Məhkəmə qərarları › İş №1(006)-179/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-179/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-179/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Xızı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Beləki o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 3 ünvanında fəaliyyət göstərən “Elma Telecom" mağazasına müştəri qismində daxil olub sonuncudan baxmaq adı ilə satış üçün vitrinə qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1300 manat dəyərində “İphone 12 pro” markalı mobil telefonu götürdükdən sonra Zərərçəkmiş şəxs2 digər müştərilərə başının qarışıq olmasından istifadə edib mağazanı tərk edərkən sonuncunun onu səsləyərək əmlakını geri qaytarması barədə tələbinə məhəl qoymayıb əmlaka əlçatanlığını təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 4 ünvanında yerləşən “Word Electronics” mağazasının qarşısına gəlib ətrafda digər şəxslərin olmadığına əmin olduqdan sonra özündə olan istintaqla müəyyən edilməyən alətlə mağazanın giriş qapısının kilidini sındıraraq oraya qanunsuz daxil olub mağazadan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 600 manat dəyərində “HP Probook 450” markalı, 01 ədəd 700 manat dəyərində “NB Acer Swift” markalı, 01 ədəd 400 manat dəyərində “NB Macbook 13.3” markalı, 01 ədəd 200 manat dəyərində "HP Probook 4515” markalı notbukları gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1900 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ucar şəhəri, X5 küçəsi, ev 13 B ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək dolanırmış. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Şahid uşaqlıq dostudur, əvvələr aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Son zamanlar Vüsalın evi olmadığı üçün parklarda yatmağa başlamış və bir dost kimi Vüsalın bu halına üzülmüşdür. Vüsala kömək etmək istəmiş, Vüsala pul tapmaq üçün oğurluq etmək qərarına gəlmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan zaman əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Həmid Qurbarovun işlədiyi “Elma Telecom” mağazasına daxil olmuşdur. Mağazada ondan başqa müştərlərin olmasından istifadə etmək qərarına gəlmişdir. Satıcı kimi orada olan Həmidə yaxınlaşaraq “lphone“ markalı mobil telefonların qiyməti barədə maraqlanmışdır. Vitrində olan “İphone 12 Pro“ markalı mobil telefona baxaraq həmin telefonu almaq istədiyini bildirmişdir. Mobil telefonun satış qiymətini soruşmuşdur. Həmid həmin mobil telefonun satış qiymətinin 1300 manat olduğunu bildirmiş, inandırıcı olmağı üçün mobil telefonu bir qədər ucuz satmasını xahiş etmişdir. Həmid ilə mobil telefonun qiymətinin 1300 manat olduğunda israr etmişdir. Daha sonra Həmiddən mobil telefona baxmaq üçün ona verməsini xahiş etmişdir. Həmid vitrinə yaxınlaşaraq mobil telefonun ekran kilidini açmış və mobil telefonu ona vermişdir. Həmidin mobil telefonun ekran kilidini açdığını gördükdə kilidi yaddaşında saxlamışdır. Mobil telefon ona verildikdən sonra isə ekran kilidinin doğruluğunu yoxlamış və mağazadan qaçmağa özüm üçün şərait yaratmaq məqsədi ilə həmçinin Həmidin fikrini yayındırmaq üçün "xxxx" MMC-yə məxsus olan mobil nömrə də almaq istədiyini bildirmişdir. Həmid nömrə gətirmək üçün ondan bir qədər uzaqlaşan zaman mobil telefonu götürüb mağazadan çıxmış və qaçaraq uzaqlaşmışdır. Qaçan zaman Həmid arxası ilə qaçmağa başlamışdır. Həmiddən sürətli qaçıb “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən adını bilmədiyi parka getmişdir. Həmidin arxası ilə gəlmədiyinə əmin olduqdan sonra parkda olan Vüsalı tapmışdır. Vüsala mağazadan mobil telefon oğurladığını bildirib, həmin telefonu satmağa kömək etməsini xahiş etmişdir. Bundan sonra telefonu satmaq üçün Vüsal ilə birlikdə 3-cü mikrorayon dairəsi ərazisinə getmişlər. Orada Vüsal kənarda dayanmış, o, mobil telefonu orada olan, əvvəllər tanımadığı şəxsə 200 (iki yüz) manata satmışdır. Əldə etdiyi pulu Vüsal ilə birlikdə yemək yeməyə və özü üçün idman ayaqqabısı almağa xərcləmişdir. Puldan qalan 20 manatı isə xərcləməyərək özündə saxlamışdır. Mobil telefonu satdıqdan sonra asan gəlir əldə etmək ona xoş gəlmiş və yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün gündüz vaxtı «Memar Əcəmi» metro stansiyasının yaxınlığında gördüyü "Word Electronics” mağazasından oğurluq etmək qərarına gəlmişdir. 29 oktyabr 2023-cü il tarixdə saat 04:00 radələrində mağazanın qarşısına gəlmiş, özü ilə götürdüyü dəmir parçası ilə mağazanın şüşədən olan qapısının kilidini sındırmışdır. Qapını açıb içəri daxil olan zaman siqnalizasiya sistemi işə düşmüş və mağazanın içərisinə daxil olaraq vitrinin üzərində olan markasını xatırlamadığı 4 (dörd) ədəd notbuk götürüb mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra binaların arası ilə qaçmağa başlamış və özü ilə götürdüyü dəmir parçasını xatırlamadığı yerdə atmışdır. Bundan sonra binaların arası ilə qaçaraq binaların birinin girişində gizlənmiş, sonra oradan çıxaraq gizlənmək və Vüsalı axtarmaq üçün “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən parka gəlmişdir. Parkda olan zaman ağacın yanında notbukları gizlətmiş və orada olan oturacaqda oturaraq Vüsalın gəlməsini gözləmişdir. Bir qədər orada Vüsalı gözlədikdən sonra gəlmədiyini görüb piyada Xutor adlanan yerə getmişdir. Xutor adlanan yerdə olan zaman arxası ilə gələn şəxslərin polis əməkdaşları olmasını güman edib notbukları yolun kənarında qoyub orada olan zibil paketini götürmüşdür. Xutor qəsəbəsində bir qədər Vüsalı axtarsa da tapa bilməmiş və yenidən parka geri qayıtmışdır. Xutorda məhlələrin içərisində olan paketi orada yerə atmışdır. Bir neçə saat orada gəzdikdən sonra yenidən noutbukları atdığı yerə geri qayıtmışdır. Noutbukları orada tapa bilmədiyi üçün parka getmiş və orada Vüsalı tapmış, ona oğurluq etdiyini bildirmişdir. Vüsala arxası ilə başqa şəxslərin gəldiyini demişdir. Gecə boyu Vüsal ilə söhbət etmiş və uzaqlaşmaq üçün başqa yerə getmək qərarına gəlmişlər. Səhərin açılmasını gözləmişlər. Mobil telefonun satışından əldə etdiyi puldan qalan 20 manat pulu yol pulu edərək əvvəlcə Bakı Beynəlxalq avtovağzalına getmiş, orada Lənkəran şəhərinə getməyi qərara almış və birlikdə Lənkəran şəhərinə getmişlər. 02 noyabr 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Lənkəran şəhərinə çatmış və işləmək üçün iş axtarmışdır. Həmin günü orada iş və qalmaq üçün yer tapa bilmədiyi üçün könüllü olaraq polisə təslim olmaq qərarına gəlmişdir. Bunun üçündə həmin gün saat 21:00 radələrində Lənkəran rayon polis şöbəsinə getmiş və orada oğurluq etdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 Qüdrət oğlu izahatında göstərdi ki, ünvan 7 ünvanında, “World Electroniks" adı ilə fəaliyyət göstərən mağazada elektronik malların satışı ilə məşğul olur, buradan əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Demək olar ki, iş vaxtı 10:00-dan 22:00-a qadərdir. Belə ki, saat 10:00-da iş yerinə gələrək ticarətə başlayır və saat 22:00-da isə ticarət fəaliyyətini dayandıraraq yaşadığı ünvana qayıdır. xx.xx.2023-cü ildə həmişə olduğu kimi fəaliyyət göstərdiyi mağazanın qapılarını kilidləyərək yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə iş yerinə gələn zaman isə işlədiyi mağazanın qarşısında çox sayıda insanların olduğunu görmüş və həmin insanlar fəaliyyət göstərdiyi mağazadan oğurluq edildiyini bildirmişlər. Mağazaya daxil olaraq baxış keçirməyə başlamışdır. Bu zaman ona məlum olmuşdur ki, mağazanın daxilində yerləşən vitrinin üzərindən ona məxsus olan 600 manat dəyərində “HP Probook 450” markalı, 700 manat dəyərində “NB Acer swift” markalı, 400 manat dəyərində “NB Macbook 13.3” markalı, 200 manat dəyərində “HP Probook 4515” markalı notbuk tipli kompüterlər naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin şəxs və şəxslər mağazaya şüşədən olan qapının kilidini sındırmaqla daxil olmuşdur. Elə həmin gün 19-cu polis şöbəsinə yaxınlaşmış və baş vermiş oğurluq hadisəsi barəsində ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 1900 manat dəyərində əmlakı oğurlanmışdır. Mağazanın qapısı şüşədən olduğundan 2 ədəd kilidi vardır. Hər bir kilidin qiyməti 45 manatdır. Bir sözlə kilidlərin sındırılmağı nəticəsində ona 90 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 Qüdrət oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək hazırda ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 83-84-cü vərəqlərində olan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən “Elma Telecom” adı ilə fəaliyyət göstərən mağazada elektronik malların satışı ilə məşğul olur, buradan əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Demək olar ki, iş vaxtı 10:00- dan 22:00-a qədərdin Belə ki, saat 10:00-da iş yerinə gələrək ticarətə başlayır və saat 22:00-da isə ticarət fəaliyyətini dayandıraraq yaşadığı ünvana qayıdır. 28 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində fəalliyyət göstərdiyi mağazada olan zaman, həmin vaxt adını bilmədiyi və daha sonra adı ona məlum olan Fəqan mağazaya daxil olmuş və mağazada olan telefonlara baxaraq, ayrı-ayrı telefonların qiymətini maraqlanmağa başlamışdır. Mağazada həmin vaxt əlavə müştərilər də olmuşdur. Fəqan ən sonda vitrində olan ‘İptonu 12 Pro” markalı mobil telefona baxaraq həmin telefonun qiymətini soruşmuşdur. Fəqana telefonun 1300 manata satıldığını bildirmişdir. Fəqan mobil telefona baxmaq istədiyini demiş və vitrinə yaxınlaşaraq “İphone 12 Pro“ markalı, **********77644 və **********80194 İMEİ kodlu mobil telefonu vitrindən götürmüş, ekran kilidini açaraq Fəqana vermişdir. Fəqan mobil telefonu bir qədər incələdikdən sonra ondan mobil telefonun qiymətində endirim etməyini istəmiş, o isə mobil telefonun qiymətində endirim edə bilməyəcəyini demişdir. Fəqan mobil telefonu alacağını bildirmiş və ondan “Azercell Telekom" MMC-yə məxsus olan mobil nömrə də almaq istədiyini demişdir. Mobil nömrələrin əks olunduğu siyahını Fəqana vermiş və onun nömrə seçməsini gözləməyə başlamışdır. Bu zaman mağazaya əlavə müştəri daxil olmuş və onun ilə söhbət etməyə başlamışdır. Bu zaman Fəqanın mağazadan çıxdığını və qaçaraq uzaqlaşmağa başladığını görmüşdür. Fəqanın mobil telefonu oğurladığını bilmiş və onun arxası ilə qaçmağa başlamışdır. Buna baxmyaraq Fəqana çata bilməmiş və elə həmin vaxt DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 və şahid X1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 8-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, naməlum şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Nəsimi rayonu ərazisində erləşən “Elma Telecom” adlı mağazadan dəyəri 1300 manat olan “İphone” markalı telefonu oğurlamışdır. Cinayət işinin İ cildinin 21-22-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətinə əsasən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 8 ünvanda olan elektronika mağazasına naməlum şəxs girərək 4 ədəd notebooku oğurlamışdır. Cinayət işinin İ cildinin 46-47-ci vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 17:15-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cildinin 112-113-cü vərəqlərində olan “Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair 04.11.203-cü il tarixli vəsatətin rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və onun X3 azad olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 114-cü vərəqində olan “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmə barədə” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 147-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 160-161-ci vərəqlərində olan “İfadənin yerində yoxlanılması haqqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı “İphone 12 Pro“ markalı **********77644 və **********80194 İMEİ kodlu mobil telefonu açıq taladığı yeri və “HP Probook 450” markalı, “NB Acer swift” markalı, NB Macbook 13.3” markalı, “HP Probook 4515” markalı notebook tipli kompüterləri gizli olaraq taladığı yeri əyani olaraq göstərmişdir. Keçirilən istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “İphonu 12 Pro“ markalı **********77644 və **********80194 İMEİ kodlu mobil telefonun açıq talandığı yer ünvan 3 ünvanında fəaliyyət göstərən “Elma Telecom” mağazası, HP Probook 4-50” markalı, “NB Acer swift” markalı, “NB Macbook 13.3” markalı, “HP Probook 4515” markalı notebook tipli kompüterlərin gizli olaraq talandığı yer isə ünvan 4 ünvanında yerləşən “Word Electronics” mağazasıdır. Cinayət işinin İ cildinin 167-168-ci vərəqlərində olan “DVD diskə baxış keçirilməsi barədə” 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində Verbatim CD-R, 700, 52 X, 80 yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin İŞ-də 302 nömrəli xidməti otaqda olan «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “WhatsApp Video 2023-11-03 at 14.54.15” adlı 1 (bir) ədəd videogörüntü vardır. “WhatsApp Video 2023-11-03 at 14.54.15” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 24 saniyə davam edir. Həmin video görüntüdə 1 (bir) nəfər orta boylu ağ köynək, qara şalvar, qara ayaqqabı geyinmiş şəxsin qapının qarşısında durduğu, onun yanında olan göy rəngli cins şalvar, boz köynək geyinmiş şəxsin mağazadan qaçaraq çıxdığı, bu zaman göy rəngli köynək boz rəngli cins şalvar və qara rəngli idman ayaqqabısı geyinmiş saqqallı şəxsin mağazadan qaçan şəxsin arxası ilə getdiyi aşkar şəkildə görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxslərdən orta boylu ağ köynək, qara şalvar, qara ayaqqabı geyinmiş qapının qarşısında duran şəxsin kim olduğunu bilmədiyini, həmin şəxsin müştəri olduğunu güman etdiyini, göy rəngli cins şalvar, boz köynək geyinmiş və mağazadan qaçaraq uzaqlaşan şəxsin özü olduğunu, mobil telefonu götürdükdən sonra mağazadan qaçaraq uzaqlaşdığını, onun arxası ilə qaçan göy rəngli köynək boz rəngli cins şalvar və qara rəngli idman ayaqqabısı geyinmiş saqqallı şəxsin isə mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Cinayət işinin İ cildinin 169-170-ci vərəqlərində olan “DVD diskə baxış keçirilməsi barədə” 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində Verbatim CD-R, 700, 52 X, 80 yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin İŞ-də 302 nömrəli xidməti otaqda olan «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “WhatsApp Video 2023-11-03 at 11.48.09” adlı 1 (bir) ədəd videogörüntü vardır. “WhatsApp Video 2023-11-03 at 11.48.09” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 28 saniyə davam edir. Həmin video görüntüdə 1 (bir) nəfər şəxsin əlində olan dəmir parçası ilə mağazanın şüşədən olan qapısının kilidini sındırmaq istədiyi, qapının kilidini sındıraraq mağazaya daxil olduğu, vitrinin üzərində olan 4 ədəd notebooku götürərək mağazadan çıxdığı aşkar şəkildə görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, əlində olan dəmir parçası ilə mağazanın şüşədən olan qapısının kilidini sındıraraq mağazaya daxil olduğunu, vitrinin üzərində olan 4 ədəd notebooku götürərək mağazadan çıxdığını bildirmişdir. Cinayət işinin İ cildinin 207-215-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2oğlu və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən 2 (iki) ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2, 177.2.3 və 180.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2oğlu və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar