Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-183/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Famil” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 24 saylı binanın qarşısına gəlib həmin binanın 20 saylı mənzilindən oğurluq etmələri ilə bağlı aralarındakı rolların bölgüsünə əsasən o, mənzil sahibinin gələcəyi təqdirdə məlumat vermək məqsədilə binanın qarşısında müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, “Famil” adlı şəxs isə binanın birinci mərtəbəsinin dəmir barmaqlıqlarından qalxmaqla X2 yaşadığı 20 saylı mənzilin pəncərəsinin kilidini istintaqa məlum olmayan alətlə açaraq oraya qanunsuz daxil olub mənzilin yataq otağında qoyulmuş güzgülü dolabın içərisindən Zamiq Cabarova məxsus 5000 manat nağd pulu, 300 manat dəyərində “Samsung 5 pro” markalı elektron qol saatını, 120 manat dəyərində “Skagen” markalı qol saatını, yataq otağında qoyulmuş dolabın içərisindən 30 manat dəyərində elekrik qızdırıcını, zərərçəkmişin qiymətləndirməsinə görə 250 manat dəyərində “X8” markalı qış gödəkçəsini və qonaq otağında stolun üzərinə qoyulmuş 10 ədəd 1 manatlıq əskinasları gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb əldə etdikləri gəliri aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Zamiq Cabarova ümumilikdə 5710 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Fizulu oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş, 2022-ci ilin iyul ayında həbsdən azad olunmuş, həbsdən azad olunduqdan sonra müxtəlif işlərdə günəmuzd işləmiş, hal-hazırda isə heç bir yerdə işləmir. Təxminən 3 ay əvvəl Rəsulzadə qəsəbəsində tanış olduğu “Famil” adlı şəxs ona yaşadığı binadan oğurluq etməyi təklif etmiş və xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı binanın həyətinə gəlmişlər. Həyətdə bir qədər oturduqdan sonra Famil oğurluq etmək istədiyi mənzili göstərmiş və onlar mənzildə pul olacağını düşünüb oğurluq etmək qərarına gəlmişlər. O yalnız binanın həyətində oturub müşahidə edəcəyi, gələn olarsa Familə bu barədə məlumat verəcəyi barədə razılaşmışdı. Aralarındakı danışığa görə mənzildə pul olarsa aralarında bölünəcəkdi. Famil mənzilə daxil olanda o, binanın həyətində olmuşdur. Binadan çıxanda Familin əlində iki dolu paket olmuşdur. Paketlərin içinə baxmadığı üçün içində nə olduğunu bilməmişdir. Onun məqsədi pul oğurlamaq olmuşdur. Buna görə də əşyalardan heç nə götürməmişdir. Oğurluq etdikdən sonra Famil ilə birlikdə öz yaşadığı mənzilə getmişlər, daha sonra Famili oğurladığı əşyalarla birlikdə yola salmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları gəlmiş, onu şöbəyə aparmış və orada əməlini etiraf etmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, dəymiş zərərdən 2350 manat məbləğində pul ödənilmişdir. Məbləğin qalan hissəsini isə Təqsirləndirilən şəxs Fizulu oğlunun anası hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Fizulu oğlundan şikayətçi deyil. Şahid xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğü üçün məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini və şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 24 noyabr 2023-cü il tarixli “video görüntülərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında oğurluq hadisəsi baş vermiş ünvanın arxa hissəsində yerləşən, Asif Məhərrəmov küçəsi 22A ünvanına iki nəfər şəxsin əllərində olan paketlərlə daxil olması, saat 20:56 radələrində həmin paketlərlə oradan uzaqlaşıb getmələri, baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Fizulu oğlunun hər iki video görüntüdə olan şəxslərdən arxada hərəkət edən, başında kepka olan şəxsin özü olması, digərinin isə Famil adlı şəxs olduğunu təsdiq edir (i/v 23). İş materiallarına əlavə edilmiş 25 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Fizulu oğlu 25 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-574/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-83/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (i/v 63-64, 106-110, 190-193). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 4 ünvanında olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq, fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (i/v 5-13). İş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, diskdə 2 ədəd videogörüntü var. Birinci videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin şəxsin onunla birgə oğurluğa getdiyi Famil adlı şəxs olduğunu və yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 22A, mənzil 69 ünvanına daxil olarkən qeydə alındığını bildirmişdir. İkinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs orada hərəkət edən iki nəfər şəxsin qabaqda gedən və əlində sellofan torba olan şəxsin Famil olduğunu, arxada hərəkətdə olan, başında kepka olan və əlində sellofan torba şəxsin özü olduğunu və həmin videogörüntünün yaşadığı mənzildən çıxarkən qeydə alındığını bildirmişdir (i/v 90). İş materiallarına əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndiirlən şəxs oğurluq etdiyi hadisə yerini, Familin mənzilə daxil olduğu yeri, Famil mənzilə daxil olan zaman onu gözlədiyi yeri göstərmişdir (i/v 96-98). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisənin görüntülərni əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması qərara alınmışdır (i/v 159-166). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 9/9217 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samsung 5 pro” markalı qol saatı, 01 ədəd “Skagen” markalı qol saatı, 01 ədəd elektrik qızdırıcı, 01 ədəd 2022-ci ilin yanvar ayında alınan “X8” firmasına aid olan qışlıq gödəkcənin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450 manat müəyyən olunur (i/v 129-131). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2013-cü il tarixli hökmündən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 13 (on üç) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı “əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 01 il 26 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i/v 125-126). İş materiallarında olan AZ-İİ seriyalı, 406447 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür (i/v 137). İş materiallarına olan xx.xx.2024-cü il tarixli zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır (i/v 116). İş materiallarında olan X1 istintaqda verdiyi ərizəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi olaraq ona dəymiş ziyandan 2000 manat ödənilmiş, qalan hissəsinin isə aylıq ödənilməsi barədə aralarında razılıq əldə olunaraq barışmışlar. Hal-hazırda heç bir şikayəti və tələbi yoxdur, aralarındakı razılığa əsasən ona dəymiş ziyanın qalan hissəsini ayda 350 manat olmaqla ona ödəyəcəkdir (i/v 135). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin hüquqi varisinin izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Famil adlı şəxslə birlikdə oğurladıqları pul və əşyalardan heçnə əldə etməməsi barədə verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə təqsirləndirilən şəxsin 5710 (beş min yeddi yüz on) manat pul məbləğində ziyan vurması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin hesab edir ki, oğurlanmış pul və əşyaların ümumi məbləği olan 5710 manat məbləğində puldan 2350 manat məbləğində pulun zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması da nəzərə alınmalıdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasıbı və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamamsını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-183/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 06 mart 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-183/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-183/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver