Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-183/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-67/2016 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 ilədək azaldılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, İmişli rayonu, H.Aslanov küçəsi, ev 5, mənzil 8 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olan evlərdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlamaqla daşımışdır. 31 yanvar 2023-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 54 ünvanının qarşısında əlində olan çantasında gəzdirərkən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış keçirilən zaman təqdim etdiyi çantanın içərisindən 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrlı “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və “SKS” karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 03 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonunda yaşayır. Bakıya işləmək üçün gəlmişdir. xx.xx.2023-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən polis əməkdaşları onu döyərək onun qarşısına narkotik vasitə və avtomat qoyaraq təzyiq göstərmişlər ki, iki cinayətdən birini boynuna alsın. O da atasının adına heç bir xələl gəlməməsi üçün narkotik vasitənin yerinə avtomatın onun olmasını boynuna almışdır. Göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə “Qasıməli” adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah və sursatların olması barədə Nəsimi RPİ-nin 21-ci PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 21-ci PB-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, “Qasıməli” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra əldə edilmiş məxfi məlumat əsasında "Qasıməli“ adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 31 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanına Şahid2 ilə birlikdə yollanmış və 31 yanvar 2023-cü il tarixdə, saat 10:00 radələrində həmin ünvanın qarşısında olmuş, bir müddət gözlədikdən sonra, yəni saat 11:30-da "Qasıməli” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşaraq özlərini Qasıməliyə təqdim etmişlər. Daha sonra Qasıməliyə qanunsuz olaraq odlu silah və sursatlarının əldə etməsi, saxlaması, gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirmiş və üzərinə baxış keçirilməsi məqsədilə Polis İdarəsinə dəvət etmişlər. İdarədə onun Təqsirləndirilən şəxs olduğu müəyyən olmuşdur. Əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq 21-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs 21-ci PB-nin inzibati binasının xidməti otaqların birində həmin Bölmənin baş təhqiqatçısı, polis kapitanı Nicat Sadıqov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs belində gəzdirdiyi boz rəngli, üzərində “SHUNXİNL” yazısı olan çantanı masanın üzərinə qoymuşdur. Çantanı açdıqda içərisindən darağında 03 ədəd patron olan 01 ədəd avtomatı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi boz rəngli çantanın içərisindən aşkar olunmuş əşyanın “Kalaşnikov” tipli avtomat olduğunu bildirmişdir, həmin avtomatı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual verdikdə, silahı 2018-ci il tarixdə İmişli şəhərində “Araz” çayının qırağında olan qamışlıqdan tapdığını, özünün əvvəllər kriminal aləmin üzvü və düşməni olduğu üçün avtomatı özündə saxladığını, kriminal aləmdə ləqəbinin “Qara” olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs işləmədiyindən pula ehtiyacı olduğu üçün avtomatı satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.26-27); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.96-100); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs belində gəzdirdiyi boz rəngli, üzərində “SHUNXİNL” yazısı olan çantanı açdıqda içərisindən darağında 03 ədəd patron olan 01 ədəd avtomatı çıxarıb masanın üzərinə qoyması, çantanın içərisindən aşkar olunmuş əşyanın “Kalaşnikov” tipli avtomat olduğunu bildirərək, həmin silahı 2018-ci il tarixdə İmişli şəhərində “Araz” çayın qırağında olan qamışlıqdan tapdığını və hazırda pula ehtiyacı olduğu üçün avtomatı satmaq məqsədilə üzərində gəzdirdiyini bildirməsi faktı təsdiq edilir (i.v.51-53); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/76 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod usulu ilə keçmiş “SSRİ”-də istehsal olunmuş, “Kalaşnikov” kostruksiyalı 7,62 mm kalibrli “AKM” modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmləri üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 03 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və “SKS” karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar.
3. Təqdim edilmiş 01 ədəd daraq, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır.
4. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 03 ədəd 7,62x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur (i.v.59-65); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş "SSRİ” dövlətində istehsal olunmuş, 7.62 mm kalibrli “AKM” modelli, “Kalaşnikov” konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x30 mm kalibrli patronlar yerləşdirmok üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və “SKS” karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 03 ədəd patron maddi sübut kımı tanınmış, ekspertiza tədqiqatından sonra 1 ədəd silah, patron darağı və 02 ədəd patron saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəyə verilmişdir (i.v.108-109); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2800 manat cərimə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzası saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 04 ilədək azaldılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i.v.111-112); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, belində gəzdirdiyi boz rəngli, üzərində “SHUNXİNL” yazısı olan çantanı masanın üzərinə qoymuşdur. Çantanı açdıqda içərisindən darağında 03 ədəd patron olan 01 ədəd avtomatı çıxarıb masanın üstünə qoyur, həmin silahı 2018-ci il tarixdə İmişli şəhərində “Araz” çayının qırağında olan qamışlıqdan tapdığını bildirir. - İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barədə hökm İmişli Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qasımov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı əfv sərəncamına əsasən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəzadan azad edilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə cərimə cəzası ilə bağlı icra vərəqəsi daxil olmamış və bununla bağlı hər hansı bir ödəniş, tutulma aparılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham uzrə özünü təqsirli bilməməsi, belində olan çantada üç ədəd patron ilə birlikdə aşkar edilmiş avtomatın ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları və şahidlərin ifadələri, həmçinin ekspert rəyi, DVD diskdə olan videogörüntülər və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisənin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadə verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadəsinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadə cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzası ilə tam birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 2680 (iki min altı yüz səksən) manat miqdarda cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 2680 (iki min altı yüz səksən) manat miqdarda cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 31 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mn kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 03 ədəd patron iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 02 ədəd patron, 01 ədəd avtomat, və 01 ədəd patron darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-67/2016 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2680 (iki min altı yüz səksən) manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2680 (iki min altı yüz səksən) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunsun. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mn kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan ekspertiza tədqiqatından sonra qalmış 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva