Məhkəmə qərarları › İş №1(006)-181/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-181/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-181/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1977-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu öənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, R.Axundov ev 33-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədilə soyğunçuluq cinayəti törətməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 29 yanvar 2022-ci il tarixdə saat 17 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Dövlət ittihamçısı küçəsi 48 saylı ünvanda yerləşən 6 saylı “Kolxoz Bazarı”na daxil olub meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşıb müxtəlif meyvələrdən sifariş edərək selofan torbaya yığdırdıqdan sonra Zərərçəkmiş şəxs üzərində guya 100 manat pulu olduğunu və həmin pula qalıq qaytarmasını bildirdikdə, sonuncu işlətdiyi piştaxtanın arxasından özünə məxsus 140 manat pulu götürüb sayan zaman şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfındən hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçanatlığnı təmin etmək məqsədilə həmin pulları Zərərçəkmiş şəxs əlindən götürüb açıq talamış və hadisə yerindən qaçıb uzaqlaşan zaman DİN-nin X7 Alayının 9-cu Patrul Bölüyünün polis nəfərləri tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla soğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Cəzaçəkmə müəssisəsindən iki ay olar ki, çıxmışdır. Həyat yoldaşı ağır dializ xəstəsidir. Sabunçu xəstəxanasında qeydiyyatdadır. Törətdiyi cinayəti də həyat yoldaşının əməliyyat olunması üçün pul lazım olduğundan məcbur qalıb törətmişdir. Belə ki, 29.01.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşını Sabunçu xəstəxanasına aparmış və vəziyyəti yaxşı olmadığı üçün onu reanimasiyaya yerləşdirmişlər. O, həyat yoldaşını orada qoyaraq yaşadığı evinə uşaqlarının yanına gəlmişdir. Evə gəldikdən yarım saat sonra ona xəstəxanadan zəng edilərək həyat yoldaşının vəziyyətinin daha da pisləşdiyini bildirmişlər. O, yenidən Sabunçu xəstəxanasına qayıtmışdır. Orada yoldaşının vəziyyətinin daha da pisləşməsini görüb həkimlə görüşmüş və həkim ona yoldaşının hər iki böyrəyinin artıq işləmədiyini və təcili olaraq stend qoymaq lazım olduğunu demişdir. Həmin əməliyyatın qiymətinin 1500 manat olduğunu öyrənmişdir. Cəzaçəkmə müəssisəsindən yeni çıxdığı üçün utanaraq heç kimə yoldaşının əməliyyatına pul lazım olduğunu deyə bilməmişdir. Bundan sonra, fikirli vəziyyətdə pul tapmaq niyyəti ilə Nəsimi rayonu, 3 mikrorayona gəlmiş, orada gəzişərək “Kolxoz Bazarı ticarət mərkəzinə içərisinə daxil olmuş və bir müddət orada gəzişdikdən sonra meyvə tərəvəz piştaxtalarının birinin arxasında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq onun piştaxtasında olan meyvə tərəvəzlərdən çəkdirib selofan bağlamalara yığdırmasını xahiş etmiş, sonuncunun onun üçün meyvə və tərəvəzləri yığmağa başı qarışdığını görüb, piştaxtanın arxasına keçərək orada qutuda olan pulu götürmüş və bazardan uzaqlaşmaq istədikdə həmin ərazidə xidmət aparan polis əməkdaşları onun arxasınca gələrək onu saxlayıb, polis bölməsinə aparmışlar. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində xəstə arvadının və iki azyaşlı uşağının olduğunu bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr, A. Mustafayev küçəsində yerləşən “Kolxoz Bazarı” ticarət mərkəzində yoldaşı Maarif Qarayev ilə birlikdə meyvə tərəvəz alqı satqısı ilə məşğul olur. 29.01.2022-ci il tarixdə saat 17 radələrində bazarda olarkən Təqsirləndirilən şəxs onun işlədiyi piştaxtaya yaxınlaşaraq meyvə tərəvəzin qiymətini soruşmuş, sonra isə o, meyvə tərəvəzin hərəsindən 2-4 kiloqram çəkdirərək selofan bağlamalara yığdırmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində 500 (beş yüz) dollar pulu olduğunu və onu harada xırdalaya biləcəyini soruşmuş, o isə üzərində o qədər pulunun olmadığını və bazarda da dollar xırdalayan yer olmadını demişdir. Təqsirləndirilən şəxs isə qulağında telefonla kiminləsə danışaraq, dolları harada xırdalamasını soruşmuşdu. O, isə piştaxtanın arxasından əlində gün ərzində etdiyi alverdən toplanmış 140 manat pulu tutmuşdur ki, Təqsirləndirilən şəxs lazım olarsa xırda pul qaytarsın. Bu zaman Təqsirləndirilən şəxs qəfildən 140 manat pulu onun əlindən dartıb alaraq qaçmış, o, da Raminin qaçdığını görüb, arxasınca qışqıraraq pulunu qaytarmağını bildirmişdir. Ramin isə arxaya baxmayaraq qaçmaqda davam etmiş, digər piştaxtalarda alver edən şəxslər də onu səsləyərək arxasınca getmişlər, lakin sonradan onu bazarın bayır hissəsində həmin ərazidə xidmət aparan polis əməkdaşları saxlamışlar. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. DİN-nin X7 Alayının 9-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir, polis serjantı xüsusi rütbəsi daşıyır. Hadisənin dəqiq tarixini xatırlamadığı vaxtda 6-cı mikrorayon bazarı deyilən ərazidə xidmətdə olarkən həmin bazarın qarşısında camaatın toplaşdığını görüb, oraya yaxınlaşmışlar. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs bazarda meyvə tərəvəz alqı satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs pulunu əlindən alıb, qaçaraq avtomobil yolunu keçmək məqsədi ilə yeraltı piyada keçidinə düşdüyünü, lakin yolun digər tərəfindən piyada keçidindən çıxmadığını öyrəndikdə, o dərhal keçidə düşməyərək avtomobil yolunu maşınların arası ilə qaçaraq keçərkən, Təqsirləndirilən şəxs piyada keçidindən çıxaraq qaçdığını görmüşdür. O, daha surətlə qaçaraq Təqsirləndirilən şəxs çatıb, ona yaxalamış və bazardakı qadının pulunu əlindən alaraq qaçmasında şübhələndiyini bildirmiş və onu saxlamışdır. Bundan sonra zərərçəkmiş şəxs və digər şəxslər də oraya yaxınlşaraq pulu götürən şəxsin həmin adam olduğunu təsdiqləmişlər. Təqsirləndirilən şəxs isə cibindən 140 manat pulu çıxararaq ona tərəf uzadıb, qadının pulunu qaytararaq buraxılmağını xahiş etmişdir. O, isə həmin şəxsi polis bölməsinə təhvil vermək məqsədi ilə yeraltı piyada keçidinə gətirmiş, onunla birgə xidmət aparan polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs polis bölməsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 3-cü mikrorayonda yerləşən Kolxoz bazarında meyvə tərəvəz alqı satqısı ilə məşğul olur. 29.01.2022-ci il tarixdə saat 17 radələrində bazarda olarkən Təqsirləndirilən şəxs qaynanası Zərərçəkmiş şəxs işlədiyi piştaxtaya yaxınlaşaraq meyvə tərəvəzin qiymətini soruşmuş sonra isə o, meyvə tərəvəzin hərəsindən 2-4 kiloqram çəkdirərək selofan bağlamalara yığdırmışdır. Bundan sonra qaynanası Zərərçəkmiş şəxs ona səslənərək “müştəri meyvə istəyir” demiş, o, isə bu zaman Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu ona meyvə tərəvəz piştaxtasını göstərərək butun meyvələrin hərəsindən 2 kiloqram yığmağını bildirmiş, sonra isə o, Təqsirləndirilən şəxs banan da istədiyini soruşduqda sonuncu banan da almaq istədiyini demiş, o isə öz piştaxtasında yaxşı banan olmadığından, qonşu piştaxtaya yaxınlaşaraq 02 “dəst” banan götürərək qayıdanda Zərərçəkmiş şəxs qışqıraraq müştəri Təqsirləndirilən şəxs göstərərək “Vüqar qoyma pulumu apardı” qışqırmış, bu zaman o, Təqsirləndirilən şəxs bazardan çıxaraq uzaqlaşmağa çalışdığını görmüş və onun arxasınca qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçarıq bazardan uzaqlaşmış, lakin orada olan polis əməkdaşları daha sürətlə qaçaraq onu qabaqlayıb həmin şəxsi yaxalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon Dövlət ittihamçısı küçəsində yerləşən “Kolxoz Bazarı” ticarət mərkəzində meyvə tərəvəz alqı satqısı ilə məşğul olur, həmin bazarda onunla yan piştaxtada Zərərçəkmiş şəxs da meyvə tərəvəz alqı satqısı ilə məşğul olur. Hadisə baş verən gün işlədiyi bazarda olarkən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs meyvə tərəvəz alqı satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs piştaxtasına yaxınlaşaraq meyvə tərəvəz çəkdirərək selofan torbalara yığdırdığını görmüşdür. O da Zərərçəkmiş şəxs ilə qonşu piştaxtada meyvə satdığı üçün Təqsirləndirilən şəxs telefonla kiminləsə danışdığının şahidi olmuşdur. Həmin şəxs təxminən 15 dəqiqə telefonla danışdıqdan sonra Zərərçəkmiş şəxs pişaxtasının qarşısına keçmiş və bu zaman bir də eşitmişdir ki, sonuncu tutun onu deyərək qışqırır. Başını qaldıran zaman Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs onun arxasınca qışqıraraq pulunu geri qaytarmağını demiş, Təqsirləndirilən şəxs bazardan çıxaraq uzaqlaşmış istəsə də, həmin ərazidə xidmət aparan polis əməkdaşları onu saxlayaraq aidiyyatı üzrə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon Dövlət ittihamçısı küçəsində yerləşən “Kolxoz Bazarı” ticarət mərkəzində meyvə tərəvəz alqı satqısı məşğul olur, həmin bazarda onun işlədiyi piştaxtanın yaxınlığında olan piştaxtada Zərərçəkmiş şəxs da meyvə tərəvəz alqı satqısı ilə məşğul olur, 29.01.2022-ci il tarixdə saat 17 radələrində işlədiyi bazarda olarkən piştaxtanın arxasında oturub telefonunda kinoya baxarkən qonşu piştaxtada meyvə alqı satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs kürəkəni Vüqar ona yaxınlaşaraq müştərisinin banan istədiyini, lakin onun piştaxtasında banan olmadığını demiş, o da Vüqarın istədiyi qədər bananı ona verdikdən sonra yenidən kinoya baxmağa davam etmişdir. Vüqar onun piştaxtasından aralandıqdan sonra qəfildən səs-küy qalxmış və piştaxtanın arxasından boylanaraq baxdıqda adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ticarət mərkəzindən qaçıb uzaqlaşdığını və arxasınca da camaatın qaçdığının şahidi olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs bazara gələrək meyvə tərəvəz almaq istəmiş, sonra isə Zərərçəkmiş şəxs pulunu götürərək qaçmışdır. İş materiallarında olan təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında 29.01.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd 50 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 20 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 22820088 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 20610774 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq A 04637659 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 44561041 pul əskinasları müstəntiq tərəfindən götürülmüşdür. (i/v 23-25) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilirərək, 8 il 11 ay 26 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı ilə üzərində 04 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (i/v 108-110, 116-117) İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 4(006)-53/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i/v 39, 92-93) İş materiallarında olan doğqum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.11.2012-ci il təvəllüdülü X3 və 03.04.2006-cı il təvəllüdlü X1 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. (i/v 72, 74) İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Mustafayeva Hicran İlyas qızı ilə 11 iyun 2009-cu il tarixdən nikahdadır. (i/v 73). İş materiallarında olan maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 20 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 22820088 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 20610774 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq A 04637659 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 44561041 pul əskinaslarının maddi sübut kimi tanınması və sahibinə qaytarılması barədə qərar qəbul olunmuşdur. (i/v 113-114) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 20 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 22820088 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 20610774 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq A 04637659 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 44561041 pul əskinaslarının sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-181/2022 saylı, 16.03.2022-ci il tarixli qərara əsasən 16.03.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 20 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 22820088 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 20610774 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq A 04637659 nömrəli pul əskinası, 01 ədəd 5 manatlıq C 44561041 pul əskinaslarının sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar