Məhkəmə qərarları › İş №1(006)-18/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-18/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-18/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X4, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olması, ali təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək, həmin Məhkəmənin icraatında olan 1(101)-112/2019 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.5, 120.2.11, 182.3.1, 186.2.2 və 217.1-ci maddələri ilə təqsirləndirilən X5 barəsində mümkün ən aşağı həddə cəza təyin etdirəcəyinə dair tanışı Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq, sonuncudan xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Qış Parkı" adlanan ərazidə «Palıd» çay evində 50.000 manat məbləğində pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2000-2019-cü illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasında mütəxəssis, məhkəmə iclas katibi, hakim köməkçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs o, 2019-cu ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsində işləyərkən barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinə baxılması ilə əlaqədar tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğundan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işi üzrə 6 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və 2 il sınaq müddəti təyin olunmuşdur. 2019-cu ilin aprel ayında uşaqlarını müalicəsi və cərrahi əməliyyatları ilə əlaqədar müəyyən miqdarda borcu yarandığı üçün Zərərçəkmiş şəxs müraciət edərək, ondan bir il müddətinə 20.000 manat borc pul istəmiş və Rafıl həmin məbləğdə pulu təxminən 2-3 gün sonra Nəsimi rayonu ərazisində «Qış Parkı» adlanan yerdə yerləşən «Palıd» çay evində 100 manatlıq əskinaslardan ibarət olmaqla vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ona müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə X1 barəsində Cinayət Məcəlləsinin 120, 186, 217 və 228ci maddəllərinin bır sıra bəndləri ilə məhkəmə baxışında olan cinayət işi üzrə Murad Məmmədova köməklik edilməsini xahiş etmişdir. O qeyd olunan cinayət işi ilə maraqlanmış və bir neçə gündən sonra həmin cinayət işinin çox mürəkkəb olduğunu, Murad Məmmədova hər hansı bir köməklik edə bilməyəcəyini bildirmişdir. Bundan təxminən 2 gün sonra, Zərərçəkmiş şəxs ona müraciət edərək həmin 20.000 manat pulu qaytarmasını tələb etmiş və həmin pul vəsaitinin ona məxsus olmadığını, məhz Murad Məmmədova az həddə cəza verilməsi üçün sonuncunun ailə üvzlərindən alaraq ona verdiyini bildirmişdir. O, Rafılə dedikləri ilə bağlı etirazını bildirirək, 20.000 manatı iş üçün deyil, onun özündən borc aldığını demiş və imkan daxilində pulu qısa vaxt ərzində düzəldib ona qaytaracağını bildirmişdir. Bundan sonra Rafıl Həsənov mütəmadi olaraq ona zəng vurmağa, mesajlar yazmağa və pulu geri qaytarmasını tələb edərək Murad Məmmədovun yaxınlarının onu pula görə narahat etdiklərini bildirmiş və onun onlarla görüşməsini təklif etmişdir. Zərərçəkmiş şəxs təklifi ilə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında Həzi Aslanov küçəsində Zərərçəkmiş şəxsla və özünü Murad Məmmədovun yaxınları kimi təqdim edən 5 nəfər tanımadığı şəxslərlə görüşmüşdür. O, Rafilin dediyi kimi edərək həmin şəxsləri sakitləşdirmək üçün bildirmişdir ki, narahat olmasınlar, M.Məmmədovun işinə baxılır və ona mümkün ən aşağı cəza təyin olunacaqdır. Rafil onu həmin şəxslərlə görüşə çağırarkən qəti olaraq ona verdiyi pulun məbləği barədə heç bir şey danışmamasını tapşırdığından, o, sadəcə olaraq həmin şəxsləri sakitləşdirirək işin alınacağını bildirmişdir. Əslində isə ona Zərərçəkmiş şəxs tərəfindən yalnız 20.000 manat borc verilmiş, həmin məbləğin 10.000 manatını xx xxxx 2019-cu il tarixdə və digər 10.000 manatını məhkəmə istintaqı zamanı sonuncuya geri qaytarılmışdır. Zərərçəkmiş şəxsla iş prossesində tanış olsalar da, səmimi münasibətləri yarandığından borc almaq üçün digər tanışları ilə yanaşı ona da müraciət etmişdir. Yuxarıdakıları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. O həmin məhkəməyə dostu Eldənizin tanışı Mahmud adlı şəxsin cinayət işi ilə əlaqədar olaraq getmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona vaxtılə demişdir ki, əgər Bakı Ağır Cinayətlər Məhkəməsində hər hansı bir tanışının işi ilə əlaqədar problem olsa ona müraciət eləsin və o da ona həmin şəxsə köməklik göstərilməsini təmin eləyə bilər. Eldəniz onun yaşadığı C.Hacıbəyov küçəsində öz avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmiş. Eldəniz 2019-cu ilin aprel ayının ortalarında ondan Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı olub olmadığını maraqlanmışdır. O Təqsirləndirilən şəxs tanıdığını və onun orada hakim köməkçisi işlədiyini bildirmişdir. Bu zaman Eldəniz ondan xahiş etmişdir ki, onun yaxını olan X1 Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işində ən aşağı cəza alması üçün köməklik göstərməsini Təqsirləndirilən şəxs xahiş eləsin. O da sonuncu ilə əlaqə saxlayaraq ona M.M.Məmmədovun işi ilə bağlı ən aşağı hədd cəza alması üçün köməklik göstərməsini xahiş eləmişdir. Eldənizin deməsinə görə M.M.Məmmədovun barəsində olan cinayət işi qəsdən adam öldürmə hadisəsi ilə bağlı olmuşdur və Mahmud hazırda Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Həmçinin, Eldənizin deməsinə görə onun yaxını Murad Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyev adlı hakim tərəfindən baxılır. O, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla Nəsimi rayonu, Qış parkı adlanan yerdə görüşərək ona vəziyyəti danışmış və M.M.Məmmədovun mümkün qədər ən aşağı həddə cəza almasını təmin etmək üçün köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, 50.000 manata M.Məmmədova ən aşağı həddə cəza verdirə bilər. O da Elmanla əlaqə saxlayıb cavab deyəcəyini bildirmişdir. Bundan sonra o Eldənizə Elmanın ona bildirdiklərini danışmışdır. O da bir neçə gün ərzində həmin pulu təmin eləyəcəyini demişdir. O da Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq zəruri məbləğdə pul hazır olan kimi ona məlumat verəcəyini demişdir. xx xxxxx 2019-cu il tarixdə Eldəniz onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs istədiyi 50000 (əlli min) manat pulu hazırladığını bildirmişdir və ona həmin pulu Təqsirləndirilən şəxs çatdırmağı üçün Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən «Mixək» çay evinə görüşə çağırmışdır. xx xxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində «Mixək» çay evində Eldənizlə görüşərək ondan 50.000 manat pulu təhvil almışdır. Həmin pul bir ədəd kağız paketin içərisində hamısı 100 manatlıq əskinaslardan ibarət olmuşdur.O həmin pulları Eldənizdən alıb evinə getmişdir, növbəti gün, yəni, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla Nəsimi rayonu, Qış parkında olan kafedə oturaraq kağız paketdə qablaşdırılmış şəkildə M.Məmmədovun işi ilə əlaqədar olaraq 50.000 manat pulu Elmana təqdim eləmişdir. Elman da kafedə kağız paketi açaraq pulları sayıb götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona pulu hansısa hakimə və ya vəzifəli şəxsə verəcəyi barədə deməmiş, iş düzəlmədikdən sonra isə vaxt qazanmaq məqsədilə ondan aldığı pulu vəzifəli şəxslərə verdiyini demişdir. O, Elmana müraciət edərkən bu iş üçün pul vermək lazım olduğunu bilmiş, buna hazır olmuş, Elman onu hansısa vəzifəli şəxsə rüşvət vermək üçün təhrik etməmiş, ələ almamış, sövdələşməmiş və hədə qorxu gəlməmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona xx xxxx 2019-cu il tarixdə 10.000 manatı və məhkəmə istintaqı zamanı əlavə 10.000 manatı cəmi 20.000 manatını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X6 təxminən 3-4 ildir ki, tanıyır və aralarında heç bir qərəzli və düşmənçilik münasibətləri olmamışdır. Rafıl ilə tanış olduqdan sonra, onun ailə sürücsü kimi işləmişdir. 2019-cu ilin aprel ayının sonlarında o, Rafıllə avtomobildə gedərkən, qohumu «Ağdamlı Murad» ləqəbli M.M.Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsindəki işinin yüngülləşdirilməsi üçün məhkəmə sahəsində çalışan şəxslərlə əlaqə yaratmaq istədiyini bildirmişdir. O da, Turala bununla əlaqədar danışıb ona məlumat verəcəyini bildirmiş və həmin vaxt bu barədə yanında olan Rafıl Həsənova məlumat vermiş və ondan xahiş etmişdir ki, əgər tanışları varsa ona köməklik göstərsin. Rafll ona Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən tanışının olduğunu bildirərək, bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan bir müddət sonra, Rafıl onunla əlaqə saxlayaraq Murad Məmmədovun işi ilə maraqlandığını, Murada 10 il cəza verliməsi üçün 200.000 manat pul lazım olacağını, həmin pulun 50.000 manatını qabaqcadan verilməli olduğunu, qalan hissəsini isə məhkəmə yekunlaşdıqdan sonra verilməli olduğunu bildirmişdir. O da, Rafilin dediklərini Tural adlı tanışma bildirmiş və Tural onunla 2019-cu ilin may ayının əvvəllərində Nərimanov rayonu, C.Hacıbəyli küçəsində görüşərək 50.000 manat pulu vermişdir. Elə həmin gün o, Rafillə Xurma çay evində görüşərək həmin 50.000 manat pulu Rafilə vermişdir. Daha sonra Rafıl həmin pulu lazımı şəxslərə çatdırdığını bildirmişdir. Lakin, sonradan onlar maraqlandıqda Muradın işi ilə əlaqədar heç kəslə danışıq aparılmadığı məlum olmuş və o, bununla əlaqədar olaraq Rafıllə görüşüb pulu tələb etmiş, Rafıl isə ona tezliklə pulu ona qaytaracağını bildirərək, xx xxx 2019-cu il tarixədək müddət istəmiş, hətta Rafıl Həsənov pulu ona qaytaracağına əmin etmək üçün özü öz xətli ilə ondan 100.000 manat alması barədə qəbz yazaraq vermişdir. Sonradan isə Rafil pulu ona qaytarmadığından, o, Rafil barəsində Nərimanov rayon polis İdarəsinə şikayət ərizəsi vermiş, Təqsirləndirilən şəxs tanımamış, onlarla heç bir münasibəti əlaqəsi olmamışdır, yalnız Eldənizlə tanışlıq münasibətləri olmuşdur, pulu da Eldənizə vermiş və pulu da Eldənizdən geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Murad Məmmədovu təxminən 3-4 ildir ki, tanımış və Muradla münasibətləri yaranmış, aralarında daim yaxşı ünsiyyətləri olmuşdur. Belə ki, xx xxx 2018-ci il tarixdə X3 törətdiyi cinayətlərə görə Bakı şəhərində tutulmuş və həmin işlə bağlı onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin istintaqı aparılıb hazırda Murada artıq hökm oxunmuşdur. Belə ki, Murad barəsində məhkəmə prosesi zamanı o, Muradı yaxşı tanıdığından və ona az cəza verilməsini düşünərək, Eldəniz adlı tanışından xahiş etmişdir ki, əgər Murada kömək üçün hər hansı bir tanışı olarsa ona köməklik göstərsinlər və o da, Murada köməklik olunması, yəni onun az cəza alması və ya öbsdən buraxılması üçün 50.000 manata qədər pul verə bilər. Belə ki, bundan sonra, 2019-cu ilin may ayında Eldəniz bir nəfər tanış tapdığını və onun vasitəsi ilə Muradın işinin yüngülləşdirə biləcəyini bildirmişdir. O da, buna görə 50.000 manat pulu Eldənizə vermişdir. Lakin, sonradan artıq Muradın işində hər hansı bir dəyişiklik olmamış və ona hökm oxunaraq, cəzaçəkmə müəssisəsinə göndərilmişdir. O da, artıq bununla bağlı Edənizlə danışarkən, Eldəniz pulu Murada köməklik göstərilməsi üçün Rafil adlı şəxsə erdiyini və Rafil də, Murada köməklik göstərilməsi üçün kiməsə verdiyini, lakin iş alınmadığından pulu qaytaracaqlarına söz verdiyini bildirmiş və bir müddət sonra da, həmin 50.000 manat pul ona Eldəniz tərəfindən geri qaytarılmışdır. Lakin, hazırda o istintaqa çağrıldığmda ona məlum olmuşdur ki, həmin pulu Eldəniz Rafilə vermiş və Rafilə, Murada köməklik edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən Elman adlı şəxsə vermiş, Elman isə həmin pulu Rafildən aldıqdan sonra, Muradın işi ilə əlaqədar söz verdiyi kimi heç bir iş görməmiş və Rafildən pulu tələb etdikdə, Rafıl özü Eldənizdən götürdüyü 50.000 manat pulu özü ödəmiş, lakin Elman pulu qaytarmadığına görə isə Elman barəsində şikayət etmişlər və Elman barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır, Elman isə özü həbs edilmişdir. O, ümumiyyətlə Rafili və ya Elmanı tanımamış, onlarla heç bir münasibəti əlaqəsi olmamışdır, yalnız Eldənizlə münasibətləri olmuşdur, pulu da Eldənizə vermiş və pulu da Eldənizdən geri almışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olundu və müəyyən edildi ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs o, uşaqlıqdan bəri tanıyır, onunla aralarında heç bir qərəzli və düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqla cinayət işinə baxılarkən Rafıl orada Təqsirləndirilən şəxs adlı katiblə tanış olmuşdur. Rafıl ona bildirmişdir ki, həmin katib Bakı Ağır Cinayətlər Məhkəməsində olan işlərlə bağlı zəruri hər cür köməklik göstərə bilər. Sonradan Rafildən eşitmişdir ki, o Elman adlı şəxsə bir nəfər Murad Məmmədov adlı şəxsin işinin yüngülləşdirilməsi üçün 50.000 manat məbləğində pul versə də həmin Elman adlı şəxs ona heç bir köməklik göstərə bilməmişdir və həmin pulu geri qaytarmamışdır. O, Elman adlı şəxsi yalnız bir dəfə görmüş, belə ki, səhv etmirsə 2019-cu ilin may ayının 20-də Rafıl, o və Tahir birlikdə Bakı şəhərində olarkən Rafıl kiminləsə telefonla danışmış və onu Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığına çağırmışlar. Rafıl ona və Tahirə onunla bir yerdə gəlməyi bildirmiş, belə ki, Rafılin 50000 manat pul verdiyi məhkəmə işçisi Elman adlı şəxs onu görüşə çağırmişdir. Rafıl tək getməyə ürək eləmədiyini, həmin Elman adlı şəxs onu hədələdiyini bildirərək, pulunun batmasından əlavə Elmanın onu şərləyib nəsə elətdirə biləcəyindən qorxmuşdur. Buna görə də, o və Tahir Elmanla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs adlı şəxs gələrək Rafıllə görüşmüş, onun və Tahirin yanında onlar söhbət eləməyə başlamışlar. Elman Rafildən xahiş etmişdir ki, onun barəsində şikayət eləməsin və yaxın vaxtlarda Rafildən aldığı pulu ona geri qaytaracaqdır. Bundan sonra Rafıllə Elmandan ayrılaraq hər biri öz evlərinə qayıtmışlar. Tahirin anket məlumatlarını bilmir və o, Tahiri Rafilə görə tanımışdır. Tahirin təxminən 45 yaşı olar, səhv eləmirəmsə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rafıl dəfələrlə onların yanında Elmandan 50.000 manat pulu istəmiş, Elman həmin məbləği Rafilə yaxın vaxtlarda qaytaracağını deyərək heç bir etiraz eləməmişdir. Elman yalnız Rafili sakitləşdirərək şikayət etməməsini ondan xahiş etmişdir. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 104-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş xx xxxxxx 2019-cu tarixdən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 167-169-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək üzadılmışdır. Cinayət işinin 1-ci cild 256-258-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək üzadılmışdır. Cinayət işinin 1-ci cild 328-331-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxx 2020-ci il tarixədək üzadılmışdır. Cinayət işinin 2-ci cild 9-10-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 47-50-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 119-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan AZ-İ seriyalı, 453135 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 arasında nikah xx xxxxxx 2008-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Məlikova soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 112 və 113-cü vərəqələrində olan AZE seriyalı, 12591333 və 12003294 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə E.B.Məlikovadır. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan qəbzdən görünür ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pulu qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X11 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X13 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs qismən etirafı, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixli izahatından(cinayət işinin 1-ci cild 42-47-ci vərəqələri), təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan(cinayət işinin 1-ci cild 85-86-cı vərəqələri), təqsirləndirilən şəxsin dindirmə protokolundan(cinayət işinin 1-ci cild 92-96-cı vərəqələri) və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan (cinayət işinin 1-ci cild 104-107-ci vərəqələri) görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq ona istinad edilən əməli qismən etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, yetkinlik yaşına çatmayan iki övladının və ilk məhkumluğunun olmasını, sonuncu tərəfindən zərərçəkmiş şəxsə 20.000 manat məbləğində pulun ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx xxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə hüquq mühafizə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar