Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-181/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin direktoru işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 3-cü mədən küçəsi 43 mənzil 15-də qeydiyyatda olmaqla, faktiki olaraq, Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva 251 A, mənzil 12-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyində yüksək vəzifəyə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2016-cı ilin sentyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən «Kövsər» nəşriyyat evində 20.000 (iyirmi min) manat, 2017-ci ilin fevral ayının sonlarında həmin ünvanda 10.000 (on min) manat, 2017-ci ilin aprel ayının əvvəllərində həmin ünvanda 8.000 (səkkiz min) manat və 2017-ci ilin aprel ayının ortalarında həmin ünvanda 2.000 (iki min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «İlahiyyət» məscidinin axundu Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 31/38-ci məhəllədə yerləşən «İlahiyyət» məscidini 6000 manat pul müqabilində təmir etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2017-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 31/38-ci məhəllədə yerləşən «İlahiyyət» məscidində 6.000 (altı min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən «xxxx» MMC-nin təsisçisidir və direktorudur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımış, əvvəllər onlarla heç bir düşmənçiliyi və ədavəti olmamış, aralarında yaxşı münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs2 təxminən 10-15 il əvvəldən tanımışdır. Sonuncu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «İlahiyyət» məscidinin və Qəbələ rayonunun imamıdır, Zərərçəkmiş şəxs1 həkimdir və hazırda da həkim işləyir. Zərərçəkmiş şəxs1 2013-cü ildə birlikdə getdiyi «Həcc» ziyarətindən tanımışdır. Həmin vaxtı «Həcc» ziyarətində qrup rəhbəri Zərərçəkmiş şəxs2 olmuşdur. Sonuncu həmin vaxt onu Zərərçəkmiş şəxs1la və onun atası Şahidla tanış etmişdir. Onlarla münasibəti də həmin vaxtdan yaranmışdır. Mütəmadi olaraq Zərərçəkmiş şəxs1la, bəzən də onun atası ilə görüşmüşlər. 2014-cü il tarixdə Zərərçəkmiş şəxs1la söhbət zamanı ona Səhiyyə Nazirliyində yüksək vəzifəyə getmək istədiyini demişdir. Buna görə də Səhiyyə Nazirliyindən işə düzəltmək adı ilə ondan Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva 251 A ünvanında yerləşən «Kövsər Nəşriyyat» evinin ofisində 40.000 manat pul almış, lakin qeyri-müəyyən səbəblərə görə o, sonuncunun işini düzəldə bilməmiş, bu səbəbdən də elə həmin il o, Zərərçəkmiş şəxs1 aldığı 40.000 manat pulu geri qaytarmışdır. Bundan sonra da, Zərərçəkmiş şəxs1la münasibətləri yaxşı olmuş, mütəmadi olaraq görüşmüşlər. Lakin sonradan ona pul lazım olduğundan dəqiq tarixini xatırlamasa da təxminən 2016-2017-ci il tarixlərdə Zərərçəkmiş şəxs1 hissə-hissə olaraq borc kimi 40.000 manat pulu yaşadığı ünvan 3 ünvanında almışdır. Həmin 40.000 manat pulu alan zaman o, Zərərçəkmiş şəxs1 onu işə düzəldəcəyi barədə heç bir vəd verməmiş, həmin pulları borc kimi almışdır. Sonradan həqiqətən də 2018-ci ilin avqust ayında o, Zərərçəkmiş şəxs1 6.000 manat pul qaytarmış, qalan 34.000 manat pulu tez bir zamanda qaytaracağına söz vermişdir, lakin imkanları zəif olduğundan o, pulu bir müddət qaytara bilməmiş, lakin sonradan bütün borc aldığı pul vəsaitini geri qaytarmışdır. Bundan başqa, onun həmişə Zərərçəkmiş şəxs2la yaxşı münasibətləri olmuş, o, əvvəllərdə sonuncudan bir neçə dəfə müxtəlif məbləğlərdə borc olaraq pul almış və tez bir zamanda da qaytarmışdır. 2017-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «İlahiyyət» məscidində borc olaraq 6.000 manat pul almış və pulu tez bir zamanda qaytaracağına dair söz vermişdir. Həmin vaxt «İlahiyyət» məscidinin təmiri ilə bağlı aralarında söhbət zamanı Zərərçəkmiş şəxs2 ona məscidi təmir etdirmək istədiyini bildirmiş, o, sonuncuya «mən də məscidin təmiri ilə bağlı sənə kömək edə bilərəm» demişdir. Lakin o, pulu Zərərçəkmiş şəxs2 alan zaman ona məscidi təmir etdirmək vədini verməmiş, yəni sonuncunun ona verdiyi 6.000 manat pulun məscidin təmiri ilə bağlı heç bir əlaqəsi olmamışdır. Sonradan imkanı olmadığından pulu Zərərçəkmiş şəxs2 qaytara bilməmişdir. Lakin onun ailə üzvləri sonuncudan aldığı 6.000 manat pulu tamamilə ödəmişlər. Sonda heç bir cinayt əməli törətmədiyini, zərərçəkmiş şəxslərdən pul vəsaitini borc olaraq aldığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2013-cü ildən tanımış və həmin tarixə qədər onu tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, o, həmin vaxt atası Şahidla birlikdə X1 şəhərinə «Həcc» ziyarətinə yollanmışlar və həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs tanımış və münasibətləri yaranmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs2 da 2013-cü ildə Həcc ziyarətinə gedən zaman qrup rəhbəri olduğuna görə tanımışdır. Təqsirləndirilən şəxs özü ona şirkətinin olduğunu və vəzifəli şəxslərlə əlaqəsi olduğuna görə bir çox məsələləri həll edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ondan harada işləməsi barədə soruşduqda o, həmin vaxtı işlədiyi Topçubaşov adına Elmi-Cərrahi mərkəzində işlədiyini demişdir. Həcc ziyarətində olduqları müddətlərdə bir neçə dəfə sonuncu ilə iş barəsində söhbətləri olmuşdur. Təqsirləndirilən şəxs ona işlədiyi sahə üzrə onu vəzifəsini yüksəldə biləcəyini demişdir. Bundan sonra ziyarətlərini başa vuraraq, Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqdan sonra da sonuncu ilə münasibətləri davam etmiş, münasibətləri daha da yaxınlaşmış və o, Təqsirləndirilən şəxs səliqəli, alicənab, savadlı və düzgün adam kimi tanımışdır. 2014-cü ilin mart ayında növbəti görüş zamanı sonuncu onun işini ölkə rəhbərliyinə danışdığını, hətta onun razılığını aldığını demişdir. Bunun üçün ona 40.000 manat pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs onu hara işə düzəldəcəyini soruşduqda sirr olduğuna görə bunu deyə bilməyəcəyini, özü işinin alınmağına yaxın ona məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona konkret onun işi ilə bağlı kimlə görüşməsini deməmiş və bu barədə ümumi danışmışlar. Lakin sonuncu artıq onun etimadını və inamını qazanmışdır. 2014-cü ilin mart ayında Təqsirləndirilən şəxsla birlikdə ünvan 3 ünvanında yerləşən özünün «Kövsər» mətbuat ofisində görüşmüş, həmin vaxtı atası Eyyub İmanov da onunla birlikdə getmiş, orada Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi ilə bağlı 40.000 manat pul vermiş, atası da bunun şahidi olmuşdur. Təqsirləndirilən şəxs ona 1 ay müddətində onun işini həll edəcəyini demişdir. 1 ay keçdikdən sonra artıq o, sonuncudan işini tələb etməyə başlamış, lakin Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirmiş, o isə tez-tez sonuncunu narahat etməyə başlamışdır. Buna görə də, 2014-cü ilin iyul ayında Təqsirləndirilən şəxs ona göstərdiyi ofisində 40000 manat pulu qaytarmış və ona guya ondan aldığı 40000 manat pulun onun işi ilə bağlı başqa şəxslərə verdiyini və hazırki 40000 manatı öz şəxsi pul vəsaitindən ona verdiyini demişdir. Buna baxmayaraq, yenə də Təqsirləndirilən şəxsla yaxşı münasibətləri davam etmişdir. 2016-cı ilin sentyabr ayına qədər sonuncu ilə görüşən və danışan zaman ona işinin düzəlməyi ilə bağlı proseslərin getdiyini bildirmişdir. 2016-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona artıq işinin gündəmə gəldiyini, təcili onun iş prosesinin sürətli getməsi üçün kiməsə 20.000 manat pul lazım olduğunu, pul verdikdən sonra Səhiyyə Nazirliyinə yüksək vəzifəyə gətiriləcəyini bildirmişdir. O, «Hacı» kimi tanıdığı Təqsirləndirilən şəxs inanmış, buna görə də 2016-cı ilin sentyabr ayının sonlarında o, 20.000 manat pulu yenə də ünvan 1 ünvanında yerləşən «Kövsər» mətbuat ofisində vermişdir. Pulu verən zaman Təqsirləndirilən şəxs ona 1 ay müddətində əmrinin veriləcəyini bildirmiş, o, sonuncudan hansı vəzifəyə təyinatının olacağını soruşduqda ona sirr olduğunu bildirmişdir. Lakin 1 ay müddət keçmiş, Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. 2017-ci ilin fevral ayında sonuncu ona 10.000 manat da başqa bir adama vermək lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs verdiyi eyni vədə inanmış və fevral ayının sonlarında 10.000 manat pulu ünvan 4 ünvanında yerləşən «Kövsər» mətbuat ofisində sonuncuya vermişdir. 2017-ci ilin aprel aynının ilk günlərində Təqsirləndirilən şəxs yenə də ona mobil telefonla zəng vuraraq demişdir ki, işi üçün yenə də 8.000 manat pul çatmalıdır və pul onun işə qoyulmağı ilə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs inanmış, ünvan 5 ünvanında yerləşən «Kövsər» mətbuat ofisində 8.000 manat pulu sonuncuya vermişdir. Bundan bir neçə gün sonra Xəlil Talıov yenə də ondan pul istəmiş və sonuncuya 2.000 manat pulu ünvan 5 ünvanında yerləşən «Kövsər» mətbuat ofisində vermişdir. Təqsirləndirilən şəxs ona daha heç bir yerə xərcinin çıxmayacağını və əmrinin veriləcəyini bildirmişdir. 15 gündən sonra onun əmrinin Səhiyyə Nazirliyində hansısa şöbə müdiri vəzifəsinə veriləcəyini bildirmişdir. Lakin qeyd olunan müddət keçmiş, Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirməyə başlamış, o, sonuncudan işi barəsində soruşduqda Respublikada baş verən siyasi məsələləri ortaya ataraq, guya işinin ona görə ləngidiyini demişdir. 2018-ci ilin avqust ayında o, həyat yoldaşını Türkiyə Respublikasına müayinəyə aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun pulunu verməsə, polis orqanına şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs ona 6.000 manat pul verib qalan 34.000 manatı Türkiyə Respublikasına çatdıqdan sonra onun adına olan pul kartına köçürəcəyini demişdir. O, Türkiyə Respublikasına çatdıqdan sonra sonuncu ona heç bir məbləğdə pul göndərməmişdir. Bundan sonra Azərbaycana qayıtsa da, sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında görmüş, onun yaşadığı evə getmişdir. Sonuncu ona aldığı pulu qaytaracağını demiş, lakin vədinə əməl etməmişdir. Bundan sonra o, polis orqanına müracət etmiş və təqsirləndirilən şəxs barəsində cinayət işi açılmışdır. Sonradan ona dəymiş maddi ziyan tam olaraq qaytarılsa da, ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edərək Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan 30.03.2021-ci il tarixli teleqramdan görünür ki, uzun illər ərzində Təqsirləndirilən şəxs onun pulunu qaytarmamış və sonradan pulunu ləngidərək vermişdir. Bu səbəbdən şikayətçidir və məhkəmənin onsuz baxılmasına etiraz etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2013-cü ilin payız aylarından tanımışdır. Göstərdiyi tarixə qədər onu tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, o, həmin vaxt oğlu Zərərçəkmiş şəxs1la birlikdə X1 şəhərinə «Həcc» ziyarətinə yollanmışlar. Həmin vaxtdan tanıdıqları Təqsirləndirilən şəxsla yaxşı münasibətləri yaranmışdır. Digər Zərərçəkmiş şəxs2 həmin vaxtdan tanımış, sonuncu ziyarətə qrup rəhbəri kimi getmişdir. Təqsirləndirilən şəxs özü ona şirkətinin olduğunu və vəzifəli şəxslərlə əlaqəsi olduğuna görə bir çox məsələləri həll edə biləcəyini demişdir. Həcc ziyarətində olduqları müddətlərdə bir neçə dəfə Təqsirləndirilən şəxsla oğlunun işi barəsində söhbətləri olmuşdur. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 işlədiyi sahə üzrə onu qabağa çəkə biləcəyini demişdir. Bundan sonra ziyarətlərini başa vuraraq Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqdan sonra da Təqsirləndirilən şəxsla münasibətləri davam etmiş, sonuncunu səliqəli, alicənab, savadlı və düzgün adam kimi tanımışlar. 2014cü ilin mart ayında Təqsirləndirilən şəxsla oğlu Zərərçəkmiş şəxs1la növbəti görüş zamanı oğlunun işini ölkə rəhbərliyinə danışdığını, hətta işi barəsində razılığını da aldığını demiş, lakin bunun üçün Zərərçəkmiş şəxs1 müxtəlif yerlərə pul xərcləməsi və işin sürətli getməsi üçün ona 40.000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hara işə düzəldəcəyini soruşduqda sirr olduğuna görə deyə bilməyəcəyini, özü oğlunun işinin alınmağına yaxın deyəcəyini demişdir. Respublikada yüksək vəzifə tutan şəxslərin adını qeyd etmiş və həmin şəxslərlə dostuq münasibətində olduğunu bildirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs savadlı və mədəni adam olduğuna inanmışdır. Buna görə də, 2014-cü ilin mart ayında Təqsirləndirilən şəxsla birlikdə ünvan 1 ünvanında yerləşən «Kövsər» mətbuat ofisində görüşmüş, həmin vaxtı o, və Zərərçəkmiş şəxs1la birlikdə getmişlər, orada oğlu onu işə düzəldəcəyi ilə bağlı Təqsirləndirilən şəxs 40.000 manat pul vermiş və o, şəxsən bunun şahidi olmuşdur. Təqsirləndirilən şəxs onlara 1 ay müddətində oğlu Zərərçəkmiş şəxs1 işini həll edəcəyini demiş, lakin 1 ay keçdikdən sonra artıq oğlu Təqsirləndirilən şəxs işini tələb etməyə başlamış, sonuncu ona müxtəlif bəhanələr gətirmiş, 2014-cü ilin iyul ayında Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 40.000 manat pul qaytarmışdır. 2016-cı ilin sentyabr ayına qədər oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla görüşən və danışan zaman işin düzəlməsi ilə bağlı proseslərin getdiyini demişdir. 2016-cı ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona artıq oğlu Zərərçəkmiş şəxs1 işinin gündəmə gəldiyini bildirmişdir. O, oğluna Təqsirləndirilən şəxs pul verməməsini xahiş etsə də, Təqsirləndirilən şəxs oğlunu Səhiyyə Nazirliyində yüksək vəzifəyə təyin etdirəcəyi adı ilə 2016-cı ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs 20.000 manat, 2017-ci ilin fevral ayının sonlarında 10.000 manat, 2017-ci ilin aprel ayında 8.000 manat və 2000 manat pul olmaqla ümumilikdə oğlu Zərərçəkmiş şəxs1 40.000 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş, oğlundan aldığı pulu əvvəlcə geri qaytarmamış, dələduzluq etmişdir. 2018-ci ilin yay aylarında o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına gedib oğlu Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə aldığı pulu istəmişlər. Orada Təqsirləndirilən şəxs məscidi təmir etmək adı ilə Zərərçəkmiş şəxs2 da 6.000 manat pul alaraq ona qarşı da dələduzluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs orada onları aldığı pulu təxminən 15 gün ərzində qaytaracağına dair əmin etmişdir. Bu məzmunda söhbət etdikdən sonra onlar geri qayıtmışlar, lakin Təqsirləndirilən şəxs yenə də pulları qaytarmamışdır. Bundan sonra oğlu hüquq mühadfizə orqanlarına müraciət etmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və bundan sonra dəymiş maddi ziyan ödənilsə də, oğlu Zərərçəkmiş şəxs1 mənəvi zərər dəymişdir. İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi Ceyhun Rəhimov tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə” 08 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələri əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir (i/v 48-51). İş materiallarında olan Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 23 aprel 2020-ci il tarixli qərardan görünür ki, 367/20 saylı material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi Ceyhun Rəhimovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 yanvar 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (i/v 54-55). İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Omarov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 may 2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələri əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir (i/v 57-59). İş materiallarında olan Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 27 iyul 2020-ci il tarixli qərardan görünür ki, 367/20 saylı material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Omarovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 may 2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (i/v 68-70). İş materiallarında olan “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi barədə” 16 oktyabr 2020-ci il tarixli, “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 oktyabr 2020-ci il tarixli, “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 26 oktyabr 2020-ci il tarixli qərarlardan və “Axtarışda olan şəxsin yaxalanması barədə” 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2020-ci il tarixdə axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmış və 26 oktyabr 2020-ci il tarixdə sonuncu saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə gətirilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (i/v 136-137, 140-141, 146, 147-148). İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli “Tutma haqqında” protokoldan, “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqında” 28 oktyabr 2020-ci il tarixli və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonuncu barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiəsindən Nəsimi rayon prokuroru imtina etmiş və 28 oktyabr 2020-ci il tarixdə onun barəsində “Başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 164-165, 219-221, 222-224). İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi Füzuli Əhmədova ünvanlanmış 28 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə dəymiş 6000 manat maddi ziyan onun yaxın qohumları tərəfindən tamamilə ödənilmişdir (i/v 213). İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi Füzuli Əhmədova ünvanlanmış 28 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə dəymiş maddi ziyan tamamilə ödənilmişdir (i/v 254). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 227). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, bu müdafiə müdafiə xarakteri daşıyır, lakin zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu olduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-181/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-181/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver