də ona vermişdir. Bundan sonra ona məlum olmuş ki, Seymur bacısı Gülnardan da pul istəmişdir. Buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Seymur əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. O, hadisənin təxminən 5 dəqiqə davam etdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında məhkəməyədək sadələşdirilmiş icraat açılmış və icraata qəbul edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 1666 saylı rəyindən görünür ki, H.A.Həsənovnın bədənində aşkar edilmiş xəsarətlər - sol gözün üst və alt qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası, sol gicgah-almacıq, sol gözaltı, boyun və çənəaltı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokanizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (i.v.28-30); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək tərbiyəvi xarakterli məcburi tədbirlər qismində xəbərdarlıq və 01 il müddətinə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti yanında X1 İşləri üzrə Komissiyası Nəzarətinə verilmə tədbirləri tətbiq edilmişdir və o, cinayət məsuliyyətindən azad edilmiş və CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən 03 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır, xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Polis idarəsində barəsində CM-nin 127-ci maddəsı ilə başlanmış cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v.24-26) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar