Məhkəmə qərarları › İş №1(006)-183/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-183/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-183/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1981-ci ildə Ermənistan Respublikası, Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 6 azyaşlı və yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən 10 manata qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 0,331 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edərək üzərində saxlamaqla daşımış və həmin gün saat 10:15-də ünvan 2 saylı ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,331 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 1999-cu ildən X6 qeydiyyatdadır. Təxminən 6 il müddətdir ki, bədənində müxtəlif dərəcəli ağrılar olur və o, bu ağrılarını azaltmaq məqsədilə də narkotik vasitə hesab olunan heroindən istifadə edir. O, narkotik vasitələri “Papanin” adlanan ərazidə tanımadığı müxtəlif şəxslərdən almışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 10 radələrində o, yenidən narkotik vasitə almaq üçün “Papanin” adlanan əraziyə getmiş və orda tanımadığı şəxsdən 10 (on) manata bir büküm narkotik vasitə olan - “Kakos” almış və sonradan istifadə etmək məqsədilə əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra o, ünvan 3 ünvanında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra həmin polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, könüllü olaraq əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, o da onlara heç bir etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Bundan sonra vəkil və mütəxəssis dəvət edilmişdir. Bölmədə ondan saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi bükümün ona məxsus olubolmaması soruşulduqda o, həmin bükümün içərisində olan narkotik vasitə hesab olunan “kakosu” öz şəxsi istifadəsi üçün “Papanin” adlanan ərazidən xx xxxxx 2020-ci il tarixdə, saat 10 radələrində əvvəllər tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərində video çəkilişlə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində olan əşya və predmetləri masanın üzərinə qoymağını təklif etdikdə o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin başqa heç bir əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş içərisində narkotik vasitə olan büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, spid xəstəsi olmasını, himayəsində 6 (altı) uşağından beşinin azyaşlı və yetkinlik yaşına çatmayan olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxx 2020-ci il tarixdə bölməyə Seyrab adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla bölmə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və həmin məlumatı yoxlamaq məqsədi ilə 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 11 saylı ünvanın qarşısında əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxsi qeyd edilən ünvanda gördükdə həmin şəxsə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib, ondan üzərində narkotik vasitə olduğu halda həmin narkotik vasitəni onlara təqdim etməsini istəmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra gödəkcəsinin cibindən bir ədəd büküm çıxararaq onlara təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” adlı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi 20-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxs, yəni şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl mütəxəssis, həmçinin Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət olunmuşdur. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə varsa polisə təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir maddə və ya əşyanın olmadığını bildirmişdir. Onun üzərində axtarış keçirilmiş, lakin başqa heç bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunan bükümün içərisindəki həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə - “kakos” olduğunu və həmin narkotik vasitəni Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə götürülüb qablaşdırılmış, protokol tərtib olunmuş və həmin protokol düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən heç bir etiraz edilmədən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı fiziki qüvvədən istifadə etməmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş və həmin bölmənin baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, mütəxəssis qismində dəvət edilmiş X9, Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxx 2020ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təkif edilmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi siqaretin gümüşü kağız kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli maddənin ona aid olub-olmaması soruşulmuşdur. Vətəndaş verilən suala cavab olaraq qeyd edilən əşyaların ona aid olmasını, təqdim edtiyi bükümün içərisində olan maddənin narkotik vasitə olan “kakos” olduğunu və həmin maddəni xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının cibində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunla qadağan edilmiş maddə və əşyanın olub-olmaması soruşulduqda o, üzərində hər hansı qanunla qadağan edilmiş maddə və əşyanın olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş və hər hansı qeyri-qanuni əşya və maddə aşkar olunamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və PB-nin 186 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Buna görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir (i/v 48- 53). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/424 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs...” əl yazıları və AR DİN “Zərflər üçün № 186” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,331 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,331 qram olmuş, 0,050 qram tədqiqata istifadə olunmuş, 0,281 qram qalıq qalmışdır (i/v 59-60). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 0,331 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq qalan 0,281 qramının maddi sübut kimi tanınması qərara alınmış və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Nöbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmışdır (i/v 140-145). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 733 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyətini dərk etmək iqtidarında olmuşdur (i/v 120-121). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 969 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 117-118). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (i/v 113-115). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə edilməsindən Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədli tərəfindən imtina olunmuş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 25-26, 95-100). İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Amin Allahverdiyev və xx.xx.2006-cı il təvəllüdlü Ağa Allahverdiyev, xx.xx.2015-ci il təvəllüdlü Yusif Allahverdiyev, xx.xx.2019-cu il təvəllüdlü Sübhan Allahverdiyev və xx.xx.2020-ci il təvəllüdlü Sevgi Allahverdiyeva adlı azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları vardır (i/v 125-127). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını, himayəsində 5 (beş) azyaşlı və yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu iki gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ondan 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 0,281 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-183/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 0,281 qram narkotik vasitə olan heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar