Məhkəmə qərarları › İş №1(006)-183/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-183/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-183/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Lənkənran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronlar əldə edib, özündə saxlamaqla daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 84 saylı yaşayış binasının qarşısında çantasında gəzdirərkən Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və sonuncunun gəzdirdiyi qara rəngli polimer yol çantasının içərisindən 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 19 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xutor qəsəbəsində məişət tullantılarının atıldığı yerdən keçərkən oraya silah qoyulduğunu görmüş və onu götürərək satmaq məqsədilə özündə saxladım. Belə ki, o, silahı müxtəlif yerlərdə saxlayırmış ki, kiminsə almaq niyyəti olarsa həmin şəxsə satıb pul əldə etsin. xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 84 saylı ünvanın qarşısında olarkən saat 10:30 radələridə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan gəzdirdiyi çantanın içərisində nə olması barədə soruşduqda ilk öncə onlara həmin qara rəngli yol çantasının içərisində paltar olmasını bildirdsə də o, çantanı açmış və çantanın içərisində silah olmasını gördükdən sonra polis əməkdaşları onu saxlayaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişdirlər. Belə ki, həmin çantanın içşərisindən onun Xutor qəsəbəsindən tapdığı bir ədəd “Kalaşnikov AKM” markalı avtomat, bir ədəd patron darağı və 19 ədəd patron götürülmüşdür. Daha sonra isə üzərinə axtarış aparılmış olsa da qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-də əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə ona qərəzsiz və mötəbər məmbədən daxil olmuş məlumata əsasən məlum olmuşdur ki, Nəsimi rayonunda yaşayan “Raqil” adlı şəxs qanunsuz olaraq silah əldə edib saxlayır, daşıyır və gəzdirir. Həmin məlumat əsasında tərəfindən rəhbərliyə məruzə olunmuş, rəhbərliyin göstərişi və onun rəhbərliyi ilə 19-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, onlar birlikdə müəyyən edilmiş yerə getmişlər və “Raqil” adlı şəxsi müşahidəyə götürmüşlər. Həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 10-30 radələrində Nəsimi rayonu, Moskva prospektində yerləşən 84 nömrəli yaşayış binasının qarşısında “Raqil” adlı şəxs tərəflərindən saxlanılmış və onlar “Raqil” adlı şəxsə polis işçiləri olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat olduğunu bildirdikdə sonuncu gəzdirdiyi qara rəngli yol çantasının içərisindən bir ədəd “kalaşnikov” markalı silah, patron darağı və 19 ədəd patronu onlara təqdim etmiş sonra isə onlar sonuncuya Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da onların təklifi ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətmiş Şöbədə sonuncunun üzərində axtarış aparacağı bildirilmiş və bunun üçün video çəkilişdən istifadə edəcəyi deyilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra sonuncu üçün dövlət hesabına vəkil istəyib-istəmədiyi soruşulmuş, sonuncuda vəkil istədiyini demiş, daha sonra vəkil dəvət olunmuş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş silah, patron darağı və patronlar qablaşdırılaraq məhkəmə ballistik eksperetizasına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 19-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 91-94-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-148-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-59-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN, X1 ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Kalaşnikov kostruksiyalı 7,62 mm kalibrli AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır; tədqiqata təqdim edilmiş 19 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar; təqdim edilmiş 01 ədəd daraq, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır; təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən "güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: tədqiqata təqdim edilmiş 19 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 80-81-ci vərəqələrində olan xx xxxxxx 2021-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 19 ədəd patron maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1 ədəd silah, patron darağı və 16 ədəd patron maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Nəsimi RPİ-nin NH-nın maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli Qanunu tədbiq edilərək Təqsirləndirilən şəxs əməli həmin Məcəlləsinin 177.2.4-cü maddəsindən 177.1-ci maddəsinə tövsif edilməklə ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və təyin olunmuş cəzanı çəkib qurtatdığına görə dərhal azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin NH-nın maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 19 ədəd patrondan ekspertiza tədqiqatından sonra qalmış 16 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin NH-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 19 ədəd patrondan ekspertiza tədqiqatından sonra qalmış 16 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar