Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-18/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs hüquqi "xxxx" MMC-nin nümayəndəsi şəxslər: Zərərçəkmiş şəxs1 Bakı Dövlət Sirkinin nümayəndəsi Nümayəndə Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, əvvəl məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Qadir Məmmədov küçəsi, ev 09, mənzil 64-də qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizi olaraq talamaq məqsədilə 16 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə aid binanın zirzəmisinə kiçik pəncərəsindən qanunsuz daxil olaraq içəridən 190 manat dəyərində bir ədəd perforatoru, 110 manat dəyərində naqilsiz burğu cihazını, 30 manat dəyərində naqilli burğu cihazını, hər biri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd 5 metrlik metrələri, hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində iki ədəd oboy bıçağını, 20 manat dəyərində bir ədəd əyri burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 4 manat olmaqla ümumilikdə 16 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində iki ədəd 7-lik burğu başlığını, 30 manat dəyərində bir ədəd alçipan mişarını, 10 manat dəyərində bir ədəd kəlbətini, hər biri 15 manat olmaqla ümumilikdə 90 manat dəyərində altı ədəd burğu başlığını, 20 manat dəyərində bir dədə dəmir qayçını, 200 manat dəyərində bir ədəd balaca laqondanı, 250 manat dəyərində bir ədəd perforatoru, 8 manat dəyərində 12 metrlik uzadıcı olan bir ədəd elektrik naqilini, 100 manat dəyərində bir ədəd mikseri və 100 manat dəyərində kondinsioner borularını götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.259 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizi olaraq talama məqsədilə 23 noyabr 2022-ci il tarixdə, saat 08 radələrində ünvan 2 ünvanda yerləşən Bakı Dövlət Sirkinin birinci mərtəbəsində yerləşən bilet satışı kassasının pəncərəsini vintaçanla sındırıb oraya qanunsuz daxil olaraq Bakı Dövlət Sirkinə məxsus, içərisində 650 manat nağd pul olan 70 manat dəyərində kassa aparatını götürərək zərər çəkmiş şəxs Bakı Dövlət Sirkinə ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,601 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 26 dekabr 2022-ci il tarixdə, saat 12:05-də ünvan 4 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi durumu yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 16 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda olarkən orada binanın qapısının açıq olduğunu görüb içəri daxil olmuş, daha sonra pəncərəni itələyib zirzəmi kimi yerə girib orada axtarış aparmağa başlamışdır. Orada çoxlu perforator və başqa alətlərin, həmçinin tikinti materiallarının və divarda kondinsioner borularını müəyyən etmişdir. Üzərində olan torbalara bir qədər belə əşyalardan yığıb həmin yerdən uzaqlaşmışdır. Daha sonra boruları dəqiq ünvanını bilmədiyi metal qəbulu məntəqəsinə 55 manata, digər əşyaları isə 3-cü mikrorayon dairəsinin yaxınlığında tanımadığı şəxslərə ümumi 70 manata satmışdır. Bundan başqa, o, 23 noyabr 2022-ci il tarixdə, saat 08 radələrində Bakı Dövlət Sirkinin yaxınlığından keçərkən kassanı görüb oradan oğurluq etmək fikrinə düşmüş, üzərində gəzdirdiyi burğacla onun pəncərəsini sındırmış və kiçik seyf qutusunu götürərək oradan uzaqlaşmışdır. Daha sonra o, üzərində gəzdirdiyi burğacla seyfin qapısını açmış və onun içərisində 650 manat pul aşkar etmişdir. Pulu götürmüş, seyfi isə həmin yerdə atmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına, o cümlədən narkotikə xərcləmişdir. 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında Yasamal rayonu ərazisində olarkən yerdən metamfetamin taparaq üzərində saxlamış, növbəti günü saat 12:05 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır. Orada o, üzərində olan bu vasitəni təqdim etmişdir. Məhkəmədə zərər çəkmiş hüquqi şəxs Bakı Dövlət Sirkinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Sirk ünvan 2 ünvanda yerləşir və birinci mərtəbədə sirkin biletləri satılır. 23 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində məlum olmuşdur ki, kassanın şüsəsi sındırılaraq oradan içərisində 650 manat pul olan bənövşəyi rəngli seyf oğurlanıb. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmədə zərər çəkmiş hüquqi şəxs Caspian ServiseMMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanda yerləşən bina "xxxx" MMCyə aiddir və həmin binada təmir-tikinti işləri getdiyi üçün orada müxtəlif tikinti materialları və avadanlıqları vardır. 16 noyabr 2022-ci il tarixdə, saat 08:00 radələrində zirzəmidə olan və təmir işlərində istifadə edilən avadanlıqların və materialların oğurlandığını aşkar etmişlər. sonra məlum olmuşdur ki, naməlum şəxs kiçik ölçülü pəncərədən içəri daxil olaraq oradan 190 manat dəyərində bir ədəd perforatoru, 110 manat dəyərində naqilsiz burğu cihazını, 30 manat dəyərində naqilli burğu cihazını, hər biri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd 5 metrlik metrələri, hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində iki ədəd oboy bıçağını, 20 manat dəyərində bir ədəd əyri burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 4 manat olmaqla ümumilikdə 16 manat dəyərində dörd ədəd 8-lik burğu başlığını, hər biri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində iki ədəd 7-lik burğu başlığını, 30 manat dəyərində bir ədəd alçipan mişarını, 10 manat dəyərində bir ədəd kəlbətini, hər biri 15 manat olmaqla ümumilikdə 90 manat dəyərində altı ədəd burğu başlığını, 20 manat dəyərində bir dədə dəmir qayçını, 200 manat dəyərində bir ədəd balaca laqondanı, 250 manat dəyərində bir ədəd perforatoru, 8 manat dəyərində 12 metrlik uzadıcı olan bir ədəd elektrik naqilini, 100 manat dəyərində bir ədəd mikseri və 100 manat dəyərində kondinsioner borularını oğurlamışdır. Vurulmuş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 26 dekabr 2022-ci il tarixdə daxil olmuş məlumatda “Əfqan” adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələrin daşınması bildirilmişdir. Bu məlumatın yoxlanılma üçün ondan və iş yoldaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, daha sonra onlar birlikdə həmin günü ünvan 8 ünvanın qarşısında saat 12:05 radələrində bu şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim edərək məsələ barədə məlumat verib onu idarəyə dəvət etmişlər. Orada bu şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. İdarədə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar olunmuş, sorğu-sual zamanı sonuncu onun metamfetamin olduğunu söyləmişdir. Məhkəmə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - 26 dekabr 2022-ci il tarixli, 6/7163 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,601 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,551 qram, aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (İ cild, i.v.86-88); - 11 may 2023-cü il tarixli, 9/2722 rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd çəhrayı rəngli, 17x17x23 sm ölçülü, üzərində markalanma göstəriciləri olmayan kassa aparatının normal vəziyyətdə istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 70 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.59-61); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 13 aprel 2023-cü il tarixli, 2146 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.55-56); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 dekabr 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün saxlanılmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.179, İİ cild, i.v.15-17); • xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.49-50, 119-121); • “Baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokola əsasən Bakı Dövlət Sirkinin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, bir nəfər əynində qara rəngli gödəkcə, qara rəngli şalvarı, qara rəngli ayaqqabı və başında qara rəngli papaq olan, saqqallı şəxs küçə ilə hansısa əşyanı iki əli ilə tutub gedir və kamera görüntülərindən itir. X4 müşahidə kamerasına düşmüş şəxsin özü olduğunu və iki əli ilə Bakı Dövlət Sirkindən oğurladığı seyfi tutduğunu bildirir (İİ cild, i.v.50-51, disk); • Maddi sübutun götürülməsi barədə 08 dekabr 2023-cü il tarixli protokol və videogörüntüyə əsasən Təqsirləndirilən şəxs oğurladığı çəhrayı rəngli seyfi gizlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 8 Mart döngəsi, “uçqunluq” kimi adlanan yerdən çıxarıb polis əməkdaşlarına təqdim edir (İ cild, i.v.164-165, disk); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,551 qram psixotrop maddə metamfetamin və bir ədəd seyf maddi sübut kimi tanınmış, metamfetamin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, seyf isə sahibi Bakı Dövlət Sirkinin nümayəndəsinə təqdim edilmişdir (İİ cild, i.v.70-83, 108); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.23); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild, i.v.143-145, 165-166). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 08 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək tutulduğu 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 03 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ekspertiza tədqiqatlarının dəyəri 159,90 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,551 qram psixotrop maddə olan metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd seyf zərər çəkmiş hüquqi şəxs Bakı Dövlət Sirkinin istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 08 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək tutulduğu 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün, ümumilikdə 03 gün (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 159 (yüz əlli doqquz) manat 90 (doxsan) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,551 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd seyf zərər çəkmiş hüquqi şəxs Bakı Dövlət Sirkinin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-18/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-18/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver