Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-180/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, ünvan 5də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 02 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,143 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 oktyabr 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 3 ünvanının qarşısında saxlanılaraq ünvan 1ləşən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,143 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 08 oktyabr 2024-cü il tarixdə 3-cü mikrorayon bazarının içərisində olan hoteldə yatdığı zaman polis əməkdaşları onu yatdığı yerdən götürərək polis şöbəsində aparmış, ona “COP 29” tədbiri ilə bağlı “içəri” getməli olduğunu bildirmişlər. O isə buna etiraz edəndə psioxoloji işgəncəyə məruz qalmış, sonda əlacsız qalıb onun qarşısına qoyulmuş metamfetaminin guya ona məxsus olması ilə razılaşmışdır. Daha sonra vəkil gəlmiş, videoçəkiliş aparılmış və o, bu zaman ona öyrətdiklərini təkrar etmişdir. Hadisə barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 08 oktyabr 2024-cü il tarixdə “Vahid” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə məlumat daxil olmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfimdən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin YYÇİ üzrə inspektoru, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 08 oktyabr 2024-cü il tarixdə saat 10:00-da ünvan 3 ünvanının qarşısına Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin YYÇİ üzrə inspektoru, polis kapitanı Şahid1 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 11:00-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişdirlər. Bu zaman Təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Ermənistan Respublikası Cəlaloğlu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasının xidməti otaqların birində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Ceyhun Hüseynov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin YYÇİ üzrə inspektoru, polis kapitanı Şahid1, müdafiəçi X2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan ayaqqabılarının içərisinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd şəffaf selofana bükülmüş, içərisində şəffaf, kristal şəkilli psixotrop maddənin “metamfetamin” olduğunu bildirmiş, həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs üzərində olan bükümü xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd şəffaf selofana bükülmüş, içərisində şəffaf, kristalşəkilli psixotrop maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd şəffaf selofanda olan psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda onu da qeyd etdi ki, İ.Umarova qarşı heç bir fiziki zor tətbiq edilməmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin YYÇİ üzrə inspektoru Şahid1 Şahid2 ifadəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 20); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan qara rəngli şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir və həmin bükümün içərisindəki maddənin “şüşə” olduğunu, onu xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində “Papanin” adlanan yerdən 20 manata çəkmək üçün tanımadığı şəxsdən əldə etdiyini, həmçinin ona qarşı polis əməkdaşları tərəfində İdarəyə gətirilən və orada olan zaman heç bir zorakılığın olmadığını bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.46-49); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 6/4827 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş...(imza) Təqsirləndirilən şəxs“ sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,143 qram olan şəffaf maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (İ cild, i.v.70-73); - “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir psixotrop maddə metamfetamin istifadə edir. 08 oktyabr 2024-cü il tarixdə, səhər saatlarında “Papanin” adlı ərazidə üzdən tanıdığı, lakin adını və başqa məlumatlarını bilmədiyi şəxsdən 20 manata psixotrop maddə metamfetamini alaraq cibinə qoymuş və yaşadığı ünvana tərəf hərəkət etməyə başlamışdır. Saat 09:30 radələrində ünvan 7 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlanması, gəzdirilməsi ilə bağlı məlumatın olduğunu bildirib onu İdarəyə dəvət etmişlər. Orada o, əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir qanunazidd hərəkətə yol verilmədiyini bildirmişdir (İ cild, i.v.65-67, 90-93); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 6751 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.94-95); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-562/2024 saylı, xx.xx.2024cü il tarixli qərarna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v. 104-108); - “Maddi sübut kimi tanımaq haqqında” 04 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,093 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.119); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 02 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.121-124); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 08 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,093 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi 38 saat üçün nəzərdə tutulan 318 (üç yüz on səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 478, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,143 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,093 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 38 saat üçün nəzərdə tutulan 318 (üç yüz on səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-180/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-180/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver