Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-182/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, döngə 09, ev 10-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə təsadüfən tanış olduğu X1 etibardan sui-istifadə edərək özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etməklə sonuncuya sağlamlıq dərəcəsinə uyğun təqaüd düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 02 saylı ünvanda yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında 1.400, sentyabr ayının 26da isə həmin ünvanda 500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb verdiyi vədə əməl etməyib zərər çəkmiş şaxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğundan maddi durumu yaxşı olmamış, buna görə də hardansa pul əldə etmək istəmişdir. Bu məqsədlə 2019-cu ilin sentyabr ayında mobil telefon vasitəsilə təsadüfi nömrələrə zəng edib cavab verən şəxslərdən Dövlət Sosial Müdafiə Fonduna müraciət edib-etməməsini soruşmuşdur. Həmin zənglərin birində Nurəddin adlı şəxslə danışmış, sonuncu ona Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini, lakin işinə baxılmadığını söyləmişdir. O da ona təqaüd düzəldəcəyini yalandan vəd verib bunun müqabilində ondan 1.400 manat pul istəmişdir. 19.09.2020-ci il tarixdə Nurəddin Bakıya gəlib onunla 3-cü mikrorayon dairəsində yerləşən yanacaq doldurma məntəqəsində görüşmüş və ona 1.400 manat pul vermiş, o da onun işini bir aya düzəldəcəyinə söz vermişdir. Bir neçə gündən sonra Nurəddinlə əlaqə saxlayıb ona əlavə pul lazım olduğunu deyərək 500 manat da istəmişdir. 26.09.2020-ci il tarixdə Nurəddinlə eyni ünvanda görüşüb həmin pulu almışdır. Daha sonra Nurəddinlə əlaqə saxlamış və onda işlə bağlı şübhə yaranmasın deyə ona plastik kart verəcəyini söyləmişdir. Nurəddin təkrar Bakıya gəldikdə onunla birlikdə “xxxx” ASC-nin metronun “Azadlıq” stansiyası yaxınlığında olan filialına getmiş, orada onun adına 9 manat rüsum ödəyib 1 illik debet kart almışlar. Daha sonra metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən Dövlət Sosial Müdafiə Fonduna gəlmiş, Nurəddinə binanın qarşısında gözləməyi, özünün isə guya təqaüdün təsdiqi üçün binaya daxil olub yuxarı qalxacağını demişdir. Bir müddət sonra geri qayıdaraq Nurəddinə yalandan demişdir ki, artıq məsələ həll olunub, hər ay onun kartına 300 manat pul oturacaq. Növbəti gün Nurəddinin ona zəng edib kartın təyinatının yanlış olduğunu və bununla bağlı görüşmək istədiyini bildirmişdir. Onlar metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən parkda görüşmüş və söhbət əsnasında o başa düşmüşdür ki, Nurəddinin artıq ondan şübhələnir. O da ondan yaxa qurtarmaq üçün yalandan ailəsinin parkda gözlədiyini, sonuncuya onları yola salıb qayıdacağını deyib dərhal oradan uzaqlaşmış və onun telefon nömrəsini “qara siyahı”ya atmışdır. Himayəsində körpə uşağı var, ələ keçirdiyi pulu da onun ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildə əməliyyat olduqdan sonra təqaüd almaq məqsədilə Ağcabədi rayonunda xəstəxanada komissiyadan keçmiş, ona sənədlərinin aidiyyəti üzrə Bakı şəhərinə göndəriləcəyi deyilmişdir. Bundan 8-9 ay keçdikdən sonra Təqsirləndirilən şəxs adlı şəxs ona zəng edib özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək təqaüd düzəldilməsi ilə bağlı ona köməklik göstərə biləcəyini söyləmişdir. O da bu şəxslə razılaşaraq nə etməli olduğunu soruşanda, sonuncu ona işin həlli üçün 1.400 manat pul lazım olduğunu demişdir. Dostu İmamqulu və atası İmanverdi ilə birlikdə 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 02 saylı ünvanda yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında Vahidlə görüşüb ona 1.400 manat pul vermişdir. Vahid pulu alıb ona təqaüd məsələsinin uzağı bir ay ərzində düzələcəyini vəd vermişdir. Bir neçə gün sonra Vahid ona zəng vurub təqaüd kartı üçün əlavə 500 manat pulun lazım olduğunu demişdir. Növbəti gün o, Vahidlə eyni yerdə görüşüb ona pulu vermiş və Ağcabədiyə qayıtmışdır. Sonradan Vahid onunla əlaqə saxlayıb təqaüd kartını götürmək üçün banka getməli olduğunu bildirmişdir. O, Bakıya gəlib Vahidlə birlikdə “xxxx” ASC-nin metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən filialına gedib oradan bank kartını götürmüş, daha sonra Dövlət Sosial Müdafiə Fonduna gəldikdə Vahid ona binanın qarşısında gözləməsini, özünün isə kartın tasdiqi üçün yuxarı qalxıb qayıdacağını bildirmişdir. Vahid qayıtdıqdan sonra artıq işin həll olunduğunu, növbəti aydan karta təqaüd pulunun köçəcəyini söyləmişdir. O da Ağcabədi rayonuna qayıtmış və “xxxx” ASC-nin fillialına yaxınlaşıb Vahidin verdiyi kartın təyinatını maraqlanmış, bu zaman ona bu kartın adi hesab kartı olduğunu və təqaüd üçün nəzərdə tutulmadığı bildirilmişdir. Bundan sonra o, Bakıya qayıdıb Vahidlə görüşərək məsələni ona danışmışdır. Vahid də ona düzgün məlumat verilmədiyini və bu kartın təqaüd kartı olduğunu demişdir. O, Vahidə birlikdə gedib kartı yoxlatdırmağı təklif edəndə, sonuncu ailəsinin parkda gözlədiyini, onları yola salıb qayıdacağını deyərək oradan uzaqlaşmışdır. Lakin sonradan Vahid geri qayıtmamış, telefonunu da söndürmüşdür. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: 18.01.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.114-115); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.12.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.33); Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 01.01.2021-ci il təvəllüdlü azyaşlı övladı var (İ cild, i.v.112). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə təsadüfən tanış olduğu X1 etibardan sui-istifadə edərək özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etməklə sonuncuya sağlamlıq dərəcəsinə uyğun təqaüd düzəldəcəyini yalandan vəd verib aldadaraq ondan 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 02 saylı ünvanda yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında 1.400, sentyabr ayının 26-da isə həmin ünvanda 500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb verdiyi vədə əməl etməyib zərər çəkmiş şaxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşını, onun cəzasının yüngülləşdirən halın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, döngə 09, ev 10-nu hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-182/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-182/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver